Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7313/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmrin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2021-ci il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının vəkili X3, cavabdeh Agentliyin nümayəndəsi X5 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Agentliyi qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun qanunsuz olaraq işdən azad olunması barədə cavabdeh Agentlik tərəfindən verilmiş 26.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməklə məcburi iş buraxma müddətinə görə əmək haqqının Agentlik tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 20.04.2011-ci il tarixdən 10.12.2018-ci il tarixədək 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) tibb bacısı, tibb qeydiyyatçısı vəzifəsində işləmişdir. İddiaçı 10.12.2018-ci il tarixdən 3 saylı TSEK-in tibb qeydiyyatçısı vəzifəsinə təyin edilmiş, 06.08.2020-ci il tarixdən isə Agentliklə “Əmək müqaviləsi” bağlamaqla TSEK-in tibb qeydiyyatçısı kimi əmək fəaliyyətini davam etdirmişdir. Həmin vaxtdan, iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilən günədək öz işini yüksək səviyyədə icra etmiş, nöqsansız işçi kimi hər zaman digər işçilər üçün nümunə olmuşdur. İddiaçı işlədiyi müddətdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. İddiaçı 26.10.2020-ci il tarixdə işəgötürən olan Agentliyin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı işdən azad edildikdən sonra Agentliyə etdiyi şifahi və yazılı müraciətinə baxmayaraq işdən çıxarılması barədə əmrin surəti iddiaçıya verilməmişdir. İddiaçının vəzifə borcunu necə yerinə yetirmədiyinə, əmək funksiyasını necə icra etmədiyinə dair əsaslandırılmış heç bir səbəb göstərilməmişdir. İşdən çıxarılma haqqında əmrin surətini iddiaçıya verməməklə cavabdeh Agentlik Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Bu isə qanunvericiliyin tələbinə görə iddiaçının işdən azad edilməsinə dair əmrin əsassız olduğuna sübutdur və ona görə də bu əmr qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə iddiaçını işdən azad etmiş qurumda baxılmaqla guya iddiaçı barəsində qeyd edilən intizam tədbiri qanuni və əsaslı hesab edilmişdir. Əslində isə cavabdeh Agentliyin iddiaçı barəsində qəbul etdiyi əmr qanunsuz və əsassızdır. Cavabdeh Agentliyin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, işəgötürən olan Agentlik ilə işçi olan İddiaçı arasında bağlanmış 06.08.2020-ci il tarixli “Əmək müqaviləsinə” əsasən, iddiaçı, TSEK-in tibb qeydiyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Heybət İmanovun xidməti məruzəsinə əsasən Azərbaycan Respublikasının Baş X1 və ərazi tibbi-sosial ekspert komissiyalarının əməkdaşlarının qanunvericiliyə zidd əməlləri barədə daxil olmuş 16.09.2020-ci il və 23.10.2020-ci il tarixli ********* nömrəli məktublar Nazirliyin Aparatının Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Agentliyin 5 nömrəli TSEK-in sədri vəzifəsində işləmiş X6 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işinin istintaqı zamanı mobil telefonuna baxış keçirilərkən 01.01.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək olan müddətdə Agentliyin Aparatının, eləcə də digər ərazi TSEK-lərin əməkdaşları ilə ayrı-ayrı şəxslərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların qarşılıqlı şəkildə göndərilməsi aşkarlanmışdır. Belə ki, “whatsapp” vasitəsi ilə K.Məmmədov 5 saylı TSEK-in tibb qeydiyyatçısı vəzifəsində işləyən iddiaçıya 146 nəfər barədə belə məlumatları göndərməsi müəyyən edilmişdir. İddiaçı işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, əlilliyi qiymətləndiriləcək çoxsaylı vətəndaşların kimliyinin birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bir sıra məlumatları əldə edilməsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalarının” 1.6 və 2.1-ci bəndlərinə uyğun olaraq əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən TSEK-ə göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi” vasitəsilə aparılır. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş “altsistem” tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə “altsistem” üzərindən dərhal müvafiq TSEK-ə göndərilir. Bundan əlavə həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Qanunvericilikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı TSEK-in hansı qaydada fəaliyyət göstərməsi, şəffaflığın təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatların şifrələnərək adsızlaşdırılması nəzərdə tutulduğu halda bəzi TSEK-lərin vəzifəli şəxsləri məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı şəxslərin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bir sıra məlumatları başqa vəzifəli şəxslərə göndərmiş və bununla da sahəvi qanunvericilik aktlarının tələblərini pozmuşlar. İddiaçıya isə belə məlumatların 146 dəfə göndərilməsi müəyyən edilmişdir. İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyindən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı 18.11.2020-ci il tarixdə imza edərək əmək kitabçasını cavabdeh Agentlikdən almışdır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı barəsində olan əmrin mübahisələndirilərək işə bərpa olunmasından ötrü barəsində əmrin verildiyini bildiyi tarixdən 1 ay müddətinə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı 2021-ci ilin fevral ayında yəni, hüququnun pozulduğunu iddia etdiyi gündən etibarən 3 təqvim ayı keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunması, iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının rəhbəri olmuş K.Məmmədov 146 nəfər şəxs barədə məlumatları iş prosesi ilə bağlı iddiaçıya göndərmiş, iddiaçı həmin məlumatlar ilə bağlı müvafiq qeydiyyat işləri aparmış, lakin həmin məlumatları heç vaxt və heç kimə göndərməmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun vəkili N.Nəbiyev şikayətin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh Agentliyin nümayəndəsi G.Musayeva apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddia tələbinə qarşı Agentlik tərəfindən verilmiş etirazın məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işəgötürən olan cavabdeh Agentlik ilə işçi olan İddiaçı arasında bağlanmış 06.08.2020-ci il tarixli “Əmək müqaviləsindən” müəyyən olunur ki, o, TSEK-in tibb qeydiyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. “Əmək müqaviləsinin” 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. “Əmək müqaviləsinin” 3.1-ci bəndinə əsasən işçi əmək funksiyasının icrasını vəzifə təlimatına uyğun öhdəsinə götürmüşdür: Müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatını aparır. Xəstələrin tibb kartoçkalarının saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin edir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 14.08.2020-ci il tarixli “Əmək müqaviləsi bildirişindən” müəyyən olunur ki, İddiaçı 06.08.2020-ci il tarixdə bağlanmış “Müddətli əmək müqaviləsinə” əsasən 06.11.2020-ci il tarixədək aylıq əmək haqqı 600 manat olmaqla Agentliyin Tibbi Sosial Ekspert Komissiyalarına əsas iş yeri üzrə tibb qeydiyyatçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı 23.10.2020-ci il tarixli, ********* saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə istintaqı aparılan cinayət işinin istintaqı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli TSEK-ın sədri X6 vətəndaşdan İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə görə rüşvət alması sübuta yetirildiyinə görə 05.09.2020-ci il tarixdə ona müvafiq ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Katib Məmmədovun mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin mart ayından sentyabr ayınadək olan dövr ərzində Agentliyin vəzifəli şəxsləri pensiya təyinatı ilə əlaqədar onlara müraciət etmiş ayrı-ayrı şəxslərin təvəllüdü və diaqnozlarına dair məlumatları kodlaşdırılmış formada telefonda quraşdırılmış “WhatsApp” tətbiq etməsi vasitəsilə qarşılıqlı olaraq göndərmişlər. Belə ki, əvvəllər 2 saylı TSEK-ın sədri işləmiş X22 Məmmədova 12 nəfər barədə hazırda 2 saylı TSEK-ın sədri X14 Məmmədova 5 nəfər barədə, X12 Cəfərova 5 nəfər barədə, 4 saylı TSEK-ın sədri X36 Məmmədova 12 nəfər barədə, X33 Həsənova 8 nəfər barədə, 6 saylı TSEK-ın sədri X15 Məmmədova 6 nəfər barədə, 7 saylı TSEK-ın sədri X26 Məmmədova 25 nəfər barədə, X27 Məmmədova 29 nəfər barədə, 9 saylı TSEK-ın sədri X10 Məmmədova 5 nəfər barədə, X16 Mehdiyevaya 46 nəfər barədə, 12 saylı TSEK-ın sədri X8 Məmmədova 12 nəfər barədə, 14 saylı TSEKın sədri X23 Məmmədova 20 nəfər barədə, X17 Quliyevə 31 nəfər barədə, 15 saylı TSEKın sədri X13 Məmmədova 22 nəfər barədə, X11 Nəbiyevə 28 nəfər barədə, 16 saylı TSEKın sədri X28 Məmmədova 27 nəfər barədə, X24 Gözəlova 13 nəfər barədə, 19 saylı TSEK-ın sədri X18 Məmmədova 16 nəfər barədə, 20 saylı TSEK-ın sədri X34 Məmmədova 64 nəfər barədə, X29 Əsgərova 47 nəfər barədə, 21 saylı TSEK-ın sədri X35 Məmmədova 18 nəfər barədə, X30 Kamilova 18 nəfər barədə, 22 saylı TSEK-ın sədri X7 Məmmədova 2 nəfər barədə, X19 Abdullayevaya 34 nəfər barədə, 24 saylı TSEK-ın sədri X20 Məmmədova 96 nəfər barədə, X21 Məmmədova 31 nəfər barədə, 30 saylı TSEK-ın sədri işləmiş X9 Məmmədova 72 nəfər barədə, Katib Məmmədovun 1 saylı TSEK-ın sədri Səadət Əsgərovaya 1 nəfər barədə, Katib Məmmədovun 3 saylı TSEK-ın sədri Pərviz Bənnənyarlıya 3 nəfər barədə, Katib Məmmədovun 5 saylı TSEK-ın qeydiyyatçı vəzifəsində işləyən (iddiaçı) İddiaçı 146 nəfər barədə, Katib Məmmədovun 8 saylı TSEK-ın sədri Təranə Bayramovaya 5 nəfər barədə, Katib Məmmədovun 11 saylı TSEK-ın sədri işləmiş Tamerlan Şirinova 13 nəfər barədə, Katib Məmmədovun 13 saylı TSEK-ın sədri Rüstəm Alməmmədova 31 nəfər barədə, Katib Məmmədovun (cavabdeh) Agentliyin əməkdaşları – İlkin Yusifova 2 nəfər barədə və Yusif Bənnənyarlıya 2 nəfər barədə, İlhamə Abdullayevaya 3 nəfər barədə məlumatların qarşılıqlı olaraq göndərilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli ğərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalarının” 1.6 və 2.1-ci bəndlərinə uyğun olaraq əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən TSEK-a göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi” vasitəsilə aparılır. Bundan başqa həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-a göndərilir. Bundan əlavə həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı TSEK-ın hansı qaydada fəaliyyət göstərməsi, şəffaflığın təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatların şifrələnərək adsızlaşdırılması nəzərdə tutulmuşdur. Lakin, qanunvericilikdə müvafiq normalar nəzərdə tutulmasına baxmayaraq, qeyd edilən TSEK-ın vəzifəli şəxsləri məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı şəxslərin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bir sıra məlumatları başqa vəzifəli şəxslərə göndərmiş və bununla da sahəvi qanunvericilik aktlarının tələblərini pozmuşlar. Odur ki, göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərini pozduqlarına görə həmin vəzifəli şəxslərin barəsində qanunla müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsinə və görülmüş tədbirlər barədə Baş Prokurorluğa məlumat verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Heybət İmanovun xidməti məruzəsində də yuxarıda qeyd edilən məlumat öz əksini tapmışdır. Bu məruzədə əlavə olaraq qeyd edilmişdir ki, adları yuxarıda qeyd edilən əməkdaşlar qanunla üzərilərinə qoyulmuş maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görmək vəzifələrinə laqeydlik göstərməklə, qeyri-peşəkar şəkildə davranmaqla, təmsil etdikləri orqanın statusundan və vəzifə səlahiyyətlərindən, eləcə də həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlər istəmələri görüntüsü yaradaraq Nazirliyin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişlər. Eyni zamanda, qanunvericilikdə müvafiq normalar nəzərdə tutulmasına baxmayaraq, qeyd edilən TSEK-lərin vəzifəli şəxslərinin məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı vətəndaşların kimliyinin birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bir sıra məlumatları göndərərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə korrupsiya hüquqpozmalarına şərait yaradan hallara yol verdiklərini istisna etmir. Aşkarlanmış faktlarda Agentliyin, eləcə də tabeliyində olan əksər TSEK-lərin əməkdaşlarının adları hallandığına görə onların da öz aralarında bənzər “kodlarla” işləməklə qanun pozuntularına yol vermələri ehtimalı da istisna deyildir. Şəffaflığın təmin olunması istiqamətində aparılan bir çox islahatlara rəğmən saxta əlillik dərəcələrinin verilməsi və əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı yol verilən süründürməçilik halları ilə bağlı daxil olan müraciətlərin sayının artan dinamikasının saxlanılması bu sahədə əməkdaşların öz fəaliyyətlərində Nazirliyin vətəndaş məmnuniyyətinin yüksəldilməsi ilə bağlı siyasətinə laqeyd yanaşmalarının göstəricisidir. Qeyd olunanları nəzərə alaraq aşağıdakıları təklif olunur: 1. 30 saylı TSEK-ın sədri Məmmədtağı Tağıyev, 2 saylı TSEK-ın sədri Şahin Verdiyev, 11 saylı TSEK-ın sədri Tamerlan Şirinov və 6 saylı TSEK-ın sədri Yusif İsmayılovun tutduqları vəzifələrdən azad edilməsi nəzərə alınsın; 2. Əmək funksiyalarının icrasında yol verdikləri kobud nöqsanlara görə 2 saylı TSEK-ın sədri Mübariz Cəfərov, 3 saylı TSEK-ın sədri Pərviz Bənənyarlı, 4 saylı TSEK-ın sədri Əli Həsənov, 7 saylı TSEK-ın sədri Oruc Məmmədov, 8 saylı TSEK-ın sədri Təranə Bayramova, 9 saylı TSEK-ın sədri Sevinc Mehdiyeva, 12 saylı TSEK-ın sədri Mübariz Mustafayev, 13 saylı TSEK-ın sədri Rüstəm Alməmmədov, 14 saylı TSEK-ın sədri Rəfail Quliyev, 15 saylı TSEK-ın sədri Mirdamət Nəbiyev, 16 saylı TSEK-ın sədri Rasim Gözəlov, 19 saylı TSEK-ın sədri Akif Abdullayev, 20 saylı TSEK-ın sədri Emin Əsgərov, 21 saylı TSEK-ın sədri Emil Kamilov, 22 saylı TSEK-ın sədri Fəridə Abdullayeva, 24 saylı TSEK-ın sədri Ceyhun Məmmədov, 5 saylı TSEK-ın tibb qeydiyyatçısı (iddiaçı) İddiaçı və Agentliyin Aparatının arxivçisi İlhamə Abdullayeva barəsində ciddi intizam tənbeh tədbirinin görülməsi üçün müvafiq göstəriş verilsin; 3. Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan sözügedən cinayət işinin istintaqının nəticələrindən asılı olaraq Agentliyin Aparatının və yerli bölmələrinin əməkdaşları barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülsün. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X4 Komitəsinin 26.10.2020-ci il tarixli razılıq məktubundan müəyyən olunur ki, təqdim edilən Nazirliyin Aparatının Daxili Nəzarət və Audit Şöbəsinin xidməti məruzəsinə əsasən Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yuxarıda qeyd edilən əməkdaşları, o cümlədən 5 nömrəli TSEK-ın tibb qeydiyyatçısı olan İddiaçı əmək funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə onlarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. Cavabdeh Agentliyin 26.10.2020-ci il tarixli **********5 saylı əmrindən görünür ki, həmin əmrlə əmək funksiyalarının icrasında yol verdikləri kobud nöqsanlara yol vermiş Agentliyin yuxarıda qeyd edilən əməkdaşlar, o cümlədən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26.10.2020-ci il tarixdən tutduqları vəzifədən azad edilmiş, onlarla bağlanmış müvafiq əmək müqavilələrinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 26.10.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi olan İddiaçı ilə 06.08.2020-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə) 26.10.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı adına olan “Əmək kitabçasından” görünür ki, onun qeyd edilən əmrlə, əmrdə göstərilən əsasla tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi qeyd edilmişdir. “Əmək kitabçasından” daha sonra müəyyən olunur ki, İddiaçı 18.11.2020-ci il tarixdə imza etməklə əmək kitabçasını işəgötürəndən almışdır. Cavabdeh Agentliyinin 30.12.2020-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə Agentlikdə aidiyyəti üzrə baxılaraq onun Agentliyinin 26.10.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilməsi, qeyd olunan intizam tədbirinin qanuni və əsaslı olduğu onun barəsində aparılmış araşdırmanın nəticələri ilə təsdiq olunması bildirilmişdir. E.X2 Heyətinin sədrinə ünvanladığı 15.01.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 26.10.2020-ci il tarixdə işəgötürənin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilməsinə dair əmrin surətini almadığını bildirərək əmrin surətinin rəsmi olaraq ona verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” işəgötürən Agentliyin 26.10.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, iddiaçı əmək kitabçasını 18.11.2020-ci il tarixdə Agentlikdən aldıqdan təxminən 3 ay sonra, yəni 19.02.2021-ci il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsinin səbəbi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında olan cinayət işinin istintaqı zamanı həmin iş üzrə təqsirləndirilən şəxs 5 saylı TSEK-in sədri vəzifəsində işləmiş K.R.Məmmədovun mobil telefona baxış keçirilərkən sonuncunun 146 nəfərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların 5 saylı TSEK-də qeydiyyatçı vəzifəsində işləyən İddiaçı tərəfindən qəbul edilməklə sonuncunun əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi olmuşdur. Məhkəmə iclasında iddiaçı onun tərəfindən alınan məlumatların başqa şəxsə ötürülməməsini və bu səbəbdən heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, kodlaşdırılması tələb olunan məlumatların iddiaçı tərəfindən 146 dəfə qəbul edilməsi faktına aydınlıq gətirilə biləcək mötəbər, təkzib olunmaz sübutlarını iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məcəllənin 72-ci maddəsinə görə, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual normalarının tələblərini və iş üzrə toplanmış sübutları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi, cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi əsası ilə iddianın rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, Məhkəmə bildirir ki, iddia tələbi əsaslı olsa idi belə, onun təmin edilməsi qeyri-mümkündür. Belə ki, hazırki iddia ilə məhkəməyə müraciət etmiş iddiaçı iddia müddətini ötürmüşdür. Çünki iddiaçı işdən azad olunmasını 18.11.2020-ci il tarixdə, yəni əmək kitabçasını almaqla bildiyi halda, iddia ərizəsi ilə məhkəməyə yalnız 19.02.2021-ci il tarixdə müraciət etməklə iddia müddətini də ötürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1.,375.2-ci maddələri). İş üzrə cavabdeh Agentliyin nümayəndəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ona görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi iddiaçının iddia tələblərinin iddia müddətinin ötürülməsi səbəbindən də, təmin edilməsini qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7313/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7313/2021
06.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver