Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-726/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-726/2023 (Açar sözlər: torpaq sahəsindən çıxarma) Bakı şəhəri 22 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayonu Qala Bələdiyyəsi) qarşı “torpaq sahəsindən çıxarılma və ona təhvil verilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(003)- 1966/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsi Qala Bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli 139 saylı sərəncamı ilə İddiaçı ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsini vətəndaş X1 almış. Həmin 12 sot torpaq sahəsinin vətəndaş X4 Qala Bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli 246 saylı sərəncamı əsasında verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və ona təhvil verilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsi Qala Bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli 139 saylı sərəncamı ilə ona ayrılmış və həmin sərəncama əsasən eyni tarixdə Qala Bələdiyyəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən tərəfindən 2.640.000 ödənildikdən sonra Bakı şəhəri Əzizbəyov rayonu Yeni massiv küçəsində yerləşən 600 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin yerləşdiyi yerə dair kadastr planı (plan və ölçüsü də) bələdiyyə tərəfindən rəsmi qaydada təsdiq olunaraq alqı-satqı müqaviləsinə əlavə edilmişdir. Torpaq sahəsini alandan sonra dörd tərəfinə bir metr hündürlüyündə daş hasar çəkdirmişdir. Təxminən 15-20 gün bundan əvvəl torpaq sahəsinə gedən zaman orada kənar şəxslər tərəfindən torpaq sahəsinin zəbt olunduğunu və tikinti apardığını görmüşdür. Torpaq sahəsinin kim tərəfindən zəbt olunması ilə maraqlandıqda həmin şəxsin iş üzrə Cavabdeh olduğunu müəyyən etmişdir. Bununla əlaqədar polis orqanlarına müraciət etmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh həmin torpaq sahəsini vətəndaş X1 12 sot olmaqla 4800 manata aldığını bildirmişdir. Həmin 12 sot torpaq sahəsinin vətəndaş X4 Qala Bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli 246 saylı sərəncamı əsasında verildiyi bildirilsə də, həmin torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilməmişdir və buna görə də bu sərəncamın ona ayrılmış 6 sot torpaq sahəsinə heç bir aidiyyəti ola bilməz. Belə ki, onun torpaq sahəsinin yerləşdiyi yer, kordinatları, plan-ölçüsü barədə xəritə də bələdiyyə tərəfindən təsdiq edilərək onunla bağlanmış torpağın alqı-satqı müqaviləsinə əlavə edilmişdir. Cavabdeh torpaq sahəsini X1 aldığını bildirdiyi üçün və X3 adına torpağa dair müvafıq sərəncam olduğu üçün Xəzər RPİ-ni 1-ci PŞ tərəfindən material üzrə cinayət işi başlanması rədd edilmiş və torpaq mübahisəsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də, hesab edir ki, onun mülkiyyətində olan Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsinə dair qanuni hüquqların məhkəmə qaydasında bərpa olunmalı, cavabdeh qanunsuz zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi ona təhvil verilməlidir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1966/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia təmin edilməmişdir.
5. Məhkəmənin mövqeyinə əsasən iddiaçının mübahisə predmetinə daxil olan torpaq sahəsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə nəzərə almamışdır ki, o, məhkəməyə Qala Bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli 139 saylı sərəncamını, Bələdiyyə ilə onun arasında bağlanmış torpaq sahəsinə dair alqı-satqı müqaviləsini, bələdiyyə tərəfindən rəsmi qaydada təsdiq olunaraq alqı satqı müqaviləsinə əlavə edilmiş həmin torpaq sahəsinin yerləşdiyi yer barədə katastr planını (plan və ölçüsü də) və torpaq sahəsini almaq almaq üçün Dövlətə ödədiyi 2.640.000 manat pula dair qəbzi də məhkəməyə təqdim etmişdir. Hesab edir ki, hansısa vəzifəli şəxs tərəfindən saxtakarlıq və ya səhlənkarlıq edilərək ona torpaq sahəsi ayrılmasına dair səndlərin Bələdiyyənin kitabına salınmaması birmənalı olaraq onun haqlı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməzdi. O, torpaq sahəsini almağına, rəsmi qaydada pulunu ödəməyinə və həmin torpaq sahəsinin sahəsinin yerləşdiyi yer barədə kadastr planını (plan və ölçüsü də) də məhkəməyə təqdim etməklə iddia taləbinin asaslığını tam şəkilda sübut etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
14. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
“Bələdiyyələrin statusu” haqqında Qanun
16. Maddə 19, 4-cü hissə. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
17. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
18. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
19. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə
20. Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
21. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.
22. Bənd 14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır (14 fevral 2014-cü il tarixli 906-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada).
23. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
24. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.
25. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
26. Bənd 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.
27. Bənd 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
28. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
38. Belə ki, iş materiallarında olan Əzizbəyov rayonu Qala Bələdiyyəsinin sədrinin xx.xx.2005-ci il tarixli 139 nömrəli sərəncamının və xx.xx.2005-ci il tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.
39. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ona məxsus torpaq sahəsinin zəbt olunmasına dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd ediməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, müraciət əsasında aparılmış araşdırma ilə əlaqədar olaraq X6 xx.xx.2005-ci il tarixli, 246 N-li Sərəncamı ilə vətəndaş X4 və X6 xx.xx.2005-ci il tarixli, 139 N-li Sərəncamı ilə vətəndaş İddiaçı həqiqətən torpaq sahələrinin ayrılıb-ayrılmamasının, təqdim edilən sənədlərin Qala Bələdiyyəsinin reyestr kitabında qeydiyyatda olub-olmamasının, həmin torpaq sahələrinin harada yerləşməsinin müəyyən edilməsi məqsədilə Qala qəsəbə Bələdiyyəsinə sorğu göndərilmiş və alınmış xx.xx.2022-ci il tarixli, 1-1/37 saylı cavab məktubunda Qala Bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına keçirilmiş baxış zamanı vətəndaş X4 X6 xx.xx.2005-ci il tarixli, 246 saylı Sərəncamı ilə ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunsa da, lakin vətəndaş İddiaçı hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair heç bir qeydin olmadığı göstərilmişdir.
40. Birinci instansiya məhkəməsinin sorğusuna Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilmiş və İddiaçı hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunmamışdır.
41. Apellyasiya icraatı zamanı da məhkəməsinin sorğusuna Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilmiş və İddiaçı hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunmamışdır. Bundan başqa İddiaçı Qala bələdiyyəsi üzrə torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyata alınmamış və qeydiyyata alınması barədə bələdiyyəyə müraciət etməmişdir.
42. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivinin ərazisində yerləşən 6 sot torpaq sahəsinin ona ayrılmasını bildirsə də, nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində həmin torpaq sahəsinin ona ayrılması barədə təsdiqedici sənədləri və sənədlərin əsllərini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən müəyyən edilir ki, iddiaçıya Qala Bələdiyyəsi tərəfindən hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsi ayrılmamışdır.
43. İddiaçı tələbinin faktik əsası kimi, ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini bildirir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
46. həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, , Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.
47. Burada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı ümumi yığıncağın qərarıdır.
48. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir.
49. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
50. Bələdiyyə sədrinin sərəncamı isə, “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır.
51. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
52. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması.
53. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır.
54. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi bələdiyyə sədrinin torpaqğın kiminsə mülkiyyətinə verilməsi barədə sərəncam qəbul etmək səlahiyyəti yoxdur.
55. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
56. Bundan başqa, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.
57. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması ümumiyyətlə əsassızdır. Bundan başqa iddiaçının qeyd edilkən torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən iddiaçının göstərilən torpaq sahəsilə ilə bağlı hər hansı subyektiv hüququ yoxdur.
58. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1966/2022 saylı iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova