Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7258/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılzadə Kürdoğlu Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2020-ci il tarixli qətnamədən cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildə cavabdehlərin istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının qardaşı Vəliyev Fəxrəddin Balabəy oğlunun övladlarıdır. İddiaçının qardaşı ilə Tarverdiyeva (Vəliyeva) Sevinc Şəmsibala qızı ilə əvvəllər faktiki nikahda olsalar da, nikahlarını xx.xx.2000-ci il tarixdə rəsmiləşdirmişlər. iç üzrə cavabdehlər də həmin nikahdan doğulmuşlar. Fəxrəddin Vəliyev iddiaçının mənzilinin qarşısında olan həyətdə ev inşa etdirmiş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Evin (özbaşına tikilinin) hüquqmüəyyənedici sənədi olmamışdır. Sonradan iddiaçının qardaşı ilə Nümayəndə nikahı məhkəmə qaydasında pozulmuş, xx.xx.2003-cü il tarixdə isə “Nikahın pozulması haqqında şəhadətnamə” də verilmişdir. Nikah pozulduqdan sonra Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının baxışı predmeti də olmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli (İş № lmk-508/2004) qətnamə ilə qət etmişdir ki, Nümayəndə və azyaşlı uşaqlarının – hazırki iş üzrə cavabdehlərin iddiaçının mənzilin həyətində tikilmiş özbaşına tikiliyə istifadə hüquqları tanınsın və onlar həmin tikiliyə köçürülsünlər. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Qətnamə icra olunmuş, Nümayəndə uşaqları ilə birlikdə həmin tikiliyə köçürülmüş, lakin 3 aydan sonra uşaqlarını da götürüb valideynlərinin yaşadığı ünvana, yəni ünvan 2zilə köçmüş və bir daha geri qayıtmamışdır. Nümayəndə və hazırki iş üzrə cavabdehlər iddiaçıya məxsus mənzildə 1 gün də olsa yaşamamışlar. Buna baxmayaraq xx.xx.2004-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsi tərəfindən Nümayəndə iddiaçının mənzilinə qanunsuz olaraq qeydiyyata alınmışdır. Bu səbəbdə də, iddiaçı müvafiq iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə onun iddiasının təmin edilməsi, Nümayəndə mübahisəli mənzilə qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında Nümayəndə qeydiyyatı ləğv edilmişdir. Bu yaxınlada iddiaçıya “2 saylı forma üzrə arayış” lazım olduğundan o, 3 saylı Bakı ASAN Xidmət Mərkəzinə müraciət etmiş və arayış almışdır. Arayışı aldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, Nümayəndə mənzildən qeydiyyatından çıxsa da onun övladları – hazırki iş üzrə cavabdehlər iddiaçının mənzilində qeydiyyatda qalmışlar. İddiaçı bildirir ki, cavabdehlərin onun mənzilində formal olaraq qeydiyyatında qalmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçı ilə cavabdehlərin münasibəti olmadığından bu məsələ məhkəmədən kənar qaydada həllini tapmır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin baxılmamış saxlanmasını xahiş etmişlər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçının tələbi “cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərindən göründüyü kimi, istər iddia, istərsə də xüsusi icraat qaydasında məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə hüquqlarını tanıyır. Lakin, mülki-prosessual qanunvericilikdə hər hansı hüququn olmamasının məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda qəbul edilməlidir ki, bu tələbə məhkəmə qaydasında baxılmamalı idi və Rayon Məhkəməsi MPM-nin 153-cü maddəsinə əsaslanaraq, iddia ərizəsinin qəbulundan imtina etməli idi. Çünki qeyd edilən prosessual normanın tələblərinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Buna baxmayaraq Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etmiş və həmin tələbə mahiyyəti üzrə baxmışdır. İddia ərizəsinin Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməsini nəzərə alaraq Məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olan qanunvericilyə əsasən Rayon Məhkəməsi tələbə mahiyyəti üzrə baxaraq tələbin əsaslılığına qiymət verməkdə haqlı olmamışdır. Belə ki, MPM-nin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməlidir. Mövcud qanunvericiliyin tələbini nəzərə alaraq Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin) səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İddia ərizəsinin əsaslandırılmasından da göründüyü kimi, iddiaçının istifadə hüquqlarının olmamasını qeyd etdiyi şəxslər – cavabdehlər iddiaçının qadasının övladlarıdır. İddiaçı bildirir ki, həmin şəxslər onun mülkiyyətində olan mənzildə yaşamamışlar. Odur ki, onun hazırki iddia tələbini irəli sürməkdə arzuladığı hüquqi nəticə cavabdehlərin onun mənzilindən qeydiyyatından çıxarılmasıdır. Ona görə də iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması tələbi ilə Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, həmin orqanın hərəkət (hərəkətsizlik) və ya qərarından narazı qalacağı təqdirdə isə müvafiq inzibati Məhkəməyə iddia ərizəsi vermək hüququnun olması izah olunmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 384.0.5-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2020-ci il tarixli qətnamə ləğv edilsin və hazırki mülki işin icraatına xitam verilsin. İddiaçı izah olunsun ki, o, cavabdehlərin qeydiyyatdan çıxarılması tələbi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, həmin orqanın hərəkət (hərəkətsizlik) və ya qərarından narazı qalacağı təqdirdə isə müvafiq inzibati Məhkəməyə iddia ərizəsi vermək hüququna malikdir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7258/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7258/2023
19.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver