Məhkəmə qərarları › İş №2(103)-7278/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7278/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7278/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayənədəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1634/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası’' ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Ə.Əliyev küçəsi, bina 8, blok 1, 17-ci mərtəbə, 118 saylı mənzilin alqı-satqısına dair bağlanmış 13 avqust 2013-cü il tarixli 17400 saylı müqavilənin və 13 aprel 2016-cı il tarixli Əlavə razılaşmanın ləğv edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Ə.Əliyev küçəsi, bina 8, blok 1, 17-ci mərtəbə, 118 saylı mənzilin boşaldılması və mənzilin iddiaçı "xxxx" ASC-уэ təhvil verilməsi; və Cavabdeh iddiaçı ‘'Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ‘"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC (bundan sonra - İddiaçı) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə. Ə.Əliyev küçəsi, bina 8. blok 1, 17-ci mərtəbə, 118 saylı mənzilin (bundan sonra - Mənzil) alqı-satqısına dair 13 avqust 2013-cü il tarixli 17400 saylı müqavilə (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 109607,6 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 120 ay müddətində hər ay 496,73 manat olmaqla hər ayın 6- sınadək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən uzun müddət aylıq ödənişlər edilməmişdir. Müqavilənin tələbləri pozulmuşdur. Daha sonra gecikdirilmiş məbləğin ödənilməsi üçün cavabdehin xahişi nəzərə alınmış, onunla iddiaçı arasında 13 aprel 2016-cı il tarixdə əlavə razılaşma bağlanılmışdır. 13 aprel 2016-cı il tarixli Əlavə razılaşmanın 1-ci bəndinə əsasən cavabdehin mənzilə görə iddiaçıya olan borcunun 48713,27 manat təşkil etdiyi müəyyən edilmişdir. Əlavə razılaşmanın 2-cü bəndinə əsasən cavabdehin müqavilə üzrə bu günədək ödəmədiyi aylıq ödənişlər 4520,36 manat, satıcıya əldən çıxmış fayda məbləği üzrə borcu 480,67 manat, cəmi borcu 5001,03 manat təşkil edir. Əlvə razılaşmanın 3-cü bəndinə əsasən alıcı razılaşmış və qəbul etmişdir ki, satıcıya olan 5001,03 manat borcundan 2500,00 manat məbləği nağd şəkildə, qalıq 2501,03 manat məbləğində hissəsini isə 18 ay müddətinə hər ayın 13-də 139,95 manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənişlər 13 may 2016-ci il tarixdən başlamışdır. Əlavə razılıaşmanın 4-ci bəndinə əsasən Alıcı müqavilə üzrə aylıq 496,73 manat təşki edən ödənişlərini müqavilə müddətinin sonuna kimi, hər ayın 13-də ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənişlər 13 aprel 2016-cı il tarixdən başlamışdır. Cavabdeh Əlavə razılaşma üzrə üzərinə götürdüyü öhdəliklərini də pozmaqda davam etmişdir. Alıcıya edilmiş şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq onun tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilməmişdir. Bu hal iddiaçıya Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Əlavə razılaşmanın 7- ci bəndinə əsasən alıcı razılaşmış və qəbul etmişdir ki, bu Razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə, bu Razılaşma Satıcı tərəfindən Alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil Satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir.

3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1634/2021 saylı, 30.04.2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzilin alqı-satqısına dair bağlanmış 13.08.2013-cü il tarixli, 17500 nömrəli müqavilə və bu Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 13.04.2016- cı il tarixli Əlavə razılaşmanın ləğv edilməsi, Cavabdeh tərəfindən Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzil boşaldılsın, həmin mənzil "xxxx" ASC-yə təhvil verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. (Sədrlik edən: Solmaz Ədilova).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

5. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Tağıyev bildirmişdir ki, Cavabdeh iddiaçıya olan borcunu ödəmişdir. Buna görə məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir.

6. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur.

10. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

11. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır.

12. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

13. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

14. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

15. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1634/2021saylı, 30.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə r a r a a l d ı:

İddiaçı "xxxx" ASC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı ""xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1634/2021saylı, 30.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar