Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-727/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(005)-3411/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1104442 №-li əmək kitabçasından görünür ki, İddiaçı Təhsil Nazirliyinin xx.xx.2019cu il tarixli, K1533 saylı əmrinə əsasən Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilmiş və ixtisası üzrə məktəbdə müəllim kimi saxlanılmışdır. Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin əməkdaşları tərəfindən tərtib olunan və imzalanan 08 oktyabr 2019-cu il tarixli aktdan müəyyən olunur ki, İddiaçı həmin məktəbin direktoru vəzifəsindən azad edildiyi üçün müvafiq məktəb sənədləri ondan təhvil alınmışdır. Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin 09 oktyabr 2019-cu il tarixli 10 nömrəli iclas protokolundan müəyyən olunur ki, Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, K1533 saylı əmrinin surətindən müəyyən olunur ki, Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli, K-1533 nömrəli əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə, Kəlbəcər rayonu 108 saylı orta məktəbə direktor vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ali təhsilli riyaziyyat müəllimidir. xx.xx.2017-ci ildə direktorların işə qəbulu imtahanından uğurla keçərək Kəlbəcər rayonu 108 saylı orta məktəbə direktor təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir intizam tənbəhi almamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli K-1533 nömrəli əmrinə əsasən Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilərək ixtisası üzrə məktəbdə müəllim kimi saxlanılmışdır. Elm və Təhsil Nazirliyinin Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilməsi barədə əmr iddiaçıya elan olunmamışdır. Əmək kitabçası isə bir-neçə ildən sonra çox çətinliklə taparaq ona təqdim edilmişdir. Həmin əmək kitabçasında isə Əmək Məcəlləsinin hansı maddəsilə işdən azad olunması barədə heç bir qeydiyyat aparılmamışdır. Belə ki, 2019-cu ilin oktyabr ayında öz xahişi ilə iddiaçının işdən azad olunması barədə iki dəfə ərizə alıblar. Sonra iddiaçıya Kəlbəcər rayon Təhsil Şöbəsindən tutduğu vəzifədən azad olunması barədə məlumat veriblər və həmin məktəbdə ixtisası üzrə müəllim təyin ediblər. Hazırda həmin vəzifədə müəllim kimi çalışır. Buna baxmayaraq bir-neçə dəfə direktorların işə qəbulu üzrə imtahan vermişdir. Keçirilən imtahan və müsahibədə uğur qazandıqdan sonra ona bildiriblər ki, “nazirlik tərəfindən işdən azad olunduğuna görə səni direktor vəzifəsinə təyin edə bilmərik.” İddiaçı hesab edir ki, işdən azad edilməsi barədə əmr normativ hüquqi-aktlara əsasən tamamilə qanunsuz və əsassızdır. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi EMİS vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, Kəlbəcər rayonu 108 nömrəli orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 2019-cu ilin oktyabr ayında onun fəaliyyəti yoxlanılmış və vəzifə funksiyalarını və öhdəliklərini lazımı qaydada yerinə yetirə bilmədiyindən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2019cu il tarixli, K1533 saylı əmrlə ləğv edilməsinə baxmayaraq, o 2024-cü ilin may ayında mediasiya təşkilatına müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, iddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. İddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq altı aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, o, direktor vəzifəsindən azad edilib müəllim təyin ediləndə artıq onun hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və o andan da iddia müddətinin axımı başlamışdır. Ona görə də, hesab edilir ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçının işə bərpa tələbinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3411/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin K-843 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ilə Kəlbəcər rayonu 108 №-li tam orta məktəbə direktor vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2019-cu il tarixli K-1533 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. İddiaçı hal-hazırda həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə qeyd etmişdir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə müraciət edərək qanunvericiliyklə müəyyən olunmuş iddia müddətini ötürmüş, eyni zamanda bu müddəti ötürməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbini əsaslandırdığı halllarda məktəb direktoru vəzifəsindən azad edilməsi barədə əmrin ona elan olunmamasına, əmək kitabçasını sonradan əldə etməsi kimi faktlara əsaslansa da, məhkəmə qeyd olunanları əsassız hesab edir. Belə ki, iddiaçı özü də iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında etiraf etmişdir ki, həmin vaxtdan Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. Qeyd olunan faktiki hallar, onu deməyə əsas verir ki, iddiaçı öz hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini həmin zaman bildiyinə görə o andan da iddia müddətinin axımı başlamışdır və 1 ay müddətində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 45, 47, 56.2, 287, 288, 292, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3411/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlarla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3411/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən sözügedən qətnamə ləğv edilməlidir və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı ali təhsilli riyaziyyat müəllimidir. xx.xx.2017-ci ildə direktorların işə qəbulu imtahanından uğurla keçərək Kəlbəcər rayonu 108 saylı orta məktəbə direktor təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir intizam tənbəhi almamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli K-1533 nömrəli əmrinə əsasən Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilərək ixtisası üzrə məktəbdə müəllim kimi saxlanılmışdır. Elm və Təhsil Nazirliyinin Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilməsi barədə əmr iddiaçıya elan olunmamışdır. Əmək kitabçası isə bir-neçə ildən sonra çox çətinliklə taparaq ona təqdim edilmişdir. Həmin əmək kitabçasında isə Əmək Məcəlləsinin hansı maddəsilə işdən azad olunması barədə heç bir qeydiyyat aparılmamışdır. Belə ki, 2019-cu ilin oktyabr ayında öz xahişi ilə iddiaçının işdən azad olunması barədə iki dəfə ərizə alınmışdır. Sonra iddiaçıya Kəlbəcər rayon Təhsil Şöbəsindən tutduğu vəzifədən azad olunması barədə məlumat verilmiş və həmin məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir. Hazırda həmin vəzifədə müəllim kimi çalışır. Buna baxmayaraq bir-neçə dəfə direktorların işə qəbulu üzrə imtahan vermişdir. Keçirilən imtahan və müsahibədə uğur qazandıqdan sonra ona bildiriblər ki, “nazirlik tərəfindən işdən azad olunduğuna görə səni direktor vəzifəsinə təyin edə bilmərik.” İddiaçı hesab edir ki, işdən azad edilməsi barədə əmr normativ hüquqi-aktlara əsasən tamamilə qanunsuz və əsassızdır. Lakin məhkəmə qətnaməsində əsaslandırmışdır ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilmişdir. Qeyd etmək istəyir ki, iddiaçının əmək kitabçasında əmrdə onun maddə ilə xaric olması barədə qeyd aparılmamış, cavabdehin nümayəndəsi əmrin iddiaçıya nə zaman təqdim edilməsi barədə məhkəməyə sübut təqdim edə bilməmiş, üstəlik əmək kitabçası iddiaçıya verilən kimi iddiaçı mediasiyaya müraciət ünvanlamışdır. Burda iddia müddətini ötməsindən söhbət gedə bilməz. Ona görə də hesab edir ki, qətnamə qanunsuz və əsassızdır, ləğv edilməlidir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin qanunvericiliyin qeyd edilən bu müddəalarının tələbini kobud surətdə tapdalamaqla qətnamə qəbul etməsi aşağıda qeyd edilənlərdə özünü biruzə verimişdir. Mübahisə isə məhkəmə tərəfindən natamam araşdırılmış və qanunsuz qətnamə çıxarılmışdır. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-3411/2024 iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, K1533 saylı əmrinə əsasən, İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilmiş, əmrin verilməsinə əsaslardan biri orta məktəbdə aparılmış yoxlamanın nəticələri olmuşdur. İddiaçı tərəfindən iddia müddətinin ötürülməməsini bildirsə də, araşdırma zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı direktor vəzifəsindən azad edildikdən sonra elə həmin məktəbdə müəllim vəzifəsində işləməkdə davam etmiş, direktor vəzifəsində işlədiyindən əmək qanunvericiliyinə əsasən əmək müqavilələrinə xitam verilməsi qaydasını bilmiş, fəsliyyəti ilə bağlı işəgötürən tərəfindən aparılan yoxlamada iştirak etmiş, direktor kimi son haqq hesabını alarkən ona həmin vəzifədən azad edilməsi hələ 2019-cu ildə məlum olmuşdur. Daha sonra iddiaçının özünün izahatından müəyyən olunur ki, o, direktor vəzifəsinə təkrar təyin edilməsi üçün imtahanlardan keçdikdən sonra həmin vəzifəyə təyin edilməsinin mümkün olmamasının səbəbini bildikdən sonra cavabdehin xx.xx.2019-cu il tarixli, K-1533 nömrəli əmrini mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə tətqib olunmaqdan, məsuliyyət daşımaqdan azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Kollegiya qeyd edir ki, orta məktəbin direktoru vəzifəsində işləmiş, dəfələrlə əmək müqavilələrin bağlanması, xitam verilməsi təcrübəsinə malik olan iddiaçının özü ilə bağlanmış əmək müqaviləsinə hansı əsasla xitam verilməsini vaxtında bilməməsi inandırıcı deyildir. Belə ki, mülki işdən müəyyən olunur ki, iddiaçı direktor kimi son haq-hesabını alıb həmin məktəbdə müəllimə işləməyə başlayarakən, yəni hələ 2019-cu ildə vəzifəsindən azad edilməsini bilmiş, 2024-cü ildə cavabdehin xx.xx.2019-cu il tarixli, K-1533 nömrəli əmrini mübahisələndirməyə başlayarkən qanunla müəyyən olunmuş 1 aylıq iddia müddəti ötmüş, cavabdeh iddia müddətinin təbiqi barədə yazılı ərizə vermişdir. İddiaçı isə müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Bu hal iddianın rədd edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3411/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.