Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7246/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)-1877/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 303/A nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)- 1877/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı hər iki tərəf məhkəməyə barışıq sazişini təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 52.3, 191, 261, 262, 370, 405-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: 22 noyabr 2022-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1 Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndinə əsasən xitam verilməsindən narazı qaldığından mövcud mülki iş üzrə mübahisəni və ya qeyri müəyyənliyi qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll edirlər.
2. Tərəflərin öhdəlikləri 2.1. İddiaçı öhdəlikləri:
2.1.1. bu sazişin 1.1-ci bəndində göstərilən mühahisə ilə bağlı mövcud olan mülki iş üzrə iddia tələbindən imtina etmək; 2.1.2. gələcəkdə 1.1-ci bəndində göstərilən mübahisə ilə bağlı heç bir tələb irəli sürməmək; 2.1.3. Cavabdeh MMC barəsində müvafiq dövlət və ya qeyri-dövlət orqanlarına uyğun olmayan, onun işgüzar nüfuzuna zərər vuran hər hansı müraciətlər (şikayət, ərizə və s.) etməmək.
2.2. Cavabdeh MMC-nin öhdəlikləri:
2.2.1. xx.xx.2021-ci il tarixli, 303/A nömrəli əmrinin dəyişdirilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam vermək; 2.2.2. Məcburi buraxılmış iş günləri üçün İddiaçı ümumilikdə 2000 AZN (iki min manat) ödəmək. 2.3. Tərəflər bu Sazişin şərtlərini icra etdikdən sonra, gələcəkdə bu Sazişin 1.1-ci bəndində göstərilən mübahisə barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəklərinə dair öz üzərilərinə öhdəlik götürürlər. Əgər tərəflərdən hər hansı biri bu öhdəliyə əməl etməzsə və məhkəməyə müraciət edərsə bu zaman digər tərəf işin icraatına xitam verilməsini tələb etmək hüququna malik olur.
3. Yekun müddəalar 3.1. Bu Saziş bu Sazişin 1.1-ci bəndində göstərilən mübahisə ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. 3.2. Tərəflər bu Sazişin bütün şərtlərinə əməl etdikdən sonra bir-birinə qarşı bu Sazişin 1.1-ci bəndində göstərilən mülki iş barədə hər hansı bir məhkəmədə iddia tələbi irəli sürməyəcək və digər mübahisələrə dair icraat başlanılması haqqında ərizə, vəsatət və şikayət verməyəcəklər. Tərəflərin hər hansı bir belə hərəkətlərə yol versələr, digər tətəf bu Sazişə istinadən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla ərizənin geri qaytarılması, ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsi tələbini irəli sürə bilər. 3.3. Bu Sazişin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olunmuş hüquqlara və iddialara istinad edilməsi bu Sazişə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı olur. 3.4. Bu Saziş bağlandığı və notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bü saziş dörd nüsxədə Azərbaycan dilində tərtib edildi, onlardan biri notariat kontorunda, digərləri isə tərəflərdə saxlanılır.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)- 1877/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.