Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7308/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Quliyeva) Mətanət Vəli qızına və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, paylı mülkiyyət, istifadəyə yaradılan maneələrin aradan qaldırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Y. Mürsəlov küçəsi 26 saylı fərdi yaşayış evi xx.xx.1996-cı il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmiş, 2 saylı DNK tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 2v-1-112 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X5 adına qeydiyyata alınmış, 2 saylı DNK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 1/3 hissədə İddiaçı, 2 saylı DNK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 2/3 hissədə Cavabdeh3 adlarına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri 46 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli 4Ə-01 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 özünə məxsus payı Cavabdeh1 bağışlamış, həmin hissə sonuncunun adına qeydiyyatdan keçmişdir.
3. İddiaçı Cavabdeh3 bacısı, Cavabdeh1 Cavabdeh3 oğlu, Mətənat Hüseynova isə onun (Cavabdeh3) həyat yoldaşıdır.
4. Cavabdeh3 İddiaçı qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın etibarsız sayılması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı Cavabdeh1, Cavabdeh3, X4, Cavabdeh2, X7 və X6 qarşı “ümumi paylı mülkiyyətdə olan evdə qanunsuz inşa edilmiş tikililərin sökülməsi, evin çıxarış və texniki vəziyyətdə göstərilən ilkin vəziyyətə gətirilməsi, ondan sonra onun payının naturada bölünməsi, həmin evin bir hissəsinin kirayəyə verilməsi nəticəsində gəlirdən onun payına müvafiq 1/3 hissənin verilməsi, cavabdehlərin ümumi mülkiyyətdən çıxarılması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin iş üzrə məhkəmələr müəyyən etmişlər ki, Bakı şəhəri, Səbail rayonu, Y. Mürsəlov küçəsi 26 saylı fərdi yaşayış evinin 1/3 və 2/3 hissədə naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 1/3 hissəsinin mülkiyyətçisi olduğu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi 26 saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi 26 saylı evin 1/3 hissəsi onun, 2/3 hissəsi isə cavabdehlərdən biri olan Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzilin 1/3 hissəsinin ona məxsus olması barədə DƏDRX-dən xx.xx.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Mülkiyyətçi kimi eyni hüquq və vəzifələrə malik olsa da, ondan fərqli olaraq iş üzrə cavabdehlər həmin evdə yaşayırlar. Cavabdehlər tərəfindən ona və ailə üzvlərinə qarşı edilən təhqir və əsassız mübahisələrdən bezərək xeyli maddətdir ki, evində yaşamır. İndi başa düşür ki, o, evindən kənar durduqca cavabdehlər ona aid hissədən də sanki onlara aid imiş kimi istifadə edirlər. Başa düşür ki, iş üzrə cavabdehlər ona və ailə üzvlərinə qarşı qəsdən bu cür süni maneələr yaradırlar ki, onu və ailə üzvlərini evindən uzaq tutsunlar. Buna də nail olublar. Cavabdehlərə görə evinə daxil ola bilmədiyindən mülkiyyətindən istifadə edə bilmir. Paylı mülkiyyətləri tək cavabdehlərə məxsus imiş kimi yalnız onlar sözügedən evdən istədikləri kimi istifadə edirlər. Artıq neçə ildir ki, cavabdehlər süni maneələrlə onu mülkiyyətindən məhrum ediblər. Halbuki o da cavabdehlərdən biri olan Cavabdeh1 kimi sözügedən evin paylı mülkiyyətçisidir. Zorla evinə daxil ola bilmir, məhz bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh3 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək aşağıdakıları bildirmişdir: “İddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar həqiqəti əks etdirməyən hallardır. Belə ki, işin faktiki halı bundan ibarət olmuşdur ki, iddiaçı ilkin olaraq qeyd edilən mübahisəli mənzilin naturada bölünməsini tələb etmiş, lakin məhkəmə tərəfindən iddia tələbi rədd edilmişdir. Bundan əlavə, iddiaçı ilə cavabdehlər arasında müxtəlif vaxtlarda fərqli predmetlərdə məhkəmə mübahisələri olmuşdur (mənəvi zərərin ödənilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və s. tələbə dair). Həmçinin Cavabdeh3 qarşı iddiaçının əri X8 tərəfindən dələduzluq cinayəti törədilmiş, sonuncunun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət məsuliyyətindən azad edilmişdir. İddiaçının həyat yoldaşı tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olaraq Nizami rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə tərəfindən qeyd edilən iddia tələbi təmin edilmiş və X3 11 000 ABŞ dollarının və 5000 manat məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. Göründüyü kimi iddiaçı və onun yaxın ailə üzvlərinin cavabdehlərə qarşı qərəzli mövqeyi vardır və bu səbəbdən də, qərəzli olaraq tərəflər arasında münaqişə yaradılması üçün hazırda yaşayış evinə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı qanunvericilikdə ona verilmiş digər hüquqlarından istifadə etməyərək qanunsuz olaraq tərəflər arasında münaqişə və mübahisənin yaranmasına nail olmağa çalışır. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Eyni zamanda, iddiaçının bir neçə yaşayış evləri (mənzilləri) var və daimi olaraq Keşlə qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Göründüyü kimi qanunvericilikdə konkret olaraq əmlakın naturada bölgüsü qeyri-mümkün olduqda şəxsin əmlakdakı payının dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik olması qeyd edilmişdir. Lakin iddiaçı qeyd edilən hüququndan istifadə etməyərək mübahisəli mənzildə yaşayan digər şəxslərə maneə yaratmaq, tərəflər arasında münaqişə və mübahisənin yaranmasına nail olmaq məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və bu səbəbdən də qeyd edilən iddia tələbi məhkəmə tərəfindən rədd edilməlidir”.
10. Birinci instansiya məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
11. Məhkəmə öz qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 26-cı, Mülki Məcəllənin 152.1-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Y. Mürsəlov küçəsi 26 saylı ev iddiaçının paylı mülkiyəti olduğundan, o, həmin evə köçürülməlidir.
12. Qətnamədən Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkili) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Hər iki apellyasiya şikayəti Cavabdeh3 iddia tələbinə etirazının məzmununa uyğun əsaslandırılmış, məhkəmənin, iddiaçı ilə digər mülkiyyətçilərin birgə yaşamalarının mümkün olmadığını nəzərə almadığı, maddi hüquq normasının düzgün tətbiq edilmədiyi, işin bütün faktiki hallarının aydınlaşdırılmadığı irəli sürülmüşdür.
Apellyasiya şikayətinə etiraz
14. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər Cavabdeh2 isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
24. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
25. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
26. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
27. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
28. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
29. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, həm iddiaçı, həm də Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Y. Mürsəlov küçəsi 26 saylı evin paylı mülkiyyətçiləridirlər.
41. Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək evə köçürülməsini tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1328/2023 saylı iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə