Məhkəmə qərarları › İş №2(103)-725/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-725/2024

12.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-725/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3cü şəxs X3) qarşı İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: “evdən çıxarılma”, “pulun tutulması”, “dəymiş ziyanın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, iddiaçı Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Hazırkı iş Xətai və Suraxanı Rayon Məhkəmələrinin icraatında olan iki işin birləşdirilməsi nəticəsində yaranıb. 1-ci iş İddiaçı Cavabdeh1 və digərlərinə qarşı evdən çıxarılma tələbi üzrə başlanmışdır. 2-ci iş isə Cavabdeh1 İddiaçı və qeyrisinə qarşı pul tələbi üzrə başlanmış, İddiaçı da öz növbəsində həmin işdə qarşılıqlı iddia vermişdir.

2. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsinin mülkiyyətçisidir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə iddiaçıya məxsus sözügedən mənzildə yaşayır. Onlar evi İddiaçı etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh3 satın aldıqlarını və buna görə sonuncuya 14 000 manat pul ödədiklərini bildirirlər. İddiaçı bunu qəbul etməyərək cavabdehdən evi tərk etməsini tələb etsə də, cavabdeh evi tərk etmir.

3. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə) iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən çıxarılmasını, cavabdehlərin həmin mənzildə qaldığı müddətdə, 2021-ci ilin iyul ayından başlayaraq hər ay 300 manat kirayə haqqının dəymiş zərər olaraq tutulmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmirlər və qeyd edilən evi 14000 manata iddiaçının nümayəndəsi olan Cavabdeh3 aldıqlarını və əlavə olaraq 10000 manat da təmir xərci çəkdiklərini bildirir və həmin məbləğin qaytarılmasını xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № 0450626, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə çıxarılması, evin iddiaçıya təhvil verilməsi və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Eyni zamanda iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçının xeyrinə 24.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İşə məhkəmədə baxılarkən iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh3 da pul tələbinə dair iddia üzrə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir.

7. İddiaçı Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi və xx.xx.2023-cü ildə həmin iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsindəki 76 nömrəli evin iddiaçıya məxsus 1/7 hissəsi üzrə 2021-ci ilin iyul ayından heablanmaqla pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində kirayə pulu kimi əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) nəzərə alınmaqla hər ay 300 manatdan hesablanmaqla vurulmuş ziyan kimi hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra və həmin yaşayış sahəsinin icra sənədinə əsasən ona təhvil verilməsi barədə aktın tərtib olunduğu gün də nəzərə alınmaqla Cavabdeh1 tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3286/2023 saylı qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e2(011)-3286/2023 saylı mülki işlə Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 443/2023 saylı mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

9. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № 0450626, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda iddiaçının şəxsi mülkiyyətində olan evində heç vaxt tanımadığı və heç bir əlaqəsi olmadığı, bu ünvandakı evə heç bir aidiyyəti olmayan Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə qanunsuz girib yaşayır. İddiaçı, cavabdehlərə dəfələrlə evin boşaldılmasını və təhvil verilməsini təklif etməsinə baxmayaraq onlar bundan imtina etmişdir. Bundan əvvəl digər paylı mülkiyyətçilərlə aralarında məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59812014 saylı 18 noyabr 2014-cü il tarixli qətaməsi ilə iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evə köçürülməsi, həmin həyətdə cavabdehlərin hesabına sökülmüş hasarın cavabdehlərin hesabına bərpa edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli ev ümumi paylı mülkiyyətdə olsa da, iddiaçının yaşadığı ev, həyətyanı torpaq sahəsi, həyətə giriş qapıları ayrı ayrılıqdadır, hasarla bir-birlərindən ayrılmışlar. Bundan əvvəl də eyni iddia ilə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş, qarşı tərəf aidiyyətlə bağlı məsələni mübahisəndirmiş, ancaq onun bu barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadından verilmiş şikayət rədd edilmiş, yuxarı instansiya məhkməsi rayon məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Sonuncu məhkəmə iclasında iddiaçı iştirak edə bilmədiyindən iş baxılmamış saxlanmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh1 iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun çaxarılması tələb olunan yaşayış sahəsini cavabdehin etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh3 20000 (iyirmi min) manata almışdır. İddiaçının adından çıxış edən Əlikramla iddiaçı belə razılaşmışlar ki, iddiaçı bəmin məbləğin 14000 (on dörd min) manatını ilkin olaraq ona nəğd şəkildə ödəyir, qalan 6000 (altı min) manatını isə bir neçə aydan sonra ödəyəcək və bundan sonra da alğı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna gedəcəklər, iddiaçı həmin yaşayış sahəsinə görə razılaşdırılmış məbləği ödəyərkən cavabdehdən Cavabdeh3 Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verilmiş baş etibarnamə alıb Əlikram bütün danışıqları və hərəkətləri həmin etibarnaməyə əsasən həyata keçirib. İddiaçı həmin yaşayış sahəsində əsaslı təmir-tikinti işləri apararaq oranın yaşayış sahəsinin artırılmasını və bütün mənzilin təmir olunmasını həyata keçirmişdir. Cavabdeh oranın tikinti və təmir işlərinə görə ustalara və tikinti materiallarına ümumilikdə 10.000 (on min) manatdan artıq pul xərcləyib. Cavabdehin adından çıxış edən Əlikramda baş etibarnamə olmasaydı iddiaçı həmin yaşayış sahəsinə görə bu qədər pul ödəyib orada öz mənzili kimi yaşamağa başlamazdı və oranın yaşayış sahəsini əlavə tikililər hesabına artıraraq təmir etdirməzdi. Hesab edir ki, iddiaçının cavabdehə ödədiyi 14000 manat və mübahisəli yaşayış sahəsində apardığı təmir-tikinti işlərinə xərclədiyi 10000 manat İddiaçı tutulması təmin olunmalıdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-443/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən çıxarılması, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqı tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 157.1, 157.2, 157.5, 157.7 228.1, 228.2, 1091.1, 1092.2-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. 1-ci iş üzrə cavabdeh (2-ci iş üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, İddiaçı iddialarının rədd, öz iddiasının isə təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Cavabdeh1 evi təmir etdirməsəydi, oranı yaşamaq üçün yararlı vəziyyətə gətirməsəydi İddiaçı oranı nəinki 300 manata, hətda 30 manata belə kirayəyə verə bilməzdi. Hətta Cavabdeh1 iddiası üzrə cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh3 da iddiaya münasibət bildirərkən Tehran tərəfindən evdən təmir işləri aparıldığını etiraf etmişdir. Cavabdeh1 aldadılaraq həmin ev ona satılmasaydı və o, orada tərmir işləri aparmasaydı, ora yaşamaq üçün yararlı olmayacaqdı və kirayəyə verib qazanc da əldə etmək mümkün olmayacaqdı. Məhkəmə tikinti ekspertizası keçirilməsinə dair vəsatəti təmin etsəydi müəyyən edərdi ki, Tehrana qədər həmin ev yaşamağa yararsız olub. Məhkəmə Cavabdeh3 məhkəməyə gətizdirib dindirilməsinə dair vəsastəti də təmin etməmişdir. Cavabdeh1 mübahisəli yaşayış sahəsini cavabdehin etibarnamə üzrə nümayəndəsindən alıb. Cavabdehin adından çıxış edən Əlikramda baş etibarnamə olmasaydı iddiaçı həmin yaşayış sahəsinə görə bu qədər pul ödəyib orada öz mənzili kimi yaşamağa başlamazdı və oranın yaşayış sahəsini əlavə tikililər hesabına artıraraq təmir etdirməzdi. Cavabdeh1 mübahisəli evdə onun mülkiyyətçisinin etibarnamə üzrə nümayəndəsi tərəfindən təhvil verməsi ilə yaşamağa başlaması onun vicdanlı sahiblik etməsinə dəlalət edən faktordur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

17. İddiaçı nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh qismində keçən və hazırda cəzaçəkmə müəssisəsində çəza çəkən Cavabdeh3 izahat verərək bildirdi ki, o, İddiaçı verdiyi ümumi etibarnamə əsasında onun adından hərəkət edərək İddiaçı çatası 1/7 hissəni ümumi mülkiyyətdən ayırmış, hasar çəkdirmiş, çıxarış almış, sonra Tubi evi satmaq istədiyindən o, həmin evi özü almaq qərarına gəlmiş, evə görə Tubiyə hissə-hissə olmaqla 18000 manat pul vermiş, hər dəfə pul veriləndə videoçəkiliş aparmışdır. Ev zəif təmirli olmuşdur. O, evi satmaq istəmiş, Cavabdeh1la 22 000 manata razılaşmış, Tehran həmin puldan ona 12 000 manat vermiş, əlavə olaraq kommunal xidmətlərə görə 600 manat və əlavə tikiliyə (artırmaya) icazə verilməsi üçün 800 manat vermişdir. Bu məbləğ evin dəyərini təşkil edən 22 000 manatın tərkibinə daxil idi.

19. 3-cü şəxs E.Bəhlulov izahatında apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı apellyasiya şikayətində qətnamə 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddiaçı olan Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı İddiaçı həm iddiasının, həm də qarşılıqlı iddiasının təmin edilən və 2-ci iş üzrə iddianın, yəni Cavabdeh1 iddiasının rədd olunan hissələrində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25.Məhkəmə kollegiyası ilk növbədə 1-ci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4) qarşı evdən çıxarılma tələbinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını həmin hissədə düzgün tətbiq etmişdir. 26.Məhkəmə haqlı olaraq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152, 228.2-ci və Mənzil Məcəlləsinin 30-cu maddəsini hazırkı iş üzrə mübahisəyə tətbiq etmiş və hesab etmişdir ki, Cavabdeh1 və ailə üzvlərinin mübahisəli evdən istifadə hüququ yaranmayıb, onlar mülkiyyətçi İddiaçı ailə üzvləri deyil və onunla yaşayış sahəsindən istifadə qaydası haqqında müqavilə bağlamamışlar. Ona görə də mülkiyyətşinin tələbi təmin olunmaqla onlar mənzildən çıxarılmalıdırlar. 27.Məhkəmə kollegiyası bununla yanaşı hesab edir ki, birinci instansiya məhkəməsi 2ci iş üzrə Cavabdeh1 İddiaçı və Cavabdeh3 qarşı pul tələbinə dair iddiasını bütünlüklə rədd etməklə səhvə yol vermiş, həmin hissədə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, eləcə də maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də qətnamə həmin hissədə ləğv olunmalı və Cavabdeh1 iddiası qismən təmin edilməlidir. 28.Belə ki, işdən göründüyü kimi, Cavabdeh1 tələbi cavabdehlər İddiaçı və Cavabdeh3 24 000 manat pulun tutulması barədədir. O, həmin məbləğin 14 000 manatının cavabdehlərdən müştərək qaydada, 10 000 manatının (təmir üçün çəkdiyi xərcin) isə yalnız İddiaçı tutulmasını tələb edir. 29.Birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh1 evin alınması üçün cavabdehlərə 14 000 manat verdiyini və əlavə olaraq evin təmirinə 10 000 manat xərclədiyini, bununla da cavabdehlərin onun hesabına əsassız varlandığını göstərsə də, bu halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 evin təmirinə 10 000 manat xərclədiyini sübut etmiş olsaydı belə, Mülki Məcəllənin 157.5, 157.7-ci maddələrinin tələbinə əsasən onun iddiası həmin hissədə təmin oluna bilməzdi. 30.İşdən göründüyü kimi, Cavabdeh3 Cavabdeh1 iddiası üzrə cavabdeh olsa da, o, məhkəmə iclasında sübutların araşdırılmasında iştirak etməmiş, müstəqil izahat verməmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh3 məhkəmə iclasında iştirakı təmin olundu və o, izahatında evi əvvəlcə faktiki olaraq özü aldığını, sonra İddiaçı ona verdiyi etibarnamə üzrə səlahiyyətindən istifadə edərək evi Cavabdeh1 satdığını və Cavabdeh1 evi almaq üçün ona cəmi 13400 manat məbləğində pul ödədiyini etiraf etdi. O, eyni zamanda İddiaçı ona verdiyi xx.xx.2018-ci il tarixli etibarnamənin surətini də işə baxan məhkəməyə təqdim etdi. Həmin etibarnamə 50 il müddətinə verilmişdir və onun məzmunundan görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, əmlakları üzərində sərəncam verməyi, müvafiq əqdlər bağlamağı və s. Cavabdeh3 etibar etmişdir.

31. Göründüyü kimi, Cavabdeh1 mübahisəli evi özbaşına tutmamış, oranı zəbt etməmişdir. O, üvin mülkiyyətçisi olan İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən həmin evə buraxılmış, ev Cavabdeh3 tərəfindən faktiki olaraq ona satılmış, razılaşdırılmış satış məbləğinin 13 400 manatı Cavabdeh1 tərəfindən Cavabdeh3 ödənilmişdir. Məbləğ tam ödənilib qurtarmadığından sənədləşmə işi də başa çamamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 iddiaçı Cavabdeh1 tərəfindən ona evi almaq üçün 13400 manat məbləğində pul ödənildiyini etiraf etməklə özünə münasibətdə Cavabdeh1 bunun əksini sübut etmək vəzifəsindən azad edir.

33. Məhkəmə kollegiyası işin müəyyən edilən bu hallarını nəzərə alaraq qeyd olunan hissədə mübahisəyə Mülki Məcəllənin 157.5, 157.7-ci maddələrinin tətbiqi ilə razılaşmır və hesab edir ki, Cavabdeh1 mübahisəli evin mülkiyyətçisi olan İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən evə buraxıldığından, evi qanuni əsaslarla aldığını güman edərək ona sahibləndiyindən, orada təmir işləri apardığından o, vicdansız sahib sayıla bilməz.

34. Cavabdeh3 Cavabdeh1 13 400 manat pul aldığını etiraf etsə də, İddiaçı nümayəndəsi təmsil etdiyi şəxsin Cavabdeh3 hər hansı məbləğdə pul qəbul etmədiyini bildirdi. Cavabdeh3 izahatında evi əvvəlcə özü aldığını və sonradan Cavabdeh1 satdığını göstərdi. Bu isə o deməkdir ki, o, evi İddiaçı adından deyil, öz adından, öz əmlakı kimi Cavabdeh1 satmışdır. Məhkəmə kollegiyası Cavabdeh3 göstərilən məbləği İddiaçı veribvermədiyinin hazırkı icraatda müəyyən olunmasını qeyri-mümkün sayır və hesab edir ki, Cavabdeh1 tələb etdiyi 13 400 manat pul cavabdehlərdən müştərək qaydada deyil, yalnız Cavabdeh3 tutulmalıdır. Cavabdeh3 izah olunmalıdır ki, onun İddiaçı qarşı hər hansı tələbi varsa bu barədə ümumi qaydada məhkəmədə iddia qaldıra bilər.

35. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, mübahisəli evin mülkiyyətçisi olan İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 mübahisəli evin alqı-satqısı ilə bağlı Cavabdeh1la razılaşmış, ondan razılaşdırılan məbləğin 13 400 manatını almış, qalan məbləğ ödənilməmiş qalmışdır. Alqı-satqı müqaviləsi notariatda təsdiq olunmamış və mülkiyyətçi İddiaçı bu əqdi bəyənməmişdir. Göründüyü kimi, əqdin formasına əməl edilməyərək alqı-satqı müqaviləsi notariatda təsdiq olunmamışdır və belə olan vəziyyətdə əqd etibarsız sayılmaqla əqd üzrə ödənilmiş məbləğ geri qaytarılmalıdır.

36. Mülki Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

37. Həmin Məcəllənin 394-cü maddəsinin tələbinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

38. Həmin Məcəllənin 329.1-ci maddəsinin tələbinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

39. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Cavabdeh1 tələbinin digər hissəsi təmir xərcinin ödənilməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 vicdanlı sahib sayıldığından Mülki Məcəllənin 157.7ci maddəsinin tələbinə müvafiq olaraq mübahisəli evin təmirinə çəkdiyi xərcin əvəzini mülkiyyətçi olan İddiaçı tələb etməkdə haqlıdır.

42. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

43. Apellyasiya baxışı zamanı mübahisəli evdə aparılan təmir-bərpa işləri və onların dəyərini müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin olundu və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 4508 manat təşkil edir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi təmir xərci olaraq 10 000 manat pul tələbinin rədd olunması hissəsində də ləğv edilməli və həmin hissədə iddia qismən təmin olunmaqla ekspert rəyi ilə müəyyən olunmuş bu məbləğ, yəni 4508 manat İddiaçı tutulub Cavabdeh1 verilməlidir.

45. 2-ci iş üzrə İddiaçı qarşılıqlı iddiası dəymiş ziyanın ödənilməsi barədədir. İddiaçı 2021-ci ilin iyul ayından heablanmaqla pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində kirayə pulu kimi əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) nəzərə alınmaqla hər ay 300 manatdan hesablanmaqla vurulmuş ziyan kimi hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra və həmin yaşayış sahəsinin icra sənədinə əsasən ona təhvil verilməsi barədə aktın tərtib olunduğu gün də nəzərə alınmaqla Cavabdeh1 alınıb ona verilməsini tələb edir.

46. Birinci instansiya məhkəməsi İddiaçı bu iddiasını qismən əsaslı sayaraq əldən çıxmış fayda kimi kirayə pulunun xx.xx.2022-ci il tarixdən, yəni mənzildən çıxarılma barədə iddia qaldırıldığı vaxtdan bu barədə çıxarılan qətnamə icra olunanadək hesablanın ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı verdiyi iddia tələbi evdən çıxarılma ilə bağlı olmuşdur. Kirayə haqqının tutulması ilə bağlı iddia tələbi isə xx.xx.2023cü il tarixdə verilmişdir. Kirayə haqqının tutulması barədə iddia xx.xx.2023-cü il tarixində verildiyindən tutma da həmin tarixdən hesablanmalıdır. Belə ki, həmin tarixədək tərəflər arasında kirayə haqqının tutulması barədə məhkəmə mübahisəsi olmamış və iddiaçı bununla bağlı iradə ifadəsini əks etdirməmişdir.

47. Ona görə də, kollegiya hesab edir ki, 2-ci iş üzrə İddiaçı ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına münasibətdə qətnamə dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixdən əldən çıxmış fayda kimi hər ay 300 manat kirayə haqqının mübahisəli ev iddiaçıya təhvil verilənədək tutularaq İddiaçı ödənilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

49. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (maddə 390).

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi 2-ci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı 24 000 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh3 13 400 (on üç min dörd yüz) manat və İddiaçı 4508 (dörd min beş yüz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh1 ödənilsin. Cavabdeh1 iddiası qalan hissədə təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi 2-ci iş üzrə İddiaçı qarşılıqlı iddiasının təmin olunan hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqının tutularaq İddiaçı ödənilməsi müəyyən edilsin. Qətnamə apellyasiya qaydasında mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar