Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7247/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(011)-958/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 21.04.2015-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 beş faizlə 63000 manat məbləğində borc almışdır. Əvəzində isə cavabdeh iddiaçıdan evini girov qoymağını tələb etmişdir. İddiaçı 21.04.2015-ci il tarixində 50 saylı Notariat kontorunda alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh1 satmışdır. Tərəflər razılığa gəlmişdir ki, evin pulunu ödədikdən sonra alqı-satqı müqaviləsi ləvğ ediləcəkdir. İddiaçı cavabdehə 71300 manat məbləğində vəsait ödəmişdir. Həmin vəsaitin 21300 manatı əsas borca, 50000 manatı isə faizə hesablanmışdır. Buna baxmayaraq cavabdeh İddiaçı evdən çıxarılması üçün məhkəməyə vermişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(011)-958/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin, onunla əsaslandırılmışdır ki, məhkəmə mühüm əhəmiyyəti olan bütün fatktiki halları aydınlaşdırılmamış, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tam həcmdə yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh1 arasında 21.04.2015-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat kontorunda AN-seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə aşağıda göstərilən şərtlərlə bağlanılmışdır: - Satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,17 kv.m yaşayış sahəsi 47,32 kv.m olan mənzilin tam hissəsini alıcı Cavabdeh1 mülkiyyətinə verir; - Alıcı Cavabdeh1 satıcı İddiaçı satılan hissəni 63000 manat qiymətinə aldı; - Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir; - Müqavilənin predmeti olan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, mübahisəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilmişdir və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda müqavilə bağlayarkən əqdin legitimsizliyi barədə onda hər hansı şübhə müəyyən edilmir, əqdi mübahisələndirən iddiaçı əqdin etibarsızlığına əsas verən halları sübut edə bilməmişdir. Həmçinin, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici müddəti ötürməklə iddia irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(011)-958/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7247/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7247/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver