Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-730/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X3 və X2 qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair ilk iddiasına, Cavabdeh1 iddiaçıya qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2021-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, ilk iddia üzrə İddiaçı iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər A.Rufullayeva və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı və Bakı şəhəri, Yasamal Rayonu, Qırmızı Şərq küçəsi (Hərbi Şəhərcik), ev 303-də yerləşən 24 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçı, Nümayəndə1 ilə nikaha daxil olduqdan 6 il sonra öz vəsaiti hesabına almışdır. Buna baxmayaraq, mənzil, “Daşınmaz əmlakın dövlət reyestrində” Nümayəndə1 adına qeydə alınmışdır. 28.09.2017ci il tarixdə Nümayəndə1 mənzili onların övladlarına – iş üzrə cavabdehlərə bərabər paylar ilə bağışlamışdır. Buna baxmayaraq iddiaçı mənzildə yaşamaqda davam etmişdir. Bundan təxminən 3 il sonra iddiaçı ilə Nümayəndə1 nikahı məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra, cavabdehlər, anaları Nümayəndə1 təkidi ilə iddiaçını mənzilə buraxmamışlar. İddiaçının başqa yaşayış yeri yoxdur. Odur ki, mübahisəli mənzilə köçürülməsini xahiş edir İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Bundan sonra, cavabdehlər iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin anası, iddiaçının isə keçmiş arvadı Nümayəndə1 həmin mənzili cavabdehlərə bağışlamışdır. Cavabdehlər mənzilin bərabər hissələr ilə mülkiyyətçiləridir. Valideynləri arasında nikah pozulduqdan sonra iddiaçı ilə ailə münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən də iddiaçının mübahisəli mənzildə yaşamasının hüququ əsası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən aradan qalxmışdır. Göstərilənlərə əsasən ilk iddia rədd edilməli və iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.09.2021-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, iddiaçının mübahisəli mənzilə köçülməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh L. Rufullayevanın vəkili (nümayəndəsi) Nümayəndə2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O əlavə olaraq bildirmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı artıq ikinci dəfə ailə qurmuşdur bu hal özü də təsdiq edir ki, iş üzrə tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən də iddiaçının mübahisəli mənzildə yaşamasının hüququ əsası aradan qalxmışdır. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, ikinci dəfə nikaha daxil olsa da, bu hal ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz, çünki mübahisəli mənzil onun yaşayış yeri sayılır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və tərəflərin bildirdiklərindən müəyyən edilir ki, İddiaçı ilə Nümayəndə1 08.02.1984-cü il tarixdə nikaha daxil olmuşlar. Nikahdan onların iki övladı duğulmuşdur – hazırki iş üzrə cavabdehlər Aygün Rufullayeva və Laman Rufullayeva. Mübahisəli olan və Bakı şəhəri, Yasamal Rayonu, Qırmızı Şərq küçəsi (Hərbi Şəhərcik), ev 303-də yerləşən 24 saylı mənzil “Daşınmaz əmlakın dövlət reyestrində” Nümayəndə1 adına 04.01.1997-ci il tarixdə qeydə alınmışdır və bu barədə MH seriyalı, 052182 saylı “Qeydiyyata vəsiqəsi verilmişdir. Nümayəndə1 ilə Laman Rufullayeva və Aygün Rufullayeva arasında 28.09.2017-ci il tarixdə Bakı Şəhəri 12 saylı Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-356 № altında qeydə alınmış “Daşınmaz əmlakın bağışlama müqaviləsindən” görünür ki, Nümayəndə1 mənzili cavabdehlərə bərabər paylar ilə bağışlamışdır. Müqavilədən görünür ki, müqavilə bağlanan zaman hazırki iş üzrə İddiaçı cavabdeh Aygün Rufullayevanın ona verdiyi etibarnamə əsasında sonuncunu notariat orqanında təmsil etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışdan görünür ki, mənzil, xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi cavabdehlərin adına 24.04.2019-cu il tarixdə qeydı alınmışdır. Cavabdehlərin hər birinin payı mənzilin 1/2 hissəsi təşkil edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli qətnaməsindən (İş № 2(004)-3898/2020) görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Nümayəndə1 arasında olan nikahın pozulması qət olunmuşdur. Mübahisəli mənzilin yerləşdiyi binaya xidmət göstərən 2 nömrəli Mənzil İstismar Sahəsi tərəfində verilmiş 08.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, yuxarıda qeyd edilmiş “Daşınmaz əmlakın bağışlama müqaviləsini” bağlandıqdan sonra iddiaçı həmin mənzildə yaşamaqda davam etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, ilk iddianın əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsi, qarşılıqlı iddianın əsasını isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təşkil edir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edilən maddi hüquq normalarının hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehlərin valideynləri olan Nümayəndə1 ilə İddiaçı arasındakı nikah 25.11.2020-ci il tarixdə pozulsa və onların arasındakı etibarlı ailə münasibətlərinə xitam verilsə də, İddiaçı cavabdehlərin valideyni olmaqda qalır, onunla cavabdehlər arasında etibarlı ailə münasibətləri mövcuddur. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli mənzil 28.09.2017-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsinə” əsasən cavabdehlərin mülkiyyətinə keçən zaman cavabdehlərə bəlli idi ki, cavabdeh, mənzildə yaşayır və müqavilə bağlandıqdan sonra cavabdehlər iddiaçının mənzildə yaşaması ilə razılaşmışlar. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırki mülki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməli, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassız hesab edilməlidir. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-730/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-730/2022
14.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver