Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7314/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3143/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" MTK-nın direktoru tərəfindən “X2” MMC-nin direktoru X.D.Bəylərova ünvanlanmış, xx.xx.2004-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində 5 ədəd yaşayış binasının inşa edilməsi üçün 0,40 ha torpaq sahəsi ayrılmışdır. Ancaq maliyyə çətinlikləri ucbatından həmin binaların inşa olunmasında iddiaçı köməklik edərək onlar ilə şərikli tikintinin aparılması üçün müqavilənin imzalanması üçün müraciət etmişdir.
2. İş materiallarında olan "xxxx" MTK ilə “X3” MMC arasında imzalanmış xx.xx.2004cü il tarixli 02 nömrəli müqavilənin surətindən görünür ki, tərəflər aşağıdakılar barədə razılaşmışlar: - "xxxx" MTK Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 186 saylı Sərəncamı ilə Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində 0,40 ha ərazidə inşa edilmək üçün ayrılmış 5 ədəd yaşayış binasının 1 ədədini və binanın 1-ci mərtəbəsinin səviyyəsində binanın kəlləsində olan və layihədə göstərilən oval tipli mağaza “X3” MMCyə inşa edilməsinə və mənzillərin satışının təşkil edilməsinə razılıq verilsin; - Bina istifadəyə verildikdən sonra "xxxx" MTK-nın balansına götürülür.
3. İş materiallarında olan “X4” MMC-nin xx.xx.2004-cü il tarixli 02 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixində cəmiyyətə icraçı direktor təyin edilmişdir.
4. İş materiallarında olan Xətai rayonu, Sadıqcan 15 ünvanında “X1” MMC tərəfindən yeni inşa edilmiş yaşayış binasının payçıları arasında keçirilən iclasın xx.xx.2010-cu il tarixli protokolundan çıxarışdan qeyd edilir ki, 28 nəfər payçılar iştirak edərək, binanın bütün işlərinə, mənzil kommunal pulların yığılmasına, cari təmirlərin aparılmasına, ödənişlərə və yığına pulların saxlanılmasına nəzarət İddiaçı həvalə edilməsi, yaşayış binasında göstərilən kommunal xidmətlərə görə xərcin məbləğinin müəyyən edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 6457,00 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin may ayının 17-i tarixində aralarında olan şifahi razılaşmaya əsasən, sahibi olduğu yeni tikilmiş ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında, orada yaşayan sakinlərdən ayda 150 manat pul müqabilində, kommunal xərclərin yığılması və binada cari işlərin görülməsinə nəzarəti öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyin yerinə yetirilməsində tam şəkildə sərbəst olmuşdur. Cavabdehlə iddiaçı arasında olan, yuxarıda qeyd edilmiş razılığa əsasən onun atası dünyasını dəyişəndən sonra gəlmişdilər. Cavabdehdən əvvəl 4 ildən artıq kommunal xərclərini bina sakinlərindən onu mərhum atası yığırdı. Cavabdeh ilk aylarda doğru, dürüst işləsə də, sonrakı aylarda iddiaçını aldadaraq, yığılmış pulları iddiaçıdan gizlətməyə başlamışdır. Dəfələrlə cavabdeh ilə profilaktik söhbətlər aparsa da, heç bir təsiri olmamışdır. Ona görə də, 2022-ci ilin fevral ayının 1-dək tərtib etdiyi hesabatı 2022-ci ilin fevral ayının 12-də iddiaçıya təhvil verdi. Cavabdehin 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarının hesabatından məlum olmuşdur ki, o, 819 manat pulu mənimsəmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən müəyyən edilmişdir ki, cavabdeh sakinlərdən yığdığı kommunal xərclərə dair onlara müvafiq qəbzlər təqdim etmişdir. Sonra isə həmin vəsaitlərin tən yarıdan çoxunu hesabatdan gizlədir və hesabatın gəlir hissəsini xərclərə uyğun qurur. Ancaq başa düşmür ki, əgər bu ay 20 nəfərin ödənişini yazmayıba, o, ödənişlər gələn ayın üstünə gələcək. Beləliklə də, o, özünü ifşa etmiş olacaq. Təqdim olunmuş əl yazmalarında hər dəlil və sübut aşkar olaraq görünür. 2021-ci ilin yanvar ayından 2022-ci ilin fevral ayının 1- nə olan müddətdə, yəni 13 ayda eyni üsulla 5638,00 manat vəsaiti mənimsəmişdir. Ümumilikdə isə, cavabdeh kommunal xərclərə dair sözügedən binanın sakinlərindən yığdığı vəsaitdən 16 aya 6457,00 manat pulun mənimsədiyi müəyyən olunur. Cavabdeh mənzillər üzrə yığılan ödənişi təsdiq edən üstəgəl (+) faktiki qrafiki dolu qoyduğu halda, onu hesabata saldığı ödənişləri üstəgəl (+) işarələri ilə işarələməsindən alınan qrafik tam fərqlidir. Belə ki, o, mənzillərin 16 ayda ödədiyi vəsaitin bir ayını mənimsəyib, bir ayını isə hesabata salıb. Bəzi hallarda isə, daha çox vəsaiti mənimsəyib. İddiaçı cavabdehə hesabat dövründə yığılan kommunal ödənişlərin, işıq pullarının nüsxələrinin tam sıyahısını və onun əl yazması ilə xərclərin pul vəsaitlərinin sıyahısının nüsxələrini təqdim etmişdir. Cavabdeh isə iddiaçını aldatmaq niyyəti ilə, yalandan üzünə duraraq bildirir ki, guya, o, yığılan vəsaitin hamısını iddiaçıya verib. Lakin bu faktla bağlı cavabdeh quru sözdən başqa heç bir sübut təqdim edə bilmir. Cavabdeh iddiaçıya yuxarıda qeyd olunan pul borcunu ödəməkdən imtina edir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3143/2022 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1, 135.2, 137.4, 137.6, 137.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
10. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi kimi cavabdehin öz xətti ilə tərtib etdiyi işıq və kommunal xərclərin yığılması və xərclənən pullara dair əlyazma nüsxələri olan dəftər və vərəqələri, hesabatları, sakinlərin siyahısını, İşıq idarəsinin hesab fakturalarınının nüsxələrini və sayğac göstəricilərinin təqdim etsə də, birinci instansiya məhkəməsi həmin sübutların tədqiqindən əsassız olaraq tam imtina etmişdir. Belə ki, məhkəmə baxışında iddiaçının məhkəməyə təqdim etdiyi və cavabdehin öz xətti ilə tərtib olunmuş 4 ədəd dəftər və sakinlərin siyahısı ilə sonuncu tərəfindən sakinlərdən yığdığı kommunal xərclərə dair vəsaitin mənimsənilməsinin təsdiq olunmasını bildirməsinə və bu halın müəyyən edilməsi üçün həmin sənədlərin Auditorlar Palatasına göndərilməsi, qeyd olunan sənədlərin cavabdehin öz xətti ilə yazilib-yazılmamasının müəyyən edilməsi üçün iş üzrə Məhkəmə Xətşünaslıq Ekspertizasının təyin olunması, kommunal xərclərə görə cavabdehə pulları ödəmiş buna sakinlərinin şahid qismində dəvət olunaraq dindirilməsinə dair yazılı vəsatətlər verilsədə, birinci instansiya məhkəməsi iş üzrə obyektiv araşdırmanın aparılmasında maraqlı olmadığndan həmin vəsatətləri heç bir əsaslandırma aparmadan təmin etməmişdir. Digər tərəfdən yuxarıda qeyd olunanlara, yəni təqdim olunmuş sübutların tədqiq olunmasından imtina etməsinə və iddiaçı tərəfindən 4 ədəd dəftər və cədvəl şəklində tərtib edilmiş hesabatların təqdim olunmasını qətnaməsində qeyd etməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddianın rədd olunmasına dair nəticəsini əsaslandırdığı hallardan biri də ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad edən halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin İddiaçı binada sakinlərdən yığılmış kommunal haqların ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması və bu səbəblə də iddia rədd edilməli olmasına dair qənaəti əsassız olmuş, məhkəmə qeyd olunan qənaətinin maddi hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.6 və 137.7-ci maddələrini səhf təfsir etmişdir. Yuxarıda qeyd olunanlar isə ona əsas verir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
13. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
14. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
15. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir.
16. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.
17. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini əsaslığını və qanuniliyini tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmamalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Hazırkı mülki mübahisə üzrə iddianın predmetini Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində yerləşən binada kommunal ödənişlərə görə sakinlərdən yığılmış 6457,00 manat məbləğində pul vəsaiti təşkil edir.
27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı və ya onun icraçı direktor olduğu “X1” MMC ilə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə binanın idarə edilməsi ilə bağlı fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı bir müqavilənin bağlanıldığı müəyyən edilməmiş, belə olan halda, hesab etmişdir ki, İddiaçı binada sakinlərdən yığılmış kommunal haqların ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Digər tərəfdən, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən Cavabdeh tərəfindən kommunal xidmətlərə görə pulların yığılaraq mənimsəndiyini iddia etsə də, məhkəməyə bu halı təsdiq edilməsi üçün hər hansı mötəbər sübut təqdim etməmişdir.
28. Kollegiya birinci instansiya məhkəməsinin İddiaçı və ya onun icraçı direktor olduğu “X1” MMC ilə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində yerləşən binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri arasında binanın idarə edilməsi ilə bağlı fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı bir müqavilənin bağlanıldığının müəyyən edilmədiyi səbəbindən binada sakinlərdən yığılmış kommunal haqların ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi üçün subyektiv hüququn olmaması barədə gəldiyi nəticə ilə razılaşmır.
29. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MTK ilə “X3” MMC arasında imzalanmış xx.xx.2004-cü il tarixli, 02 nömrəli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 186 saylı Sərəncamı ilə Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində 0,40 ha ərazidə inşa edilmək üçün ayrılmış 5 ədəd yaşayış binasının bir ədədini və binanın birinci mərtəbəsinin səviyyəsində layihədə göstərilən oval tipli mağaza “X3” MMC-yə inşa edilməsinə və mənzillərin satışının təşkil edilməsinə razılıq verməsini öhdəsinə götürmüşdür. Xətai rayonu, Sadıqcan 15 ünvanında “X1” MMC tərəfindən yeni inşa edilmiş yaşayış binasının payçılarının yığıncağının xx.xx.2010-cu il tarixli iclas protokoluna əsasən, 28 nəfər payçılar iştirak edərək, binanın bütün işlərinə, mənzil kommunal pulların yığılmasına, cari təmirlərin aparılmasına, ödənişlərə və yığına pulların saxlanılmasına nəzarətin “X4” MMC-nin icraçı direktoru İddiaçı həvalə edilməsi, yaşayış binasında göstərilən kommunal xidmətlərə görə xərcin məbləğinin müəyyən edilməsi qərara alınmışdır.
30. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.
31. Beləliklə, Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər.
32. İş materiallarından görünür ki, kommunal ödənişlərlə bağlı bina sakinlərinin ümumi yığıncağının qərarı mövcuddur. Belə olduğu halda məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəllədə yerləşən yaşayış binasını idarəçiliyə götürən və sakinlərə xidmət göstərən “X1” MMC-nin kommunal xərcləri tələb etmək hüququ mövcuddur. Lakin İddiaçı öz adından iddia qaldıraraq kommunal ödənişlər kimi qeyd edilən pul vəsaitini öz xeyri üçün tələb etməkdə haqlı olmamışdır.
33. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
34. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
35. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3143/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.