Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7335/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1931/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilməmiş əmək məzuniyyəti günləri üçün pul əvəzinin, müvəqqəti əvəzetməyə görə ödənilməmiş əmək haqqının və son haqq hesab zamanı əskik ödənilmiş məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzi və ilkin mediasiya sessiyasında xidmət haqqı və digər xərclərə görə ödənilmiş 56 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1931/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, İddiaçı Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
4. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixindənxx.xx.2023-cü il tarixinədək Cavabdeh ASC-nin hüquq departamentində işləmişdir. İkinci Qarabağ müharibəsində iştirak edərək “X1”medalı ilə təltif edildiyi üçün Əmək Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq ona illik 46 gün əmək məzuniyyəti hesablanmış, lakin işlədiyi müddət ərzində əmək məzuniyyəti hüququndan cəmi 1 dəfə istifadə edərək 17 gün əmək məzuniyyətində olmuşdur. Bu səbəbdən də istifadə edilməmiş əmək məzuniyyəti günləri qalmış, son haqq-hesab zamanı həmin məzuniyyət günlərinin əvəzinə pul əvəzi ona ödənilməmişdir. xx.xx.2023-cü il tarixində ***-**** nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Müvafiq Əmrin 2-ci bəndində xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə istifadə etmədiyi 23 günlük məzuniyyət günləri üçün kompensasiya məbləğinə dair tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78 və 82-ci maddələrinə uyğun olaraq qeydə alınması, 4-cü bəndində isə xx.xx.2023-xx.xx.2023-cü iş ili üzrə 7 təqvim günü istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Banklar haqqında Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsində bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələblərinin növbəlilik qaydasında ödənilməli olduğu göstərilmişdir. Qeyd edilən maddədən də göründüyü kimi istifadə edilməmiş məzuniyyətlərə görə ödənilməli olan pul əvəzi növbəlilik qaydasında ödənilməli olan tələblərə daxil edilməmişdir. İstifadə edilməmiş məzuniyyətlərə görə ödənilməli olan pul əvəzi nə əmək haqqı, nə də ki müavinət hesab olunmur. Belə ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin3-cü bəndinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Əmək Məcəlləsinə əsasən müavinət dedikdə isə sosial müdafiə üzrə müavinətlər və işdənçıxma müavinəti nəzərdə tutulur. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndində işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənildiyi göstərilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, istifadə edilməmiş məzuniyyətə görə işçiyə ödənilməli olan kompensasiya, pul əvəzi, əmək haqqı və müavinət ayrı-ayrı anlayışlardır. Bu səbəbdən də istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi işçiyə dərhal ödənilməlidir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndindən məlum olur ki, işçinin istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi tələb etmək hüququ işdən çıxdığı andan yaranır və qeyd edilən tələb Banklar haqqında Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında ödənilməli olan tələblər sırasında qeyd edilmədiyi üçün, Əmək Məcəlləsinin qeyd edilən maddəsinə uyğun olaraq təmin edilməlidir. Göründüyü kimi cavabdeh tərəf xx.xx.2023-cü il tarixində ***-**** nömrəli Əmrin 2-ci bəndində xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə istifadə etmədiyi 23 günlük məzuniyyət günləri üçün kompensasiya ödənilməsi üzrə tələbini növbəliliyə salmaqla, əmrin 4-cü bəndi əsasında isə xx.xx.2023-xx.xx.2023-cü iş ili üzrə 7 təqvim günü istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzini ödəyərək, qalan məzzuniyyət günlərinə görə pul əvəzini ödəməməklə istər qanunvericiliyin tələblərini, istərsə də əmək hüquqlarımı pozmuşdur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilən növbəlilik Bankın müflis elan olunması anınadək mövcud olmuş və müflis elan olunma nəticəsində yaranmış tələblərin ödənilməsi növbəliliyini özündə ehtiva edir. Qanunun 76-cı maddəsində müflis elan olunmuş banka qarşı tələblərin bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalı olduğu göstərilmişdir. Əmək müqaviləsinə xitam verilmədən işçinin istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi tələb etmək hüququ olmadığından qeyd edilən tələbin qeydə alınmasının mümkünsüz olduğu və qanunvericinin qanunun müvafiq maddəsində məzuniyyətə görə pul əvəzinin ödənilməsini növbəlilik qaydasında ödənilməli olan tələblərə aid etmədiyi bir daha məlum olur.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. İşdən görünür ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın ödənilməsi tələb edir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.
13. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 178.2-ci maddəsinə görə müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
14. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmin Qərarda göstərilmişdir ki, hüquqi şəxs ləğv edilərkən kreditorların tələblərinin ödənilməsini, yəni ödəniş növbəliliyini müəyyən edən Mülki Məcəllənin 62-ci maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyi isə müflis elan olunmuş bankın aktivlərinin bölüşdürülməsinə aiddir. Lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklara qarşı tələblərin ödəniş növbəliliyi yalnız Təlimatın 13-cü bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsindən fərqli olaraq, həmin bənddə işçilərin əmək haqqı ilə bağlı tələblərinin üçüncü növbədə ödənilməsi müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq, maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının) qərarları normativ xarakterli aktlar hesab edilir. Həmin Qanunun 4.4-cü maddəsinə görə, normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Bu mövqedən çıxış edərək belə nəticəyə gəlmək olar ki, lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda nəzərdə tutulmadığından, eləcə də Əmək Məcəlləsi Təlimatdan üstün hüquqi qüvvəyə malik olduğundan belə bankların işçilərinin əmək haqqı ilə bağlı tələbləri ödənilərkən Əmək Məcəlləsinin 178.2-ci maddəsi rəhbər tutulmalıdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3cü maddəsinə uyğundur.
16. “Banklar haqqında” Qanunun 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
17. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Qeyd olunan Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.
18. “Banklar haqqında” Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.
19. Həmin Qanunun 77.7-ci maddəsinə əsasən Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin mediada dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verərkən düzgün olaraq qeyd etmişdir ki, hazırki işdə cavabdeh müəssisə müflis elan edildiyindən işçilərə ödənməli ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə ki, işçi banka qarşı hazırki tələblə banka müraciət etməli, bank isə öz növbəsində tələbi qəbul edilmiş və ya etiraz edilmiş tələblər siyahısına daxil etməlidir. Bundan sonra isə siyahıya daxil edilən tələblər üzrə ödənişlər növbəlilik qaydasında həyata keçirilməlidir. Əgər iddiaçının tələbi etiraz edilmiş tələblər sırasına daxil edilərsə, o zaman həmin siyahını təsdiq etdiyi zaman məhkəmə bankdan etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün sübutlar tələb edə bilər. İddiaçının etiraz edilmiş yaxud qəbul edilmiş tələbi hazırda məhkəmənin icraatında olduğu təqdirdə isə iddiaçı həmin məsələyə baxan məhkəməyə müraciət etmək və dinlənilmək hüququna malikdir.
21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1931/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.