Məhkəmə qərarları › İş №2(103)-7310/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7310/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7310/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-641/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli, 56640981 saylı aktın etibarsız hesab edilməsi və Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 557 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə ilə birlikdə yaşayır. Ona qazdan istifadəyə görə **********90000 abonent kodu verilmişdir. xx xxxxx 2019-cu il tarixdə cavabdehin əməkdaşları onun yaşadığı ünvanında olan sayğaca qanunsuz və əsassız akt tərtib etmişlər. Aktın tərtib edilməsi üçün əsas kimi dəyəri ödənilməmiş qaz sərfi göstərilir. Bu yaxınlarda qaz limiti bitdiyinə görə karta pul yükləmək istədikdə qaz yüklənməsi mümkünsüz olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət etdikdə isə dəyəri ödənilməmiş qaz sərfinə görə 557 manat məbləğində borcunun olduğunu bildirmişlər. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qaz sayğacının düz işləməməsinə görə məsuliyyəti cavabdeh daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 641/2020 saylı qətnaməsi ilə (hakim Samir Talıbov) iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia tələbində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o fərdi yaşayış evində yaşamaqla, qaz sayğacı evindən kənarda, yəni küçədə quraşdırılmışdır. Cavabdehin nümayəndələri xx xxxxx 2019-cu il tarixə əvvəlki sayğacını yenisi ilə əvəz etmiş, bir müddət sonra isə ona əvvəlki sayğacda problem olmasını (sayğacın mənfiyə işləməsi), bu səbəbdən də 557 manat sərfiyyat hesablanmasını, həmin pulu ödəməli olmasını bildirmişlər. Hesab edir ki, cavabdehin ondan 557 manat pul tələb etməsi qanunsuz və əsassızdır. Çünki, o, əvvəlki sayğacın yaxşı işləməməsinə görə cavabdehlik daşımır. Əgər sayğacda qüsur yaranmışdırsa, cavabdehin nümayəndələri onu vaxtında aradan qaldırmalı idi. Onun tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Məhkəməyə təqdim edilmiş abonentin saldosundan da göründüyü kimi, onun əvvəlki aylarda və illərdə heç bir borcu olmamış, işlətdiyi qazın dəyərini vaxtında ödəmişdir. Hüquqi savadı olmadığından əsassız hesablanmış pulun silinməsi ilə yanaşı, həmçinin sayğacın dəyişdirilməsi barədə xx xxxxx 2019-cu il tarixli aktın etibarsızlığı tələbini də irəli sürmüşdür. Əslində köhnə sayğacın dəyişdirilməsinə hər hansı etirazı yoxdur, lakin bu zaman ona əlavə sərfiyyat hesablanmasından narazıdır. Bu səbəbdən də məhkəmə kollegiyasından ondan qanunsuz olaraq tələb edilən 557 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, abonent kodu **********90000 olan ünvan 1 ünvanında quraşdırılmış əvvəlki sayğac yeni İTRON G-4 markalı, 1202AQ**********5 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan görünür ki, ünvan 1 (abonent kodu **********90000) ünvanında quraşdırılmış sayğaca hesablanmış borc 557,80 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı – 557 manat pul vəsaitinin silinməsi hissəsində rədd edərkən göstərmişdir ki, həmin məbləğ iddiaçının əvvəllər istifadə etdiyi, lakin dəyərini ödəmədiyi qaz borcuna aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus evdə quraşdırılmış köhnə qaz sayğacı yenisi ilə əvəz olunmuş və həmin vaxtı sayğaca hər hansı müdaxilə (kənar qoşulma və s.) faktının mövcudluğu barədə qeyd aparılmamışdır. Lakin, işdə olan abonentin saldosundan görünür ki, yeni sayğac quraşdırılandan dərhal sonra (2019-cu ilin may ayı üzrə) iddiaçıya 557 manat borc yazılmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, iddiaçıdan yalnız istifadə etdiyi qazın dəyəri tələb olunur. Belə ki, iddiaçı tərəfindən istifadə edilmiş qazın dəyəri ödənilməmiş, Cavabdeh İB-nə 557 manat ziyan vurulmuşdur. Hal-hazırda İddiaçı istifadə etdiyi təbii qazın dəyərinə görə 557 manat debutor borcu qalmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, abonentin saldosuna əsasən iddiaçının əvvəlki aylar və illər üzrə borc qalığı mövcud olmamış, saldoda qeyd edilmiş sərfiyyatlar üzrə ödənişlər həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının əvvəlki aylar üzrə borcunun olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, hansı əsasla iddiaçıya məhz yeni sayğac quraşdırılandan dərhal sonra 557 manat borc yazılmasını cavabdeh tərəf əsaslandıra və sübut edə bilməmişdir. «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, göstərilən borcun köhnə sayğacda yaranmış hər hansı qüsura görə hesablanması durumu (borcun sayğac dəyişdiriləndən dərhal sonra abonent saldosuna qeyd edilməsi bu ehtimalı gücləndirir) belə vəziyyəti dəyişdirmir. Çünki, sonradan köhnə sayğacda olan qüsurun necə və hansı şəraitdə aşkar olunması, borcun hansı qaydada hesablanması və s. Bu kimi hallar əsaslandırılmamış, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, mövcud qanunvericilik fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısının üzərinə qoymuşdur. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, iddiaçının adına yazılmış 557 manat borcun qanuni əsası müəyyən edilmir. Belə olan halda isə iddiaçının tələbi borcun silinməsi hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə həmin hissədə əsaslı və qanuni sayıla bilməz. Bu hal MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin qeyd edilən hissədə ləğvinə tam əsasdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia «xx xxxxx 2019-cu il tarixli, 56640981 saylı aktın etibarsız hesab edilməsi» hissədə əsassız olmuş, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Çünki, həmin akt «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında tərtib olunmuşdur. Eyni zamanda iddiaçı da izahatında köhnə sayğacın yenisi ilə əvəz olunmasına hər hansı etirazının olmamasını, iddianı qaldırmaqda məqsədinin məhz qanunsuz olaraq yazılmış 557 manat borcun silinməsi ilə bağlı olmasını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, yəni «əsassız hesablanmış 557 manat məbləğində borcun silinməsi» barədə tələbin rədd olunması hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələri üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddianın qiyməti 557 manatdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-641/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 641/2020 saylı qətnaməsi qismən, yəni «əsassız hesablanmış 557 manat məbləğində borcun silinməsi» barədə tələbin rədd olunması hissədə ləğv olunsun, iddia həmin hissədə təmin olunsun. İddiaçı adına (abonent saldosuna əsasən - abonent kodu **********90000, hesab nömrəsi C**********5765, ünvan ünvan 2 əsassız hesablanmış 557 (beş yüz əlli yeddi) manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar