Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7298/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «UĞUR GROUP İNŞAAT” MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək Nəsimi rayon məhkəməsinin bu iş üzrə qəbul etdiyi qərardadı ləğv edilib, işin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın məhkəməyə verilməzdən əvvəl cavabdehə müvafiq tələblə müraciət etməsinə dair hər hansı sübut iddia ərizəsinə əlavə edilmədiyinə görə iddia ərizəsini geri qaytarsada iddia ərizəsində bu barədə göstərilmiş açıqlamalara əhəmiyyət verməmişdir. İddia ərizəsində göstərilənlərdən də göründüyü kimi cavabdeh "xxxx" MMC-nin rəhbəri, yəni müqaviləyə imza çəkib ödənişləri bank hesabı vasitəsilə qəbul edən cənab X2 ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan başqa nəzərə almaq lazımdır ki, cavabdeh ilə bağlanmış müqavilə üzrə hansısa bir iş görülməmişdir. Yəni burda hansısa işin icraatı yoxdur ki, o cavabdehlə işin qaydaya salınması barədə hansısa razılığa gələ bilsin. Cavabeh iş görmək üçün pulunu alıb və evini söküb aparmaqdan başqa heç bir iş görməyib. Bundan başqa isə, iddia ərizəsində də göstərdiyi kimi cavabdeh onların əlaqə saxlamağı üçün mümkün olan bütün vasitələri kəsmişdir və buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki iddia ərizəsi təkcə müqavilənin ləğvindən ibarət deyil. İddia ərizəsində cavabdeh tərəfindən evindən sökülüb aparılmış malların əvəzinin geri qayatarılmasını və həmin malların icazəsiz aparılmasında cinayət əməlinin olub-olmaması məsələsinə baxılması da xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya işin hallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməzdən əvvəl cavabdehə müvafiq tələblə müraciət etməsinə dair hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilib-edilməməsi məsələsini müəyyən etmək mümkün olmamışdır. Halbuki iddiaçı və cavabdehin tərəf olduqları xx.xx.2022-ci il tarixli müqavilənin 12.1-ci və 12.2-ci bəndlərinə əsasən, müqavilənin icrası zamanı meydana çıxan bütün narazılıq və mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir. Qarşılıqlı razılıq əldə edilmədikdə mübahisələr bu müqavilə üzrə yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Bu Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyəqədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilən maddələrin mətnindən aydın olur ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsi yalnız o halda məcburidir ki, bu müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş olsun. Qeyd edilənlərə uyğun olaraq kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun izah edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4755/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7298/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7298/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver