Məhkəmə qərarları › İş №2(103)-732/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-732/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-732/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı "mənzildən çıxarılma" tələbinə dair ilk, iddiaçı X3 cavabdeh İddiaçı qarşı "mülkiyyət hüququnun əldə edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-1629/2020 nömrəli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusufovna Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Lakin xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçıya məlum olmuşdur ki, xx xxxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh onun məlumatı və razılığı olmadan mülkiyyətində olan həmin mənzilə qanunsuz yollarla qeydiyyata alınmış və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Göründüyü kimi, Cavabdeh mübahisəli mənzilə qanunsuz yollarla qeydiyyata alınmış, onun həmin mənzilə qeydiyyata alınmasına və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamasına iddiaçının, yəni mülkiyyətçinin razılığı olmamış, bununla da, onun və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır. Bundan da aydın görünür ki, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzilə istifadə hüquqları yaranmadığı halda qeydiyyatda olması və ailə üzvləri ilə birlikdə orada yaşaması iddiaçının konstitusion, mülki, mənzil hüquqlarını kobud şəkildə pozmuşdur və bu hüquq pozuntusu bu günədək davam etməkdədir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzili ailə üzvləri və əşyaları ilə birlikdə tərk etmələri və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələb edilsə də, onlar həmin mənzildən çıxmaqdan imtina edirlər. Bununla yanaşı, qeydiyyata alınma zamanı iddiaçının razılığının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə tərəflərindən xx xxxxxxx 2019-cu il tarixli, 100 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunaraq, xx xxxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh İddiaçı Yusufovnanın mülkiyyətində olan mübahisəli mənzilə qeydiyyata alınması ilə bağlı hər hansı notariat orqanı tərəfindən mənzilin mülkiyyətçisi İddiaçı Yusufovnanın razılıq ərizəsinin təsdiq edilib-edilməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli, 05/5805-14 saylı məktubu ilə sorğuya cavab olaraq bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış axtarış nəticəsində İddiaçı Yusufovnanın adından Cavabdeh yaşayış sahəsinə qeydiyyata alınmasına razılıq verməsi haqqında ərizənin təsdiqlənməsi aşkar edilmədi. Göstərilənlərə əsasən Cavabdeh ailə üzvləri və mənzildə olan əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmçinin, Bağırov X5 Şuşana Yusufovnaya qarşı “mülkiyyət hüququnun əldə edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 1999-cu ilin yanvar ayından ünvan 1 ünvanda ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzildə yaşayır. Belə ki, həmin evin qanuni mülkiyyətçisi olan X2 oğlu Fimanın razılığı ilə, yəni evin Cavabdeh satılacağı şərti ilə evin açarı ona təhvil verilib. Cavabdeh həmin evdə əsaslı təmir işləri aparıb, həmin ilin mart ayında toyunu edərək həmin evə ailəliklə köçüb, bu günə kimi yaşayır. Bundan əlavə, həmin evin Cavabdeh satılması müqabilində o, Fimanın şifarişi ilə onun bibisinə 7000 ABŞ dolları vermişdir. Fima da həmin evin Cavabdeh satılacağını inandırması və təsdiqlənməsi üçün onu həmin evə özü qeydiyyata aldırıbdır ki, ev onundur. Bundan əlavə, Cavabdeh bu günə kimi həmin evi bir neçə dəfə əsaslı təmir etmişdir. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, ünvan 1, mənzil 54 ünvanda Cavabdeh on ildən artıq müddətdə fasiləsiz olaraq yaşadığını nəzərə alaraq, həmin ünvandakı mənzilə mülkiyyət hüququnun əldə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)- 1629/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh və onun ailə üzvlərinin mənzildə olan əşyaları ilə birlikdə ilkin iddia üzrə İddiaçı Yusufovnanın mülkiyyətində olan ünvan 1 ünvanda ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq ilkin iddia üzrə İddiaçı Yusufovnaya təhvil verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, mənzilə mülkiyyət hüququnun əldə edilməsini və ya bazar qiymətlərinə uyğun olaraq ona kompensasiyanın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəməyə ona qarşı edilən qanunsuzluqlar barədə kifayət qədər sübutlar təqdim etsə də, məhkəmə onun sübutlarına qiymət vermədən, araşdırma aparmadan qərəzli şəkildə İddiaçı Yusufovnanın mənafeyini müdafiə edərək iddia tələbini rədd etmişdir. Hətta onun həmin evə qeydiyyata düşməyini də araşdırmaqdan imtina etmişdir. Hesab edir ki, onun verdiyi vəsatətləri məhkəmə qanunsuz olaraq təmin etməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh X6 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, mənzil 54 İddiaçı Yusufovnanın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 mənzil 54 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış axtarış nəticəsində İddiaçı Yusufovnanın adından Cavabdeh yaşayış sahəsinə qeydiyyata alınmasına razılıq verilməsi haqqında ərizənin təsdiqlənməsi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1141/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı Yusufovnanın mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Tağızadə küçəsi 37 saylı evin 54 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir. Beləliklə, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyətidir. Cavabdeh hazırda heç bir hüquqi əsas olmadan mübahisəli mənzilə sahiblik və ondan istifadə etməkdədir. Savabdeh Cavabdeh həmin mənzildən çıxmaması İddiaçı mülkiyyətçi kimi hüquqlarını pozur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mübahisənin həlli ilə bağlı gəldiyi nəticəni düzgün və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan hüquq normalarından görünür ki, ilk iddiacı İddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ mövcud olmuşdur və o, həmin hüququndan istifadə etməklə hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı özünün mübahisəli mənzildə mənzilin mülkiyyətçisinin razılığı və icazəsi ilə fasiləsiz olaraq uzun müddət yaşamasını, həmçinin mənzil mülkiyyətçisinə 7000 ABŞ dolları pul ödəməsini və sonuncunun həmin mənzili ona satacağını vəd etməsini əsas gətirərək onun həmin mənzilə mülkiyyət hüququ əldə etməsinin məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göründüyü kimi, mülki qanunvericilik daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinin yalnız qanunvericilikdə müəyyənləşdirilmiş əsaslarla (əmlakın satılması, bağışlanması və s.) mümkünlüyünü müəyyən etmişdir. Lakin qarşılıqlı iddiaçı belə əsaslardan hər hansı birinin mövcud olması ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmiş, Qarşılıqlı iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin razılığı ilə həmin mənzilə köçüb yaşadığını, mülkiyyətçi tərəfindən həmin mənzilin ona satılacağının vəd edilməsini, bununla bağlı ona 7000 ABŞ dolları məbləğində ilkin ödəniş etdiyini bildirsə də, buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, Cavabdeh apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İş üzrə qarşılıqlı iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli 2(006)-1629/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar