Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7282/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7282/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 29 noyabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin bağlanması” barədə ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(005)- 451/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən 5 saylı evin 8 saylı mənzilinin alqı-satqısına dair onunla "xxxx" ASC arasında müqavilə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən 5 saylı evin 8 saylı mənzili əvvəllər "xxxx" ASC tərəfindən ona satılmış, mənzilin dəyəri kimi 25 iyul 2012-ci il tarixli, KAP-İ- 12/108 saylı kredit müqaviləsinə əsasən həmin ASC-yə ödənilmiş 61345,77 manat pulu ASC nəğd yolla götürmüşdür. Sonradan "xxxx" ASC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək alqı-satqı müqaviləsinin ləğvinə nail olmuşdur. Bundan sonra o, məhkəməyə müraciət edərək mənzilin alınmasına və təmirinə çəkilmiş xərcin əvəzi kimi 82000 manat pulun həmin ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli 2 (005)-501/2016 il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq "xxxx" ASC-dən onun xeyrinə 63000 manat pul tutulması qət edimişdir. Qeyd olunan kredit məbləğini nəzərə almaqla onunla "xxxx" ASC arasında artıq 10 ilə yaxındır ki yaşadığı mənzilə dair yeni alqısatqı müqaviləsi bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. "xxxx" ASC isə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 32400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 32430 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış həmin ASC-yə məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595 saylı məhəllədə yerləşən 5 saylı binanın 8 saylı mənzilinin alınmasına dair 25 avqust 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasına, mənzilin boşaldılaraq "xxxx" ASC-yə qaytarılmasına dair qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(008)- 2985/2015 saylı qətnaməsi, eləcə də İddiaçı 25 avqust 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında həmin ASC-dən aldığı mənzilə görə ödədiyi pulun və mənzilin təmirinə görə çəkilmiş xərcin "xxxx" ASC-dən tutularaq ona verilməsinə dair qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsi olmasına baxmayaraq, hazırda da İddiaçı qanunsuz olaraq "xxxx" ASC-yə məxsus həmin mənzildə yaşayır. İddiaçı 25 avqust 2011-cı il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında aldığı mənzilin pulunu vaxtlı-vaxtında ödəmədən, mənzili təmir edərək 9 ildən artıqdır ki, həmin mənzildə yaşayır. Bununla da, İddiaçı 9 ildir ki, "xxxx" ASC-yə ziyan vurur və ASC-nin hesabına əsassız varlanır. O bu müddət ərzində kirayədə yaşamış olsaydı, hər ay minimum 300 manat kirayə haqqı ödəməklə 9 ildə (108 ay) 32400 manat kirayə haqqı ödəməli idi. Deməli "xxxx" ASC mənzili İddiaçı və ya başqa bir şəxsə kirayəyə versəydi, 9 ildə ən azı 32400 manat qazanc əldə edə bilərdi. Bu səbəbdən İddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 32400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 32430 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)- 451/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir (Hakim: Vüqar Quliyev). Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
6. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia tələbi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qarşılıqlı iddia ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına və maddi hüquq normalarına uyğun əsaslandırılmadığına görə qanunsuz və əsassızdır. Qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğuna və İddiaçı "xxxx" ASC-yə məxsus mənzili boşaltmamaqla şirkətə ziyan vurması iş materialları ilə kifayət qədər təsdiq olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq qarşılıqlı iddianı təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4809/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(005)-451/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 16500 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (Sədrlik edən: İlham Kərimli). Kassasiya instansiyası məhkəməsində icraat:
9. Həmin qətnamədən narazı qalan ilkin iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Ali Məhkəmənin 2(102)-3791/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4809/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən: İlqar Xələfov). Apellyasiya instansiyası məhkəməsində ikinci icraat a) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili S.Kazımova apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.2 Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinə əsasən yalnız qarşılıqlı iddia tələbinə dair hissədə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
24. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
25. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
26. İş materiallarından və apellyasiya şikayətinin dəlillərindən görünür ki, mübahisəli mənzilin cavabdeh tərəfindən boşaldılıb iddiaçıya təhvil verilməsi barədə Sabunçu rayon məhkəməsinin 25 avqust 2015-ci il tarixli qətnaməsi işə Ali Məhkəmədə baxılıb qərar qəbul edildiyi 01 aprel 2016-cı il tarixdən qanuni qüvvəyə minmişdir.
27. Azərbaycan Respublikası MPM-nin 234-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hazırda qarşılıqlı İddiaçı məhkəmə qətnaməsi olmasına baxmayaraq, mübahisəli mənzildən uzun müddətdir çıxmamasına görə
28. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «…Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi həmin qətnamənin uzun müddət ərzində icra edilməməsinin səbəblərini araşdırmamış, bu məqsədlə qətnamənin icrasını təmin etməli olan orqandan görülmüş icra tədbirləri barədə məlumat əldə etməmiş, qətnamənin icrasının hansı səbəblərdən mümkün olmamasına qiymət verməmişdir.».
29. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparmış və həm icra işi materiallarını tələb edərək nəzərdən keçirmiş, həm də icra məmurunu prosesə cəlb edərək izahatını dinləmişdir.
30. İcra işi materiallarından görünür ki, "xxxx" ASC-nin nümayəndəsi X1 Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2885/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin (borclu İddiaçı) icrasını xitam verilməsini xahiş etmişdir. Həmçinin kollegiya iclasında izahatı alınan icra məmuru Vəliyev Firdovsi bildirmişdir ki, qətnamənin uzun müddət ərzində icra edilməməsinin səbəbi cavabdehin icra şöbəsinə icraata xitam verilməsi ilə bağlı təqdim etdiyi ərizəsi olmuşdur. Bundan başqa, cavabdeh "xxxx" ASC İddiaçı 63000 manat kompensasiya vermiş və iddiaçı həmin mənzili boşaltmışdır.
31. İş materiallarının və icra işinin araşdırılması nəticələrinə əsaslanaraq kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinin icrası zamanı hər hansı hüquq pozuntusuna rast gəlinmədiyindən və icra hərəkətlərinin dayandırılması iddiaçının ("xxxx" ASC-nin) birbaşa iradəsini ifadə edən ərizəsi nəticəsində baş verdiyindən, hazırda iddiaçı həmin müddət ərzində cavabdehin mübahisəli mənzildə yaşaması nəticəsində ona maddi zərər dəyməsi halına istinad etməkdə haqlı ola bilməz. Çünki, icra işi materiallarından göründüyü kimi, iddiaçı özü icra hərəkətlərinin dayandırılmasını xahiş etmiş və bunun nəticəsində icra hərəkətləri dayandırılmışdır. Belə olan halda, icra hərəkətləri iddiaçının öz iradəsi əsasında dayandırılmış hesab edilir ki, bu da sonradan dayandırılmış müddət ərzində cavabdehdən maddi zərər tələb edilməsini, həmçinin icra hərəkətləri zamanı qanun pozuntusu halının olmasını istisna edir.
32. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirlmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
35. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Qarşlıqlı iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(005)-451/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev