Məhkəmə qərarları › İş №2(103)-7289/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7289/2021

11.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7289/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh, eləcə də müstəqil tələb irəli sürməyən 3-cü şəxs T.Vəliyevanın nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları - 09.05.2005-ci il təvəllüdlü X3 və 09.05.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən iki mərtəbəli, 2 otaq, 2 dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(001)-1065/21) iddia təmin olunaraq İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan 09.05.2005-ci il təvəllüdlü X3 və 09.05.2008-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, birgə münasibətlərindən 09.05.2005-ci il təvəllüdlü X3 və 09.05.2008-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri ilk vaxtlar normal olsa da, bir müddətdən sonra pozulmağa başlamışdır. Ailə münasibətləri pozulanadək Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən sənədsiz özbaşına tikili olan 2 mərtəbəli, ümumi sahəsi 38,88 kv.m olan, cəmi 2 otaq, 2 dəhliz və 1 sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh münasibətləri pozulduqdan sonra onu min bir bəhanə ilə evdən çıxartmaq istəmiş və sonunda istəyinə nail olmuşdur. Əlavə olaraq qeyd edir ki, geyimlərini götürməyə getdiyi zaman cehiz əşyaları olan soyuducu və paltaryuyan maşının evdə olmadığını görmüşdür. Cavabdeh isə bacısının onları öz evinə apardığını bildirmişdir. Dəfələrlə həmin evə qayıtmağa çalışsa da, cavabdeh onu evə buraxmamışdır. O, evsiz qalmışdır. Azyaşlı uşaqları onun himayəsindədirlər. İddiaçı birinci instansiya məhkəməsində izahat verərkən iddiasını müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, onun bütün cehiz əşyaları mübahisəli evdədir və uşaqlarının ikisi də həmin evdə qeydiyyatdadır. Ev özbaşına tikilidir və heç bir hüquqi sənədi yoxdur. Ev vəfat edən baldızının evi olmuşdur. O, 2014-cü ildən orada yaşamış, 2020-ci ilin iyun ayında ordan çıxmışdır. Əvvəllər, yəni 2014-cü ildə qaynatası və baldızı həmin evdə onunla birlikdə qalmışdır. Cavabdehin ikinci, onun isə birinci nikahı olmuşdur. Cavabdeh ona və uşaqlara qarşı çox təhqirlər etmişdir. O, 15 il bu vəziyyətə dözmüşdür. Uşağı nitq qüsurludur. Cavabdeh yemək üstündə uşağa qarşı sərt ifadələrdə istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin olunmasını xahiş edir. Həmçinin bildirmişdir ki, iş materiallarında müvafiq dövlət idarələrinə etdikləri sorğuların cavabı vardır. İcra Hakimiyyətinin sorğuya verdiyi cavab ilə həmin tikilinin qanunsuz tikili olduğu sübut olunur. Cavabdehin övladları həmin mənzildə pasport qeydiyyatındadırlar. Bu da həmin evdə onların yaşadığını sübut edir. İddiaçı iddia ərizəsində nikahlarının pozulmasını yox, münasibətlərinin pozulmasını qeyd etmişdir. Qeyd olunan sosial kirayə müqaviləsinə aid normalar Konstitusiya Məhkəməsinin plenum qərarlarında sadalanır. Həmin qərarlarda hüquqmüəyyənedici sənədləri olan əmlaklar üçün bu normalara istinad nəzərdə tutulmuşdur. Sorğulara verilən cavablara əsasən müəyyən edilmişdir ki, həmin mənzil özbaşına tikili statusuna malikdir. 2014-cü ildən 2020-ci ilədək faktiki olaraq həmin mənzildə yaşamışlar. Təmir və yaxşılaşdırmada iştirak etmişlər. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçının başqa qalacaq yeri yoxdur. Bacısının şəraitsiz bir otaqlı evində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının mübahisəli evə rəsmi pasport qeydiyyatı yoxdur. İddiaçı tələbini əsaslandırmaq üçün sosial kirayə müqaviləsinin normalarına istinad etmişdir. Lakin sosial kirayə müqaviləsi yoxdur. Tərəf etiraf edir ki, sözügedən mənzil qeyri-qanuni yollarla şifahi qaydada alqı-satqı yolu ilə cavabdehin bacısı tərəfindən alnmışdır. Tərəflərin nikahı ləğv edilmişdir. Cavabdehin iddiaya cavab verməsi üçün onun mübahisəli mənzillə bağlığının olması gərəkdir. İddiaçı iddia etdiyi halları sübut etməlidir. Çünki Cavabdeh həmin ünvanda yaşamır və ora ilə hüquqi bağlılığı yoxdur. Qarşı tərəf özü qeyd edir ki, evi iddiaçının bacısı almışdır. Cavabdehin həmin mənzillə hüquqi bağlılığı olsa idi belə birmənalı şəkildə Konstitusiya Məhkıməsinin qərarı vardır ki, bu mübahisələrin həlli zamanı 2009-cu ilə qədər Mənzil Məcəlləsinin 228-ci, 2009-cu ildən sonra isə Mənzil Məcəlləsinin 36-cı maddəsi ilə nizama salınır. Bayramov Novruzun cavabdeh qismində cəlb edilməsi üçün əsas yoxdur. İddia əsassızdır. Həmin evin təmsil etdiyi şəxslə heç bir bağlılığı yoxdur. Sorğulara verilən cavablarda belə həmin mənzillə cavabdeh arasında hər hansı bir bağlılığın olması müəyyən edilmir. Həmin evdə nə iddiaçı, nə də ki, onun uşaqları qeydiyyatdadır. İddianın rədd olunmasını xahiş edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş və düzgün qiymətləndirməmişdir. Mübahisəli evin ona heç bir aidiyyəti yoxdur. Ev bacısı Təranə Vəliyevaya məxsusdur və bu işdə cavabdehliyi də o daşıyır. Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs T.Vəliyevanın nümayəndəsi Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuş və bu münasibətdən yetkinlik yaşına çatmayan iki uşaqları vardır: 09.05.2005-ci il təvəllüdlü X3 və 09.05.2008-ci il təvəllüdlü X4. İddiaçının uşaqları ilə birlikdə köçürülmək istədiyi Biləcəri qəsəbəsi, A.Şəmşir küçəsi, ev 12 A ünvanında yerləşən ev faktiki olaraq özbaşına tikilidir. 09.05.2005-ci il təvəllüdlü X3 və 09.05.2008-ci il təvəllüdlü X4 həmin ünvanda qeydiyyatdadırlar. İddiaçı mübahisələndirilən evdə uzun müddət yaşadığını və cavabdeh tərəfindən münasibətləri pozulduqdan sonra 2020-ci ilin iyun ayında evdən çıxarıldığını iddia edərək hazırkı iddianı qaldırıb. Onun tələbi 2005 və 2008-ci il təvəllüdlü uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədədir. Cavabdeh tərəf evin onunla bağlı olmadığını, evin əvvəllər bacısına aid olduğunu və iddiaya cavab verməli şəxs olmadığını bildirərək iddiaya etiraz etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsini, Mülki Məcəllənin 27.2, 139.1, 180-ci maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə işin məhkəmə tərəfindən araşdırılmalı olan mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: - qeyd edilən tikili fiziki baxımdan mövcuddurmu; - iddiaçı faktiki nikah münasibətlərində olduğu müddətdə həmin evdə yaşamışdırmı; - cavabdehin həmin evlə bağlılığı varmı. Məhkəmə müəyyən etmişdir ki, evin fiziki cəhətdən mövcud olması BRİH-nin biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş sxemlə və yetkinlik yaşına çatmayan uşaqların həmin evdə qeydiyyatda olmaları ilə öz təsdiqini tapır. Mübahisələndirilən ev özbaşına tikili olduğundan cavabdehin həmin evlə hüquqi bağlılığının rəsmi sənədlərlə təsdiq olunması onsuz da mümkün deyildir. Lakin yuxarıda qeyd edilən sxemdə göstərilən X2 cavabdehin bacısı olduğu mübahisələndirilən hal olmadığından və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının həmin evdə qeydiyyatda olmaları cavabdehin mübahisəli evlə bağlılığını dolayı yolla təsdiq edir. Eyni zamanda cavabdehin iddiaya qəti şəkildə etirazı iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneənin olduğuna dəlalət edir. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Birinci instansiya məhkəməsi sadalananlara əsasən bu qənaətə gəlmişdir ki, hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, sonradan, yaranmış vəziyyətlə əlaqədar evdən çıxmaq məcburiyyətində qalmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Cavabdehin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda uşaqları ilə birlikdə yaşadığı və birgə təsərrüfat apardıqları dövrdə yaşadıqları evlə bağlı digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir. Bundan başqa, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının faktiki ailə münasibətləri çərçivəsində birgə təsərrüfat apararaq orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Həmçinin cavabdehin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Birinci instansiya məhkəməsi yuxarıda şərh olunanları nəzərə alaraq iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, cavabdeh öz etirazında və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri mübahisəli evin ona heç bir aidiyyəti olmaması, evin hazırda Təranə Vəliyevaya məxsus olması və bu işdə cavabdehliyi də Təranə Vəliyeva daşımalı olduğu barədədir. Təranə Vəliyeva apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi müqavilələrlə bağlı qeyd edir ki, qazdan və sudan istifadə üzrə Təranə Vəliyeva ilə müvafiq dövlət orqanları arasında bağlanmış həmin müqavilələr iddiaçı evdən çıxarıldığı vaxtdan sonrakı dövrə təsadüf edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı mübahisəli evdə 2020-ci ilin iyun ayına qədər yaşamışdır. Təranə Vəliyeva ilə bağlanmış müqavilələr isə 14.12.2020-ci və 11.01.2021-ci il tarixlərdə tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar