Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7248/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-11/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddiası təmin edilmişdir.
2. Həmin qətnamədən Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün prosesual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, 05 sentyabr 2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-11/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh4 tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, məhkəmənin qətnaməsi elektron imza ilə təsdiq edilməklə, Cavabdeh4 məxsus şəxsi elektron kabinetinə 17 may 2023-cü il tarixdə saat 10:58-də yerləşdirilmişdir. Digər sözlə ifadə etdikdə, Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti verməsi müddətinin başlanğıcı 17 may 2023-cü il tarixdən hesablanır. Göründüyü kimi, Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüş, yalnız xx.xx.2023- cü il tarixdə məhkəməyə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəyə qətnamədən apellyasiya şikayəti vermə müddətinin Cavabdeh4 tərəfindən üzürlü səbəbdən buraxılmasına dair sübutlar əlavə edilməmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Cavabdeh4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 11/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-11/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosesdsual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişir. Belə ki, məhkəmə öz qərardadında buraxılmış müddəti üzrlü hesab edilməsi üçün onun heç bir sübut təqdim etmədiyini əsas götürərək ərizəni təmin etməmişdir. Həmin qərardadla razıl deyil və hesab edir ki, məhkəmə tam araşdırma aparmadan onun ərizəsini təmin etməmişdir. Bildirir ki, məhkəmənin həmin qətnaməsini o, 20 may 2023-cü il tarixdə almışdır. O müharibə iştirakçısıdır və müharibədə iştirakı əlaqədar səhhətində bəzən problemlər olur. Şikayət vermə müddətində də səhhətində problemlər olduğu üçün ötürmüşdür. Qətnamədən apellyasiya şikayəti verməli olduğunu isə 26 iyun 2023-cü il tarixdə bilmişdir. Həmin gündən sonra da bayramla əlaqədar qeyri iş günü olduğundan qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Şikayət vermə müddətini cəmi 6 gün ötürmüşdür. Həmin qətnamənin qəbul olunmasından az müddət keçməklə apellyasiya şikayəti verərək hüquqlarının müdafiəsini həyata keçirmək istəyir. Göründüyü kimi, o üzürlü səbəblə əlaqədar qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə tam araşdırma aparmadan əsassız olaraq onun ərizəsini təmin etməmişdir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(002)-11/2023 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
12. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-11/2023 saylı qətnaməsi Cavabdeh4 elektron kabinetinə 17 may 2023-cü il tarixdə rəsmi şəkildə yerləşdirilmişdir.
17. Göründüyü kimi Cavabdeh4 münasibətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-11/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 18 iyun 2023-cü il tarixə qədər olmuşdur.
18. Cavabdeh4 tərəfindən apellyasiya şikayəti məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilərək, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
19. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
20. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
21. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, Cavabdeh4 tərəfindən qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev