Məhkəmə qərarları › İş №2(103)-727/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-727/2023

20.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-727/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və vəkili (nümayəndəsi) X4 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh, qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində ona fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin onun hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X6 28 saylı, 25 dekabr 1998-ci il tarixli əmr ilə ona Binə qəsəbəsində fərdi ev tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. Müraciəti əsasında Xəzər rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilən cizgi-plan və xəritədən çıxarış da verilmişdir.Torpaq sahəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. Torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin çıxarış və torpasq sahəsinin plan və ölçüsü alınmışdır. 2019-cu il tarixdə o, müəyyən işlərin görülməsi ilə əlaqədar bacısı qızı Səripova Elduzəyə etibarnmə vermişdir. 2019-cu ilin sentyabr ayında məlum olmuşdur ki, Gülavatın adlı qadın həmin torpaq sahəsində onun razılığı olmadan ona məxsus torpaq sahəsində qanunsuz tikililər inşa etmişdir. Cavabdeh cizgi-planı üzrə koordinatları və sərhədləri naturada təyin edilmiş 12 sot torpaq sahəsinə giriş-çıxış yollarını bağlamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin torpaq sahəsindən çıxmır və qanunsuz tikilini sökmür. Qeyd edilən hal ilə bağlı Xəzər RPİ-nin 3-cü PB-nə müraciət olunmuş, araşdırılma aparılmış, 21 dekabr 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi iddiaçıya məxsusdur və həmin torpaq sahəsi iddiaçıya Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli 28 N-li əmr əsasında ayrılmışdır. Hazırda isə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona müvafiq çıxarış da verilmişdir. İş üzrə cavabdeh hər hansı bir hüququ olmadan həmin torpaq sahəsini zəbt etmiş və orada tikililər tikməklə yaşayır. Bu halın isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqununun pozulması deməkdir. Odur ki, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ona məxsusdur və həmin torpaq sahəsini etibarnamə əsasında almışdır. Belə ki, o, bir müddət həbsdə olmuş və bu zaman ona məxsus torpaq sahəsindən istifadə etmişlər və sənədləşdirmişlər. Həmçinin bildirmişdir ki, torpaq sahəsində yaşaması üçün balaca tikili inşa etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli əmlakın onun evinə nə vaxt və nə məqsədlə yığılmasını araşdırmamışdır. Həmin əmlak onun evinə Xaçmaz rayon Məhkəməsi tərəfindən onun “Miras” hüququ tanındıqdan sonra, onun razılığı olmadan gətirilmişdir. Qeyd edir, ki, o evdə olmadığı vaxtda cavabdehlər ondan icazəsiz olaraq həmin əmlakları onun evinin padvalına yığmışlar. Yalnız 2 ədəd şifoner padvala yerləşmədiyi üçün boş vəziyyətdə evə qoyulmuşdur.Məhkəmə işə baxarkən iddiaçının həmin torpaq sahəsinin hardan və na vaxt əldə etdiyini, üzərindəki tikilinin nə vaxt tikildiyini nəzəra almamışdır. Bildir ki, cavadehə məxsus torpaq sahəsi Xəzər rayonu Qala qəsəbəsi X6 2000-ci il tarixli qərarı ilə cavabdehə məxsusdur və Xəzər rayon İcra Hakimiyyərinin razılığı əsasında həmin tikili tikilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, Abşeron rayon X6 28 saylı, 25 dekabr 1998-ci il tarixli əmr ilə ona Binə qəsəbəsində fərdi ev tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin torpaq sahəsi isə 0.11 ha təşkil edir.Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İşdən göründüyü kimi, birinci instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, işə tez-tələsik baxılaraq qərar verilmişdir. Məhkəmə torpaq sahəsinə yerində baxış keçirsə və əlavə araşdırma aparsaydı torpaq sahəsinin cizgi-planı, yerqurluşu-koordinatları və sərhədləri naturada müəyyən edilsə idi görəcəkdi ki, onun torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-ci il tarixli 10/3899 saylı rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər. Həmçinin, vəsatət təqdim edərək əlavə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin və vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam hissədə yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarında olan Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx.xx.1998ci il tarixli 28 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 0,12 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı 567081 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.11 hektar torpaq sahəsi İddiaçı mülkiyyətidir və bu barədə **********91reyestrnömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakln dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən, **********91 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.11 hektar torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan Abşeron rayon Hövsan Sovxozu üzrə xx.xx.1993-cü il tarixli 51 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X2 0,08 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X5 tərəfindən ona məxsus Abşeron rayonu Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətlərin onun adına aparılması Cavabdeh xx.xx.2022-ci il tarixədək etibar edilmişdir. İş üzrə verilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2579 saylı ekspert rəyindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsi ilə müəyyən edilmişdir ki, Abşeron rayon X6 xx.xx.1998-ci il tarixli 28 saylı əmrdən çıxarışa əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 0,12 ha torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşməklə naturaya uyğundur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi Abşeron rayon X6 xx.xx.1998ci il tarixli 28 saylı əmrdən çıxarışa əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə-tikinti-texniki ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-ci il tarixli 10/3899 saylı rəyinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elmin Hüseynovun tərtib etdiyi 17 mart 2023-cü il tarixli, 3-21-3-30/2-9082/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir:Qərardadın birinci sualı üzrə: İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, **********91 reyestrli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 0.11 ha torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir (faktiki olaraq 0.11 ha təşkil edir). Qeyd olunan 0.11 ha torpaq sahəsinin koordinatları əlavə olunur. XY 1.426145.9949 4473807.3084

2. 426089.0977 4473774.8783

3. 426081.7564 4473788.8783

4. 426137.7058 4473823.4887

Qərardadın ikinci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsində olan 690.0 kv.m sahə bütövlüklə İddiaçı mülkiyyətində olan **********91 reyestr nömrəli sahənin daxilində yerləşir (üst-üstə düşür). Qərardadın üçüncü sualı üzrə: Cavabdeh faktiki istifadəsində olan 690.0 kv.m torpaq sahəsində1 (bir) mərtəbəli yaşayış evi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Kollegiyası ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, ekspert rəylərinə əsasən də müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən və iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi İddiaçı mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən də cavabdehin vəkilinin (nümayəndəsinin) iş üzrə əlavə-tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatətinin təmin edilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən və cavabdehin istifadəsində olan torpaq sahəsi (bu hal iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunmuşdur) iddiaçıya məxsus olduğundan, iş üzrə cavabdehin həmin torpaq sahəsindən istifadə etməklə orada tikili tikməsinin hər hansı bir qanuni əsası mövcüd deyil və işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan həmin torpaq sahəsi mülkiyyətçisinə (iddiaçıya) geri qaytarılmalı və mülkiyyətçinin razılığı olmadan həmin torpaq sahəsində cavabdehin tərəfindən tikililərin də inşa edilməsi qanunsuz hesab edilməklə onun hesabına sökülməlidir. Apellyasiya şikayətinin mübahisəli əmlakın cavabdehin evinə nə vaxt və nə məqsədlə yığılmasının araşdırılmaması dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, bu dəlilin hazırda mübahisələndirilən qətnamənin əsassızlığına təsirini cavabdeh hər hansı sübutla əsaslandırmamışdır. Apellyasiya şikayətinin cavabdehin torpaq sahəsi 0.11 ha təşkil etməsi və onun torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə heç bir əlaqəsi olmaması dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin bu dəlili işin faktiki halları və yuxarıda qeyd edilən ekspert rəyləri ilə təkzib olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Eyni zamanda MPM-in 119-cu maddəsinə əsasən, iş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 50 ( əlli) manat, iddiaçıdan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 50 ( əlli ) manat, iddiaçıdan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesaba köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar