Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7234/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2546/2022 saylı 12 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh MMC-də Nəzarət-buraxılış şöbəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir.
2. 14.08.2019-cu il tarixli 235/k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidinin ixtisarı ilə əlaqədar) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. 04.11.2019-cu il tarixli 300/k əmrlə cavabdeh MMC-nin Nəzarət-buraxılış məntəqəsinə 3 ay sınaq müddətinə məntəqə nəzarətçisi vəzifəsinə təyin edilmişdir.
4. 05.11.2020-ci il tarixli ərizəyə əsasən, iddiaçı həmin tarixdə cavabdeh MMC-nin direktoruna müraciət edərək, işdən azad edilməsini xahiş etmiş və MMC-nin xx.xx.2020-ci il tarixli, 87/K saylı əmri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi əsas tutularaq xitam verilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin Cavabdeh rəhbərliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubundan və məktuba əlavə edilmiş müraciət vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq işdən azad edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Eyni məzmunlu müraciət iddiaçı tərəfindən xx.xx.2021ci il tarixdə də edilmişdir.
6. İş materiallarında olan məktublardan görünür ki, iddiaçı 2021-ci ilin aprel ayından başlayaraq MMC tərəfindən yol verilmiş vergi qanunvericiliyinin pozuntuları ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə mütəmadi yazışmalar aparmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 01 fevral 2016-cı il tarixli əmək müqaviləsinə əsasən MMC-də buraxılış məntəqəsinin nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. 07 dekabr 2020-ci il tarixdə MMC tərəfindən qanunsuz olaraq yuxanda qeyd edilən əmək müqaviləsinə xitam verilərək işdən çıxarılmışdır. Onun işdən çıxma ərizəsi olmadığı halda, sənədlərin içinə onun adından yazılan saxta ərizə əlavə edilib. Bundan əlavə əmək kitabçasında işləmədiyi idarə və müəssisələr qeyd olunub. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 4 X1 müalicə aldığı ayların pulu ona ödənilməyib. Cavabdehin onu qanunsuz olaraq işdən çıxarması nəticəsində o, ağır maddi duruma düşmüş və qazancsız qalaraq məcbur olaraq bankdan kredit götürməli olmuşdur.
9. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ... xx.xx.2020-ci il tarixli, 87/K saylı əmrə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndini rəhbər tutaraq əmək qanunvericiliyin tələblərinə uyğun xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. ... İddiaçı onunla bağlanmış əmək müqaviləsinə 07 dekabr 2020-ci il tarixdən xitam verilməsini məhz həmin tarixdən bilib. Eyni zamanda onun tərəfindən 11 mart və 14 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətlər olunub. Onun işdən nə zaman və hansı əsasla azad edilməsi barədə məlumatının olması onun müraciətləri ilə təsdiq olunur.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 may 2022-ci il tarixli 2(001)-2546/2022 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia rədd edilmişdir.
11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı işdən azad edilməsi barədə 2020-ci ilin dekabr ayının sonundan məlumatlı olmuş və 2021-ci ilin mart ayından bu barədə müvafiq şikayətlərlə aidiyyəti qurumlara müraciət etməyə başlamış, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması nəzərə alınsa belə, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. İddiaçının iddia müddətini ötürməməsinə dair əsas dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən ona əmək kitabçası işdən azad edildiyi tarixdən 11 ay sonra verilmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq 2020-ci ilin dekabr ayından işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış və belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Bu xüsusat iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərlə də təsdiqlənir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 375.2, 377.1, Əmək Məcəlləsinin 296-cı maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia müddətinin ötürülməsinin səbəbi ondan ibarətdir ki, əmək kitabçası işdən çıxarıldıqdan 11 ay sonra - 05 noyabr 2021-ci il tarixdə təkidi ilə uzun süründürməçilikdən sonra təqdim edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 372.1.Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
20. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
21. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
31. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı işdən azad edilməsi barədə 2020-ci ilin dekabr ayının sonundan məlumatlı olmuş və 2021-ci ilin mart ayından bu barədə müvafiq şikayətlərlə aidiyyəti qurumlara müraciət etməyə başlamış, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı faktiki olaraq 2020-ci ilin dekabr ayından işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış və belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur.
32. İddiaçının apelyasiya şikayətinin əsas dəlili əmək kitabçasının işdən çıxarıldıqdan 11 ay sonra 05 noyabr 2021-ci il tarixdə ona təqdim edilməsi olmuşdur.
33. Kollegiya bu dəlili əsassız hesab etməklə qeyd edir ki, iddiaçının istinad etdiyi kimi əmək kitabçasının xx.xx.2021-ci il tarixdə təqdim edildiyi qəbul edilsə belə, yenə də iddia müddəti ötürülmüş olur, çünki iddiaçı əmək kitabçasını noyabrda əldə etmiş olsa belə, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, məhkəməyə isə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Yəni, bu halda da iddiaçı tərəfindən hüququnun pozulduğunu aşkar etdiyi gündən müraciət etmək üçün müəyyən edilmiş müddət artıq ötürülmüşdür.
34. İddiaçı tərəfindən hər bir halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür.
35. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
36. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2546/2022 saylı iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.