Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7259/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4399/2022 saylı 01 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan qeydiyyat vərəqindən görünür ki, X3 ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildə qeydiyyatdadır.
2. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin qəbzlərindən görünür ki, Maşallah Əsgərov ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə görə 2015-2020ci illər üzrə kommunal ödənişlər etmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X11 ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildə qeydiyyatdadır.
4. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 148 saylı Mənzil Kommunal İstismar sahəsinin 17 saylı 12 may 2022-ci il tarixli məktubundan görünür ki, 148 saylı MKİS-nin xidməti ərazisində yereləşən ünvan 1 mənzil 14-də X7 1984cü ildən, İddiaçı isə 2003-cü ildən, övladları və qaynanası qeydiyyatdadırlar.
5. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 148 saylı Mənzil Kommunal İstismar sahəsinin 05 saylı 10 fevral 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Ramana qəsəbəsi, 11 Mədən küçəsi, 15 saylı evin 14-cü mənzilində xx.xx.1984-cü ildən qeydiyyatda olan, lakin yaşamayan sakinlər X7, İddiaçı, X6, X2, X8 və X4r. Mənzil Cavabdeh1 və ailəsinin 1990-cı ildən istifadəsindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun və həyat yoldaşı X1 ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı Maşallah Əsgərov birinci dəfə erməni vətəndaşı ilə ailəli olmuş, həyat yoldaşının həmin erməni ilə nikahına xitam verilmişdir. O, həyat yoldaşı, övladları və anası X9 həmin evdə qeydiyyatdadırlar. Hazırda cavabdehlər sözügedən mənzildə yaşamaqlarına imkan vermir. Halbuki həmin mənzildə onların haqqı var.
8. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahatında göstərmişdir ki, “Maşallah onun qudasıdır. Onun oğlu Emin Maşallahın birinci arvadından olan qızını alıb, Volqoqradda yaşayırlar hal-hazırda. O evlər köhnə «JEK» evləridir, qeydiyyatı var həmin ünvanda. 15 saylı evə bitişik divarı söküb öz evinə qatmışdır. Xahiş edir ki, tikdirdiyi evə köçənə qədər ona vaxt verilsin. Sonra o evi iddiaçılara təhfil verəcəkdir.”
9. Birinci instansiya məhkəməsində şahid X5 ifadəsində bildirmişdir ki, “Mirkərimlə dədə-baba qonşudurlar. Maşallah isə onun qaynıdır. Maşallah 1984-cü ildən o ünvanda yaşayır və rəsmi qeydiyyatdadır. 2 qızları da orada qeydiyyatdadırlar. Ev pulunu da özləri ödəyirlər. 2020-ci ildə Mirkərim qapının sındırıb o evi qatdı öz evinə. Ödənişləri Maşallah və İlhamə ödəyiblər.”
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 avqust 2022-ci il tarixli 2(008)-4399/2022 saylı qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia təmin edilmiş, İddiaçı və həyat yoldaşı X1 ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə köçürülmələri qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ olmasa da cavabdehin istifadə və sahibliyində olması mübahisəssiz hal kimi qəbul edildiyindən, iddiaçının yaşamasına maneə yarandığından, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsi 32.1, 32.2, Mülki Məcəllənin 225.1, Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci, Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamədə onun iddianı qəbul etməsi və vaxt istəməsi, sonra evi iddiaçıya təhvil verəcəyi yazılmışdır, halbuki həmin əmlak iddiaçıya məxsus deyil, buna görə əmlakı iddiaçıya təhvil vermək kimi borcu yoxdur. Həmin mənzili o, ermənidən almış, 1989-cu ildən ailəsi ilə həmin mənzildə yaşamışdır. Məhkəmədə iddiaçının həmin evdə heç vaxt yaşamamasını sübut edən arayış təqdim etdiyi halda, 14 nömrəli mənzili uzun illər ərzində bir neçə dəfə təmir etdiyini bildirsə də, məhkəmə iddiaçının köçürülməsi barədə ziddiyyətli qətnamə çıxarmışdır. Məhkəmə iclasında verdiyi ifadələr öz əksini tapmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
19. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
20. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
22. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
23. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
24. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
25. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli qərarı: «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 öldüyündən, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust il tarixli 2(008)- 4399/2022 saylı qətnaməsi X1 ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə köçürülməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
34. Qətnamə İddiaçı mənzilə köçürülməsi hissəsində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili qeyd etmişdir ki, 1989cu ildə evi cavabdeh ermənidən almışdır. Lakin necə olubsa iddiaçı tərəf 1984-cü ildə evə qeydiyyata düşmüşdür, hansı sənəd əsasında qeydiyyata düşmələri barədə məlumat yoxdur. Ev qanunsuz tikilidir. Cavabdeh1 1989-cu ildən həmin evdə yaşamışdır. 1990-cı ildən 14 saylı mənzil faktiki olaraq cavabdehin istifadəsində olmuşdur.
37. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf isə göstərmişdir ki, 1984-cü ildən Maşallah Əsgərov mənzildə qeydiyyatdadır və yaşamışdır. 1990-cı ildə ikinci dəfə ailə qurmuş, İddiaçı həmin evə gəlin köçmüş, uşaqları həmin evdə doğulmuşdur. Daha sonra əri Maşallah Əsgərov ağır xəstəliyə tutulmuş, bu ərəfələrdə - təxminən 2020ci ildə 15 saylı mənzildə yaşayan cavabdeh ara divarı sökərək 14 saylı mənzili də öz evinə birləşdirmişdir. Köhnə qamış evlər olduğundan divarın sökülməsi asan başa gələn iş olmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh özü də bu halı qeyd etmişdir.
38. Cavabdeh1 apelyasiya şikayətində bu halı təkzib edərək göstərmişdir ki, qətnamədə onun ifadələri öz əksini tapmamışdır. Əks olunanları isə o, deməmişdir.
39. Kollegiya bununla bağlı bildirir ki, MPM-nin 273-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
40. Cavabdeh hazırda göstərilmiş izahatı ilə razılaşmadığını qeyd etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq tərəfindən bununla bağlı protokala dair qeyd verməsi iş materiallarından müəyyən edilmir.
41. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ olmasa da cavabdehin istifadə və sahibliyində olması mübahisəssiz hal kimi qəbul edildiyindən, iddiaçının yaşamasına maneə yarandığından, sonuncu hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
42. İddiaçının mərhum əri 1984-cü ildən həmin evdə qeydiyyatda olmuşdur, müxtəlif illərə dair təqdim edilmiş qəbzlərdən görünür ki, kommunal ödənişlər tərəfindən edilmişdir.
43. Kollegiya əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
44. Belə ki, tərəflərin izahatı, eləcə də işdə olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 148 saylı MKİS tərəfindən verilmiş arayışlar və digər sənədlər onu deməyə əsas verir ki, mübahisəli mənzil dövlət mənzil fonduna məxsus olmaqla keçmiş «Leninneft» NQÇİ (hazırki «Balaxanıneft» NQÇİ) balansında olmuşdur və hazırda da statusu dəyişməmiş (özəlləşdirilməmiş), nə də qanuni əsaslarla başqa şəxsin istifadəsinə verilməmişdir.
45. Cavabdeh həmin binanın 15 saylı mənzilinin icarədarı olmuş və «Leninneft» NQÇİnin xx.xx.1989-cu il tarixli 54 saylı qərarı ilə (protokoldan çıxarış cavabdeh tərəfindən apelyasiya şikayətinə əlavə olunmuşdur) boşalmış 2 otaqlı 13 saylı mənzil də onun istifadəsinə verilmişdir.
46. Pasport qeydiyyatı ilə bağlı kartadan müəyyən olunur ki, iddiaçının mərhum əri X3 xx.xx.1984-cü ildə 14 saylı mənzilə qeydiyyata düşmüşdür.
47. Həmçinin işdən müəyyən olunur ki, X3 xx.xx.2003-cü ildə İddiaçı ilə rəsmi nikah bağladıqdan sonra sonuncu da xx.xx.2003-cü ildə, daha sonra isə uşaqları 14 saylı mənzil üzrə qeydiyyata düşmüşlər.
48. 14 saylı mənzilə dair order və ya başqa hüquq müəyyənedici sənəd təqdim olunmasa da, tərəflərin izahatından belə aydın olur ki, X1 birinci arvadı erməni olmuş və 14 saylı mənzil də məhz həmin qadına verilmişdir. 1980-cı illərin sonu, 1990-cı illərin əvvəlində məlum hadisələr baş verdikdən sonra həmin qadın ölkədən çıxıb getmişdir. Hətta M.Əsgərovun həmin qadından olan qızı Cavabdeh1 oğlu ilə ailə qurmuşdur və onlar hazırda RF-nın Volqoqrad şəhərində yaşayırlar.
49. Bundan başqa, mədaxil qəbzlərindən görünür ki, 14 saylı mənzil üzrə 2015-2020-ci illərdə kommunal xidmətlərdən istifadəyə görə haqq 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin nəfinə X3 tərəfindən ödənilmişdir.
50. Kollegiya belə nəticəyə gəlir ki, mübahisəsi gedən 14 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla «Leninneft» NQÇİ-nin balansında olmuş və X3 1984-cü ildə həmin mənzilə qeydiyyata düşməklə və daimi olaraq mənzildə yaşamaqla həmin mənzildən istifadə hüququ əldə etmişdir. Daha sonra isə M.Əsgərov İddiaçı ilə ailə qurduqdan sonra sonuncu da həmin mənzilə qeydiyyata düşmüş və o da istifadə hüququ əldə etmişdir. Onların 14 saylı mənzildən istifadə hüququna xitam verilməmiş, nə də onlar bu hüquqlarını itirməmişlər (M.Əsgərovun istifadə hüququna ölməsi səbəbindən xitam verilmişdir). Başqa sözlə, İddiaçı və mərhum ərinin hər hansı səbəbdən müvəqqəti olaraq 14 saylı mənzildən istifadə etməməsi (edə bilməməsi) onları həmin yaşayış sahəsinə olan hüquqlarından məhrum etməmişdir. İddiaçı 14 saylı mənzilin qanuni istifadəçisi hesab olunur və buna görə də o, həmin mənzilə köçürülmə ilə bağlı iddia qaldırmaqda haqlıdır.
51. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və həmin şəxsin əmlak hüquqları mülkiyyətçi də daxil olmaqla istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Həmçinin, yaşayış sahəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
52. Kollegiya 14 saylı mənzili ermənidən alması, 1989-cu ildən həmin mənzildə yaşaması və bunu 148 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışının təsdiq etməsi barədə Cavabdeh1 dəlillərinə tənqidi yanaşır, belə ki, əvvəla cavabdeh həmin dəlillərə dair hər hansı sənəd təqdim etməmişdir. Digər tərəfdən isə 14 saylı mənzil xüsusi mülkiyyətdə olmamışdır ki, cavabdeh də onu ermənidən ala bilsin. 148 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışına gəldikdə isə qeyd olunmalıdır ki, həmin mənzildə Cavabdeh1 ailəsi ilə birlikdə 1990-cı ildən yaşasaydı, yuxarıda da qeyd olunduğu kimi, ən azı təqdim olunmuş mədaxil qəbzlərinə əsasən, 2015-2020-ci illər üçün kommunal xidmətlərdən istifadəyə görə haqq da X3 tərəfindən yox, məhz Cavabdeh1 tərəfindən ödənilərdi. Eləcə də Cavabdeh1 bu müddət ərzində M.Əsgərov və ailə üzvlərinin 14 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə iddia qaldıra bilərdi.
53. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır.
54. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etsə də mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən qətnamənin ləğv edilməsinə zərurət qalmır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4399/2022 saylı iş üzrə 01 avqust 2022-ci il tarixli qətnaməsi İddiaçı ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.