Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7321/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)-1688/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yevlax rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə bəraət almış, CM-nin 234.1- ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə, CM-nin 315.2-ci maddəsi ilə 3 il müddətinə ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı bütün bunlarla razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsində baxılmış, məhkəməni 1(107)-2/2020 saylı, 06.05.2020-ci il tarixli hökmü ilə onun şikayəti qismən təmin edilmiş, Yevlax rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli hökmü ləğv edilmiş, ona AR CM-nin 221.3 və 234.1-ci maddələri ilə bəraət verilmişdi. İddiaçı ittiham edilsə də, ədalətli məhkəmə qaldırılan bütün ittihamı rədd etmişdir. İddiaçı həm hepatit, həm vərəm, həm də digər xəstəliklərdən ciddi əziyyət çəkirdi. Həbsdə olduğu müddətdə ağır və çətin həyat tərzi keçirtmişdir. Bu ağır cəzanı təcridxana şəraitində yaşamışdır. Təhqiqat-istintaq Orqanlarının qanunsuz istintaq hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmasına və iddiaçıya ödənilməsinə dair qətnamə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)-1688/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, həmin qətnamə əsassız hesab edilməli və aşağıda göstərilən səbəblərə görə ləğv olunaraq, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı onun cinayət işi ilə aidiyyəti olmayan Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində göstərmişdir. Halbuki, başqa şəxsin öhdəliyinə Maliyyə Nazirliyi məsuliyyət daşımır. Bununla yanaşı, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1 -ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, digər tərəfdən Maliyyə Nazirliyinin iddiaçıya hər hansı vəsait ödəməsi ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə Nazirliyin reqres hüququnun təmin edilməsi məqsədilə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət təqdim etməsinə baxmayaraq, həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 1(107)-2/2020 saylı, 06.05.2020-ci il tarixli hökmün surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Yevlax rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs İddiaçı təqsirli bilindiyi CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsi, İddiaçı CM-nin 315.2-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməlinin həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi və o, CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmə təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası İddiaçı Yevlax rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli hökmü ilə təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılması və İddiaçı qəti olaraq iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 09.04.2018-ci ildən hesablanması, iş üzrə 62,32 manat məbləğində ekspertiza xərcinin dövlət hesabına aid edilməsi, iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan bir ədəd göy zolaqları olan qısaqol köynək və bir ədəd tünd göy rəngli cins şalvarın təqsirləndirilən şəxs İddiaçı, 1 ədəd boz rəngli qısaqol kofta və bir ədəd qara rəngli cins şalvar, bir ədəd ağ maykanın zərərçəkmiş şəxs Fariz İbrahimzadəyə qaytarılması, İddiaçı CPM-nin 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var. “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 9 və 10-cu maddələrinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması, şəxsin qanunsuz həbs olunması və ya tibb, yaxud tərbiyyə müəssisəsində məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının barəsində təqsirli olmadığı halda cinayət işi başlanılmış, ittiham aktı tərtib olunmuş, prokuror tərəfindən təsdiq olunaraq, cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, iddiaçı barəsində uzun müddət ərzində məhkəmə araşdırması aparılmış, birinci instansiya məhkəməsi tərəfindən barəsində ittihamedici hökm çıxarılmaqla, apellyasiya məhkəməsinin qərarı ilə iddiaçıya bəraət verilmişdir. Məhkəmə iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində əsassız ittiham irəli sürülmüş, əsassız olaraq xeyli müddət həbsdə saxlanılmış, o, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə azadlığı və digər hüquqlarından məhrum edilmişdir. Bununla da, ibtidai istintaq orqanının hüquqa zidd və məsuliyyətsiz hərəkətləri nəticəsində iddiaçı stress vəziyyətinə düşmüş, mənəvi sarsıntılar keçirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ona mənəvi ziyan vurulmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsi hazırkı mülki iş üzrə ümumiyyətlə tətbiq edilə bilməz. Belə ki, həmin maddəyə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Göründüyü kimi, qeyd olunan maddə zərərvuran şəxslə - təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsi ilə Azərbaycan Respublikası arasında olan reqres münasibətlərini tənzimləyir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, iddia tələbinin təmin edilmiş hissəsi cavabdehə münasibətdə 2000 manat məbləği keçmədiyindən, cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)-1688/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7321/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7321/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver