Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7274/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı ilə cavabdehin arasında mənzil kirayəsi ilə bağlı münasibətlər olub. Belə ki, iddiaçı özünə məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev № 39-da yerləşən 3 №-li mənzili cavabdehə kirayəyə verib. Kirayə münasibəti 2019-cu ilin iyun ayından xx.xx.2020-ci il tarixədək, yəni 8 ay yarım davam edib. Kirayə müqaviləsi şifahi formada bağlanıb. Hazırkı işdə tərəflərin arasında kirayə haqqının və maddi zərərin əvəzinin ödənilməsi barədə mübahisə var. Tələb və onun həlli: İddia ərizəsində cavabdehdən ümumilikdə 4.950 manat məbləğində pul tələb olunub. Həmin məbləğə göstərilən tələblər aiddir:1) kirayə haqqı borcu kimi 2.000 manat; 2) mənzilə aid olan təbii qaz və su sayğacının yararsız hala salınmasına görə maddi zərərin əvəzi kimi 600 manat; 3) mənzildəki paltar şkafının və mətbəx mebelinin özbaşına satılmasına görə maddi zərərin əvəzi kimi 800 manat; 4) mənzilin hamam otağında olan su qızıdırıcısının özbaşına satılmasına görə 150 manat; 5) mənəvi zərərin əvəzi kimi 1.400 manat. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, kirayə haqqı kimi 1.650 manat (hər ay üçün 300 manat olmaqla 5 ay yarım üçün kirayə haqqı), maddi zərərin əvəzi kimi 750 manat (paltar şkafı, mətbəx mebeli və divanın dəyəri olan 600 manat + su qızdırıcısının dəyəri olan 150 manat), ümumilikdə 2.400 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin olunmasın. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilmişdir. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və təmin edilmiş tələblər rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Lakin o, izahat verdikdən sonra məhkəmə iclasında qaydanı təkrarən pozduğuna görə Mülki-Prosessual Məcəllənin 177.2-ci maddəsinin göstərişinə uyğun olaraq iclas zalından çıxarıldı. Qətnamənin yoxlanılması: Qətnamənin iddianı təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apelyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissə ilə bağlı məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir Kirayə haqqı ilə bağlı: Kirayə haqqı kimi 1.650 manat tutulmasına aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 675-ci maddəsində qeyd olunub ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 1.650 manat kirayə haqqı borcu hər ay üçün 300 manat olmaqla 2019-cu ilin sentyabr ayından xx.xx.2020-ci il tarixədək olan 5 ay yarım üçün hesablanmış borcdur. Kirayə haqqı borcu birinci instansiya məhkəməsinin qətnaməsində düzgün əsaslandırılıb. Kirayə haqqının ödənildiyini sübut etmə vəzifəsi cavabdehin (kirayəçinin) üzərinə düşür, lakin o, kirayə haqqını ödədiyinə dair sübutları birinci instansiya məhkəməsinə təqdim etməyib, apelyasiya instansiyasına təqdim edilən sübutlar isə Mülki-Prosessual Məcəllənin 371-ci maddəsinə görə qəbul edilə bilməz. Cavabdeh iclasın vaxtı və yeri barədə xəbərdar edilmədiyini bildirsə də iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi onu iclasın vaxtı və yeri barədə xəbərdar edib. Kirayə müqaviləsinin şifahi formada bağlanması iddianın rədd edilməsinə əsas ola bilməz. Daşınmaz əşyaya dair kirayə müqaviləsinin yazılı formada bağlanması zəruridir: vergilərin ödənilməsi, daşınmaz əşyaya dair hüquqların qeydə alınması və digər məqsədlər üçün. Lakin mülki qanunvericilik yazılı formanı məcburi forma kimi müəyyən etməyib. Əgər qanunverici hər hansı müqavilə üçün yazılı formanı məcburi forma kimi müəyyən edirsə bu barədə göstəriş imperativ formada qanunda qeyd olunur. Məs., Mülki Məcəllənin 280.1, 463.1, 471, 491.2, 655.5, 727, 740.2, 748.1, 955.1 və digər maddələri. Bu maddələrin hamısında yazılı forma ilə bağlı imperativ göstəriş var. Məhkəmə zərurətə və maddələrin sistematik təfsirinə əsaslanaraq yazılı formanı daşınmaz əşyaya dair kirayə müqaviləsi üçün məcburi forma elan edə bilməz. Belə ki, birinci, bu, məhkəmənin səlahiyyətindən kənardır; ikinci, bu, hüquqi müəyyənlik prinsipinə ziddir, fiziki və hüquqi şəxslər öz davranışlarını qabaqcadan qanunların göstərişlərinə əsaslanaraq müəyyənləşdirirlər, məhkəmə qərarı isə mübahisə yarandıqdan sonra qəbul olunur və işdə iştirak edən şəxslər üçün məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci, hazırkı işdə kirayə münasibəti 11 aydan az davam edib. İkinci, müqavilədən əmələ gələn hüququn qeydə alınması üçün qeydiyyat orqanına yazılı müqavilə təqdim olunmalıdır, lakin bu o demək deyildir ki, 11 aydan artıq olan kirayə müqaviləsi üçün yazılı forma məcburi formadır, bu o deməkdir ki, 11 aydan artıq olan kirayə müqaviləsi ilə müəyyənləşdirilən istifadə hüququ qeydə alındığı andan əmələ gəlmiş sayılacaq. Belə ki, Mülki Məcəllənin 14.3-cü maddəsinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Odur ki, 11 aydan artıq olan müqavilə üzrə istifadə hüququnu dövlət reyestrində qeyd aldırmaq istəyən şəxs müqaviləni yazılı formada bağlamalıdır, əks təqdirdə istifadə hüququ əmələ gəlməyəcək. Lakin göstərilən qaydaya əməl edilməməsi kirayə müqaviləsinin etibarsızlığına səbəb olmur, kirayə müqaviləsi əqd kimi etibarlı sayılır. Əqd ilə müəyyənləşdirilmiş hüququn qeydə alınmaması əqdin etibarsızlığına səbəb olmur. Əqdin etibarsızlığına əsas kimi götürülən istənilən hal əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmalıdır, hüququn qeydə alınması əqd bağlandıqdan sonraya aid olan halıdır. Mübahisə istifadə hüququnun (kirayə müqaviləsindən əmələ gələn və qeydə alınmalı olan hüququn) müdafiəsi barədə olduğu halda reyestr qeydinin əhəmiyyəti var. Hazırkı işdə mübahisə istifadə hüququnun müdafiəsi barədə deyil, kirayə haqqının ödənilməsi barədədir. Kirayə haqqının ödənilməsi barədə mübahisə zamanı yazılı formalı müqavilənin olub-olmadığından və hüququn qeydə alınıb-alınmadığından asılı olmayaraq kirayəçi kirayə haqqını ödəməlidir. Belə ki, yazılı müqavilənin və reyestr qeydinin olmaması kirayəçiyə hüquq vermir ki, özgənin əmlakından əvəzsiz istifadə etsin. Kirayə haqqı ödəmək öhdəliyinin yaranması üçün şifahi formalı müqavilə kifayətdir, pul ödəmək öhdəliyinin (vəzifənin) reyestrdə qeydə alınması tələb olunmur. Maddi zərərin əvəzi ilə bağlı: Maddi zərərin əvəzi kimi 750 manat tutulmasına aid hissədə qətnamə ləğv edilməli və tələb rədd olunmalıdır. Belə ki, paltar şkafı, mətbəx mebeli və divanın (dəyəri 600 manat), habelə su qızdırıcısının (dəyəri 150 manat) cavabdeh tərəfindən mənimsənildiyini təsdiq edən sübut şahidlərin ifadələridir. Həmin şahidlər iddiaçının təşəbbüsü ilə dindirilib. Məzmununa görə bu ifadələr əşyaların cavabdeh tərəfindən mənimsənildiyini təsdiq edən mötəbər sübut sayılmır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, tələb əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə qismən – Cavabdeh İddiaçı xeyrinə maddi zərin əvəzi kimi 750 manat və ümumilikdə 2.400 manat tutulması hissəsində ləğv edilsin Ləğv edilən hissədə tələb təmin edilməsin. Həmin qətnamə kirayə haqqı kimi 1.650 manat tutulmasına və məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7274/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7274/2020
02.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver