Məhkəmə qərarları › İş №2(103)-7246/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7246/2020

05.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7246/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "çıxarışın alınması üçün tələb edilən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 413/2020 saylı işi üzrə xx.xx.2020-ci tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçıların nümayəndəsi və vəkili iddia (tələbinin həcminin artırılmasına dair) ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə birgə iddiaçılara mənzilə dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni cəmiyyətə mənzillərlə bağlı borcun olmaması barədə maliyyə arayışlarının, protokoldan çıxarışın, mənzillərin eskiz layihələrinin, binanın istismara qəbul aktının təqdim edilməsi öhdəliyinin qoyulması; birgə iddiaçılara dəymiş mənəvi ziyanın əvəzi kimi ******* manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq binanın abadlaşdırılması və digər xərclərinin ödənilməsi məqsədilə cavabdehdən tutulması, bu günədək iddiaçılar tərəfindən “Sərv İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilmiş kommunal pullarının geri qaytarılması; binanın həyətyanı sahəsinin dövlət orqanları ilə razılaşdırılıb və onlara satılan vaxt eskiz layihədə olan vəziyyətinin bərpa edilməsi; binanın həyətyanı sahəsində sakinlər üçün avtomobil saxlamağa parkinq olmadığından binanın qarajının sakinlərin ümumi istifadəsinə verilməsi barədə qətnamə çıxarılması, cavabdeh cəmiyyətin faktiki rəhbəri olan və birgə iddiaçılardan qanunsuz olaraq pullar tələb edən X4 barəsində xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı3 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, İddiaçı1 arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli İddiaçı4 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli İddiaçı8 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli İddiaçı7 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli İddiaçı2 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli İddiaçı5 arasında bağlanmış xx xxxxx 2007-ci il tarixli İddiaçı6 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli müqavilələr (səh. 12-42), X3 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın surəti (səh.8) sübit kimi tədqiq edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-413/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə iddiaçılar olan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 hər birinin mənzilinə dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni cəmiyyətə mənzillərlə bağlı borcun olmaması barədə maliyyə arayışlarının, protokoldan çıxarışın, mənzillərin eskiz layihələrinin, binanın istismara qəbul aktının təqdim edilməsi öhdəliyi qoyulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 13; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 217.3 və 217.4; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144-1.4, 178.8, 385.1, 386.1, 390.1, 427.3, 442, 445.2, 448.1, 448.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, birgə iddiaçılar cavabdeh təşkilatın inşa etdiyi binadan müqavilə əsasında aldıqları mənzillərin dəyərini tam ödəməklə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetrmiş, Cavabdeh təşkilat isə bina müvafiq istismara hazır olduqdan sonra mənzil sahiblərinə mülkiyyət hüquqlarının ilkin qeydiyyatı ilə bağlı zəruri sənədlərin verilməsini təmin etməmiş, bununla da qeyd edilən birgə iddiaçıların gözlənilən mülkiyyət hüquqlarının ilkin qeydiyyatı ilə bağlı hüquqlarını pozmuşdur. İddia ərizəsinin "cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə birgə iddiaçılara mənzilə dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni cəmiyyətə mənzillərlə bağlı borcun olmaması barədə maliyyə arayışlarının, protokoldan çıxarışın, mənzillərin eskiz layihələrinin, binanın istismara qəbul aktının təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair hissəsi təmin edilməlidir. iddiaçı şəxslər iddia tələblərini həmin hissədə əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh təşkilatın nümayəndəsi isə nə məhkəmə iclasına gəlmiş, nə də ki, göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı şəxslər tərəfindən cavabdeh təşkilatın təqsirli hərəkətlərinin təsirindən onların sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh təşkilatdan mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbirədd olunmalıdır. İddia ərizəsinin "bu günədək iddiaçılar tərəfindən "Sərv İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilmiş kommunal pullarının geri qaytarılması; binanın həyətyanı sahəsinin dövlət orqanları ilə razılaşdırılıb və onlara satılan vaxt eskiz layihədə olan vəziyyətinin bərpa edilməsi; binanın həyətyanı sahəsində sakinlər üçün avtomobil saxlamağa parkinq olmadığından binanın qarajının sakinlərin ümumi istifadəsinə verilməsi” tələbinə dair hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı şəxslərin müvafiq tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, həmin tələblərlə bağlı sübutlar təqdim olunmadıgınan müvafiq tələblər rədd edilməlidir. İddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli. 2(005)-413/2020 saylı qətnaməsini qismən, iddiaçılarin iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edərək, həmin hissədə iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi və eyni zamanda cavabdeh cəmiyyətin faktiki rəhbəri olan X4 barəsində (əməllərində cinayətin əlamətləri olduğundan) xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 14.1, 88, 217, 385, 386, 387.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar tərəfindən öz öhdəlikləri tam şəkildə və vaxtında icra edilmiş, aldıqları mənzillərin dəyəri cavabdeh cəmiyyətə ödənilmişdir. Lakin cavabdeh cəmiyyət tikinti işlərini nəzərdə tutulduğundan xeyli müddət, təxmini 6 il sonra bitirmişdir. Bununla yanaşı cavabdeh (Namiq Əkbərov şəxsində) iddiaçılara mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan sənədləri verməkdən imtina etmiş, həmçinin əvəzində pul tələb etmişdir. Yəni, cavabdeh təşkilat bina müvafiq istismara hazır olduqdan sonra mənzil sahiblərinə mülkiyyət hüquqlarının ilkin qeydiyyatı ilə bağlı zəruri sənədlərin verilməsini təmin etməmiş, bununla da qeyd edilən birgə iddiaçıların gözlənilən mülkiyyət hüquqlarının ilkin qeydiyyatı ilə bağlı hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edərək təmin etmişdir. Lakin qalan hissədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh cəmiyyət tərəfindən 6 ilə qədər tikinti işlərinin uzadılması, daha sonradan istismara hazır binanın mənzil sahiblərinə çıxarış alınması üçün zəruri sənədlərin yenə 6 ildən çox müddət verilməməsi iddiaçıların uzun müddət mənəvi sarsıntı və iztirab çəkmələrinə səbəb olmuşdur. Bütün bunlarla (yəni iddiaçıların mənəvi iztirab və sarsıntı çəkmələrində) cavabdeh cəmiyyətin birbaşa əlaqəsi vardır, iddianın təmin edilən hissəsi ilə də görünür ki, cavabdeh cəmiyyət zəruri sənədləri həqiqətən də mənzil sahiblərinə verməmişdir. Belə olan halda iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir, cavabdehin zəruri sənədləri qanunsuz olaraq iddiaçılara verməməsi onların mənəvi iztirab və sarsıntı çəkmələrinə gətirib çıxarmışdır. Məhkəmə iddiaçıların bu günədək iddiaçılar tərəfindən “Sərv İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilmiş kommunal pullarının geri qaytarılması, binanın həyətyanı sahəsinin dövlət orqanları ilə razılaşdırılıb və onlara satılan vaxt eskiz layihədə olan vəziyyətinin bərpa edilməsi, binanın həyətyanı sahəsində sakinlər üçün avtomobil saxlamağa parkinq olmadığından binanın qarajının sakinlərin ümumi istifadəsinə verilməsi tələbinə də səthi yanaşmaqla bu hissədə iddianı rədd etmiş və belə qeyd etmişdir ki, iddiaçıların bu tələbi bilavasitə siibutetmə yükü ilə bağlıdır, həmin tələblərlə bağlı sübutlar təqdim olunmadıgınan müvafiq tələblər rədd edilməlidir. Yəni məhkəmə işin hallarının tam və hərtərəfli araşdırılmasında maraqlı olmamışdır. Cavabdeh cəmiyyət uzun müddət tikintini uzatmış, zəruri sənədləri iddiaçılara verməmiş, lakin əvəzində kommunal ödənişləri əsassız olaraq tələb etmişdir, bu göz qabağındadır və açıq məsələdir. Cavabdehin öz öhdəliklərini icra etmədən iddiaçılardan əlavə ödəniş, kommunal pulları tələb etməsi qəbul edilməzdir, buna görə də əsassız olaraq alınan həmin pullar iddiaçılara geri qaytarılmalıdır. Bununla bağlı iddiaçıların məhkəməyə hansı sübut təqdim etməsi gözlənilir? Məhkəmə bu iddianı əsaslı hesab etməsi üçün iddiaçılardan necə bir sübut gözlədiyini də qeyd etməmişdir, kommunal ödənişlərlə bağlı çeklər məhkəməyə təqdim edilə bilər, lakin hesab edirəm ki, məhkəmə bu sənədləri də qəbul etməyəcəkdir.Eyni zamanda binanın həyətyanı sahəsində sakinlər üçün avtomobil saxlamağa parkinq olmadığından binanın qarajının sakinlərin ümumi istifadəsinə verilməsi hissəsində də iddia təmin edilməmişdir, halbuki çoxmənzilii binaların qarajları da binadakı mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahədir, bununla bağlı da məhkəmə sübut gözləmişdir, iddiaçılar mənzil sahibi olduqlan binanın qarajını tələb edir, buna görə hansı sübut təqdim etməlidirlər? Məhkəmə qarajı ümumi istifadə üçün mənzil mülkiyyətçilərinə verməli idi, çünki bina mənzil mülkiyyətçilərinin binasıdır, qaraj da onların ümumi istifadəsindədir. Məhkəmə isə işə səthi yanaşaraq, iddianın təmin edilməyən hissəsi ilə bağlı heç bir əsaslandırma gətirməmiş, formal olaraq iddianı təmin elmədən əsassız qətnamə çıxarmışdır. Onu da qeyd edim ki, şirkət rəhbərliyi hələdə sakinləri incidir, narahat edir. Həmişə vəziyyət belə olub, sakinlər məhkəməyə müraciət etdikdən sonra isə bu təsirlər daha da artıb, səbəb də sakinlərin onlardan tələb edilən pulu verməmələridir. Məhkəmə iddiaçılara məxsus mənzillərin yerləşdiyi binanı inşa edən zaman cavabdeh cəmiyyətin qanuni təmsilçisi olan, hazırda da həmin cəmiyyətin faktiki rəhbəri olan Namiq Əkbərovun barəsində xüsusi qərardad çıxarmaqdan da imtina etmişdir, halbuki həmin şəxs iddiaçılardan çıxanş verilməsi məqsədilə pul tələb edən şəxsdir və bütün iddiaçılar, mənzil sakinləri bunu deyir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarı; Mənzil Məcəlləsinin 6, 7; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 96-106; Mülki Məcəllənin 139, 178.8, 324, 385-388, 425, 646, 648; Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu 7.1; Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, -ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçılar podrat və alqı-satqı üzrə müqavilə münasibitlərinə daxil olduğu zaman mülki məsuliyyətlərinin risk dairəsin müəyyən etmək, cavabdehin tikinti-inşaat fəaliyyəti üzrə məlumatların əldə edilməsi imkanından istifadə etmək, müvafiq icra hakimiyyəti tərəfindən icazələr verilməli olan binada yaşayış sahəsindən istifadə və mülkiyyət hüuqunu qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin qeydiyyatının təsbit etdirmək, tikintiyə dair müvafiq dövlət qeydiyyatları üzrə və bunu etmək mümkün olmadığı təqdirdə müqavilə münasibətlərindən irəli gələn digər hüquqi təminat prosedurlarına riayyət etmək imkanları olduğu halda bunları etməmişlər. Belə ki, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Bununla belə, müqavilə üzrə öhdəliklər daşıyan cavabdehə öhdəliklərinin yerinə yetirilməsi üzrə və tikintiyə nəzarət edən (etməli olan) müvafiq icra hakimiyyəti orqanlarına müvafiq olaraq zamanında müraciət edilməmişdir. Qeyd edilməlidir ki, təmin edilən hissədə apellyasiya şikayəti daxil olmadığından səlahiyyət həddində təmin edilməyən hissədə verilən apellyasiya şikayəti üzrə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə tələblərin hüquqi və faktiki əsasları müəyyən edilməmiş və bu əsaslara dair də müvafiq sübutlar (və ya vəsatətlər) müzakirəyə təqdim edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-413/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar