Məhkəmə qərarları › İş №2(103)-7307/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7307/2023

06.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7307/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi məcburi işburaxma dövründə əmək haqqının, məzuniyyət pulu olaraq cəmi 3500 manat, məhkəmə xərcləri olaraq mediasiya prosesinə sərf etdiyi 50 manat, rüsum olaraq ödədiyi 101 manat, hüquqi yardım göstərilməsi ilə bağlı xərclədiyi 50 manat pul, nümayəndəlik etibarnaməsi üçün sərf etdiyi 17 manat, cəmi 218 manat, 3 aylıq müddət ərzində işsizlik və o əmrə görə iş tapa bilmədiyinə görə, bunların nəticəsində çəkdiyi mənəvi məhrumiyyətə görə, yeganə azyaşlı övladını təmin edə bilmədiyi üçün yaşayış minimumu olaraq uşağa və özünə zərf etməli olduğu pul vəsaitini borc aldığına görə 3 aylıq məhrumiyyətin 3000 manat mənəvi ziyan ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 01 noyabr 2021-ci il tarixdə 299 saylı əmək müqaviləsi bağlanmış və 17 fevral 2022-ci il tarixdə 280/22 saylı əmrlə cavabdeh onunla bağladığı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ‘ç’' bəndi ilə xitam verilmişdir. Aylıq əmək haqqısı 1100 (min yüz manat) olmuşdur. Cavabdehlə aralarında danışıqlar və araşdırmalar aparılmış, cavabdehdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsnin “a”, 69.1-ci bəndi ilə (tərəflərin birinin təşəbbüsü, işçinin ərizəsi ilə) xitam verilməsi barədə əmr verilməsi xahiş və tələb edilmişdir. Mediasiya prosesindən keçilmiş və arayış əldə edilmişdir. 17 fevral 2022-ci ildən 13 may 2022-ci il tarixinə kimi işdən uzaqlaşdırılmış, nəhayət xx.xx.2022-ci il tarixli 290- 1/22 saylı əmrlə cavabdeh xx.xx.2022-ci il tarixli 290/22 saylı əmri etibarsız hesab etmiş, onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işəgötürən və işçinin qarşılıqlı razılığı ilə xitam verilmiş hesab edilmişdir. Həmin əmrin verilməsinə səbəb onun xx.xx.2022-ci il tarixli ərizəsi olmuşdur. Nəticə etibarilə onunla əmək müqaviləsinə 13 may 2022-ci il tarixli əmrlə fərqli maddə ilə xitam verilsə də, (bəraətverici əsaslarla, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndininn əsasları təsdiq edilməməklə) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi məcburi işburaxmaya yol verilmiş, hüquqları pozulmuşdur. Hesab edir ki, məcburi işburaxma dövrü üçün cavabdeh tərəfindən ona aylıq vəzifə maaşı məbləğində, eləcə də həmin dövr üzrə istifadə edilməmiş məzuniyyət haqqı olaraq cəmi 3500 (üç min beş yüz) manat pul ödənilməlidir. Eləcə də, cavabdeh məhkəmə xərcləri olaraq mediasiya prosesinə sərf etdiyi 50 manat, rüsum olaraq ödədidiyi 101 manat, hüquqi yardım göstərilməsi ilə bağlı xərclədiyi 50 manat pul, nümayəndəlik etibarnaməsi üçün sərf etdiyi 17 manat, 3 aylıq müddət ərzində işsizlik və o əmrə görə iş tapa bilmədiyinə görə, bunların nəticəsində çəkdiyi mənəvi məhrumiyyətə görə, yeganə azyaşlı övladını təmin edə bilmədiyi üçün yaşayış minimumu olaraq uşağa və özünə sərf etməli olduğu pul vəsaitini borc aldığına görə 3 aylıq məhrumiyyətini 3000 (üç min) manat qiymətləndirir. 07 mart 2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, nəzərə alaraq ki, xx.xx.2022-ci il tarixdən sonra iradəsinə zidd olaraq işdən azad edilmiş, 13 iş gününə görə və 10 məzuniyyət günü hesabı ilə ona son haqq hesab ödənilmişdir, hesab edir ki, cavabdeh ona 13 iş günü işlədiyi və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi məcburi olaraq işburaxdığı dövr üzrə ayda 1100 manat əmək haqqı hesabı ilə əmək haqqısını ödəməlidir. Belə ki, cavabdeh sonradan xx.xx.2022-ci il tarixdə onu işə bərpa edərək başqa maddə ilə, yəni əmrində qeyd edilən maddəni dəyişərək qarşılıqlı razılaşma ilə onu işdən azad edib, arada qalan 3 ay müddət ərzində iradəsinə zidd iş buraxdığı dövr üzrə ayda 1100 manat əmək haqqı hesablanmaqla 3300 manat ödənilməmiş əmək haqqı hesablanması; Nəzərə alaraq 1 ay sonra, yəni 2022-ci ilin dekabr ayına kimi əmək haqqısı 1200 manat olmuş, sonradan aşağı vəzifəli işə keçirilmiş və əmək haqqısı azaldılmışdır, 10 günlük məzuniyyət hesablanarkən əmək haqqısının əvvəl yüksək olması, eləcə də məzuniyyət günü hesablanarkən cəmi xx.xx.2021-ci ildən xx.xx.2002-ci il tarixədək iş dövrü nəzərə alaraq məzuniyyət hesablanmışdır, halbuki cavabdeh məzuniyyət hesablayarkən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 6,5 il üçün məzuniyyət günü hesablamalı və əmək haqqısının ilk iş ayı yüksək, yəni 1200 manat olmasını nəzərə almamışdır, hesab edir ki, mütəxəssis olmağını nəzərə alaraq 30 günlük məzuniyyət qanunla nəzərədə tutulduğundan ona 10 gün üçün deyil 16 gün üçün əmək məzuniyyəti hesablanması; Məhkəmə xərcləri olaraq mediasiya prosesinə sərf etdiyi 50 manat, rüsum olaraq ödədiyi 101 manat, hüquqi yardım göstərilməsi ilə bağlı xərclədiyi 50 manat pul, nümayəndəlik etibarnaməsi üçün sərf etdiyi 17 manat cəmi 218 manat məhkəmə xərcləri ödəməsi; 3 (üç) aylıq müddət ərzində işsizlik və o əmrə görə iş tapa bilmədiyinə görə, bunların nəticəsində çəkdiyi mənəvi məhrumiyyətə görə, yeganə azyaşlı övladını təmin edə bilmədiyi üçün yaşayış minimumu olaraq uşağa və özünə sərf etməli olduğu pul vəsaitini borc aldığına görə 3 aylıq mənəvi məhrumiyyət əvəzi olaraq 3000 (üç min) manat mənəvi ziyan ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı məcburi işburaxmaya görə pul kompensasiyasının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı nümayəndə və vəkili Vəkil tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3847/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eləcə də, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar prosessual müddətin buraxılmamış hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin 2(009)-586/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə razılaşmayaraq, xx.xx.2023-cü il tarixində qətnamədən şikayət vermə müddətini ötürməyərək (qətnamə xx.xx.2023-cü il tarixində elektron kabinetdə yerləşdirilmişdir) tərəfindən apellyasiya şikayəti qoşma sənədlərlə birlikdə (order, etibarnamə, dövlət rüsumunun ödənilməsi barədə qəbz və s.) elektron kabinet vasitəsilə qeyd edilən iş üzrə şikayətlər bölməsində yerləşdirilmişdir. Lakin apellyasiya instansiyası apellyasiya şikayətinə tələb olunan bütün sənədlər əlavə edilməsinə baxmayaraq, şikayətə əlavə olunmuş etibarnamənin müddətinin bitməsini əsas gətirərək, halbuki işə yeni etibarnamə də əlavə edilmişdi, apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş və şikayətin geri qaytarılması üçün mülki işi birinci instansiya məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə razılaşmayaraq, xx.xx.2023-cü il tarixində qeyd edilən qərardaddan Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti göndərilməsi üçün şikayət qeyd edilən iş üzrə elektron kabinetə yüklənmişdir. Lakin bu zaman apellyasiya instansiyası MPM-in 407.3 və 407.4- cü maddələrinə istinad edərək şikayətə onu imzalamış vəkilin iddiaçıya kassasiya instansiyasında hüquqi yardım göstərilməsi ilə bağlı order əvəzinə apellyasiya instansiyasında hüquqi yardım göstərilməsi ilə bağlı orderin əlavə edilməsini əsas gətirərək şikayətin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli qərardad çıxarmışdır. Tərəfindən daha sonra xx.xx.2023-cü il tarixli qərardaddan xx.xx.2023-cü il tarixində kassasiya şikayəti göndərilmişdir. Baxmayaraq ki, kassasiya şikayəti verilən zaman şikayətə həm yeni etibarnamə, həm də iddiaçıya kassasiya instansiyasında hüquqi yardım göstərilməsi barədə order əlavə edilmişdi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərar çıxarılaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3847/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İlk apellyasiya şikayəti verilən zaman prosessual müddətin ötürülməməsini də nəzərə alaraq (qətnamə xx.xx.2023-cü il tarixində elektron kabinetdə yerləşdirilmişdir), məhkəmənin 2(009)- 586/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilməsini mümkün hesab edərək, apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı nümayəndə və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini, Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş şikayətin mümkün hesab edilərək, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə hazırda iddiaçının nümayəndəsi və vəkili tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Daha sonra həmin qərarda qeyd edilmişdir ki, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Kollegiya Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3847/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək qaytarılması ilə bağlı iddiaçı tərəfin bildirdiyi “etibarnamənin iş materiallarına əlavə edilməsi” dəlili ilə bağlı qeyd edir ki, bu hal elektron kabinetdə öz əksini tapmamışdır. Həmçinin qeyd olunmalıdır ki, sözügedən məhkəmə aktı kassasiya instansiyası məhkəməsində də mübahisələndirilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Odur ki, şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Belə ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndə və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar