Məhkəmə qərarları › İş №2(103)-7240/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7240/2021

27.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7240/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Novruz oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1379/21 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı, xəstə oğlu ilə birlikdə cavabdehin Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1-də yerləşən özbaşına inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1379/21 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, idiaçı İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan 09 yanvar 2018-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı məhkəmədən köçürülməsini tələb etdiyi ünvan ümumiyyətlə mövcud deyil. Belə ki, iddiaçı Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 1-ci döngədə yerləşən hansı evə və kimin evinə köçürülməsini qeyd etməməklə, iddia tələbinin hansı yaşayış evi ilə bağlı olduğunu bildirməmişdir. Yəni, belə bir ünvanda (döngədə) onlarla, bəlkədə yüzlərlə fərdi yaşayış evi ola bilər ki, gələcəkdə qətnamənin hansı formada icrası qeyri- müəyyən olacaqdır. Eləcə də, iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh da ümumiyyətlə Bakı şəhərinin Binəqədi rayonunda, həmçinin Azərbaycan Respublikasında özbaşına tikilisi və ya sənədli yaşayış evi mövcud deyildir. Cavabdeh Ağdam rayonundan məcburi köçkün düşməklə, hazırda da Ağdam rayonun Yusifcanlı kəndində qeydiyyatdadır və adına hər hansı əmlak mövcud deyildir. Ağdam rayonu düşmən işğalından azad olunduğuna görə tezliklə öz doğma yurd-yuvasına qayıdacaqdır. Hazırki iş üzrə məhkəmə araşdırmasında iddiaçı köçmək istədiyi evdə cavabdeh ilə birlikdə yaşaması, ev yiyəsi ilə birgə təsərrüfat aparması, ən azından 1 manat da olsun kommunal xidmət haqqlarından ödəniş etməsi, onun yaşadığı evdən qanunsuz məhrum edilməsi, cehiz əmlakının mübahisələndirdiyi evdə olması, eləcə də cavabdeh tərəfindən məcburi qaydada evdən çıxarılması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırki işdə isə iddiaçı ən bəsit sənəd olan cavabdehlə nikah haqqında şəhadətnaməni, övladının doğum haqqında şəhadətnaməsini də məhkəməyə təqdim etməyib, özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumunu ödəməklə kifayətlənmişdir. Əksinə olaraq onun məhkəmə iclasında verdiyi suallara cavab olaraq bildirmişdir ki, köçməsini tələb etdiyi yaşayış evində qaynatası, qaynanası və baldızı yaşayır. Eləcə də. cavabdeh tərəfindən qanunsuz olaraq 16 mart 2020-ci ildə saat təxminən 16 radələrində evdən çıxartması barədə sualına cavab olaraq, 16 mart 2020-ci ilin iş günü, yəni həftənin 1-ci günü olduğu və həmin saatda cavabdehin məhz işdə (Xırdalan RETSİ) olması barədə sübut təqdim edəcəyini bildirdikdən sonra isə, həmin gün Masazır qəsəbəsində yaşayan bacısı Humay və Humayın qaynanası ilə birlikdə Xırdalan qəsəbəsində kirayə qaldıqları evdən çıxıb getdiyini etiraf etmiş, birgə təsərrüfat aparması barədə hər hansı sübutunun olmadığını bildrimiş, bu hallar məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Həmçinin məcburi qaydada hər hansı formada evdən çıxarılması barədə hüquq- mühafizə orqanlarına və ya çıxarılma zamanı xəsarət alması barədə təcili yardım həkiminə müraciət etməsi barədə sualına da bu barədə sübutunun olmadığını bildirmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi hakiminin hansı əsaslarla iddiaçının köçmək istədiyi yerdə yaşaması və onun yaşadığı yerdən qanunsuz məhrum edilməsi qənaətinə gəlməsi məlum deyildir. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi yeganə sübut - cavabdehin nikahın pozulması barədə iddia ərizəsində göstərdiyi ünvandır ki, həmin iddia ərizəsinə istinad etməklə iddianı təmin etmək absurd və qanunsuzdur. Məhkəmə hakimi iddiaçının köçmək istədiyi yaşayış evini görmədən, foto şəkillərin həmin evdə çəkilib-çəkilməməsini müəyyən etmədən, iddiaçıya məxsus hər hansı əmlakın köçməsini tələb etdiyi evdə olmasını araşdırmadan, köçməsini tələb etdiyi fərdi yaşayış evində kimlərin yaşamasını müəyyən etmədən, iddiaçının kim tərəfindən mübahisəli ünvandan və ya başqa yaşayış yerindən məcburi qaydada çıxarılmasını və ya özünün kefi istədiyindən çıxıb getməsini araşdırmadan, iddianın təmin edilməsi barədə nəticəyə gəlməsi əsassız, qanunsuz və işin hallarına tamamilə uyğun gəlmir. Daha sonra məhkəmə qeyd edir ki, işin mübahisələndirilməyən hissəsi evin özbaşına tikili olaraq fiziki baxımdan mövcud olması və iddiaçının həmin evə köçürülməsinə mane törədilməsidir. Halbuki, bununla bağlı məhkəmə araşdırma aparmayıb ki, iddiaçının köçmək istədiyi yaşayış evi 1ci döngədəki hansı şəxsə məxsus yaşayış evidir və evin nömrəsi neçədir. Həqiqətən də belə bir ev var və iddiaçını köçməsini tələb etdiyi bu ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, ya alınmayıb. Belə bir ev neçə mərtəbədən və neçə yaşayış otağından ibarətdir, yaşayış sahəsi neçə kv.m-dir, məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra, iddiaçı bu evin hansı otağında və necə yaşayacaq ? Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, apellyasiya şikayətində mövqelərini aydın ifadə etmişdir. Rəsmi ünvan olmasa da, tikili faktiki olaraq mövcuddur. Həmin ünvanda cavabdehin atası, anası və bacısı yaşayır. Bunu iddiaçı özü də rayon məhkəməsində işə baxılarkən bildirmişdi. Tərəflər kirayədə yaşayıblar. Ev cavabdehin atasının evidir, özü heç o evdə yaşamır. Birinci instansiya məhkəməsi ünvanla bağlı heç bir araşdırma aparmadan qətnamə qəbul edib. Cavabdeh övladına görə aliment ödəyir. Xəstəliyinin müalicəsi ilə bağlı xərclərin bölüşdürülməsini ana tələb edə bilər. Amma bu ev cavabdehin atasının evidir. Münasibətlər gərgin olduğu üçün barışıq olmasını güman etmir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, 2017-ci il 23 apreldə oraya gəlin köçmüşdür. Evdə qaynatası, qayınanası, baldızı, əri və o, yaşamışdır. 2020-ci ildə 16 martda evdən qovulub çıxarılmışdır. Ev özbaşına tikilidir. Evdə üzləşəcəyi çətinlikləri nəzərə alıb bu iddianı qaldırmışdır. İndi İsmayıllı rayonunda atasının evində yaşayır. Amma uşağının xəstəliyi ilə bağlı tez-tez Bakıya gəlməli olur. Burada evdən qovulmağı onun və uşağı üçün çətinliklər yaradır. Ona görə də məhkəmədən xahiş edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Evdə 3 otaq, 2 zal var. Evdən özü də, uşağının da heç bir əşyasını götürə bilməmişdir. Evdən qovulub çıxarılmışdır. O, hazır evə gəlin gəlmişdir. Yaşamaq üçün 1 otağın ona verilməsini xahiş edir. Həmin evdə 3 il yaşamışdır. Həmin ev 5 otaqlıdır. Bütün cehiz əşyaları da orada olub. Sonradan cehiz əşyalarını evdən çıxarıb harasa yığıblar. Qanuni haqqını tələb edir. Evdən özü getməmişdir. Qayınatasını öyrədiblər evdən ona görə belə çıxış edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Novruz oğlu bildirdi ki, iddiaçının həmin evə köçürülməsinə qayınatasının və qayınanasının rəsmi və ya qeyri-rəsmi olaraq etirazına rast gəlməmişlər. İddiaçının evə köçməsi və orada yaşaması barədə sübutlar da iş materiallarındadır. İddiaçının başqa yaşayış yeri olmadığından hazırki iddianı qaldırmaq zərurəti yaranıb. Odur ki, məhkəmədən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X2 bildirdi ki, iddiaçının köçmək istədiyi ev ona məxsusdur. Həmin evi 2001-ci ildə məcburi köçkün olduğu üçün torpaq sahəsi alaraq tikmişdir. Oğlu həmin vaxt uşaq olmuşdur. Həmin evdə özü arvadı və qızı yaşayır. Oğlu isə uzun müddətdir ki, onlarla yaşamır, Xırdalan şəhərində kirayədə yaşayır. İddiaçı gəlin kimi onun evinə gələndən sonra onları bəyənmədi. Oğluna dedi ki, evi dəyişsin. Sonradan evdə söz söhbət, danışıqlar, davalar başladı. Yaşamaq mümkünsüz oldu. Sonra könüllü evdən getdi. Cehiz əmlakı da sonradan evindən çıxarılmışdır. Firuzənin onun evinə yenidən köçməsinə və yaşamasına razı deyil. Çünki, evində yaşadığı vaxt hər gün münaqişəli və problemli vəziyyətdə yaşayırdılar. Evinin tikintisinə yaxud təmirinə nəinki iddiaçı və atası, oğlu da heç bir xərc çəkməmişdir. Çünki, oğlunu evləndirənə qədər iddiaçı tərəfi tanımamış, oğlu isə uşaq olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, Ağdam Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli, 2(013)-737/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 30.03.2017-ci ildə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 716 nömrə ilə qeydə alınmış nikahın pozulması, 09.01.2018-ci ildə anadan olmuş Məmməd adlı uşaq yetkinlik yaşına çatanaqədər anası İddiaçı himayəsində saxlanılması, 07.05.2020-ci il tarixindən başlayaraq, Cavabdeh 09.01.2018-ci ildə anadan olan Məmməd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaəətini belə əsaslandırmışdır ki, 1) iddiaçı ilə cavabdeh 2017-ci ildən 2020-ci ilədək nikahda olmuşlar, tərəflərin birgə nikahlarından 09.01.2018-ci il təvəllüdlü X3 adlı uşaqları vardır, 2) iddiaçı nikaha daxil olduqdan sonra həmin evdə yaşadığını bildirir və bunu müxtəlif vaxtlarda çəkilmiş özünün və uşağının fotoşəkilləri ilə təsdiq edir, 3) iddiaçı münasibətləri pozulduqdan sonra evdən məcburi qaydada çıxarıldığını bildirir, cavabdeh isə iddiaçının kirayə yaşadıqları evdən könüllü olaraq əşyalarını götürərək çıxdığını bildirir, 4) cavabdeh nikah dövründə kirayədə yaşadıqları və cehiz əşyalarının orda olması barədə hər hansı sübut təqdim etməmişdir, 5) cavabdeh evin atasına məxsus olduğunu və onun tərəfindən tikildiyini bildirir və bununla bağlı “Azərışıq”la atası Məmmədov Məmməd arasında bağlanmış abonent müqaviləsinə istinad edir, 6) iddiaçı mübahisəli evin mövcudluğunu cavabdehin nikahın pozulması barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşayış ünvanı kimi Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şosessi, döngə 1 qeyd etməsiylə əsaslandırır. Odur ki, cavabdeh iddianı yalnız mübahisəli evin ona deyil atasına məxsus olması və iddiaçının həmin evdə əşyalarının olmaması hissəsində mübahisələndirir. Bu baxımdan işin mübahisələndirilməyən hissəsi evin özbaşına tikili olaraq fiziki baxımdan mövcud olması və iddiaçının həmin evə köçürülməsinə mane törədilməsidir. Təqdim edilmiş fotoşəkillərdən tərəflərin birgə nikah dövründə mübahisəli evdə qonaq kimi deyil, sakin kimi yaşaması açıq aşkardır. Cavabdehin birgə nikah dövründə kirayədə yaşadıqlarını və əşyaların həmin evdə olmasını bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Tərəflərin münasibətlərinin pozulması və mübahisələrinin olması da mübahisə edilmir. Cavabdehin iddiaya qəti etiraz etməsi də, iddiaçının həmin evdə yaşamasına törədilmiş manenin dolayı yolla təsdiqidir. Sadalananlara əsasən, hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, sonradan, iradəsi əlehinə evdən çıxmaq məcburiyyətində qalmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Cavabdehin və ya onun atasının mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda birgə nikah dövründə, birgə təsərrüfat apardıqları dövrdə yaşadıqları evlə bağlı digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir. Bundan başqa, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının gəlin köçməsi ilə əlaqədar ailə münasibətləri çərçivəsində orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Həmçinin cavabdehin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin qanuni əsası tapılmadığından, eləcə də tələbin faktiki əsası analoji münasibətləri tənzimləyən hüquq normalarının da şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının yaxud onunla rəsmi nikahda olmuş Cavabdeh hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin inşa olunmasında keçmiş əri Cavabdeh da iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə işdən, o cümlədən apellyasiya baxışı zamanı üçüncü şəxsin izahatından görünür ki, mübahisəli ev(özbaşına tikili) tərəflər nikaha girməmişdən uzun illər əvvəl cavabdehin atası üçünücü şəxs Məmməd Məmmədov tərəfindən inşa edilmişdir. İddiaçı isə bu evə bundan xeyli sonra, yəni 2017-ci ildən gəlin köçərək yaşamağa başlamış, həmin evin tikintisi yaxud təmiri(yaxşılaşdırması) ilə bağlı əri ilə birgə yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilməmişdir. Düzdür, iddiaçı 10 avqust 2021-ci il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək gəlin köçəndən sonra atasının maliyyə vəsaiti hesabına mübahisəli ünvanda əlavə bir otaq və qarşısında böyük dəhlizi olan artırma inşa olunduğunu göstərmişdir. Lakin həmin vaxt qədər iddiaçı heç vaxt bu cür fikir söyləməmişdir. Hətta 09 avqust 2021-ci il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq hazır evə gəlin köçdüyünü, evin qaynatası və keçmiş əri tərəfindən tikildiyini, özünün və valideyninin bu evin inşa və təmir olunmasında heç bir rolunun olmadığını göstərmişdir. Təbii ki, bu iclasdan sonra peşəkar vəkil tərəfindən təmsil olunduğu üçün qeyd olunan məzmunlu ərizə ilə sonradan məhkəməyə müraciət etməsi anlaşılan olsa da, hüquqa uyğun və mötəbər sübut kimi qəbul edilə bilməz. Ən azından ona görə ki, iddiaçı həmin vaxta qədər heç vaxt bu hallara istinad etməmişdir. Ona görə də sonradan belə bir ərizə ilə müraciət edilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilir. İkincisi, iddiaçı üçüncü şəxs Məmməd Məmmədovun ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş qaynatası Məmməd Məmmədovun bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evi inşa edən və ona faktiki sahiblik edən Məmməd Məmmədov isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Məhz bu əsasa görə də iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı artıq cavabdehin ailə üzvü deyil. Apellyasiya baxışı zamanı da müəyyən edildi ki, tərəflər keçmişdə ər-arvad münasibətlərində olsalarda onlar arasında, eləcə də iddiaçı ilə cavabdehin ailə üzvləri arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli evdə hal-hazırda cavabdehin atası, anası və bacısı birgə yaşayır. Demək iddiaçının həmin evə(özbaşına timkiliyə) köçürüləcəyi vəziyyətdə onun təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1379/21 nömrəli qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)- 1379/21 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar