Məhkəmə qərarları › İş №2(103)-731/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-731/2024

20.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-731/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3192/2023 saylı 6 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Təchizat bölməsinin rəisi vəzifəsində çalışmışdır. QSC-nin İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri ixtisar edilmişdir. Beləliklə 13-1/3-10-19994/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixli qərarına əsasən, tərəflərin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə Həmkarlar İttifaqının etiraz etmədiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra iddiaçı adlandırılacaq) cavabdeh "xxxx" QSC-yə (bundan sonra cavabdeh adlandırılacaq) qarşı “işə bərpa və məcburi iş buraxmaya görə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit ixtisasi üzrə təhsil almış və həmin ildə təyinatla indiki "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. 1998-ci ildən Cəmiyyətin Bakı Dəmir Yol idarəsində əmək fəaliyyətinə başlamış və 2003-cü ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləmişdir. 2003-cü ildən isə “Yolnəqliyyatservis” Departamentində departamentin tender üzrə baş mütəxəssisi, 2004cü ildə investisiya şöbəsinin satınalmalar sektorunun müdiri, 2007-ci ildə isə həmin şöbənin rəisi, 2015-ci ildə isə satınalmalar işinin təşkili şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2016-cı il ildə isə öz xahişi ilə işdən azad olunmuşdur. O, xx.xx.2017-ci il tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və yenidən əmək fəaliyyətinə Cəmiyyətdə davam etdirmişdir İşlədiyi müəssisə və idarələrdə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtlı-vaxtında yerinə yetirmiş, işlədiyi müddətdə işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamışdır. Əksinə dəmir yollarının infrastruktur inkişafındakı xidmətlərinə görə rəhbərlik tərəfindən fəxri fərmanlarla, həmişə əmək haqqından əlavə pul mükafatları ilə təltif edilmişdir. Lakin bu yaxınlarda ona məlum olmayan səbəblərdən 26 may 2023-cü il tarixli 13-1/3-10-19994/2023 nömrəli əmrlə onun tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndınə əsasən ləğv edilmişdir. Hesab edilir kı, barəsində cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş 26 may 2023-cü ıl tarixli 13-1/3-10- 19994/2023 nömrəli işdən azad edilməsi barədə əmri qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b" və “c" bəndləri, 58-ci maddəsi, 69cu maddəsinin 7-ci hissəsi, 76-cı maddəsinin, 77-ci maddəsinin 2-ci və 3-cü hissəsi, 78-ci mədəsinin 2-ci hissəsinin 4-cü bəndi, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndi və 80-ci mədəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir

4. Cavabdeh "xxxx" QSC iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin maddələrinin bir qisminin hazırki işlə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrini qeyd etmiş və maddənin dispozisiyasını əlavə etmiş, lakin qeyd edilən maddələrin ADY tərəfindən hansı formada pozulduğunu qeyd etməmişdir. İddiaçının tutduğu vəzifə və işlədiyi struktur qurum ixtisar olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ona xəbərdarlıq məktubu həm elektron poçt vasitəsilə, həm də şəxsən təqdim edilmişdir. Şəxsən təqdim edilmiş xəbərdarlıq məktubunu almaqdan imtina etmiş və bununla bağlı akt tərtib olunmuşdur. Elektron poçt ünvanına göndərilmiş xəbərdarlıq məktubu ilə isə tanış olmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə münasibətdə isə ADY tərəfindən ona hər hansı bir məhdudiyyət qoyulmamış, həftənin bir günü ona iş axtarmaq üçün imkan yaradılmışdır. Bunun əksi olaraq iddiaçıya bu imkanın yaradılmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Daha sonra iddiaçının qeyd etdiyi Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə münasibətdə isə bildiririk ki, Əmək Məcəlləsinin qeyd edilən maddəsində göstərilən tələb imperativ norma deyildir və bu işəgötürən üçün hər hansı bir vəzifə yaratmır. Bundan başqa iddiaçının tutuduğu vəzifə və işlədiyi struktur qurumda olan bütün ştatlar ləğv olunduğundan burda hər hansı üstünlükdən söhbət gedə bilməz. Həmçinin, bildiririk ki, ştat ixtisarı həyata keçirildikdən sonra iddiaçıya ADY-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin Təhlili və palanlaşdırma şöbəsində aparıcı mütəxəssis vəzifəsi təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq ADY tərəfindən üstünlük hüququnun tanınması kimi qiymətləndirilə bilər. Bu qeyd olunan fakt, özü özlüyündə həmçinin iddiaçının “işdən azad olunarkən onun işdə saxlanılması məsələsi ümumiyyətlə müzakirə olunmadı” dəlilini də təkzib edir. Bundan başqa, iddiaçı tərəfindən qeyd edilən “cavabdeh qurumda işçilərin sayının ixtisar halı olmamışdır” dəlilinə qiymət verərək qeyd edirlər ki, ADY-də son dövrlərdə aparılan kadr islahatının və ADY-nin İnfrastruktur departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin aparatının ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən iddiaçının tutduğu bölmə rəisi ştatı ixtisar olunmuşdur. Aparılmış ixtisar nəticəsində həyata keçirəcək işin xüsusiyyətləri və iş funksiyası tamamilə fərqli olan başqa bir struktur qurum olaraq Təchizat və anbar təsərrüfatı şöbəsi yaradılmışdır. Yeni yaradılmış Təchizat və anbar təsərrüfatı şöbəsinin şöbə rəisi vəzifəsinin iş funksiyaları ləğv edilən şöbə rəisi vəzifəsinin iş funksiyasından tamamilə fərqləndiyindən və İddiaçı ixtisasının yeni yaradılan şöbə rəisi vəzifəsinə uyğun olmadığı müəyyən edildiyindən o, yeni yaradılan şöbə rəisi vəzifəsinə təyin olunmamışdır. Yuxarıda da qeyd edildiyi kimi ona ixtisasına uyğun olan başqa iş təklif olunsa da, o, təklif olunmuş işi qəbul etməmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3192/2023 saylı, 06 oktyabr 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tutduğu vəzifə və işlədiyi struktur qurum ixtisar olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ona xəbərdarlıq məktubu həm elektron poçt vasitəsilə, həm də şəxsən təqdim edilmişdir. Şəxsən təqdim edilmiş xəbərdarlıq məktubunu almaqdan imtina etmiş və bununla bağlı akt tərtib olunmuşdur. Elektron poçt ünvanına göndərilmiş xəbərdarlıq məktubu ilə də tanış olmuşdur.

7. Həmçinin qeyd etmişdir ki, ştat ixtisarı həyata keçirildikdən sonra iddiaçıya ADY-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin Təhlili və planlaşdırma şöbəsində aparıcı mütəxəssis vəzifəsi təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq ADY tərəfindən üstünlük hüququnun tanınması kimi qiymətləndirilə bilər. Bu qeyd olunan fakt, özü özlüyündə həmçinin iddiaçının “işdən azad olunarkən onun işdə saxlanılması məsələsi ümumiyyətlə müzakirə olunmadı” dəlilini də təkzib edir. Bundan başqa, ADY-də son dövrlərdə aparılan kadr islahatının və ADY-nin İnfrastruktur departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin aparatının ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən iddiaçının tutduğu bölmə rəisi ştatı ixtisar olunmuşdur. Aparılmış ixtisar nəticəsində həyata keçirəcək işin xüsusiyyətləri və iş funksiyası tamamilə fərqli olan başqa bir struktur qurum olaraq Təchizat və anbar təsərrüfatı şöbəsi yaradılmışdır. Yeni yaradılmış Təchizat və anbar təsərrüfatı şöbəsinin şöbə rəisi vəzifəsinin iş funksiyaları ləğv edilən şöbə rəisi vəzifəsinin iş funksiyasından tamamilə fərqləndiyindən və İddiaçı ixtisasının yeni yaradılan şöbə rəisi vəzifəsinə uyğun olmadığı müəyyən edildiyindən o, yeni yaradılan şöbə rəisi vəzifəsinə təyin olunmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.5, 42.1, 45.1, 69.1, 69.7, 80.2, 296.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3192/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehin nümayəndəsinin mövqeyindən çıxış edərək, işdə olan sübutlara, faktlara münasibət bildirmədən qanuna zidd qətnamə qəbul etmişdir. Ümumiyyətlə, o, işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. İş materiallarında olan 06 mart 2023-cü il tarixli ştat cədvəlindən çıxarışdan görünür ki, cavabdeh qurumda işçilərin sayının ixtisar olunması halı olmamışdır. Belə ki, həmin ştat cədvəlindən çıxarışdan görünür ki, təchizat bölməsini ləğv edərək, əvəzində təchizat və anbar təsərüffatı şöbəsi yaradılmışdır. Bu prosesdə, bölmənin 6 (altı) ştat vahidi ixtisar edilsə də, yeni yaradılmış, adı və vəzifə funksiyaları demək olar ki, eyni olan bir şöbəyə 6 (altı) nəfər ştat vahidi əlavə edilməklə yeni işçilər işə götürülmüşdür. Əvvəlki, Cəmiyyətin İnfrastruktur Departamentinin Təchizat bölməsində 6 (altı) nəfər ştat vahidi 1 (bir) bölmə rəisi, 1 (bir) bölmə rəisinin müavini, 2 (iki) mütəxəssis və 2 (iki) yardımçı fəhlə vəzifələri mövcud olmuş, həmin Cəmiyyətdə yeni yaradılan İnfrastruktur Departamentinin Təchizat şöbəsində 6 (altı) nəfər ştat vahidi üzrə rəis 1 (bir), şöbə rəisinin müavini 1 (bir), aparıcı mütəxəssis 1 (bir) və 3 (üç) mütəxəssis vəzifələri öz əksini tapmışdır. Onu da qeyd etmişdir ki, cavabdeh qurum tərəfindən burada da ayrı-seçkiliyə yol verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixində onun məzuniyyətdə olduğu vaxtda İnfrastruktur Departamentinin Təchizat bölməsində yalnız rəis vəzifəsində işləyən ona göndərilmiş, lakin həmin bölmədə çalışan digər əməkdaşlara bölmə rəisinin müavininə, mütəxəssisə və yardımçı fəhləyə isə göndərilməmişdir. Qeyd edilənlərdən görünür ki, Cəmiyyətin ümumi işçilərinin sayında hər hansı azalmaya yol verilməsə də onun həmin əsasla işdən çıxarılması tam qanunsuzdur. Bu cür əmək mübahisəsi ilə bağlı işlərdə sübutetmə vəzifəsi onun deyil, cavabdehin üzərinə düşür. Həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranırsa və ixtisarı zəruri edən hallarla bağlı sübutlar təqdim edilməlidir. Göründüyü kimi, cavabdeh qurum bu halları sübut etmək vəzifəsindən yayılmış, məhkəmə isə bu hallara qiymət verməmişdir. Buna görə o, işdən azad edilərkən bu halları araşdırmamış və nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, 1998-ci il tarixində təyinatla Dəmir Yollarına gəlmiş, 2003-cü il tarixinədək orada işləmişdir. 2003-cü ildən ona avtoyola dəvət etmişdilər və o, orada 2015-ci il tarixinə qədər işləmişdir. 2017-ci il tarixində Dəmir Yollarında təchizat şöbəsi rəisi olaraq işə başlamışdır. "xxxx" QSC-də 2017-ci ilin fevral ayından 2023-cü ilin may ayına qədər işləmişdir. O, Təchizat Şöbəsi rəisi olmuş, daha sonra sturuktur dəyişdiyinə görə Təchizat Bölməsi rəisi işləmişdir. 2023-cü il tarixində təchizat bölməsi Təchizat şöbəsi oldu. Bildirmişdir ki, təchizat bölməsi və təchizat şöbəsi eyni sturukturdur, eyni qurumdur, işçi sayı azaldılmamışdır. İxtisar sadəcə ona tətbiq olunmuşdur. Onun 3 nəfər işçisi olmuşdur, özü ilə birgə 4 nəfər işçi olublar. Adi halda 4 nəfərin hamısına ixtisar verilməli idi. Digər işçilərin hamısı öz yerində qalmışdır. Ona verilən ixtisarın heç bir əsası yoxdur. İxtisar məsələsi yalnız ona görə olmuşdur. Bildiyi qədərilə ixtisar olunmalı olan bölmə tamamilə ləğv olunmalı idi. Onu diaqnostika mərkəzinə mühəndis kimi göndərirdilər, ona görə də bu barədə öz iradını bildirmiş və imtina etmişdir. Təchizat bölmə rəisi ola-ola hər hansı yerə mühəndis kimi göndərmək onun düşüncəsinə görə düzgün deyildir. O, 4 aprelə qədər məzuniyyətdə olmuş, ona 27 martda xəbərdarlıq məktubu göndərilmişdir. O, 3-4 apreldə işdə olmalı idi. O, işdən 26 mayda azad olunmuşdur. İşdən çıxan zaman müavinətlər ona ödənilmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, təmsil etdiyi şəxsin 25 ildən çox iş stajı vardır. Hüquqlarını müdafiə etdiyi şəxs ixtisara salınan zaman cavabdeh tərəfindən iş stajı nəzərə alınmamışdır. Cavabdeh tərəfindən təmsil etdiyi şəxsə xəbərdarlıq 27 mart 2023-cü il tarixində edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuşdur ki, ən azından 9 iş həftəsi əvvəlcədən rəsmi xəbərdarlıq edilməlidir. İddiaçının 4 övladı vardır, onlardan biri 16 yaş, digəri isə 13 yaşındadır. Cavabdeh tərəf rəsmi xəbərdarlığı iddiaçının məzuniyyətdə olduğu dövrdə göndərmişdir. Ştat cədvəlinə nəzər salınsa görünər ki, təchizat bölməsi ləğv edilir və əvəzində təchizat və anbar təsərrüfat şöbəsini yaradılır. Bu prosesdə 6 ştat vahidi ixtisar edilsə də, yeni yaradılmış vəzifə funksiyaları eyni olan bir şöbəyə 6 ştat əlavə etməklə yeni işçilər işə götürülmüşdür. Təmsil etdiyi şəxsin ümumi iş stajı 25 ildən çoxdur. İşçinin ixtisarı zamanı bu hallar nəzərə alımalıdır.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" QSC dövlət müəssisəsidir və 2023-cü ildə iki dəfə ştat cədvəli təsdiq olunmuşdur. "xxxx" QSC-də yenidənqurma və optimallaşdırma işləri aparılır. Beynəlxalq auditor şirkəti tərəfindən tövsiyə olunmuşdur ki, "xxxx" QSC-də işçi sayı həddən artıq çoxdur. "xxxx" QSC-nin 19 mindən çox işçisi vardır, 2023-cü ildə 582 ştat ixtisar olunmuşdur. Bununla belə ştat sayının təqribi 12-13 minə salınması tövsiyə olunmuşdur. Mütəmadi olaraq bu cür ixtisarlar oluncaqdır. "xxxx" QSC heç bir işçi ilə qərəzli münasibət aparmır. İxtisar zamanı həmkarlar ittiqanının məktubu alınmış, eyni zamanda işçiyə 9 həftə əvvəlcədən rəsmi xəbərdarlıq edilmiş, lazimi müavinətlər ödənilmişdir. İşçinin ixtisarı zamanı hər hansı pozunti halı aşkara çıxarılmamışdır, ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. İddiaçı 2003-cü ildən 2017-ci ilə qədər X6 Demartamentində işləmişdir. X6 X1 Dövlət Agentliyinə aiddir, "xxxx" QSC-yə aid deyildir. Yeni yaranmış ştat cədvəli ilə vəzifə təlimatı dəyişmişdir. Əvvəlki məhkəmə iclasında sözügedən sənədləri tərəfindən Elektron Kabinet vasitəsilə yüklənmişdir. Ştat ixtisarı ilə işçi ixtisarı ayrı-ayrı anlayışlardır. Qarşı tərəfin dediyi işçi ixtisarı ilə bağlı olan hallardır. Mövcud ştatların siyahısı məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçıya mövcud olan ən uyğun vəzifə təklif olunmuşdur. İddiaçı 3 apreldə artıq işə çıxmışdır, 3 apreldə akt tərtib olunmuş, ona rəsmi xəbərdarlıq olunmuş, daha sonra yeni iş təklif olunmuş, o yeni işdən imtina etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

19.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 20.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 21.70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 22.71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 23.77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 24.77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 25.78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 26.79-cu maddəsinin birinci və ikinci hissələrinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 27.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 28.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 29.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

30.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 31.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 32.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. 35.Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Təchizat Bölməsinin rəisi vəzifəsində çalışmışdır. QSC-nin İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri ixtisar edilmişdir. Beləliklə 13- 1/3-10-19994/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixli qərarına əsasən, tərəflərin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə Həmkarlar İttifaqının etiraz etmədiyi müəyyən edilmişdir. 36.Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (altı təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmış, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa MMC tərəfindən xx.xx.2022-ci il tarixli, K22/2022 saylı əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya ixtisas səviyyəsinə uyğun (iş materiallarına əlavə edilmişdir) başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, o, təklif edilmiş vəzifədən imtina etdiyindən əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 37.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. 38.Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 39.Eyni zamanda, kollegiya qeyd etməyi zəruri sayır ki, iddiaçının rəisi olduğu bölmə ləğv olunmuş, bölməyə aid ştat vahidləri də vəzifə ştat cədvəlindən tamamilə çıxarılmış, aparılmış ixtisar nəticəsində həyata keçirəcək işin xüsusiyyətləri və iş funksiyası tamamilə fərqli olan başqa bir struktur qurum olaraq Təchizat və anbar təsərrüfatı şöbəsi yaradılmışdır. Belə olan halda hazırda iddiaçının də işdə qalmaq üçün üstünlük hüququnu qiymətləndirməyə ehtiyac yoxdur. Bu qayda vəzifə bir və ya bir neçə ştat vahidini nəzərdə tutduğu təqdirdə tətbiq edilir. 40.İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmadığına, tutduğu vəzifənin ixtisar edilmədiyinə dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 41.Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. 42.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 44.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3192/2023 saylı, 6 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar