Məhkəmə qərarları › İş №2(103)-7280/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7280/2023

21.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7280/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin pozulması hesab edilən hallar, intizam tənbehinin verilməli olduğu müddət, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2017-ci il tarixli 45-k nömrəli əmrlə Cavabdeh ASC-nin "xxxx" MMC-nin Şamaxı Sukanal idarəsinə Müştəri xidmətləri qrupuna Metrologiya üzrə mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixli 208-k nömrəli əmrlə onunla bağlanmış yeni əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin X8 İdarəsinin 2 nömrəli Regional Sukanal idarəsi Şamaxı sukanal sahəsi üzrə metrologiya mühəndisi vəzifəsinə təyin edilmişdir.

2. X8 idarəsinin hüquq məsləhətçisi Samir Səfərov tərəfindən idarənin rəisi Eyvaz Hüseynova ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatda aşağıdakılar göstərilmişdir: “2 nömrəli Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun Şamaxı sukanal sahəsi üzrə metrologiya üzrə mühəndisi İddiaçı və NÖC və avtomatika üzrə çilingəri X5 tərəfindən ciddi intizam xətalarına yol verilməsi faktı aşkar edilmiş, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı və İmran Qəniyev tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və "Azərsu” ASC-nin abonenti olmayan X2 qeyriqanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan “Abşeron ÇSS-20” mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı və İmran Qəniyev tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və “Azərsu" ASCnin abonenti olmayan Şamaxı şəhər 7 saylı uşaq baxçasına da qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan “Abşeron ÇSS-32” mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin qeyd edilmiş su sayğaclarının üzərinə Şovqi Atakişiyev və İmran Qəniyev tərəfindən "xxxx" ASC loqolu plomblar vurulmuşdur. İddiaçı və İmran Qəniyev qeyd edilmiş faktlarla bağlı X8 idarəsinin 2 №-lı Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun mühəndis qrup rəhbəri Aqşin Əliyevə məlumat verməmişlər. İddiaçı izahatında barəsində yuxarıda qeyd edilmiş faktları təsdiq etmişdir. Səbəb olaraq ona 2 №-lı Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərov və Şamaxı sukanal sahəsinin rəisi Eldənız Şeydayev tərəfindən tapşırıq verilməsini bildirmişdir. X7 izahatında qeyd etdikləri öz təsdiqini tapmamışdır. Belə ki, aparılmış araşdırma zamanı İddiaçı ona bu tapşırığı 2 №-li Regional Sukanal idarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin verməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin belə bır tapşırıq olsa belə, İddiaçı onu yerinə yetirməməlidir. Çünki həmin qeyriəhali obyektlərinə abonent olmadıqları halda sayğac quraşdırılması çox ciddi intizam xətasıdır. Həmçinin İddiaçı yuxarıda qeyd edilmiş vəzifəli şəxslərə tabe deyildir, idarənin əməkdaşıdır. İmran Qəniyev isə izahatında Şövqi Atakişıyevın ona qeyd edilmiş qeyriəhali obyektində sayğacların quraşdırılması tapşırığını verdiyini və bır daha belə halların təkrar olmayacağını bildirmişdir”.

3. Cavabdeh ASC-nin X8 İdarəsinin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirməsi) xitam verilmişdir.

4. İşlədiyi müddət ərzində İddiaçı heç bir intizam tənbehi almamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (iddiaçı) Cavabdeh ASC-nin X8 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, adı çəkilən İdarənin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, işlədiyi müddətdə öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, rəhbərlik tərəfindən həmişə yaxşı işçi kimi qeyd olunmuş, bir neçə rəis dəyişilsə də, öz yerində qalaraq işini davam etdirmişdir. xx.xx.2022ci il tarixində səhər idarənin hüquqşünası onu xidməti kabinetinə çağırıb işdən öz ərizəsi ilə getməsi barədə ərizə yazıb verməsini tələb etmiş, əks halda onu əmək vəzifələrini kobud pozduğuna görə işdən uzaqlaşdıracaqlarını demişdir. Tutduğu vəzifədən getmək istəmədiyini bildirmiş və izah etməyə çalışmışdır ki, 2 övladı vardır, oğlu müharibə iştirakçısı - veterandır, həyat yoldaşı onkoloji xəstəliklə əlaqədar ciddi müalicələr alır, maddi vəziyyəti acınacaqlıdır, öhdəsində xəstə yaşlı anası, xəstə yoldaşı, subay uşaqları vardır, artıq iki ildən çoxdur bu təşkilatda qüsursuz əmək fəaliyyəti ilə məşğuldur, yaşamağa yeri yoxdur, kirayədə qalır, evin yeganə çörək qazananıdır. Bütün bunları rəhbərliyə bildirsə də, işdən çıxarmanın səbəbini izah etməmiş və ən nəhayət, heç olmasa, haradasa iş tapmaq üçün müəyyən müddət vaxt vermədən elə həmin gün xx.xx.2022-ci il tarixli 31-k nömrəli əmr verib onu işdən azad etmişlər. İşlədiyi müddətdə intizamlı olmuş, işinə məsuliyyətlə və vicdanla yanaşmış, barəsində hər hansı bir intizam tənbeh tədbirləri verilməmişdir. xx.xx.2022-ci il tarixdə səhər işə gedərkən onunla telefon vasitəsilə əlaqə saxlanılaraq, əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "ç" maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixində əmək kitabçasını, işdən çıxma əmrini və xx.xx.2022-ci ii tarixli 02 nömrəli protokolu X8 İdarəsindən götürmüşdür. xx.xx.2022-ci il tarixli 31-k nömrəli əmr aşağıdakılara görə qanunsuz və əsassızdır: 1. Əmrin məzmunu sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal (intizam xətası) göstərilməmiş, əmr əsaslandırılmamış, xx.xx.2022-ci il tarixi sonuncu iş günü olmasına və əmrin surətini dəfələrlə tələb etməsinə baxmayaraq əmrin surəti xx.xx.2022ci il tarixində ona verilmişdir; 2. Əmək müqaviləsinə xitam verilməsinə əsas olan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrin məzmunundan göründüyü kimi, konkret hansısa intizam pozuntusu qeyd edilməmişdir; 3. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə qeyd edildiyi kimi, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi özlüyündə intizam tənbehidir. Bu intizam tənbehinə səbəb olmuş intizam pozuntusu əmrdə qeyd edilməlidir (həqiqətdə belə bir pozuntu yoxdur). Lakin ondan hər hansı bir izahat alınmamış, ümumiyyətlə, hansı intizam xətasına yol verdiyi barədə ona məlumat verilməmişdir; 4. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və "ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar həmkarlar ittifaqı təşkilatı tərəfindən çağırılmamışdır. Beləliklə, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur və bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, işə bərpa edilməli və məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqı ödənilməlidir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70, 74, 80, 83, 84, 186, 187, 300-cü maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.

8. İddiaçı sonradan ərizə verərək, cavabdehin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (cavabdeh) ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən həmin ərizə nəzərə alınaraq cavabdeh əvəz olunmuşdur.

9. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı əmək qanunvericiliyini kobud surətdə pozmuşdur, odur ki, iddia təmin edilə bilməz.

10. Birinci instansiya məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı intizam xətalarına yol vermiş, aparılmış araşdırma zamanı verdiyi izahatında bunu 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərov və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayev tərəfindən verilmiş tapşırıq əsasında etməsini bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığı alınmış, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmiş, Əmək Məcəlləsinin normaları və tələbləri gözlənilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi, 11-ci maddəsinin 1-ci hissəsinin "b” və "ə” bəndləri, 68-ci maddəsinin 1 və 2-ci hissələri, 70-ci maddəsi, 80-ci maddəsinin 1 və 2-ci hissələri, 83-cü maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılamasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdeh ASC-nin nümayəndəsinin həqiqətə uyğun olmayan ifadələrinə inanmış, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinin pozulmasına əhəmiyyət verməmiş, onun tərəfindən cavabdeh ASC-yə hər hansı maddi ziyan vurulmadığını nəzərə almamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birnci instansiya məhkəməsinin gəldiyi əsaslandırma və nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işdə olan materiallardan, iddiaçının apellyasiya baxışı iclasında verdiyi izahatdan müəyyən edilir ki, Cavabdeh ASC-nin X8 İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2022-ci il tarixdə keçirdiyi iclasda iddiaçı iştirak etmiş və izahat vermişdir. Həmkarlar Komitəsi iddiaçının özünün və digər şəxslərin izahatlarını dinlədikdən sonra müəyyən etmişdir ki, iddiaçı, ASC-nin abonenti olmayan X1 və Şamaxı şəhər 7 saylı Uşaq Bağçasını qeyri-qanuni olaraq su xəttinə qoşmaqla, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmaqla, həmin su sayğaclarının üzərinə isə ASC-yə məxsus loqolu plombları qanunsuz olaraq vurmaqla Əmək Məcəlləsinin və onunla ASC arasında bağlanmış “Əmək müqaviləsinin” şərtlərini pozmuşdur. İddiaçı bu hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin tapşırıqlarına əsasən etdiyini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları təqdim edə bilmir. Əgər həmin şəxslər tərəfindən iddiaçıya bu kimi tapşırıq verilmiş olsa idi belə, iddiaçı, bu tapşırıqların qanunsuz olduğunu nəzərə alaraq tapşırıqları icra etməməli idi. Buna görə də Həmkarlar Komitəsi qərara gəlmişdir ki, ASC, onunla iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verə bilər. Həmkarlar Komitəsinin iclasında iştirak etmiş iddiaçı iclas protokolunu imzalamışdır.

16. İddiaçının Həmkarlar Komitəsinin iclasının formal olaraq keçirilməsi, iclasın cəmi 5 dəqiqə ərzində yekunlaşması, iclas zamanı ona söz verilməməsi barədə dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Həmkarlar Komitəsinin iclas protokoluna əsasən iddiaçının izahatı kimi qeyd edilmiş məlumatlar iddiaçının hazırki iş üzrə məhkəmələrə verdiyi məlumatlarla eynilik təşkil edir. Əgər Həmkarlar Komitəsinin iclası iddiaçının bildirdiyi tərzdə keçirilmiş olsa idi, onda iclas protokolundan həmin məlumatlar öz əksini tapmazdı.

17. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi özü-özlüyündə intizam tənbehi olsa da, bu intizam tənbehinə səbəb olmuş intizam pozuntusunun əmrdə qeyd edilməməsi, iddiaçıdan hər hansı izahat alınmaması, ümumiyyətlə, hansı intizam xətasına yol verdiyi barədə iddiaçıya məlumat verilməməsi barədə apellyasiya şikyətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş materiallarına əsasən xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ASC-nin X8 İdarəsinin rəisinə izahat yazılmışdır. İzahatın məzmunundan görünür ki, iddiaçının yol verdiyi intizam xətasından məlumatı olmuşdur.

18. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununun sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilməsi, əmrin məzmununda əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş halın (intizam xətasının) göstərilməməsi, əmrin əsaslandırılmaması, əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas kimi yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinin qeyd edilməsi, əmrin məzmununda iddiaçının konkret hansı intizam pozuntusuna yol verməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ASC-nin xx.xx.2022-ci il tarixli 31K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən, yəni iddiaçının əmək vəzifələrini kobud surətdə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürən müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir. Bu da o deməkdir ki, iddiaçının bildirdiyi xüsusatlar öz təsdiqini tapmır. Əmrdə əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilmiş, iddiaçının hansı intizam pozuntusuna yol verməsi qeyd edilmişdir. Əmr əsaslandırılmışdır. Başqa sözlə, iddiaçının bildirdiyi bu dəlillər əsassızdır.

19. Cavabdeh ASC-nin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələblərini pozmasına birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməməsi, tərəfindən cavabdeh ASC-yə hər hansı maddi ziyan vurulmamasının nəzərə alınmaması dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddənin 2-ci hissəsi). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddənin 3-cü hissəsi). İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmış, əmrdə əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilmiş, iddiaçının hansı intizam pozuntusuna yol verməsi qeyd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, özünün məhkəmələrə verdiyi izahatlardan da göründüyü kimi iddiaçı 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və ASC-nin abonenti olmayan X1 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçasını qeyri-qanuni olaraq su xəttinə qoşmuş, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmış, həmin su sayğaclarının üzərinə isə ASC-yə məxsus loqolu plombları qanunsuz olaraq vurmuşdur. Düzdür, iddiaçı, bu kimi hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin tapşırıqları əsasında yerinə yetirdiyini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı verilmiş suala cavab olaraq iddiaçı bildirmişdir ki, bu kimi göstərişin verilməsi qanunsuzdur, çünki hər hansı obyektin su xəttinə qoşulması üçün ilk növbədə "Texniki şərt” verilməli, müvafiq icazələr alınmalıdır. X6 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçası ilə bağlı bu proseduralar həyata keçirilməmişdir. Fərhad Heydərovun və Eldəniz Şeydayevin ona bu kimi göstəriş vermək üçün səlahiyyətləri olmamışdır.

21. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh ASC Əmək Məcəlləsinin qeyd edilən normalarına əsaslanaraq iddiaçı ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur.

22. ASC tərəfindən verilmiş əmrdə iddiaçının müəssisəyə maddi zərər vurması qeyd edilmədiyindən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin "iddiaçı tərəfindən ASC-yə maddi ziyanın vurulmaması barədə” dəlilinin əsaslılığını müzakirə etməyə lüzum görməmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 may 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının hərəkəti nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəyməsinə, Əmək Məcəlləsinin 72-ci maddəsində digər hallarla yanaşı, həmin halın da (işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməsinə istinad edərək, əmək müqaviləsinə göstərilən əsasla xitam verməkdə cavabdehin haqlı olması nəticəsinə gəlmişdir. ...İşəgötürən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinin göndərici normasına - 72-ci maddəsinin "e” bəndinə istinad edərək iddiaçı ilə əmək müqaviləsinə sonuncunun əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam vermişdir. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Lakin cavabdeh iddiaçı ilə əmək müqaviləsinə onun qeyri-əhali abonentlərə qanunsuz sayğac quraşdırmasına görə qeyd edilən əsasla xitam versə də, iddiaçının bu əməli nəticəsində işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gəlməsini əsaslandırma bir yana qalsın, ümumiyyətlə, göstərməmişdir. Bu məsələyə nə əmrdə, nə iddiaçının barəsində verilən xidməti əmrdə, nə də cavabdehin iddiaya etirazında izah verilmişdir. İddiaçı barədə xidməti məlumatda qeyd edilənlərdən göründüyü kimi, həmin qeyri-əhali abonentlər X6 və 7 saylı uşaq bağçası olmaqla ilk baxışdan sosial yönümlü obyektlərdir. Buna görə də, sudan qanunsuz istifadə edilibsə, həmin obyektlərin fəaliyyət istiqaməti baxımından, bu istifadənin işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gətirməsi, bunun üçün Əmək Məcəlləsinin 186-cı maddəsinə görə məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil. Bundan əlavə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Qeyd edilən müddət kəsici olmaqla, pozuntunun aşkar edildiyi gündən bir ay keçdikdən sonra intizam tənbehinin verilməsini istisna edir. Bu baxımdan, pozuntunun aşkar edildiyi günün müəyyən edilməsi intizam tənbehinin verilməsi üçün müddətin axımının hansı vaxtdan başlanmasını müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyır. Məhkəmələrin istinad etdikləri iddiaçı barədə xidməti məlumatda iddiaçı tərəfindən qeyri-əhali abonentlər olan X6 və 7 saylı uşaq bağçasına qanunsuz sayğac qoyulması halının 2021-ci ilin sentyabr ayında baş verməsi qeyd edilmişdir. Həmin faktla bağlı izahatı alınmış İmran Qəniyev və iddiaçı özü də bu hadisənin 2021-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəlində olmasını bildirmişlər. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr isə 11 fevral 2022-ci ildə verilmişdir. Göründüyü kimi, intizam pozuntusu ilə inzibati tənbeh tədbiri arasında təqvim vaxtı ilə götürdükdə təxminən 5 ay fərq var. Lakin işdən görünür ki, həmin hadisənin nə vaxt aşkar olunmasına nə işəgötürən aydınlıq gətirmiş, nə də əmrin qanuniliyini yoxlamaq vəzifəsini daşıyan məhkəmlər buna qiymət vermişlər. Nəticədə iddiaçıya tətbiq edilən intizam tənbehinin Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində müəyyən edilən müddət daxilində verilib-verilməməsi məsələsi açıq qalmışdır. Halbuki, bu halın müəyyən edilməsi əmrin qanuniliyi və iddianın həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Buna görə də qeyd edilən məsələlərə qiymət verilmədən işəgötürənin iddiaçı barəsində olan əmrinin qanuniliyi barədə gəlinən nəticə əsaslı sayıla bilməz. Şərh edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının yuxarıda göstərdiyi hallara qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamaqla maddi hüquq normalarının pozuntusu ilə müşayət olunan qətnamə çıxarmışdır”.

Təkrar apellyasiya baxışı, izahatlar

25. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlara istinadla müdafiə etmiş, izahatlarında həmçinin bildirmişlər ki, yol verilən pozuntu xx.xx.2022-ci il tarixdə aşkarlanmış, xx.xx.2022-ci il tarixdə iddiaçıdan izahat alınmış, xx.xx.2022-ci il tarixli əmrlə isə onun əmək müqaviləsinə xitam verilmişdir.

26. Cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, izahatlarında həmçinin qeyd etmişdir ki, iddiaçının yol verdiyi pozuntu xx.xx.2022-ci il tarixdə aşkarlanmış, həmin gün bununla bağlı xidməti məlumat yazılıb rəhbərliyə göndərilmiş, xx.xx.2022-ci il tarixdə iddiaçıdan izahat alınmış, xx.xx.2022-ci il tarixdə həmkarlar təşkilatının iclası keçirilmiş, xx.xx.2022-ci il tarixdə mübahisələndirilən əmr verilmiş, beləliklə də intizam tənbehinin tətbiq olunması üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməmişdir. İddiaçının yol verdiyi pozuntu nəticəsində müəssisəyə təxminən 1500-1600 manat ziyan dəymiş, ziyanın bir hissəsi Şamaxı şəhər 7 saylı Uşaq Bağçasına tətbiq olunan cərimə ilə aradan qaldırılsa da, X2 cərimə tətbiq etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

27. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

28. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ("a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

29. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

30. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

31. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

32. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

33. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

34. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

35. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

36. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

37. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

38. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

48. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.

49. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır.

50. Digər tərəfdən nəzərə alınmalıdır ki, işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, həmin pozuntuların işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi səbəbindən ortaya çıxması, habelə bu pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

51. Kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir.

52. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının yol verdiyi bildirilən pozuntu onun, yeni inşa edilmiş və Cavabdeh ASC-nin abonenti olmayan X2 və Şamaxı şəhər 7 saylı uşaq baxçasına qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan mexaniki tipli su sayğacı quraşdırması, habelə həmin sayğaclara “Azərsu" ASC loqolu plomblar vurması olmuşdur.

53. Adı çəkilən qeyri-əhali istehlakçılarına su xəttinin kim(lər) tərəfindən çəkildiyi qeyri-müəyyəndir – bu xəttlər Cavabdeh ASC, yaxud həmin istehlakçıların özləri tərəfindən çəkilmiş ola bilər – lakin görünən odur ki, iddiaçıya istinad olunan pozuntu törədilənə qədər (su xətlərinin üzərinə sayğac quraşdırılana və sayğaclara plomb vurulana qədər) həmin obyektlər sudan sayğacsız və qeyri-qanuni istifadə etmişlər.

54. Başqa sözlə, iddiaçının sözügedən pozuntunu törətməsindən sonra, həmin vaxta qədər cavabdehlə adı çəkilən istehlakçılar arasında olan münasibət baxımından cavabdehin əleyhinə dəyişən heç bir şey olmamışdır; hətta, yaranmış vəziyyəti cavabdehin lehinə olan vəziyyət kimi qiymətləndirmək də mümkündür – belə ki, cavabdehin, sudan qeyri-qanuni çəkilmiş xətt vasitəsilə istifadə edən həmin istehlakçılarla hesablaşmanı qeyri-rəsmi də olsa təmin edə bilməsinə faktiki imkan yaranmışdır.

55. Belə olan halda isə o suala aydınlıq gətirilməlidir ki, qeyri-qanuni çəkilmiş su xətti vasitəsilə sudan istifadə edən qeyri-əhali istehlakçılarına sayğac quraşdırmaqda iddiaçının hansı marağı ola bilərdi, yaxud onun sözügedən davranışı hansı maraqdan (yaxud zərurətdən) qaynaqlanmışdır?.

56. Qeyri-qanuni çəkilmiş su xətti vasitəsilə sudan istifadə edən qeyri-əhali istehlakçısının həmin xəttin üzərində sayğac quraşdırılmasında maraqlı olmayacağı aşkardır; bu hal isə o qənaətə gəlməyə imkan verir ki, iddiaçı, ya bildirdiyi kimi, özündən yuxarı vəzifəli şəxslərin göstərişini yerinə yetirmişdir, ya da işlədiyi müəssisənin mənafelərini qorumaq, yəni sudan sayğacsız istifadənin qarşısını almaq üçün həmin istehlakçılara sayğac quraşdırmışdır.

57. İddiaçının, cavabdeh müəssisənin anbarından öz təşəbbüsü ilə su sayğacı və plomb götürmək səlahiyyətinə sahib şəxs olmadığı müəyyən edildiyindən kollegiya hesab edir ki, iddiaçının bildirdikləri ağlabatan mühakimə əsasında daha inandırıcı görünür və əksi sübuta yetirilmədiyindən onun lehinə şərh olunmalıdır.

58. Həmçinin qeyd edilməlidir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır (§ 36). Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, əvvəllər heç bir intizam tənbehi almamış olması, ailə vəziyyəti, oğlunun Vətən Müharibəsində iştirakı nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.

59. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, cavabdehin nümayəndəsinin bildirməsinə görə, iddiaçıya istinad olunan pozuntu nəticəsində müəssisəyə 1500-1600 manat ziyan dəymiş, həmin ziyanın bir hissəsi Şamaxı şəhər 7 saylı Uşaq Bağçasına tətbiq olunan cərimə ilə aradan qaldırılmışdır.

60. Bu hal həm də o qənaətə gəlməyə əsas verir ki, ziyanın digər hissəsi X2 tətbiq olunacaq cərimə vasitəsilə aradan qaldırıla bilər.

61. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının barəsində Həmkarlar Təşkilatının iclası da formal keçirilmiş, işəgötürənin xx.xx.2022-ci il tarixli təqdimatına həmin gün baxılaraq və iddiaçının bildirdiyi hallarla bağlı heç bir araşdırma aparılmayaraq, onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam olunmasına razılıq verilmişdir. X3, əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin yaratdıqları birlik olması etibarilə işəgötürənin sifarişini həyata keçirən qurum kimi deyil, işçiyə istinad olunan pozuntuların həqiqətən mövcud olub-olmadığını araşdırmalı olan qurum kimi fəaliyyət göstərməlidir.

62. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, Cavabdeh ASC-nin X8 İdarəsinin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin İdarənin 2 nömrəli Regional Sukanal idarəsi üzrə Şamaxı sukanal sahəsinin mühəndisi (metrologiya üzrə mühəndis) vəzifəsinə bərpa olunmalıdır.

63. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinin pozulubpozulmadığının aydınlaşdırılması barədə kassasiya instansiyası məhkəməsinin göstərişi ilə bağlı kollegiya qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı həmin məsələ aydınlaşdırılmış və cavabdeh tərəfindən göstərilən normanın tələblərinə əməl edildiyi müəyyən olunmuşdur – lakin bu hal gəlinən nəticəyə hər hansı təsir göstərmir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2023 saylı iş üzrə 16 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. Cavabdeh ASC-nin X8 İdarəsinin 11 fevral 2022-ci il tarixli 31-k nömrəli əmri ləğv edilsin və İddiaçı həmin İdarənin 2 nömrəli Regional Sukanal idarəsi üzrə Şamaxı sukanal sahəsinin mühəndisi (metrologiya üzrə mühəndis) vəzifəsinə bərpa edilsin. 11 fevral 2022-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən Cavabdeh ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar