Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-728/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: cavabdehlərin torpaq sahəsində çıxarılması, qanunsuz tikililərin sökülməsi və ərazinin boşaldılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdeh2, Cavabdeh1 və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin torpaq sahəsində çıxarılması, qanunsuz tikililərin sökülməsi və ərazinin boşaldılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(003)-1340/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 363 nömrəli sərancamına əsasən Bakı şəhəri Maştağa qəsəbəsi aeromərkəz A168 yataqxanasında yaşayan İddiaçı1 Qala qəsəbəsində ev tikmək üçün 1000 kv/m torpaq sahəsi ayrılmışdır. Qala qəsəbəsində ev tikmək üçün ayrılmış 1000 kv/m torpaq sahəsinə dair tərəflər arasında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 364 nömrəli sərancamı ilə ünvan 1 ünvanında yaşayan İddiaçı2 Qala qəsəbəsində ev tikmək üçün 500 kv/m torpaq sahəsi ayrılmışdır. Qala qəsəbəsində ev tikmək üçün ayrılmış 500 kv/m torpaq sahəsinə dair tərəflər arasında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
3. Bakı şəhəri Xəzər rayonu Qala bələdiyyəsinin Xəzər RPİ-nin 1-ci PŞ-nə ünvanladığı xx.xx.2021-ci il tarixli 1-1/109 nömrəli məktubda qeyd edilmişdir ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirildi və vətəndaş İddiaçı1 hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar edilməmişdir.
4. Azərbaycan Respublikasınını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin İddiaçı1 ünvanladığı **********90 nömrəli xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində ayılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, torpaq sahəsinə dair tərəfinizdən təqdim edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqısatqı müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.”
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Qala Bələdiyyəsinin 363 saylı, 26 dekabr 2005-ci il tarixli Sərəncamı və 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Massivdə alqı-satqı yolu ilə ayrılan 1000 kv/m və Qala Bələdiyyəsinin 364 saylı, 26 dekabr 2005-ci il tarixli Sərəncamı və 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Massivdə alqı-satqı yolu ilə ayrılan 500 kv/m torpaq sahəsindən cavabdehlərin çıxarılması, zəbt olunmuş 1500 kv/m ərazidə inşa edilmiş qanunsuz tikililər boşaldılmaqla qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin öz hesablarına sökülməsi, qanunsuz inşa edilmiş tikililər cavabdehlərin öz hesabına sökulmədiyi halda məcburi sökülməsi, ümumilikdə 1500 kv/m torpaq sahəsinın əvvəlki vəziyyətə gətirilməklə onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, 26 dekabr 2005-ci il tarixdə Xəzər rayonunun inzibati ərazisində yerləşən Qala Bələdiyyəsinin 363 və 364 saylı Sərəncamlarına əsasən Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov), Qala qəsəbəsinin Yeni Massivində yerləşən ərazidə İddiaçı1 adına 1000 kv/m, İddiaçı2 adına 500 kv/m olmaqla torpaq sahəsi almışlar və onlarla Qala Bələdiyyəsi arasında torpağın mülkiyyətə verilməsi barədə 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Torpağın satış dəyəri olaraq Bələdiyyənin büdcəsinə ayrı-ayrılıqda 1 kv/m üçün 4400 manat pul ödəmişlər. Həmçinin onlara torpaq sahəsinin cizgiləri verilmiş, torpağın vergisini də ödəmişlər. Torpaq sahəsini aldıqları vaxtdan imkanları olmaması səbəbindən həmin torpaq sahəsində heç bir iş görə bilməmişlər. Lakin hər zaman torpaq sahəsinə nəzarət etmişlər. Lakin bu yaxınlarda əraziyə gedərkən onlara məlum olmuşdur ki, cavabdehlər tərəfindən onlara məxsus olan torpaq sahəsi qanunsuz olaraq zəbt olunmuşdur. Həmin torpaq sahəsində cavabdehlər qanunsuz tikililər inşa etmiş və torpaq ərazisini qeyri-rəsmi özgəninkiləşdirməklə onların torpaq üzərində hüquqlarını pozmuşlar.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasınını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin **********00 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin verilməsi barədə məktubunda qeyd edilmişdir ki, Xəzər rayonu Qala bələdiyyəsinin müvafiq sərəncamları ilə ayrılmış torpaq sahələrinə dair təqdim edilmiş sxemlərdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyindən xx.xx.2022-ci il tarixli 2(003)-1340/2022 nömrəli qərardadla mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1340/2022 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar mübahisə predmetinə aid olan torpq sahəsinin onlara aid olduğunu iddia etsələr də, buna dair sübut, dəlil məhkəməyə təqdim etməmişdirlər.
10. Məhkəmə öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı və Mülki Prossesual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçılar ayrı-ayrılıqda apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
12. Hər iki apelyasiya şikayəti eyni məzmunda olmaqla, göstərilmişdir ki, torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün bələdiyyə orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsas hesab edilir, yəni iş materiallarında olan qərar və alqısatqı aktının mövcudluğu mülkiyyət hüququna gözlənti yaradır. Həmçinin iş materiallarında olan plan çizgidən və şikayətə əlavə edilmiş koordinatlardan sözügedən və cavabdehlər tərəfindən zəbt edilmiş ərazinin onlara məxsus olduğu aşkar görünür. Mübahisəli torpaq sahələri plan və ölçü ilə ölçüləri məlum olmaqla qanunla müəyyən edilmiş tələblər daxilində mülkiyyətlərinə ayrılmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Cavabdeh2 apelyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Digər cavabdeh və nümayəndəsi də apelyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
18. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
31. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
32. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
33. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə
34. 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
35. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir.
36. 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
37. 16.Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.
38. 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.
39. 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
49. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
50. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
51. İddiaçılar tələblərinin faktik əsası kimi, onlara bələdiyyə tərəfindən satılmış torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikili inşa edildiyini bildirirlər.
52. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
54. Apellyasiya şikayətlərində iddiaçıların subyektiv hüquqları ilə bağlı qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da, həmin torpaq sahələri məhz bələdiyyəsinin sərəncamı ilə alğı-satqı yolu ilə mülkiyyətlərinə ayrılmışdır ki, həmin akt da Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
55. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.
56. Burada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı ümumi yığıncağın qərarıdır.
57. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cə bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir.
58. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
59. Bələdiyyə sədrinin sərəncamı isə “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktdır.
60. Bundan başqa, iddiaçılara ayrılması nəzərdə tutulan torpaq sahələrinə dair bələdiyyə tərəfindən çəkilib verilmiş sxem torpağın qanunla nəzərdə tutulmuş qaydada ayrılması anlamına gəlməməklə sübut əhəmiyyətinə malik deyil.
61. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.
62. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir.
63. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
64. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
65. Bu baxımdan nəzərə alınmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
66. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin üçüncü abzasına görə, həmin Əsasnamənin 19-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).
67. İddiaçılara verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur və ekspertiza tədqiqatının aparılması da məhz bu səbəbdən baş tutmamışdır.
68. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin (sədrin yox) qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçılara münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
69. Bundan başqa, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.
70. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
71. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
72. Beləliklə torpaq sahələrinin iddiaçılara satılması barədə bələdiyyənin qərar verməsi, eləcə də müvafiq torpaq şöbəsi tərəfindən mübahisəli torpaq sahələrinin yerquruluşu işlərinin aparılması müəyyən olunmur.
73. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1340/2022 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.