Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7271/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1993/2020 saylı qətnaməsindən iddiaçı “X1” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X1” MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş 2ci mərtəbəsində yerləşən 4 otaqlı 131 saylı mənzilin qanunsuz sahibliyində olan 19,38 kv.metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 11628 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1993/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı “X1” MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, cavabdehdən mənzilin qanunsuz sahibliyində olan 19,38 kv.metr sahəsinin əvəzi olan 11628 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,Cavabdeh ilə iddiaçının rəhbərlik etdiyi kooperativ arasında xx.xx.2007-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 131 saylı faktiki sahəsi 139,75 kv metr olan mənzil satış üzrə menecer tərəfindən səhvən 19,38 kv.metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilərkən 120,37 kv.metr göstərilməklə həmin sahənin, yəni 120,37 kv.metrinin dəyərinin ödənilməsi müqavilədə və maliyyə sənədlərində göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 19,38 kv.metr artıq sahəsi bu günədək payçı tərəfindən boşaldılmır, nədəki qanunsuz istifadə etdiyi 19,38 kv.metr sahənin əvəzini ödəmir. Payçıdan qanunsuz istifadəsində olan sahənin boşaldılması və ya əvəzinin ödənilməsi tələb edildikdə, o, sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki həmin sahənin əvəzi olan 11628 ABŞ dollarını ödəməkdən bu günədək imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “X1” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2007-ci ildə pulunu verib evini almışdır. Evə çıxarış veriləndən sonra deyirlər ki, mənzilin sahəsi genişlənib. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, cavabdehin qeyd edilən yaşayış binasında 19,38 kv.metr artıq yaşayış sahəsinə sahib olması və əsassız varlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının “həmin sahənin əvəzi olan 11628 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə iddiası” təmin oluna bilməz. Digər tərəfdən, iddiaçının mübahisə edilən 19,38 kv.metr artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ona 2019cu ilin noyabr ayında məlum olması barədə dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, əsassız və inandırıcı deyil. İlk növbədə yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərəfindən müəyyən edildiyindən, “X1” MTK tərəfindən aparılan tikinti işlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2007-ci ildən iddiaçı hüquqlarının pozulduğunu bilməli idi. Göründüyü kimi, iddiaçı hüqununun pozulmasını 2007-ci ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı “X1” MTK mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş tələb etmə hüququ müddəti keçdiyinə görə qüvvədən düşmüşdür. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, müddətin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan “X1” MTK mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik kəsici müddət daxilində mövcud tələb hüququna malik olmuşdur.Məhkəmə iddiaçının “cavabdehin MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 131 saylı mənzilin qanunsuz sahibliyində olan 19,38 kv.metr hissəsindən çıxarılmasına” dair tələbinə hüquqi qiymət verərək, hesab edir ki, nə qədər ki, artıq sahənin mövcudluğu məhkəmə araşdırılması zamanı sübuta yetirilməyib, qeyd edilən tələb əsassız olduğundan təmin edilməməlidir.Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İddiaçı cavabdehin onun hesabına əsassız varlandığını zənn edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də bu halları sübuta yetirə bilməmişdir. İkincisi, iddiaçının xx.xx.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “X1” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilərkən, yəni hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verərkən bilməsi də əsaslı hesab edilə bilməz. Çünki, bu inandırıcı olmamaqla, həm də ağlabatan deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “X1” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1993/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7271/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7271/2020
26.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver