Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7328/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, istifadə hüququ, iddiaya cavab verməli olmayan şəxs, qanunun anologiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (bacısı) Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi, evin həyət qapısının açılması və mediasiya xərcinin tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Quliyeva X5 Müşfiq Hafiz oğlu 2007-ci ildə ailə həyatı qurmuş və ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçüb orada yaşamağa başlamış, xx.xx.2008-ci il tarixdə nikahları rəsmiləşdirilmiş, təxminən 2010-cu ildə onlar ünvan 2 ünvanında yerləşən evə köçmüşlər.
2. İddiaçı və Cavabdeh nikahlarından (evliliklərindən) xx.xx.2008-ci il tarixdə Hafiz, xx.xx.2018-ci il tarixdə Malik adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur.
3. ünvan 2 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, bununla belə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 200 nömrəli xx.xx.2002-ci il tarixli Sərəncamına əsasən, həmin qurumun 19/481 saylı xx.xx.1991-ci il tarixli sərəncamı ilə Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 56 saylı mağazanın yanında “Bəhruz” İK-na verilmiş tikililərin Nümayəndə2 adına keçirilməsinə və həmin tikililərin dam örtüyünün təmir edilməsinə icazə verilmişdir.
4. Nümayəndə2 Cavabdeh anası, İddiaçı keçmiş qayınanasıdır.
5. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumata əsasən, ünvan 3 ünvanına quraşdırılan sayğac (abunə kodu **********20099) Nümayəndə2 adınadır.
6. “Azəriqaz” İB tərəfindən verilmiş abonent saldosuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə ünvanına quraşdırılan sayğac (abonent kodu **********10910) Nümayəndə2 adınadır.
7. X8, X3 və X2 tərəfindən imzalanmış akta əsasən, ünvan 5-də İddiaçı övladları X9 və X10 ilə birlikdə 9 ildən artıqdır qeydiyyatsız yaşayırlar.
8. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli arayışa görə, X9 2014-cü ildən 2021-ci il tarixədək Binəqədi rayonu 298 nömrəli tam orta məktəbdə oxuyub. Arayış verilən tarixdə həmin məktəbin "xxxx" sinfində təhsil alır.
9. Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri idarəsinin 292 saylı uşaq baxçıası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa görə, X1 qəsəbəsi 292 nömrəli uşaq baxçasına 8 aydır ki, gedir.
10. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarla Nümayəndə1 Hafiq qızının keçmiş gəlinləri İddiaçı tərəfindən döyülməsi barədə ərizəsi üzrə toplanmış materillara əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməklə gələcəkdə baş verə biləcək hər hansı qanuna zidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin ailələr münaqişəli ailə kimi qeydiyyata götürülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir.
11. X13, X14 və X11 tərəfindən notarial qaydada verilmiş akta görə, İddiaçı ünvan 4 ünvanında 2007-ci ildən 2012-ci ilədək qeydiyyatsız yaşamışdır.
12. Quliyeva X7 rayonunun Şəybəy kəndində pasport qeydiyyatındadır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, azyaşlı övladları ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, evin həyət qapısının açılması və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehla 2007-ci ildə el adəti ilə həyatı qurmuş, 2008-ci ildə nikahlarını rəsmiləşdirilmiş, nikahlarından xx.xx.2008ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 anadan olmuşlar. Daha sonra məhkəmə qətnaməsinə əsasən nikahı pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışlar. 2007-ci ildə faktiki nikaha daxil olarkən cavabdehə məxsus mübahisəli mənzilə gəlin köçmüş, cehiz əşyalarını da həmin mənzilə aparmış, orada 10 ildən artıq yaşamışdır. Lakin hazırda cavabdeh fərdi evin həyətinin giriş qapısını bağlayaraq onu və uşaqlarını həyətə buraxmır. Cehiz əşyaları həmin fərdi yaşayış evinin 1 otağına yerləşdirilmişdir. Uşaqlardan biri həmin ərazidə yerləşən 292 saylı uşaq baxçasına, digəri isə 298 saylı orta məktəbin 8-ci sinfinə gedir.
15. Müşviq Məmmədov iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı mübahisəli tikiliyə deyil, ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş, qaynanası və baldızı ilə daimi münaqişədə olduğundan, anası (Nümayəndə2) ona mübahisəli tikilidə müvəqqəti yaşamağa icazə vermişdir. Heç kim iddiaçını məcburi olaraq evdən qovmamış, o özü könüllü olaraq getmişdir. İddiaçı artıq onların ailə üzvü deyil, tikili isə anası Nümayəndə2 adına olduğundan iddia rədd edilməlidir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180-ci, Mülki Prosessual Məcəllənin 4.1-ci və 14.2-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, ərazi üzrə müvafiq icra hakimiyyətinin sərəncamına əsasən faktiki olaraq Nümayəndə2 sahibliyinə və istifadəsinə verilmişdir (200 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncama əsasən) və belə olan halda iddia tələbi buna cavab verməli olmayan Cavabdeh qarşı irəli sürüldüyündən təmin edilməməlidir.
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, mübahisəyə tətbiq edilməli olan qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü, 54-cü və 123-cü maddələrini tətbiq etməmiş, köçürülməsini tələb etdiyi yaşayış evinin icarədarı olan Nümayəndə2 və onun oğlu Müşviq Məmmədovun ailə üzvü kimi orada uzun illər yaşadığını nəzərə almayaraq qanunsuz qərar çıxarmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
19. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, həqiqətən də 2007-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş, orada təxminən 3 il yaşadıqdan sonra cavabdehin bacısı ilə yola getmədiyindən həyat yoldaşı ilə birlikdə ünvan 2 ünvanında yerləşən sənədsiz evə köçüb orada yaşamağa başlamışdır. Həmin ev qayınanasına verilmiş mağazaya bitişik olan anbar tipli şəraitsiz sahə olmuş, orada sonradan da heç bir təmir işləri həyata keçirilməmişdir. Lakin həmin evin yerləşdiyi sahədə cavabdehin bacısı özünə ikimərtəbəli ev tikmişdir.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat verərək şikayətin əsassız olduğunu bildirmiş, onun nümayəndəsi də bənzər məzmunda izahat vermişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
“X16 haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
29. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər X16a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Yuxarıda qeyd olunanlardan (§ 3, 5, 6) göründüyü kimi, ünvan 2 ünvanında yerləşən ev (tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 200 nömrəli xx.xx.2002-ci il tarixli Sərəncamı əsasında ona sahiblik hüququ Nümayəndə2 tanınmışdır.
37. Belə olan halda Cavabdeh iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir; prosessual qanunvericiliyin mənasına görə (§ 28, 29) isə, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
38. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
39. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
40. Keçmiş gəlinlərin mənzilə (özbaşına tikiliyə) köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı birinci instansiya məhkəməsinin dəyərləndirməsi daha doğru görünür. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
41. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
42. İşin müəyyən olunan hallarından və iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, o, 2007-ci ildə ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş, təxminən 3 il orada yaşamış, 2010-cu ildə hazırda mübahisəsi gedən mövcud (hazır) evə köçüb orada yaşamağa başlamış, ünvan 2 ünvanında yerləşən tikili onun səyi və zəhməti ilə inşa olunmamışdır.
43. Hazırkı mübahisəyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməli olması ilə bağlı iddiaçının irəli sürdüyü arqumentə münasibətdə isə kollegiya qeyd edir ki, həmin Məcəllənin 53-cü maddəsi (§ 25) kirayəçi ilə birlikdə yaşayan digər şəxslərin kirayəçinin ailə üzvləri hesab edilmələrini onların kirayəçi ilə ümumi təsərrüfat aparmaları şərtinə bağlamışdır; iddiaçı isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Hüseynzadə küçəsi 13 ünvanında yerləşən evdə evin kirayəçisi hesab oluna biləcək Nümayəndə2 ilə ümumi təsərrüfat aparmamışdır. Qaldı ki, iddiaçının iddia tələbi ümumiyyətlə Nümayəndə2 qarşı yönəlməmişdir.
44. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X17rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
45. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, mübahisəli tikilini cavabdehin anası inşa etmiş, həmin dövrdə (2002-ci ildə) cavabdehin 19 yaşı olmuşdur. İddiaçı, özünün bildirməsinə görə oraya 2010-cu ildə köçmüş, bu tarixdən sonra evdə heç bir təmir və ya yaxşılaşdırma işləri həyata keçirilməmiş, ailə münasibətləri pozulduqdan sonra evi tərk etmişdir. Tərəflər arasında münaqişəli vəziyyət vardır və onların birgəyaşayış qaydalarına uyğun olaraq yaşamaları mümkün deyildir.
46. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2985/2022 saylı iş üzrə 09 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov