Məhkəmə qərarları › İş №2(103)-7283/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7283/2020

07.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7283/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1808/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 39/2 saylı evə köçürülməsi və həmin evdən maneəsiz istifadə etməsinə və yaşamağına maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, onun Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 39/2 saylı evin Cavabdeh ilə birlikdə yaşadığı hissəsinə köçürülməsi, həmin hissədən maneəsiz istifadə etməyinə və yaşamağına maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-1808/20) iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikah dövründə xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 adlı iki övladları dünyaya gəlmişdir, nikaha daxil olduqdan sonra birlikdə cavabdehə məxsus Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 38 saylı evin 88 saylı mənzilində 7 il yaşamışlar, 2011-ci ildən isə cavabdehlə birlikdə ona məxsus olan nikahdan əvvəl ata-baba yurdunun yanında bələdiyyə sənədləri ilə 2004-cü ildə tikdirdiyi Zığ yolu küçəsi 39/2 saylı evə köçmüşlər. Əvvəllər aralarındakı münasibət normal olsa da, sonradan münasibətləri pozulmuş və nikahlarına məhkəmə qaydasında xitam verilmişdir, aralarında olan nikah pozulduqdan sonra onun cavabdehə məxsus Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 38 saylı evin 88 saylı mənzilinə heç bir iddiası olmamasına baxmayaraq, cavabdeh nikahdan əvvəl tikilmiş Zığ yolu küçəsi 39/2 saylı evdən çıxmalı olduğu halda çıxmır, ona məxsus olan evə onu buraxmır və orada yaşamağa imkan vermir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə bir il nişanlı qaldıqdan sonra 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir, nikahları xx.xx.2019-cu il tarixdə pozulmuşdur, nikah dövründə torpaq sahəsi almışlar, həmin torpaq sahəsi onun birinci həyat yoldaşından qalan pulun hesabına alınmışdır, həmin torpaq sahəsində 2006-cı ildən başlayaraq ev tikməyə başlamışlar, təqdim etdiyi mübahisəli yaşayış sahəsinin layihəsi və ona əlavə olunmuş müqavilədən də görünür ki, evin tikintisi 2006-cı ildən başlanmışdır, həmin yaşayış sahəsi onların birgə vəsaiti hesabına tikilmişdir, 2017-ci ildə yekunlaşmışdır, lakin ev dövlət reyestrində qeydiyyatdan keçməmişdir, tikilmiş ev iki hissəlidir, hazırda mübahisəli mənzilin bir hissəsində o və övladları, digər hissəsində İddiaçı, onun anası və qardaşı yaşayır. Sonda Cavabdeh iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunmaması və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Apelyasiya şikayətində həmçinin göstərilir ki, ən azından cavabdehin etirafı ilə müəyyən olunur ki, mübahisəli daşınmaz əmlak tərəflərin hər ikisinin vəsaiti hesabına tikilmişdir. Belə olan halda, məhkəmənin iddiaçının mübahisə predmeti olan ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına istinad edərək iddianı rədd etməsi tamamilə qanunsuzdur. Çünki, həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur, onun vəsaiti ilə alınmışdır. Ev üzərində mülkiyyət hüququ qeydə alınmadığı halda cavabdehin orada yaşaması, lakin iddiaçının evə köçürülmə tələbinin rədd olunması bərabərlik prinsipinin tələbinin pozulmasıdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, öbaşına tikili kimi qiymətləndirilsə də, həmin ev faktiki olaraq mövcuddur və hazırda cavabdeh həmin evdə yaşayır. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından bərabərlik prinsipinə uyğun olaraq həmin evin tikintisində vəsaiti ilə, əməyi ilə iştirak etmiş və uzun illər həmin evdə yaşamış biri olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq, cavabdehlə bərabər imkanlar daxilində sahiblik və istifadə etmək hüququ vardır. Digər tərəfdən, cavabdehin izahatını həqiqi qəbul etsək belə (hərçənd bu belə deyil), bu ev tərəflərin nikah dövründə onların ümumi vəsaiti hesabına inşa olunduğundan, ən azından bu əmlak üzərində cavabdeh qədər iddiaçının da mülkiyyət hüququ ələ etməyə “qanuni gözlənti” hüququ var. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixli məhkəmə islasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasının davam etdirilməsini mümkün saydı. Lakin Cavabdeh və vəkili İ.Həsənova xx.xx.2020-ci il tarixdə keçirilmiş əvvəlki məhkəmə iclasında iştirak etmiş və apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər 2005-ci ildə rəsmi nikaha daxil olmuş və xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən həmin nikah pozulmuşdur. Nikah pozularkən birgə nikahdan doğulmuş 2006 və 2009-cu il təvəllüdlü uşaqlar ananın himayəsində saxlanılmışlar. Xətai Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli “fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” qərarına əsasən Zığ şossesi 31 saylı evin cənubşərqində təsərrüfat həyəti kimi istifadə olunan 0.02 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Hazırda mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 39/2 ünvanında yerləşən yaşayış evi məhz həmin torpaq sahəsində inşa olunmuş özbaşına tikilidir və həmin tikili üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tərəflər başqa ünvanda qeydiyyatda olsalar da faktiki olaraq həmin mənzildə yaşamışlar. Qeyd olunanlar işin mübahisələndirilməyən hallarıdır. İşdən həmçinin görünür ki, İddiaçı bundan əvvəl məhkəmədə Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 39/2 saylı evdən çıxarılması tələbinə dair iddia qaldırmış, lakin həmin iddia Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının tələbi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 39/2 saylı evin Cavabdeh ilə birlikdə yaşadığı hissəsinə köçürülməsi, həmin hissədən maneəsiz istifadə etməyinə və yaşamağına maneələr törədilməsinin Cavabdeh qadağan edilməsidir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd edərkən onun mübahisəli mənzil üzərində mülkiyyət hüququnun olmadığına istinad etmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 146, 166, 178, 180-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmənin qənaətinə görə mübahisəli yaşayış evinə iddiaçının mülkiyyət hüququnu müəyyən edən, cavabdehin isə həmin evə əmlak hüquqları olmasını istisna edən hallar müəyyən edilmədiyindən iddia tələbi əsassız sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmıır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 39/2 saylı evin Xətai Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə iddiaçı A.Nuriyevə ayrılmış torpaq sahəsində tikilməsi, tərəflərin nikah pozulanadək azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamaları işin mübahisəsiz hallarıdır. Cavabdeh həm hazırkı işdə, həm də iddiaçının bundan əvvəl qaldırdığı evdən çıxarılma tələbinə dair işdə verdiyi izahatlarda qeyd olunan halları təsdiq etməklə yanaşı həmçinin göstərmişdir ki, mübahisəli ev tərəflərin birgə vəsaiti hesabına inşa olunmuş və tikinti işləri 2017-ci ildə yekunlaşmışdır. Cavabdeh hazırkı iş üzrə apelyasiya baxışı zamanı həmçinin göstərdi ki, mübahisəli ev iki hissədən ibarətdir və əvvəllər evin bir hissəsində tərəflər azayaşlı uşaqları ilə birlikdə, digər hissəsində isə iddiaçının anası ikinci həyat yoldaşı və oğlu ilə birlikdə yaşamışlar. Hazırda nikah pozulduğundan iddiaçı da anası ilə birlikdə evin digər hissəsində yaşayır və o, iddiaçının onun yaşadığı hissəyə köçürülməsinə etiraz edir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, mübahisəli ev bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində inşa olunmuşdur. Həmin qərarda torpaq sahəsinin iddiaçının mənzil şəraitinin ağır olması nəzərə alınmaqla ayrıldığı göstərilmiş və iddiaçı bu torpaq sahəsinə görə bələdiyyənin hesabına 3 680 000 AZM pul keçirmişdir. Evin təsdiq olunmuş layihə əsasında tikintisi ilə bağlı İddiaçılə Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi arasında xx.xx.2006-cı il tarixdə müqavilə bağlanmışdır. Layihə smeta sənədlərinə əsasən evin ümumi sahəsi 145,36 kvm, yaşayış sahəsi 84,64 kvm, köməkçi sahəsi 60,72 kvm olmaqla bir vestibül (30,45 kvm), bir qonaq otağı (27,20 kvm), 3 yataq otağı, bir köməkçi otaq, bir mətbəx və digər yardımçı sahələrdən ibarətdir. Ev inşa olunduqdan sonra iddiaçı cavabdehlə və azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Məhkəmə kollegiyası hesab edir ki, evin özbaşına tikili olması, iddiaçının bu ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 135, 146, 166, 178, 180-ci maddələri tətbiq edilməklə iddiaçının həmin evdə yaşamaq hüququndan məhrum edilməsi üçün əsas ola bilməz. Mübahisəli ev iddiaçının faktiki yaşadığı mənzil olmaqla daimi yaşayış yeridir və onun başqa yaşayış sahəsinin olmasına dair iş materiallarında hər hansı sübut yoxdur. Əksinə, cavabdeh məhkəmə iclasında izahat verərkən özünün nikahdan əvvəl əldə olunmuş mənzili (yaşayış sahəsi) olduğunu etiraf etdi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli yaşayış evinə iddiaçının mülkiyyət hüququnu müəyyən edən, cavabdehin isə həmin evə əmlak hüquqları olmasını istisna edən halların müəyyən edilmədiyini qeyd etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində və iddiaçının müvafiq icra hakimiyyəti orqanı ilə bağladığı müqavilə əsasında inşa olunmuşdur və bu baxımdan onun həmin tikiliyə mülkiyyət hüququ ilə bağlı qanuni gözləntiləri var. Cavabdehin mübahisəli evə olan əmlak hüquqları onun iddiaçı ilə ailə münasibətlərindən, iddiaçının ailə üzvü olmasından və iddiaçının əmlak hüquqlarından irəli gəlir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Oxşar qayda hazırda qüvvədə olan Mənzil Məcəlləsində də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 158.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. X2 Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. İşdən göründüyü kimi, mübahisəli evin bələdiyyə qərarı və müvafiq icra hakimiyyəti ilə bağlanmış müqavilə əsasında nikahdan əvvəl iddiaçıya ayrılmış torpaq sahəsində birgə nikah dövründə inşa olunması, ailə münasibətləri pozulana qədər iddiaçının həmin evdə cavabdehlə və azyaşlı uşaqları ilə birlikdə yaşaması, yaşadıqları sahənin iddiaçının daimi yaşayış yeri olması, onun başqa daimi yaşayış yerinin olmaması və hazırda cavabdeh tərəfindən yaşadığı sahəyə buraxılmaması tam sübuta yetirilir. Ona görə də iddiaçı işin müəyyən edilən həqiqi hallarına əsasən və yuxarıda sadalanan maddi hüquq normaları rəhbər tutulmaqla mübahisəli evə köçrürülməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 39/2 saylı evin Cavabdeh ilə birlikdə yaşadığı hissəsinə köçürülsün və onun həmin hissədən maneəsiz istifadə etməyinə və yaşamağına maneələr törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar