Məhkəmə qərarları › İş №2(103)-728/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-728/2025

15.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-728/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-276/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin registrdən çıxarışından görünür ki, "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsi ünvan 1-də olan 27281.6 kv.m torpaq sahəsində yerləşir.

2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmlakının inventarlaşdırılması idarəsi tərəfindən verilən xx.xx.2001-ci il tarixli texniki pasportun surətindən müəyyən olunur ki, Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC ünvan 1 ünvanında yerləşir və ümumi faydalı sahəsi 18950,8 m2 , əsas sahəsi 13813,1 m2 , köməkçi sahə 5137,7 m2 -dir.

3. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli sərəncamına əsasən, “Azərelektroterm” X6 tabeliyində olmuş ünvan 2 ünvanda yerləşən Bakı Yüksək Voltlu X2 bazasında "xxxx" ASC-nin yaradılması qərara alınmışdır.

4. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər bu aktı ondan ötrü tərtib etmişlər ki, monitorinq zamanı ünvan 1 ünvanında yerləşən (39T X:405228.80; Y:4472086.07 saylı koordinatlar) “Bakı Yüksək Voltlu X4”nun istifadəsinə verilmiş 27281.6 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin təxminən 1500 kv.m hissəsində qeyriyaşayış obyektinin inşa edilməsi faktı aşkar olunmuşdur. Araşdırma zamanı, “Bakı Yüksək Voltlu X4”nun (xx.xx.2001-ci il tarixli Texniki pasport) istifadəsində olan torpaq sahəsinin təxminən 1500 kv.m hissəsində qeyri-yaşayış obyektinin tikintisinə dair müvafiq qurumların icazə sənədləri olmadan inşa edildiyi müəyyən edilmişdir.

5. Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Bakı Yüksək Voltlu X5” ASC xx.xx.2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci 40 manat iddiaçı tərəfindən ödənilmişdir;

6. xx.xx.2008-ci il tarixli, 466 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən “İcarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “İcarəçi” “Bakı Yüksək Gərginlikli X5” ASC-yə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ASC-nin yerləşdiyi torpaq sahəsini əvəzi ödənilməklə müddətli istifadəsinə verir. Tikinti altında olan sahə 19032,2 kv.m, sərbəst sahə 8249 kv.m olmaqla, cəmi 27281,6 kv.m təşkil edir.

7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/982 №li ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində olan 27281,6 kv.m torpaq sahəsinin üzərindəki tikililər xx.xx.2001-ci il tarixli texniki pasportunun baş planının göstəricilərinə uyğun olmadığı müəyyən olunmuşdur. Belə ki, baxış zamanı texniki pasportun baş planında göstərilən C saylı tikiliyə bitişik təqribən 19,5x49,0 m ölçüdə əlavə tikili inşa olunmuş, D, L, M, M1 saylı tikililər sökülmüş və H, İ, P, P1 , N, İ, İİ, İİİ saylı tikililərdə dəyişiklik aparılaraq əlavə tikinti işləri aparıldığı müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin xx.xx.2001-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 40 manat məbləğində vəsaitin cavabdehdən Xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində ünvan 5 ünvanında yerləşən, "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin 1500 kv.m hissəsində "xxxx" ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 198 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və onun səhmləri xx.xx.2005-ci il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. "xxxx" ASC tərəfindən tikinti işləri xx.xx.2001-ci il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, belə bir razılıq olmadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-276/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin xx.xx.2001-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, iddiaçı tərəfindən ödənilmiş 40 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması, keçirilmiş ekspertiza təhqiqatının dəyəri olan 100 (bir yüz) manat pul məbləğinin cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1, 155.2, 180.1, 180.4-cü maddələrinə, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 25-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin nəticəsi tamamilə əsassızdır. Belə ki, cavabdeh yaxşılaşdırıcı tədbirlər görərək uçub sökülmüş binaları təmir etmişdir. Cavabdeh qeyd edilən torpaq sahəsini iddiaçı üçün yaxşılaşdırmış, gələcək üçün infrastruktur yaratmışdır. Digər tərəfdən yeni iş yerləri ilə əhalini təmin etmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki, haqlı olmağını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi digər məhkəmə iclası ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

17. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

18. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin

19. Maddə 56. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

20. Maddə 66.1. Dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

21. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir.

“Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun:

22. Maddə 10. Təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.

23. Maddə 25. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-276/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır.  Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)  İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

35. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

36. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

39. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-10/982 №-li ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində olan 27281,6 kv.m torpaq sahəsinin üzərindəki tikililər xx.xx.2001-ci il tarixli texniki pasportunun baş planının göstəricilərinə uyğun olmadığı müəyyən olunmuşdur. Belə ki, baxış zamanı texniki pasportun baş planında göstərilən C saylı tikiliyə bitişik təqribən 19,5x49,0 m ölçüdə əlavə tikili inşa olunmuş, D, L, M, M1 saylı tikililər sökülmüş və H, İ, P, P1 , N, İ, İİ, İİİ saylı tikililərdə dəyişiklik aparılaraq əlavə tikinti işləri aparıldığı müəyyən olunmuşdur.

40. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq onun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanlarının razılığını alınmadan özbaşına tikililər inşa edilmişdir.

41. Məhkəmə cavabdeh "xxxx" ASC tərəfindən həmin torpaq sahəsində özbaşına tikililər inşa edilməsini və bu tikililərin inşası üçün müvafiq icazənin olmadığını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin xx.xx.2001-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməlidir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində sözügedən torpaq sahəsini iddiaçı üçün yaxşılaşdırdığını, gələcək üçün infrastruktur yaratdığını, digər tərəfdən yeni iş yerləri ilə əhalini təmin etdiyini qeyd etsə də, sadalanan hallar hazırki iddia tələbinin əsasını təşkil etmir. ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsi üzərində tikililər xx.xx.2001-ci il tarixli texniki pasporta uyğun inşa edilməmişdir. Ona görə də, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-276/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar