Məhkəmə qərarları › İş №2(103)-729/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-729/2024

22.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-729/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh ASC-yə ("xxxx" ASC) qarşı iş üzrə (Açar sözlər: evin sökülərək mülkiyyətdə olan torpaq sahəsinin üzərindən götürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1, Cavabdeh ASC-in nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh ASC-yə ("xxxx" ASC) qarşı “satılmış evin sökülərək mülkiyyətində olan torpaq sahəsinin üzərindən götürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 2781/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır.

2. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən ev 37, ümumi sahəsi 153,04 kv.m., yaşayış sahəsi 77,52 kv.m olan 0.03 mülkiyyətdə olan torpaq sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evi "xxxx" X1 xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-115/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC (“Nikoyl“ İKB ASC) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 31.698,08 manat məbləğində borc pulun cavabdeh İddiaçı1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı evə yönəldilməsi, ipoteka predmeti olan bu mənzilin ilkin satış qiymətinin 52.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, qalan məbləğin cavabdeh İddiaçı1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsində yerləşən 37 saylı fərdi yaşayış evi 00.3 ha torpaq sahəsi ilə birgə xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı4 Cavabdeh ASC-yə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin guya hərracda alıb öz mülkiyyəti hesab etdiyi ünvan 1 ünvanındakı yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsinin öz hesabına sökülüb aparılması, torpaq sahəsinin boşaldılaraq ailələrinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçıla iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı yaşayış evi İddiaçı1 mülkiyyətində olmaqla yuxarıda adları çəkilən iddiaçılar hamısı həmin yaşayış sahəsində yaşayırlar. Evləri 4 otaqdan, 153.04 kv.m ümumi sahədən, 77.52 kv.m yaşayış sahəsindən və 75.52 kv.m yardımçı sahədən ibarət olmaqla hazırda da orada yaşayırlar. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidməti publik hüquqi şəxsinin vermiş olduğu ******* nömrəli, RX seriyalı, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən 0.03 ha torpaq sahəsinin üzərində o yaşayış evi vardır ki, həmin evin ətrafındakı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir, yəni torpaq sahəsini üzərində hüququn növü mülkiyyətdədir. xx.xx.2014-cü ildə cavabdeh təşkilatdan 84 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 20.500 manat kredit götürmüşdür. Həmin kreditdən 2019-cu ilin 12 iyul tarixinədək 16.126 manat ödəmişdir. Kreditin qalan hissəsini isə düşdüyü maliyyə çətinliyi ilə bağlı vaxtı-vaxtında ödəyə bilmirdi və buna görə də borcun qalan hissəsinin yaşayış evinə yönəldilməsi barədə cavabdeh təşkilat məhkəməyə müraciət etdi. Məhkəmənin gedişatı zamanı onun cavabdehə nə qədər borclu qalmağının dəqiqləşdirilməsi üçün ekspertiza təyin edildi və ekspertin xx.xx.2020-ci il tarixli rəyinə əsasən onun cavabdehə əsas borc kimi 17882,47 manat, faiz borcu üzrə 8848,68 manat, ümumilikdə 26731,15 manat borcunun olması müəyyən edildi. Həmin borcu almaq məqsədilə "xxxx" ASC borcun tələbi və onun təminin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış evinin hərracda satılması və əldə olunmuş pul vəsaiti ilə borcun bağlanması qət olunmuşdur. Bundan sonra xəbərləri və iştirakları olmadan "xxxx" MMC hərrac keçirmiş və həmin hərracın sonuncu dəgər təkrar keçirilən iclasında evləri 33.150 manat qiymətə "xxxx" ASC-yə (Cavabdeh ASC) satılmışdır. Cavabdeh təşkilat nə qədər şişirdilmiş və artıq hesablanmış olsa da, ekspertin rəyinə uyğun olaraq 31.698,08 manat borc məbləğinin evlərinin satış qiymətindən çıxarılması və qalan məbləğin onlara ödənilməsi nəzərdə tutulsa da, cavabdeh təşkilat bunu etməmişdir. Hazırda yaşadığı evin onların mülkiyyətində olmadığı, həmin evin altındakı və ətrafındakı torpaq sahəsinin isə mülkiyyətində olması barədə əlində əsaslar vardır. Belə olan halda onlara məxsus olmayan tikilinin onların mülkiyyətindəki torpaqda qalması həmin torpaq sahəsindən öz mülahizinə uyğun istifadə etməyə imkan vermir və beləliklə, bu hal torpaq üzərində onların mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

7. İddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, "xxxx" ASC-nin guya hərracda alıb öz mülkiyyəti hesab etdiyi ünvan 1 ünvanındakı yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsinin öz hesabına sökülüb aparılması, torpaq sahəsinin boşaldılaraq ailələrinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 2781/2023 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır.

10. Məhkəmə göstərmişdir ki, iddia üzrə iddiaçılar özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.

11. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd edilən tikiliyə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, iddiaçıların hazırki mübahisəli yaşayış evinə dair heç bir hüquqi bağlılıqları qalmamışdır.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, ünvan 1 ünvanındakı yaşayış evi daşınmaz əmlakın dövlət reystrindən qeydiyyatdan keçməklə hal-hazırda cavabdehin mülkiyyətində olduğundan iddia tələbi təmin edilə bilməz.

13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabix Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normasını düzgün tədbiq etməmişdir. Ev bankın vasitəsilə hərracda alındığı zaman torpaq sahəsinin müqabilində alqı-satqı həyata keçirilməmiş, torpaq onların mülkiyyətində qalmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində torpaq sahəsinin də ipoteka ilə yüklü olduğu göstərilmişdir.

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə İddiaçı1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı ona münasibətdə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşdən görünən odur ki, İddiaçı1 mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh bankın xeyrinə yüklü edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası mərhələsində hərrac təşkil edilmiş və cavabdeh bank əmlakı hərracdan əldə etmişdir.

28. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, A.Babayev küçəsi, 37 saylı fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh ASC-nin adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

29. Göründüyü kimi, həm fərdi yaşayış evi, həm də torpaq sahəsi hazırda cavabdehin mülkiyyətindədir. İddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 2781/2023 nömrəli qətnaməsi həmin iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar