Məhkəmə qərarları › İş №2(103)-7278/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7278/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7278/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-173/2020 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 56 No li kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə Cavabdeh 27 700 (iyirmi yeddi min yeddi yüz manat) əsas borc, 5288.14 (beş min iki yüz səkksən səkkiz manat, on dörd qəpik) faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 2159.85 (iki min bir yüz əlli doqquz manat səksən beş qəpik) faiz borcu, 2962,33 (iki min doqquz yüz altmış iki manat, otuz üç qəpik) manat cərimə, cəmi 38110,32 (otuz səkkiz min yüz on manat otuz iki qəpik) manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın predmeti olan Cavabdeh mülkiyyətində olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, mənzil 32-də, A bloklu, 7 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, 87,4 kv.m yaşayışlı mənzil açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-173/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2016-cı il tarixli 56 saylı kredit müqaviləsinə əsasən 27700 manat əsas borc və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən illik 5 faizlə hesablanan 2159,85 manat faiz borcunun, 290 manat cərimə, cəmi 30149,85 (otuz min yüz qırx doqquz manat, səksən beş qəpik) manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizi iddiaçıya, 70 faizi Cavabdeh aid edilməklə, cavabdehdən 21 (iyirmi bir) manat pul iddiaçının xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 30 faizi iddiaçıya, 70 faizi Cavabdeh aid edilməklə, iddiaçıdan 43,5 (qırx üç manat, əlli qəpik) manat, cavabdehdən isə 101,5 (yüz bir manat, əlli qəpik) manat pul tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdiyi 5288.14 (beş min iki yüz səkksən səkkiz manat, on dörd qəpik) faiz borcunu təmin etməmişdir. İddianın ipoteka hissəsini də əsassız olaraq təmin etməmişdir. Qətnamədən Cavabdeh da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müqavilənin illik 0 % olmaqla verilməsinə əhəmiyyət verməmişdir. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3931 nömrəli rəyinə nəzər yetirilsə onun 27 700 manat borcu olduğunu qeyd etmişdir.Yəni heç bir faiz borcu yoxdur. Həmçinin məbləğlərlə bağlı ekspertiza keçirilməsinə baxmayaraq ekspert bankdan heç bir sənəd tələb etmədən işdə olan arayışa əsaslanaraq rəyi vermişdir. Ekspert tərəfindən Bankdan onun adına olan hesabdan çıxarış nəticəsində rəy verməli olduğu halda sadəcə iş materialları nəticəsində rəy tərtib edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 bildirdi ki, ipoteka qoyulan əmlak reyestrdə qeydə alınmalı və müqavilə notariatda təsdiq olunmalı idi. Lakin bu tələblərin heç birinə əməl edilməmişdir. Həmçinin sıfır faiz olduğundan faiz hesablana bilməzdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 56 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 16 (on altı) ay müddətinə, illik 0% olmaqla, 27900 (iyirmi yeddi min doqquz yüz manat) manat kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıq olunsa da, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. xx xxxx 2019-cu il tarixə Cavabdeh Ləğv prosesində olan "İddiaçı" ASC qarşısında 27 700 (iyirmi yeddi min yeddi yüz) manat əsas borc, 5288,14 (beş min iki səksən səkkiz manat, on dörd qəpik) manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 2159.85 (iki min bir yüz əlli doqquz manat, səksən beş qəpik) manat faiz borcu, 2962,33 (iki min doqquz yüz altmış iki manat, otuz üç qəpik) manat cərimə borcu, cəmi 38110,32 (otuz səkkiz min yüz on manat, otuz iki qəpik) manat məbləğində borc öhdəliyi yaranmışdır. Məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3931 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 56 saylı, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx xxxxxx 2017-ci il tarixə və məhkəməyə müraciət olunan tarixə, yəni xx xxxx 2019-cu il tarixinə olan cəmi borcu 27.700,00 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 27700,00 manat, faiz borcu üzrə 0,00 manat. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxx 2016-cı it tarixli, 56 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh cərimə borcu hesablanmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirdikləri hissədə ləğvi üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Məhkəmə də həmin rəyi əsas götürüb iddianı qismən təmin etmişdir. İkincisi, ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Üçüncüsü, birinci instansiya məhkəməsi iddianın faiz borcu hissəsini məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərə alıb təmin etməyərkən düzgün nəticəyə gəlmişdir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı-faiz tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə faiz deyil, öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunur ki,.. kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqedən görünür ki,...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Dördüncüsü, tələbin illik 5 faizlə hesablanan 2159,85 manat faiz borcu hissəsinin təmin edilməsi də düzgün olmuşdur. Belə ki, kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx xxxx 2019-cu il(iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışının tərtib edildiyi tarix) tarixə, 1 il, 8 ay, 21 gün keçir. 27700 manatın həmin müddətə olan illik 5 faiz dərəcəsi isə adi riyazi hesablamaya əsasən 2159,85 manatdan artıq bir məbləğ təşkil edir. Yuxarıda qeyd olunduğu kimi tələbin bu hissəsi faiz deyil, müqavilə müddətindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələbidir. Ona görə də cavabdehin nümayəndəsi və vəkilinin bu hissə üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu barədə vəsatəti əsaslı ola və təmin edilə bilməzdi. Çünki, bunun hesablanması üçün xüsusi biliyə malik ekspertin köməyindən istifadəyə ehtiyac yoxdur. Başqa sözlə bu adi məktəbli uşağın da hesablaya biləcəyi bir haldır. Beşincisi, Mülki Məcəllənin 307.6-cı və 307.7-ci maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. "İpoteka haqqında" Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. "İpoteka haqqında" Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. "İpoteka haqqında" Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab edilir. "İpoteka haqqında" Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, işdə olan ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alanmamış, eləcə də həmin müqavilədə göstərilən mənzil üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılmadığından tələbin bu hissəsi, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi təmin oluna bilməzdi. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-173/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar