Məhkəmə qərarları › İş №2(103)-7312/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7312/2023

12.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7312/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Ənənəvi İncəsənət Mərkəzinə qarşı “İçəri şəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi” və X14 Xidməti Bakı şəhər idarəsi 3-cü şəxslər qismində) “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1614/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən yazılmış ərizənin surətindən görünür ki, İddiaçı 23 may 2023-cü il tarixindən onun öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. 23 may 2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Hazırda iddiaçı həmin əmri mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Ənənəvi İncəsənət Mərkəzinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 23 may 2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi, iddiaçının mühasib vəzifəsinə bərpa olunması, əmək müqaviləsiz işlədiyi dövr üçün, həmçinin son haqq-hesab və məcburi iş buraxma üçün ona vurulmuş 6036,16 manat maddi ziyanın, 300 manat mənəvi ziyanın, 51,69 manat mediasiya xərcinin cavabdehdən tutulması, eləcə də cavabdehin iddiaçının əmək müqaviləsi bağlanmadan işə cəlb olunduğu üçün 25,000 manat məbləğində, cavabdehin direktorunun müavinət və digər ödənişlərin hesablanmasında qanun pozuntularına yol verdiyi üçün 1500 manat məbləğində, iddiaçının məzuniyyət hüquqlarının pozulmasına görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə 2000 manat məbləğində cərimə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində eyni tarixli Mərkəz ilə aralarında hər hansı rəsmi əmək münasibətləri başlamazdan öncə, yəni, ''xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Mərkəzdə qanunvericiliyin imperativ normasından irəli gələn, əmək müqaviləsi bağlanılması zəruriliyinə məhəl qoyulmadan, qeyri-qanuni olaraq iş fəaliyyətinə cəlb olunmuşdur. Belə ki, qeyd edilən dövrdə, həftənin 5 (beş) iş günü saat 09:00-dan 18:00-a qədər mühasiblik fəaliyyəti və digər əmək fəaliyyəti ilə bağlı ona tapşırılan bütün işləri Mərkəzin mühasibatlıq ofisində, onun üçün ayrılmış xüsusi çalışma masasında işləyərək icra etmişdir. Bunu həmin tarixlərdə şəxsi telefonundan ofisdə çəkdiyi foto-şəkillər də təsdiq edir. Qeyd edilməsi zəruridir ki, aidiyyəti şəxslər tərəfindən müvafiq işi ilə bağlı tapşırıqlar ona, Mərkəzin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəsmi əməkdaşı olan şəxslər tərəfindən şəxsi və korporativ “gmail” hesabları vasitəsilə göndərilmiş, həmçinin rəhbərlik tərəfindən şifahi formada verilmişdir. Bu məsələ ilə əlaqədar Mərkəzin əməkdaşı olmuş Həqiqət Əliyeva xx.xx.2023-cü il tarixində, etdiyi şikayət xarakterli müraciət əsasında başlanan iş üzrə 5 saylı Dost Mərkəzində, icraçı Əmək Müfəttişinə izahat vermiş və onun həqiqətən də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Mərkəzdə əmək müqaviləsi bağlanmadan işə cəlb olunması təsdiq etmişdir. Nəzərə alınması zəruridir ki, işəgötürən onunla göstərilən müddət ərzində əmək müqaviləsi bağlamayaraq, ödəməli olacağı təxminən 1210 AZN pul vəsaitini mənimsəmiş, eyni zamanda müvafiq vergi ödənişlərinin (dsmf işsizlikdən sığorta, tibbi sığorta və s.) ödənilməsindən yayınmışdır və bu işin mübahisəsiz halıdır.Yüksək sevgi bəslədiyi işə yenidən getmək üçün hər səhərin açılmasını səbirsizliklə gözlədiyi Cavabdeh ilə olan əmək münasibətlərinin bitməsi isə məhz xx.xx.2023-cü il tarixi ilə bağlıdır. Həmin tarixdə Mərkəzin direktoru X9 öncə ona yer aldığı şöbə olan mühasibatlığın ləğv ediləcəyini bildirirərək işdən çıxma barədə ərizə yazmağını israrla təkid etdi. Lakin onunla razılaşmamışdır. O isə bundan sonra müxtəlif təzyiq formalarından istifadə etməklə, habelə nalayiq sözlər, təhqir, böhtan xarakterli ifadələr işlətməklə, bu yetməzmiş kimi müxtəlif hədə-qorxu vasitələrinə əl atmaqla işdən çıxmağı barədə ərizə yazmağı üçün qanunsuz şəkildə, iradə ifadəsinə zidd olaraq onu məcbur etdi. Halbuki, dəfələrlə Kəmalə xanıma etik normalara riayət edərək etiraz etmiş, 2 yaşlı körpə uşağının olması, həyat yoldaşının şəkər və ürək xəstəliyindən əziyyət çəkməsi və ipoteka, kredit borclarına görə işdən çıxmaq istəmədiyini, maddi vəziyyətinin yaxşı olmadığından bu işə ehtiyacı olduğunu bildirdi, lakin o iradəsinin əleyhinə, müxtəlif təzyiqlərlə əmək müqaviləni ləğv etmək üçün ərizə yazdırdı. 2 yaşlı körpə uşağının olması, həyat yoldaşının şəkər və ürək xəstəliyindən əziyyət çəkməsi və ipoteka, kredit borclarının olması da özlüyündə onun işdən çıxmaq niyyətinin olmamasının əsas göstəricilərindəndir. Həmin tarixdə günorta saatlarında Kəmalə xanımın zorla ona ərizə yazdırmayacağını güman edərək öz günlük işlərini icra edirdi və hətta ona “whatsapp” tətbiqindən “Ənnağı müəllim məndən asan imzanı 11:40-da təhvil aldı, amma niyə aldığını demədi. Mail yazdım kassa hesabatıyla bağlı, sizi kopyada qoydum” xarakterli mesaj göndərdi. Bu mesaj özü də onun işdən çıxma niyyətinin olmadığını göstərir, belə ki, həmin gün Ənnağı müəllimin ondan nə üçün asan imzanı təhvil aldığından belə məlumatsız olmuş və həmin tarixdə günlük işləri ilə məşğul idi. Mesajdan da aydın olur ki, Kəmalə xanım onu zorla işdən çıxarmaq istiqamətində tədbirlər görüb, yəni asan imzanı ondan təhvil aldırıb, onun isə işdən çıxmaq kimi bir niyyəti olmayıb, həmin tarixdə heçnədən xəbərsiz günlük işlərini icra etmişdir. xx.xx.2023-cü il tarixdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəhbəri Şahin Seyidzadənin əlaqə nömrəsinə (*** *** ** **) əvvəlcə zəng etmiş, sonra “whatsapp” tətbiqindən onun həmin əlaqə nömrəsinə baş vermiş qanunsuzluqlarla bağlı, yəni ona direktor tərəfindən zorla ərizə yazdırıldığı barədə şikayət xarakterli mesaj yazmış və vəziyyəti izah edərək işdən çıxmaq istəmədiyini bildirmişdir. Məlumat üçün qeyd edilməsi zəruridir ki, Ənənəvi İncəsənət Mərkəzi İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruq İdarəsinin strukturuna daxildir. xx.xx.2023-cü il tarixdə işdən çıxmaq istəməməsi və pozulmuş əmək hüquqları ilə bağlı müvafiq məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət etmiş, sözügedən məktub xx.xx.2023-cü il tarixində X14 Xidmətinə, eyni zamanda həmin gün müvafiq məktubun nüsxələri İçəri şəhər Dövlət Qoruq İdarəsinə və Ənənəvi İncəsənət Mərkəzinə poçt rabitəsi vasitəsilə təhvil verildi. Həmçinin, qeyd edilməsi zəruridir ki, müxtəlif təzyiqlərlə yazmağa məcbur edildiyi ərizə forması tərəfindən aşağıdakı məzmunda yazılmışdır: “Yazıb sizdən xahiş edirəm ki, məni 23 may 2023-cü il tarixdən işdən öz xahişimlə azad edəsiniz”. X1 tərəfindən məcburi yazdırılmış işdən çıxma barədə ərizənin məzmununda işdən çıxmaq istədiyi tarix xx.xx.2023-cü il göstərilmiş, lakin nə üçün məhz xx.xx.2023-cü il tarixdə işdən çıxmaq istədiyi barədə ərizədə heç bir əsas göstərilməmişdir. Buna baxmayaraq Ənənəvi İncəsənət Mərkəzinin direktoru X11 1 ay xəbərdarlıq müddətini gözləmədən əmək qanunvericiliyinin tələblərini pozaraq məhz xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə ƏMAS sistemdə xitam vermiş, xx.xx.2023-cü il tarixli, 30 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmri ƏMAS sistemindən çıxararaq təsdiqləmişdir. Bu cür tələsik formada tez bir şəkildə onun əmək müqaviləsinə xitam verilməsi də, Kəmalə xanımın onu qanunsuz formada işdən çıxarmaqda birbaşa maraqlı olduğunu, ona zorla ərizə yazdırıldığını sübut edir. Həmçinin, xx.xx.2023-cü il tarixli, 30 nömrəli Əmək müqaviləsinin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd konkret olaraq göstərilməmişdir. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi barədə qeyd edilən Əmr xx.xx.2023-cü il tarixdə ƏMAS sistemindən çıxarılmasına baxmayaraq, xitam Əmri və əmək kitabçası ona rəsmi qaydada həmin gün təqdim edilməmiş və son haqq-hesab aparılmamışdır. Bugünədək ona əmək kitabçası və müvafiq əmrin surəti verilməmişdir. Həmin gün əmrin sadəcə foto-şəklini telefonu ilə çəkə bilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, iddia ərizəsində qeyd olunub ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi qeyri-qanuni olaraq iş fəaliyyətinə cəlb olunmuşdur. Bunu təkzib edən fakt odur ki, sözügedən müddətdə öz istəyi ilə müvafiq bilik və təcrübə yoxlamalarından keçmək üçün bir müddət 2-3 dəfə Mərkəzə gəlmiş, orada iş funksiyası ilə tanış olduqdan sonra xx.xx.2022-ci il tarixdə işə götürülməsi üçün ərizə ilə müraciət etmişdir. İddiaçı Mərkəzdə xx.xx.2022-ci il tarixli 44 saylı əmrlə Maliyyə-Təsərrüfat şöbəsinə ştatdankənar baş iqtisadçı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixli əmrlə mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin tələblə X14 Xidmətinə müraciət etmiş, Müfəttişliyin xx.xx.2023-cü il tarixli Qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçı işlədiyi dövrlər ərzində müxtəlif səhvlərə yol vermişdir. İşçilərin əmək haqlarını düzgün hesablamamışdır. Bundan əlavə kollektivdə həmkarları ilə yola getməmiş, işdə səhlənkarlığa yol vermişdir. İddiaçının işdən getməsinin könüllü olmasını sübut edən hallardan biri odur ki, o iş yerində işdən çıxmasını elan edərək işlədiyi həmkarları ilə vidalaşmaqla könüllü getməsini bildirmişdir. Həmçinin həmin günün axşamı işçilərin “whatsapp” proqramında yaradılmış qrupunda işdən getməsi ilə bağlı hamı ilə vidalaşmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məzuniyyətə çıxmış və tam şəkildə getdiyi məzuniyyətin təminatı hesablanmışdır. 23 may 2023-cü il tarixli 31 saylı əmrə əsasən son haqq-hesab günlərinin yenidən hesablanması və ödənişi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, iddiaçı ilə eyni dövrdə cavabdeh təşkilatda çalışmışdır. İddiaçı 03 sentyabr tarixdən 29 sentyabr tarixə kimi əmək müqaviləsi bağlamadan çalışmışdır. Onun özü ilə bağlanmış əmək müqaviləsinə də cavabdeh tərəfindən qanunsuz olaraq xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya işdən çıxma ilə bağlı ərizə yazmaqda təsir edildiyi və əmək müqaviləsi bağlamadan iddiaçının işləməsinə dair onun özünün xəbəri olması barədə məlumatlı deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1614/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı 22 may 2022 ci il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində 23 may 2023-cü il tarixdə işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən isə onu özünün təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 23 may 2023-cü il tarixdə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işdən azad etmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini, hədə-qorxu gəlindiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan “whatsapp” proqramı ilə həyata keçirilmiş yazışmalardan görünür ki, iddiaçı özü işdən ayrılması ilə bağlı həmkarlarına bildirmiş və onlarla vidalaşmışdır. İddia tələbinin “cavabdehin iddiaçının əmək müqaviləsi bağlanmadan işə cəlb olunduğu üçün 25.000 manat məbləğində, cavabdehin direktorunun müavinət və digər ödənişlərin hesablanmasında qanun pozuntularına yol verdiyi üçün 1500 manat məbləğində, iddiaçının məzuniyyət hüquqlarının pozulmasına görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə 2000 manat məbləğində cərimə edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan X14 Xidmətinin 08 avqust 2023-cü il tarixli Qərarının surətindən də görünür ki, iddiaçı cavabdehin direktoru barəsində hazırki şikayətlə müraciət etmiş, qeyd olunan məsələlər X14 tərəfindən araşdırıldıqdan sonra öz təsdiqini tapmadığından cavabdeh barəsində başlanılmış inzibati icraata xitam verilmişdir. Bundan başqa məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında da əmək müqaviləsi bağlanmadan cavabdeh tərəfindən məcburi qaydada mütəmadi olaraq 23 gün işə cəlb olunduğunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə eyni zamanda qeyd etmişdir ki, hətta iddiaçının 23 gün əmək müqaviləsi bağlamadan işə cəlb olunduğu məhkəmə tərəfindən indandırıcı qəbul ediləcəyi halda belə iddiaçının özünün də bildirdiyinə görə o, bu barədə məlumatlı olmuş, bunu qəbul edərək könüllü olaraq iş yerinə gəlib-getməkdə davam etmiş və bununla bağlı hər hansı aidiyyəti dövlət orqanına heç bir şikayət etməmişdir. Məhkəmə eyni zamanda şahid ifadəsinə münasibətdə qeyd etmişdir ki, şahidin özünün də bildirdiyinə görə o, cavabdeh təşkilatdan narazıdır. Belə ki, o özü də həmin təşkilatın keçmiş işçisi olmuşdur və onunla bağlanmış əmək müqaviləsinə də qanunsuz olaraq xitam verildiyini hesab edir. Şahidin bu ifadəsindən görünür ki, şahid cavabdeh tərəfə münasibətdə əvvəlcədən qərəzlidir. Bu səbəbdən məhkəmə şahid ifadəsini səmimi və inandırıcı qəbul etmir. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 42.2, 45.1, 68, 69.3cü maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətinin dəlillərinin iddia ərizəsinə uyğun əsaslandıraraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Mərkəzin direktoru X9 öncə ona yer aldığı şöbə olan mühasibatlığın ləğv ediləcəyini bildirirərək işdən çıxma barədə ərizə yazmağını israrla təkid etdi. Lakin bununla razılaşmamışdır. 2 yaşlı körpə uşağının olması, həyat yoldaşının şəkər və ürək xəstəliyindən əziyyət çəkməsi və ipoteka, kredit borclarının olması da özlüyündə onun işdən çıxmaq niyyətinin olmamasının əsas göstəricilərindəndir – bunları təsdiq edən müvafiq sübutlar da iş materiallarına əlavə olunmuşdur. Bundan sonra ona qarşı müxtəlif təzyiq formalarından istifadə etməklə, habelə nalayiq sözlər, təhqir, böhtan xarakterli ifadələr işlətməklə, bu yetməzmiş kimi müxtəlif hədə-qorxu vasitələrinə əl atmaqla işdən çıxmağı barədə ərizə yazmağı üçün qanunsuz şəkildə, iradə ifadəsinə zidd olaraq onu məcbur etdi. Bununla əlaqədar “whatsapp” tətbiqindən direktora və Qoruq İdarəsinin rəhbərinə yazdığı mesajları, həmçinin “gmail” hesabından ərizə yazılmamışdan qabaq göndərdiyi kassa hesabatı ilə bağlı gün təyin edilməsi ilə əlaqədar rəsmi məktubu, həyat yoldaşı Əhmədov Vüsal ilə işdən çıxma ərizəsi yazılmadan qabaq aralarında keçən telefon danışığı ilə bağlı yoldaşının verdiyi izahatı məhkəməyə təqdim etsə də, işə baxan hakim bunların heç birinə qətiyyən münasibət bildirməmiş, iddiasının sübutu üçün mühüm əhəmiyyət kəsb edən X1nı və baş mühasib Cənnətov Ənnağını şahid qismində dindirməmişdir, belə ki, Cənnətov Ənnağı ofisdə direktor Kəmalə xanımın ona məcburi ərizə yazdırmağına, onu təhqir etməsinə xx.xx.2023-cü il tarixdə canlı şahid olmuşdur. İşə baxan hakim onun təqdim etdiyi “whatsapp” danışıqlarını, mail yazışmalarını, Əhmədov Vüsalın izahatını yox, cavabdeh tərəfindən təqdim edilən “whatsapp” danışığını sübut kimi məhkəmə qətnaməsinə əlavə edərək istinad etmişdir. Səbail rayon məhkəməsinin işə baxan hakimi X10 08 avqust 2023 tarixli qərarına araşdırmadan istinad etmişdir. Belə ki, Əmək Müfəttişliyinin müvafiq qərarı qanunsuz işdən çıxarılma ilə bağlı olmuşdur və cavabdeh barəsində icraata bu məsələdə xitam verilmişdir, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı yox. Müfəttişliyin qanunsuz və əsassız icraatı tərəfindən digər aidiyyəti məhkəmədə mübahisələndiriləcəkdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraz sənədində də onun həqiqətən də müvafiq tarixlərdə Mərkəzə “gedib-gəldiyi” etiraf olunmuşdur. Səbail rayon məhkəməsinin işə baxan hakimi tərəfindən kifayət qədər sübutları olmasına baxmayaraq qanunsuz əmək fəaliyyətinə cəlb olunması ilə bağlı Mərkəzin və direktorun cərimələnməsi istiqamətində heç bir tədbir görülməmişdir, pul tələbi təmin olunmamışdır, əksinə bütün halları Mərkəzin xeyrinə qiymətləndirmişdir. Bundan başqa Əmək Məcəlləsinin 69-cu maddəsində sadalanan əsaslardan (yaşa, əlilliyə və s. görə) heç biri ərizədə göstərilmədiyi üçün; tərəfindən işəgötürənə, yuxarı orqanın rəhbərinə, Əmək Müfəttişliyinə xx.xx.2023 və xx.xx.2023 tarixlərində işdən çıxmaq istəməməsi ilə bağlı müraciət edildiyi üçün; yerinə həmin müddətdə yeni əməkdaş götürülmədiyi üçün işəgötürən tərəfindən 1 aylıq xəbərdarlıq müddəti mütləq gözlənilməli idi. İşə baxan hakim bu maddənin tövsifini düzgün verməmiş, ərizə yazılması halının özünü 1 aylıq müddətin gözlənilməməsi üçün kifayət hesab etmişdir. Ali Məhkəmənin hazırki işə oxşar 2012-ci il tarixli müvafiq qərarında, işdən çıxma barədə ərizədə hər hansı əsas (yaşa, əlilliyə və s. görə) göstərilmədiyi təqdirdə, 1 aylıq xəbərdarlıq müddətinin gözlənilərək əmək müqaviləsinə xitam verilməsinin işəgötürənin vəzifəsi olduğu vurğulanmışdır və Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh və direktoru tərəfindən əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb olunmuşdur. Bunu həmin tarixlərdə şəxsi telefonundan Mərkəzin ofisində çəkdiyi foto-şəkillər, Mərkəzin və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin rəsmi əməkdaşı olan şəxslər tərəfindən şəxsi və korporativ “gmail” hesabları vasitəsilə müvafiq işi ilə bağlı onun “gmail” hesabına göndərilən tapşırıq mailləri, Mərkəzin rəsmi blankında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 001 nömrəli, xx.xx.2022-ci il tarixli 002 nömrəli, xx.xx.2022-ci il tarixli 003 nömrəli mədaxil qəbzləri sübut edir - bu mədaxil qəbzlərində təhvil alan əməkdaş qismində onun ad, soyad və imzası var. Sübutların hər biri iş materiallarına tərəfindən əlavə edilib. Həmçinin X10 xx.xx.2023-cü il tarixli cavab məktubunda, qanunsuz əmək fəaliyyətinə cəlb olunması X7 müfəttişə verdiyi izahatı ilə birlikdə ona qarşı törədilən hüquq pozuntusu kimi qiymətləndirilmişdir. İşə baxan hakim isə foto şəkillərə, rəsmi maillərə, mədaxil qəbzlərinə sübut qismində heç bir münasibət bildirməmiş, şahid qismində dindirdiyi Həqiqət xanımı əsassız yerə qərəzli hesab etmişdir. X8 Həqiqət xanımın izahatı qəbul edilmiş və qanunsuz əmək fəaliyyətinə cəlb olunduğunu təsdiqləyən sübut kimi işə əlavə edilmişdir. Rəsmi mail yazışmalarına, fotoşəkillərə, mədaxil qəbzlərinə hakim tərəfindən münasibət bildirilməməsini və şahid ifadəsinin qərəzli hesab olunmasını əsassız hesab edir. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir. Səbail rayon məhkəməsinə mötəbər sübut olan bank çıxarışı sənədini təqdim etmişdir. Bu bank çıxarışından açıq-aşkar görünür ki, xx.xx.2023-cü il tarixdə ona son-haqq hesab ödənilməmişdir. Bununla belə işə baxan hakim bu məsələ də doğru mövqe nümayiş etdirməmişdir. Əmək kitabçası bugünədək təhvil verilməmişdir. Əmək kitabçasının son iş günü təhvil verildiyini göstərən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, işə baxan hakim bu məsələni ümumiyyətlə araşdırmamış və tədbir görməmişdir. Bundan başqa işdən öz istəyi ilə çıxması ilə əlaqədar heç bir əməkdaşla sağollaşmamışdır. İşə baxan hakimin cavabdehi şahid qismində dindirməsini istəsə də, bu realizə edilməmişdir, cavabdeh tərəfdən heç bir nümayəndə də məhkəmə baxışında iştirak etməmişdir. İddianın sübutu üçün mühüm əhəmiyyət kəsb edən Mərkəzin direktoru X5 və baş mühasib Cənnətov Ənnağının şahid qismində dindirilməsini xahiş edir. Ona görə ki, yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyacaqlarını bildiklərindən, məhkəmədə yalan ifadə verə bilməyəcəklər. Bunun vəsatət kimi qəbul edilməklə qeyd edilən şəxslərin şahid qismində məhkəmədə dindirilməsi və sübut kimi nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə X5 mobil nömrəsində səhər və günorta saatlarında etdiyi telefon danışıqlarının da müvafiq tədbir görülərək əldə edilməsini məhkəmədən xahiş edir, ona görə ki həmin tarixdə onu məcburi şəkildə işdən çıxaracağı ilə bağlı digər əməkdaşlarla və həyat yoldaşı ilə telefon danışığı olmuşdur və bu iddianı sübut edir. Bunun vəsatət kimi qəbul edilməklə telefon danışıqlarının əldə edilməsi və sübut kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Məhkəmə kollegiyası qeyd edir ki, iddianın faktiki halları Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları əsasında yoxlanmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı Ənənəvi İncəsənət Mərkəzində İddiaçı Maliyyə-Təsərrüfat şöbəsinə ştatdankənar baş iqtisadçı vəzifəsinə işə qəbul edilmiş və sonradan həmin şöbədə mühasib vəzifəsinə keçirilmişdir. İddiaçı 22 may 2023-cü il tarixdə öz xahişi ilə 23 may 2023-cü il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia tələbini eləcə də apellyasiya şikayətini əsaslandırarkən, ona təzyiq olunduğunu bildirsə də, bu cür təzyiqin olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır. Apellyasiya şikayətində iddiaçının 2 yaşlı körpə uşağının olması, həyat yoldaşının şəkər və ürək xəstəliyindən əziyyət çəkməsi və ipoteka, kredit borclarının olması da özlüyündə onun işdən çıxmaq niyyətinin olmamasının əsas göstəriciləri olmasına dair dəlillərinə kollegiya qiymət verərək hesab edir ki, göstərilənlər işəgötürənin iddiaçı barədə xx.xx.2023-ci il tarixli əmri Əmək Məcəlləsinin qeyd olunan normalarında müəyyən olunmuş qaydalara riayət olunmaqla verilməməsini təsdiqi kimi qiymətləndirilə bilməz. Həmçinin, iş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən hər hansı hal də müəyyən edilmir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, iddiaçı apellyasiya şikayətində “whatsapp” tətbiqindən direktora və Qoruq İdarəsinin rəhbərinə yazdığı mesajları, həmçinin “gmail” hesabından ərizə yazılmamışdan qabaq göndərdiyi kassa hesabatı ilə bağlı gün təyin edilməsi ilə əlaqədar rəsmi məktubu, həyat yoldaşı Əhmədov Vüsal ilə işdən çıxma ərizəsi yazılmadan qabaq aralarında keçən telefon danışığı ilə bağlı yoldaşının verdiyi izahatı məhkəməyə təqdim etsə də, məhkəmənin bunlara münasibət bildirməməsinə dair dəlillərinin hazırki iş üzrə heç bir hüquqi əhəmiyyəti olmamışdır. Belə ki, iş materiallarında olan iddiaçının “whatsapp” tətbiqində olan qrupda yazışmalarından görünür ki, o, işdən ayrılmasını qeyd etmiş və qrup iştirakçıları ona uğurlar diləmişlər. Hər hansı təzyiq, məcburiyyət barədə qeyd olmamışdır (səh.52-53) Məhkəmə kollegiyası iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixində öz xahişi ilə işdən azad edilməsinə dair ərizənin öz istəyi ilə deyil, təzyiq altında yazması barədə isə şahid ifadələrinə, “whatsaap” hesabı üzərindən yazışmalara istinad etsə də həmin yazışmalarda iddiaçıya təzyiq olunması halı müəyyən edilmir, digər tərəfdən birinci instansiya məhkəməsi baxışı zamanı ifadə vermiş özünün də bildirdiyinə görə o, cavabdeh təşkilatdan narazıdır. Belə ki, o özü də həmin təşkilatın keçmiş işçisi olmuşdur və onunla bağlanmış əmək müqaviləsinə də qanunsuz olaraq xitam verildiyini hesab edir. Şahidin bu ifadəsindən görünür ki, şahid cavabdeh tərəfə münasibətdə əvvəlcədən qərəzlidir. Bu səbəbdən birinci instansiya məhkəməsi düzgün olaraq şahid ifadəsini səmimi və inandırıcı qəbul etməyərək mötəbər sübut növü kimi qiymətləndirməmişdir. Ümumiyyətlə, kollegiya qeyd edir ki, işin araşdırılmış halları baxımından işəgötürən tərəfindən məhz qeyd olunanlar ilə bağlı iddiaçıya qarşı qərəzlilik nümayiş etdirilməsinə səbəb ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Kollegiya daha sonra qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, tələbin “cavabdehin iddiaçının əmək müqaviləsi bağlanmadan işə cəlb olunduğu üçün 25.000 manat məbləğində, cavabdehin direktorunun müavinət və digər ödənişlərin hesablanmasında qanun pozuntularına yol verdiyi üçün 1500 manat məbləğində, iddiaçının məzuniyyət hüquqlarının pozulmasına görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə 2000 manat məbləğində cərimə edilməsi” hissəsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan X14 Xidmətinin 08 avqust 2023-cü il tarixli Qərarının surətindən də görünür ki, iddiaçı cavabdehin direktoru barəsində hazırki şikayətlə müraciət etmiş, qeyd olunan məsələlər X14 tərəfindən araşdırıldıqdan sonra öz təsdiqini tapmadığından cavabdeh barəsində başlanılmış inzibati icraata xitam verilmişdir. İddiaçı həmçinin əmək müqaviləsi bağlanmadan cavabdeh tərəfindən məcburi qaydada mütəmadi olaraq 23 gün işə cəlb olunduğunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçının 23 gün əmək müqaviləsi bağlamadan işə cəlb olunduğu məhkəmə tərəfindən indandırıcı qəbul ediləcəyi halda belə iddiaçının özünün də bildirdiyinə görə özü bu barədə məlumatlı olmuş, bunu qəbul edərək könüllü olaraq iş yerinə gəlib-getməkdə davam etmiş və bununla bağlı hər hansı aidiyyəti dövlət orqanına heç bir şikayət etməmişdir. Cavabdehlə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə davam etməsi və hazırda bu münasibətlərə xitam verildikdən sonra iddiaçının özünün razılığı ilə 23 gün əmək müqaviləsi bağlamadan işə cəlb olunmasına dair şikayətlərinə kollegiya tənqidi yanaşır. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin 1 ay xəbərdarlıq müddətini gözləmədən əmək qanunvericiliyinin tələblərini pozaraq məhz xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə ƏMAS sistemdə xitam verməsinə dair dəlili əsassız sayır. Belə ki, əmək qanunvericiliyində işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilməsi təsbit edilmişdir. Bu isə o deməkdir ki, işçi verdiyi ərizəsində bir təqvim ayı ərzində əmək müqaviləsinin ləğv edilməsi tarixini göstərmək hüququna malikdir. İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü ildə verdiyi ərizəsində konkret oaraq əmək müqaviləsinin ləğv edilməsi tarixi kimi xx.xx.2023cü il tarixini qeyd etdiyindən işəgötürən tərəfindən 1 ay xəbərdarlıq müddətini gözləməsinə zərurət qalmamışdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanunvericilikdə işçinin ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi təqdirdə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilməməsi göstərilmişdir. Hazırki iş üzrə iddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərdiyindən birinci instansiya məhkəməsinin haqlı olaraq hazırki mübahisəyə qeyd edilən normalar baxımından düzgün hüquqi qiymət vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamış, onun barəsində əmr verilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin göstərişlərinin pozulması işin faktiki halları ilə müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1614/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar