Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-729/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə) cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-729/2023 (Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi) Bakı şəhəri 15 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(007)- 2678/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Respublika xüsusi internat məktəbində xadimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə məktəbədə müvəqqəti olaraq tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə daimi tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə 171 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tərbiyəçi vəzifəsinə bərpa olunmağı və işlədiyi 2007-ci il tarixdən 2013-üi il tarixədək ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2009-cu il tarixində Gəncə şəhəri, Azərbaycan Müəllimlər İnstitutunun İbtidai Təhsilin Pedaqoqika və metodikası fakültəsini bitirmişdir. 2007-ci il tarixdən etibarən 2013-cü il tarixədək Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tərbiyəçi müəllim vəzifəsində işləmişdir. 2013-cü il tarixdə onu cavabdeh qurumun rəhbəri X2 tərəfindən işlədiyi Bakı şəhəri, Nizami rayonu, Şərifli 3 ünvanında yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbindən heç bir əsas göstərilmədən işdən xaric olunmuşdur. İşdən azad olunmağı barədə bu günədək ona heç bir sənəd təqdim edilməmişdir. Qeyd edir ki, işlədiyi gündən işdən çıxarılan günədək o, əmək haqqı almamış, onun əmək haqqı aldığı bank kartı cavabdeh qurumun rəhbərində olmuş və işlədiyi 2007-2013-cü illər arasında ona əmək haqqı ödənilməmişdir. Bildirir ki, bu baş verən hadisə ilə bağlı o, Təhsil Nazirliyinə, Respublika Prokurorluğuna, Əmək Müfəttişliyinə və başqa orqanlara müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Prokurorluğa verilən şikayət ərizəsindən sonra Təhsil Nazirliyindən də ona cavab olaraq bildirilmişdir ki, işə bərpa ilə bağlı məhkəməyə müraciət edə bilər. Onu da qeyd edir ki, o, işdən azad ediləndə cavabdeh qurumdan ona boş vakansiyanın olmadığı bildirilmişdir, lakin Təhsil Nazirliyi tərəfindən cavabdeh qurumda aparılmış araşdırmadan sonra məlum olmuşdur ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 32 vakant iş yeri mövcuddur. Bu səbəbdən mövcud tələbə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh 3 №-li Respublika Xüsusi İnternat Məktəbinə ilkin olaraq texniki işçi kimi işə qəbul olunmuşdur. Ali təhsil haqqında sənəd təqdim etdikdən sonra isə onu tərbiyəçi müəllim vəzifəsinə əmrlə qəbul etmişlər. Məktəb rəhbəri ilə qohumluq münasibətlərində olduğundan işlədiyinə uyğun əmək haqqının alınmasına dair hesab kartı ona verilməmiş, direktorda qalmışdır. Həmin zaman həyat yoldaşı da məktəbdə texniki işdə işləmişdir. Məktəb direktorunun deməyinə görə guya ki, ona hesablanmış əmək haqqı onun hesabına ödənilmişdir. Narazılıq yaranmış, məlum olmuşdur ki, hesablanmış əmək haqqı hər ay kart hesabından çıxarılmışdır. Onun narazılığını hiss edən cavabdeh müəssisənin direktoru “bir daha işə gəlmə” deməklə əmək fəaliyyətinə xitam vermişdir. İşdən çıxma barədə sənədlərini tələb etsə də, bu günə onları əldə edə bilməmişdir. Müvafiq yoxlamalar aparılmış müəyyən olunmuşdur ki, ona əmək haqqı hesablanmışdır. Məcbur olub, səlahiyyətli orqanlara müraciətlər etmişdir. X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə etdiyi şikayətə 13 iyin 2022-ci il tarixli **********2 nömrəli cavab məktubu verilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Eyni ilə Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli M- 359/05/21 nömrəli cavabla məhkəməyə müraciət olunması bildirilmişdir. İddia ərizəsinə əlavə olunan səndələr və sübutlardan da bəlli olur kı, qanunvericiliyin müəyyən etdiyi qaydada onun səlahiyyətli orqanlara müraciətləri olmuş, qəbul edilmiş qərarlardan sonra məhkəməyə müraciət etmişdir. İddia tələbi ötürülməmişdir, ötürülmüş hesab edilsə belə, bu hal məhkəmə tərəfindən üzrlü hesab olunmalıdır. Yoxlamanın nəticələri sübut növü hesab edilməklə, ona işəgötürən tərəfindən 2007-2013-cü illər ərzində işldiyi dövr üçün əmək haqqı kartına 12000 manata yaxın vəsait köçürülsə də, o bu vəsaiti almamışdır. Hesab edir ki, ona işəgötürən tərəfindən həmin məbləğdə maddi ziyan vurulmuşdur. Bununla yanaşı, 2013-cü ildən hal-hazıradək işəgötürən məcburi şəkildə işdən çıxarmaqla, həm məcburi iş buraxmaya görə hər ay alacağı əmək haqqından da məhrum etmişdir. Hesab edir ki, tərbiyəçi müəllimin aylıq əmək haqqı məbləği müəyyən edilməklə cavabdeh ona vurulmuş zərəri tam şəkildə ödəməli və o, tərbiyəçi müəllim vəzifəsinə bərpa olunmalıdır. Cavabdeh qanunvericiliyin tələblərini pozmuş, onun əmək hüquqlarını məhdudlaşdırmış, nəticədə işsiz qalmışdır. Qeyd edilənlərə əsasən onun Sağlamlıq imkanları məhdud uşaqlar üçun 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində işlədiyi müddət ərzində 11171,89 manat məbləğində hesablanmış, lakin almadığı əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin məcburi iş buraxmaya görə tərbiyəçi müəllim vəzifəsinin orta aylıq əmək haqqı məbləği müəyyən edilməklə həmin vəzifəyə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2678/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 68, 296, 294-cü madəələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə heç bir ərizə vermədiyi halda məhkəmə iddia müddətinin təqtbiq edərək iddianı rədd etmiş və qətnamədə qeyd etmişdir ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə tərəfindən cavabdehdən iş üzrə əhəmiyyət kəsb edən sənədlər tələb edilməmiş, bağlanmış əmək müqaviləsində onun imzasının olması, aylıq əmək haqqının müqavilədə göstərilməsi halı araşdırılmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə baxışı zamanı iddiaçı nümayəndəsi-vəkilləri verilmiş apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, iddiaçıya aid şəxsi və müvafiq sənədlər 5 il saxlanılır, daha sonra məhv edilir, sənədlərin saxlanması müddəti 5 ildir. Bundan əlavə qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür, sadəcə bununla bağlı ərizə verməmişik, şifahi formada bildirmişik.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onlarn iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
15. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
16. Maddə 68 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
17. Maddə 68. 2-ci hissəsi a bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə maddi hüquq norması düzgün tətbiq etməmişdir.
27. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
28. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddia müddətini tətbiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün əmək mübahisələri üzrə müəyyən edilmiş 1 aylıq müddəti ötürlmüşdür.
29. Lakin iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verməmiş, iddia müddətinin ötürüldüyünü yalnız şifahi şəkildə bildirmişdir.
30. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddia müddəti yalnız cavabdehin verdiyi ərizə əsasında tətbiq edilə bilər. Məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edə bilməz. İddia müddətinin tətbiqi barədə ərizə isə yazılı formada olmalıdır.
32. Belə ki, “Ərizə” sözünün lüğəti mənasından da aydın olur ki, Ərizə – şəxsin müəyyən bir mövzuda düşüncə, şikayət və ya istəklərini nəzərdə tutan müəyyən formaya malik və rəsmi şəkildə yazılan müraciət formasıdır. (Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, Şərq-Qərb. 2006)
33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdehin iddia müddətinin tətbiqi barədə yazılı ərizəsi olmadığından, məhkəmə cavabdehin şifahi izahatı ilə iddia müddətinin tətbiqi edərkən qanunvericiliyin tələblərini pozmuşdur.
34. Kollegiya iddianın əsaslığı məsələsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Respublika xüsusi internat məktəbində xadimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə məktəbədə müvəqqəti olaraq tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə daimi tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə 171 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu işin mübahisəsiz haldır.
36. Hazırda iddiaçının qeyd etdiyi kimi işlədiyi dövrdə əmək haqqı almaması, heç bir əsas göstərilmədən işdən azad olunması ilə bağlı qeyd ediklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
37. Məhkəmə araşdırması zamanı da, müəyyən edilmişdir ki, İddiaçı son haqqhesabının ödənilməsini təsdiq edən sənələr, əmək haqqı ilə bağlı hesablaşma cədvəli, iş vaxtının uşot tabelləri məhv edildiyindən arxivdə aşkar edilməmişdir.
38. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş əmək kitabçasının qeydiyyat kitabının təsdiq olunmuş surətindən görünür ki, Natavan Musayeva xx.xx.2013-cü il tarixdə imza etməklə əmək kitabçasını təhvil almışdır.
39. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının 211-ci bəndinə əsasən Fondların uçotu, əmək haqqı məsrəfləri üzrə məlumatlar, əmək haqqından tutulmalar, sosial sığortaya ayırmalar, məzuniyyətlərin ödənilməsi, son haqq-hesabların verilməsi və digər bu kimi işləri özündə əks etdirən sənədlər saxlanma müddəti 5 il təşkil edir. 5 ildən sonra həmin sənədlər məhv edilir.
40. Kollegiya qeyd edir ki, iş materiallarında mövcud olan sübutlarla iddiaçının işdən azad edilməsinin qanunsuz həyata keçirilməsinə dəlalət edən hər hansı bir hal müəyyən olunmamışdır.
41. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı 2013-cü ildən hazıradək digər məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışır.
42. Qeyd olunanlar kontekstində kollegiyanın qənaəti bundan ibarətdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmrinin hazırda, yəni 9 ilə yaxın vaxt keçdikdən sonra ləğv edilməsi üçün əsas mövcud deyildir. Digər tərəfdən iddiaçının cavabdeh təşkilatda işlədiyi 2007-2013-cü illə ərzində əmək haqqı almaması, ona əmək haqqının ödənilməməsi inandırıcı olmamaqla sağlam məntiqə və ağlabatan mühakiməyə uyğun gəlmir. Və bu halda (9 ilə yaxın vaxt keçdikdən sonra) sübutetmə yükünü cavabdehin üzərinə qoyulması ədalətli və qanuni hesab edilə bilməz.
43. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2678/2022 saylı iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Namiq Cəfərov