Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7336/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi Vəkilov Ramin Mustafa qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilməsi barədə” ilk, Cavabdeh1 İddiaçı qarşı “mənzilə köçürülmə barədə” qarşılıqlı iddia ərizəsinə dair 2(011)-1895/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinskiy küçəsi, ev 23/10 saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdeh2 iddiaçının oğlu, Cavabdeh1 isə keçmiş gəlinidir. Onlar 2010-cu ildə ailə qurublar. Digər cavabdehlər iddiaçının nəvələridir. Onun oğlu 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilmişdir. Bundan sonra gəlini öz şəxsi əşyalarını da götürərək evi tərk etmiş, nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4836/2019 saylı qətnaməsi ilə onların arasındakı nikah pozulmuş, cavabdehlər könüllü olaraq həmin mənzili tərk etmişlər. Onları heç kim mənzildən çıxarmamışdır. Cavabdehlər xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 iddiaçının nəvələridir, onlar yetkinlik yaşına çatmamışlar və hazırda da anaları ilə birlikdə yaşayırlar. Cavabdehlər uzun müddətdir həmin mənzili tərk etdiyindən onların mənzildən istifadə hüququna xitam verilməlidir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri, General Şıxlinski küçəsi, ev 23/10-da yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, iddiaçının oğlu Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan iki övladları doğulmuşdur. Gəlin köçdüyü vaxtdan 2-3 ay sonra, yəni təqribən 2010-cu ilin ortalarından etibarən mübahisəli ünvan 1 saylı fərdi yaşayış evinə köçmüşdür, hətta cehizlərini də bura gətirmişdir. Həmin mənzil qaynanasının adınadır, ona da vərəsəlik qaydasında onun qaynatasından keçmişdir. O, xx.xx.2016-cı il tarixdən yaşadığı mənzilə pasport qeydiyyatına düşməklə yaşamaq hüququ əldə etmişdir. xx.xx.2017-ci ildə keçmiş həyat yoldaşı 2 nəfərin ölümünə səbəb olan avtoqəza hadisəsi törətmiş, buna görə də məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Bundan sonra bir müddət münasibətləri yaxşı olsa da, sonradan yaşadığı evdə ailə üzvləri tərəfindən özü və uşaqları incidilmiş, təhqir olunmuşlar, elə bir vəziyyət yaratmışlar ki, həmin mənzildə yaşamaq mümkün olmamışdır, elə bir psixoloji vəziyyət yaranmışdır ki, qapı döyüləndə uşaqlar qorxudan stolun altına girirdilər, sonda isə uşaqlarını və şəxsi əşyalarını götürərək qeydiyyatda olduğu və yaşadığı mənzili tərk etmək məcburiyyətində qalmış, atası evinə getmişdi. Həmin evi 2019-cu ilin yanvar ayının 14-də tərk etmişdir, evi tərk edərkən ondan iddiaçı və digər ailə üzvləri niyə və hara getməkləri barədə heç soruşmamışlar, sonradan da heç kəs onunla və uşaqlarla maraqlanmamışdır. Belə vəziyyət sonda ailə həyatının dağılması ilə nəticələnmişdir, nikah pozulmuşdur. Onlar ata evində məskunlaşsalar da orada yaşamaq üçün normal şərait yoxdur, çünki qardaşı da ailəsi ilə birgə orada yaşayır, onların da xəstə uşaqları var, burda qalmaq çox çətindir, uşaqlar və özü sadəcə psixoloji təzyiqlərə məruz qaldıqları üçün qeydiyyatda olduğu ünvanı tərk etmişlər, digər cavabdehlər xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 birgə nikahdan olan uşaqlarıdır, uşaqlar Nərimanov rayon ərazisində hazırda yaşadıqları ərazidə yerləşən məktəbdə təhsil alırlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnaməni ləğv edərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1 xx.xx.2010-cu il tarixində rəsmi nikaha girməklə ailə qurmuşlar. Bu nikahdan iki uşağı doğulmuşdur. Həmin tarixdə Cavabdeh1 Xətai r/n, General Şıxlinski küçəsi ev 23/10 ünvanında yerləşən mənzilə köçməklə cehiz əşyalarını da həmin mənzilə aparmışdır. xx.xx.2016-cı il tarixində isə yaşadığı mənzilə pasport qeydiyyatına düşməklə yaşamaq hüququ əldə etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Keçmiş həyat yoldaşı Cavabdeh2 xx.xx.2017ci ildə avtoqəza nəticəsində 2 nəfərin ölümünə səbəb olduğu üçün 6 il azadlıqdan məhrum edilmə cəzası almışdır. O, öz övladları ilə birlikdə qeydiyyatda olduğu Xətai rayonu, General Şıxlinski küçəsi ev 23/10 ünvanında yaşamağa davam etmişdir. Onlara keçmiş həyat yoldaşının ailəsindən heç bir maddi dəstək olmamışdır. Maddi dətək olmadıqları üçün onun valideynləri maddi yardım göstərmişdir. Bunlara baxmayaraq ona və övladlarına qarşı psixoloji təziq göstərmişlər. Artıq uşaqları qapı açılanda qorxudan stolun altında gizlənirdilər və ağlayırdılar. Cavabdeh1 artıq bu təziqlərə və uşaqlarına görə oradan çıxmaq qərarına gəlmiş və xx.xx.2019-cu il tarixində qeydiyyatda olduğu ünvanı tərk edərək müvəqqəti olaraq atası evinə gəlmişdir. Bu səbəbdən Cavabdeh1 aprel ayında artıq məhkəməyə müraciət edərək boşanmaq üçün iddia ərizəsi vermişdir. Bundan sonra isə məhkəmədə mənzilə köçürülmə ilə bağlı iddia qaldırmağa planlaşdırırmışdır. Lakin qarşı tərəf Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ilə bağlı müraciət etdikləri üçün qarşılıqlı iddia vermək qərarına gəlmişdir. Apelyasiya baxışı zamanı cavabdeh və nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia ərizəsi üzrə iddiaçı və digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin ilk iddia tələbinin Cavabdeh1 qarşı təmin olunmuş və qarşılıqlı iddia ərizəsinin rədd olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı və digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Məhkəmə kollegiyası Cavabdeh1 və nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən xx.xx.2016-cı il tarixdə ünvan 1 ünvanında olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 ilə Cavabdeh1 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bundan sonra Cavabdeh1 mübahisəli mənzilə gəlin köçərək orada yaşamışdır. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 adlı uşaqları doğulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4836/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh2 ilə Cavabdeh1 arasında rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 anaları Cavabdeh1 yanında qalması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh2 xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Cavabdeh1 bildirdiyinə görə 2019-cu ilin yanvar ayından etibarən digər cavabdehlər olan azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzili tərk etmişdir, hazırda o, azyaşlı uşaqları ilə birlikdə atasına məxsus mənzildə məskunlaşaraq orada yaşayır. İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır, mənzildə qeydiyyatda olan digər şəxslər X2, Cavabdeh2, X4, X5, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh1dır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahəsdən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dən yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008-ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Kollegiya müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülkiyyətçinin oğlu ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olduqdan sonra Cavabdeh1 iddiaçıya məxsus mübahisəli mənzilə köçərək orada yaşamışdır. Lakin nəzərə alınmalıdır ki, ilk iddia üzrə Cavabdeh1 İddiaçı ailə üzvü deyil və 2010-cu ildə həmin mənzilə gəlin köçərkən və daha sonrakı vaxtlarda, onun istifadə hüququnun yaranması üçün mülkiyyətçinin rəsmi razılığı olmamışdır. Beləliklə, Cavabdeh1 qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Kollegiya hesab edir ki, yaranmamış istifadə hüququna xitam verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ilk iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilməli və ilk iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1895/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilk iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin olunmasın. Nəzərə alınsın ki, hazırkı iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi Cavabdeh1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7336/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7336/2020
20.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver