Məhkəmə qərarları › İş №2(103)-727/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-727/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-727/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin (bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 45613,92 ABŞ dolları əsas, müqavilənin müddəti üzrə 15.12.2016-cı il tarixinə 12 749,09 ABŞ dolları faiz, müqavilənin müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 5823,60 ABŞ dolları faiz borcu, 30 802,06 ABŞ dolları cərimə borcu olmaqla cəmi 94 988,67 ABŞ dolları borcun, 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 86 298,77 ABŞ dolları əsas, müqavilənin müddəti üzrə 26.01.2017-ci il tarixinə 28 222,11 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 10 548 ABŞ dolları faiz, 55 657,96 ABŞ dolları cərimə borcu olmaqla cəmi 180 726,84 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr., 125 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında 15.12.2014-cü il tarixdə İPK-02 №-li kredit müqaviləsi bağlanmış, müqavilənin 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən adı çəkilən şəxsə illik 26 % olmaqla 24 aylıq müddətə 54 000 ABŞ dolları məbləğində kredit verilmiş, bankla Cavabdeh1 arasında 26.01.2015-ci il tarixdə bağlanmış İPK-03 №-li kredit müqaviləsinə görə isə ona illik 26 % olmaqla 24 aylıq müddətə 89 000 ABŞ dolları məbləğində kredit verilmişdir. 15.12.2014-cü il tarixli İPK-02 №-li kredit müqaviləsi üzrə ödənişin təminatı kimi Cavabdeh2 ilə 15.12.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmçinin 26.01.2015-ci il tarixli İPK-03 №-li kredit müqaviləsi üzrə ödənişin təminatı kimi eyni tarixli sonrakı ipoteka müqaviləsinə əsasən həmin mənzil sonrakı ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə borcalan tərəfindən əməl edilməmiş, borcalan kreditin və kredit faizlərinin qaytarlmasına dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmiş və onun bank qarşısında öhdəliyi yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 45 613 (qırx beş min altı yüz on üç) ABŞ dolları 92 (doxsan iki) sent əsas, 12 749 (on iki min yeddi yüz qırx doqquz) ABŞ dolları 09 (doqquz) sent faiz, 300 (üç yüz) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 58 663 (əlli səkkiz min altı yüz altmış üç) ABŞ doları 01 (bir) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla); 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 86 298 (səksən altı min iki yüz doxsan səkkiz) ABŞ dolları 77 (yetmiş yeddi) sent əsas, 28 222 (iyirmi səkkiz min iki yüz iyirmi iki) ABŞ dolları 11 (on bir) sent faiz, 300 (üç yüz) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 114 820 (bir yüz on dörd min səkkiz yüz iyirmi) ABŞ doları 88 (səksən səkkiz) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), bildirişin qeydə alınması üçün 10 (on) manat dövlət rüsumunun, 20 (iyirmi) manat xidmət haqqının tutularaq ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 500 000 (beş yüz min) manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 37%-inin, yəni 11 (on bir) manat 10 (on) qəpiyin iddiaçıya aid edilməsi, qalan 63%-inin, yəni 18 (on səkkiz) manat 90 (doxsan) qəpiyin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, 40 (qırx) manat ekspertiza xərcinin 14 (on dörd) manat 80 (səksən) qəpiyinin iddiaçıdan, 25 (iyirmi beş) manat 20 (iyirmi) qəpiyinin isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı bank apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin edilməyən hissəsində - ləğv və iddianın tam təmin olunmasına dair; cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə şikayət verərək qətnamənin ləğv və kredit borcunun qanunvericiliyin tələblərinə uyğun yenidən hesablanmaqla müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bankın apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehin cərimə borcunun məbləğlərini tənasübsüz şəkildə azaltmış, müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün əsas borca 5%-lə hesablanmış faiz borcunun ödənilməsi tələbini təmin etməməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Elçin və Cavabdeh3lər apellyasiya şikayətlərini belə əsaslandırmışlar ki, məhkəmə işi birtərəfli araşdırmış, ölkədə baş vermiş devolvasiyadan sonra banka ünvanladıqları müraciəti nəzərə almamış, təyin etdiyi ekspertizaların düzgün olmayan rəyinə istinad etmiş, təkrar məhkəmə-mühasibatşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətlərini əsassız olaraq təmin etməyərək qanunsuz qərar çıxarmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı bankın ləğvedicisinin nümayəndələri bankın apellyasiya şikayətini müdafiə edərək və cavabdehlərin şikayətinin əsassız olduğunu bildirərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh3 özünün şikayətini müdafiə edərək bankın şikayətinin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş tərəflərin mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı bank qətnaməni yalnız cərimə borcunun məbləğlərinin azaldılması və müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün əsas borca 5%-lə hesablanmış faiz borcunun ödənilməsi tələbinin təmin edilməməsi hissələrində, Elxan və Cavabdeh1lər isə kredit borcunun məbləği hissəsində mübahisələndirmişlər və şikayətlərin məzmunu qətnamənin bütünlükdə yoxlanılmasına əsas vermir. Başqa sözlə qətnamənin, “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 500 000 (beş yüz min) manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 37%-inin, yəni 11 (on bir) manat 10 (on) qəpiyin iddiaçıya aid edilməsi, qalan 63%-inin, yəni 18 (on səkkiz) manat 90 (doxsan) qəpiyin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, 40 (qırx) manat ekspertiza xərcinin 14 (on dörd) manat 80 (səksən) qəpiyinin iddiaçıdan, 25 (iyirmi beş) manat 20 (iyirmi) qəpiyinin isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” ilə bağlı hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, hər iki şikayət qismən təmin olunmalı, qətnamə Cavabdeh1 tutulmalı olan əsas və cərimə borclarının məbləğlərinə, həmçinin buna bağlı olaraq ümumi borc məbləğlərinə aid hissələrdə dəyişdirilməli, mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına əsasən, bankla Cavabdeh1 arasında 15.12.2014-cü il tarixdə İPK 02 nömrəli kredit müqaviləsi bağlanaraq ona 24 ay müddətinə, illik 26 faiz olmaqla 54 000 ABŞ dolları məbləğində, 26.01.2015-ci il tarixdə İPK 03 nömrəli kredit müqaviləsi bağlanaraq 24 ay müddətinə, illik 26 faiz olmaqla 89 000 ABŞ dolları məbləğində kredit verilmiş, 15.12.2014-cü il tarixli müqavilə üzrə onun 45613,92 ABŞ dolları əsas, müqavilənin qüvvədə olma tarixinə 12 749,09 ABŞ dolları faiz, 30 802,06 ABŞ dolları cərimə, illik 5 faizlə 5823,60 ABŞ dolları faiz olmaqla ümumilikdə 94 988,67 ABŞ dolları; 26.01.2015-ci il tarixli müqavilə üzrə 86 298,77 ABŞ dolları əsas, müqavilənin qüvvədə olma tarixinə 28 222,11 ABŞ dolları faiz, 55 657,96 ABŞ dolları cərimə, illik 5 faizlə 10 548 ABŞ dolları faiz olmaqla ümumilikdə 180 726,84 ABŞ dolları borcunun olduğu hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi Cavabdeh1 tutulmalı olan əsas kredit borclarının məbləğlərini düzgün müəyyənləşdirməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən iki dəfə mühasibatşünaslıq ekspertizası təyin olunmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 14.06.2019-cu il və 31.03.2020-ci il tarixli rəylərdə “ödəniş qəbzlərində olan məbləğlərin hesabdan çıxarış məlumatlarında əks olunmadığı”, “təqdim edilmiş sənədlərdə cari hesabdan çıxarış olmadığı” əsas göstərilməklə Cavabdeh1 banka olan əsas, faiz və cərimə borcunu müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmuş, bu təyinat əsasında verilmiş ekspert rəyində 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 15.12.2016-cı il tarixinə Cavabdeh1 44 736,06 ABŞ dolları əsas, 12 900,09 ABŞ dolları faiz; 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 27.01.2017-ci il tarixinə 85 433,53 ABŞ dolları əsas, 28 911,21 ABŞ dolları faiz borcunun yarandığı müəyyənləşdirilmiş, Cavabdeh1 15.12.2016-cı il tarixindən 08.07.2019-cu il tarixinə qədər 5% hesabı ilə 5823,60 ABŞ dolları, 27.01.2017-ci il tarixindən 08.07.2019-cu il tarixinə qədər 5% hesabı ilə 10 548 ABŞ dolları borc hesablanmalı olduğu vurğulanmışdır. Kollegiya ekspertiza rəylərini təhlil edərək, eyni zamanda iddia tələbinin həcmini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh1 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 44 736,06 ABŞ dolları, 26.01.2015-ci il tarixli müqavilə üzrə 85 433,53 ABŞ dolları əsas borc məbləğləri tutulmalıdır. Ölkədə devolvasiya prosesi baş verdikdən sonra banka müraciət edərək müqavilənin ləğvini istəmiş olmalarına dair cavabdehlərin apellyasiya şikayətlərində irəli sürdükləri halla bağlı kollegiya qeyd edir ki, bu xüsus faiz borclarının həmin tarixədək hesablanmalı olmasına əsas vermir. Belə ki, Mülki Məcəllənin 428.1-ci maddəsində borclunun öhdəliyi vaxtından əvvəl icra edə biləcəyi təsbit olunsa da, işin hallarından aydın olur ki, Cavabdeh1 kredit borcunu vaxtından əvvəl icra etmək üçün real addım atmamış, banka ünvanladığı müraciətdə məhkəmədə iddia qaldırılmasını və borcunun dəqiqləşdirilməsini xahiş etmişdir. Həmçinin qeyd olunmalıdır ki, öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir (Mülki Məcəllənin 428.2-ci maddəsi). Qətnamənin bank tərəfindən mübahisələndirilən, Cavabdeh1 kredit müqavilələri üzrə 300 ABŞ dolları cərimənin tutulması ilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, bank, borcalanın 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 44 736,06 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 30 802,06 ABŞ dolları, 26.01.2015-ci il tarixli müqavilə üzrə 85 433,53 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 55 657,96 ABŞ dolları cərimə hesablayıb tələb etmiş, məhkəmə isə tutulmalı olan cərimə məbləğlərini 300 ABŞ dolları həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə 300 ABŞ dollarının əsas borc məbləğlərinə mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2000 ABŞ dolları, 26.01.2015-ci il tarixli müqavilə üzrə 4000 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin bankın “15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 5823,60 ABŞ dolları faiz borcunun, 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 10 548 ABŞ dolları faiz borcunun tutulması” tələbi üzrə gəldiyi nəticə ilə razılaşır; belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. İşin hallarından görünür ki, İddiaçı ASC-nin fəaliyyəti 27.01.2016-cı il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilələrinin müddəti isə 15.12.2016-cı il və 27.01.2017-ci il tarixlərdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 27.01.2016-cı il tarixindən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır. Bu qənaətə gələrkən kollegiya, Cavabdeh1 ölkədə devolvasiya prosesləri baş verdikdən sonra - 02.03.2015-ci il tarixdə və 22.12.2015-ci il tarixdə - banka müraciət edərək müqavilənin ləğvini, habelə ona qarşı məhkəmədə iddia qaldırılmasını istəmiş olmasını da nəzərə alır və hesab edir ki, göstərilən tarixlərdən sonrakı dövr üçün ondan bankın xeyrinə əlavə faizlərin tutulması ədalətli olmamaqla, bu cür yanaşma hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorlara aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14/2020 saylı iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi “Cavabdeh1 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 45 613 (qırx beş min altı yüz on üç) ABŞ dolları 92 (doxsan iki) sent əsas, 300 (üç yüz) ABŞ dolları cərimə borcunun, ümumilikdə isə 58 663 (əlli səkkiz min altı yüz altmış üç) ABŞ doları 01 (bir) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla); 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 86 298 (səksən altı min iki yüz doxsan səkkiz) ABŞ dolları 77 (yetmiş yeddi) sent əsas, 300 (üç yüz) ABŞ dolları cərimə borcunun, ümumilikdə isə 114 820 (bir yüz on dörd min səkkiz yüz iyirmi) ABŞ doları 88 (səksən səkkiz) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissələrində dəyişdirilsin. Cavabdeh1 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 44 736,06 (qırx dörd min yeddi yüz otuz altı dollar 6 sent) ABŞ dolları əsas, 12 749,09 ABŞ dolları faiz, 2000 (iki min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 59 485,15 (əlli doqquz min dörd yüz səksən beş manat 15 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə); 26.01.2015-ci il tarixli müqavilə üzrə isə 85 433,53 ABŞ dolları əsas, 28 222,11 ABŞ dolları faiz, 4000 (dörd min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 117 655,64 (yüz on yeddi min altı yüz əlli beş dollar 64 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 70 (yetmiş) manatı Cavabdeh1, 30 (otuz) manatı isə İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22), qiymətləndirmə ekspertizasının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh1 alınaraq “xxxx” MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ30GUNA********************,Bank:“xxxx”ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar