Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7343/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər:müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, vicdanlı alıcı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə Oktay oğlunun, Cavabdeh1 MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilərək müqavilədə nəzərdə tutulmuş mənzilin boşaldılıb faktiki sahiblik və istifadəyə verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MTK arasında 18 noyabr 2008-ci il tarixdə "xxxx" müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında tikiləcək binanın 1-ci girişinin 4-cü mərtəbəsində ümumi sahəsi 151 kv.m olan 4 otaqlı 9 saylı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.
2. Həmin müqavilədə əlyazısı ilə “İddiaçı binada elektrik quraşdırma işləri ilə əlaqədar əvəzləşmə. Protokol № 1. xx.xx.2008-ci il” qeydi aparılmışdır.
3. MTK-nın İddiaçı verdiyi maliyyə arayışında göstərilmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilən 3 girişli yaşayış binasında elektrik quraşdırma işlərini görmüşdür və gördüyü işin əvəzində 1-ci girişin 4-cü mərtəbəsində ümumi sahəsi 151 kv.m olan 4 otaqlı 9 saylı mənzil ona verilmişdir, MTK-ya borcu yoxdur.
4. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında binanı inşa edən şirkətin iş icraçısı, texniki nəzarətçisi, binanın komendantı və İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli akta görə, İddiaçı binanın daxili elektrik işlərini tam başa çatdırmışdır və görülmüş işlərə heç bir irad yoxdur.
5. 12 aprel 2011-ci il tarixdə İddiaçı tərəfindən həmin mənzil üçün MTK-ya 10 000 (on min) manat ödənilmiş, bununla bağlı ona kassa mədaxil orderi verilmişdir.
6. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən 9 saylı mənzillə bağlı xx.xx.2016-cı il tarixdə **********20009 abunə kodu ilə "xxxx" ASC-nin abonenti kimi qeydə alınmış, xx.xx.2016-cı il tarixdə mənzilə sayğac quraşdırılmış, xx.xx.2017-ci il tarixdə sayğaca möhür vurulmuş və bu barədə akt tərtib edilmişdir. İddiaçı hazırkı dövrədək həmin mənzil üzrə "xxxx" ASC-nin abonentidir.
7. "xxxx" ASC-nin tərtib etdiyi abonent saldosundan görünür ki, xx.xx.2022-ci il tarixinədək mənzildə elektrik enerjisi istehlak olunmamışdır.
8. MTK-nın İddiaçı xx.xx.2018-ci il tarixdə ünvanladığı məktubda xəbərdarlıq olunmuşdur ki, ona məxsus olan mənzilin qara (ağır) işlərini 15-20 gün müddətində binanın giriş qapılarının qarşısında quraşdırılmış libyotkalardan (qaldırıcı qurğu) istifadə etməklə həyata keçirsin, əks halda həmin avadanlıq götürüldükdən sonra mənzilin təmiri üçün gətiriləcək mal-materiallar əllə (pilləkənlərlə) qaldırılacaqdır.
9. Cavabdeh2 ilə MTK arasında 24 aprel 2013-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40A ünvanında tikiləcək binanın 1-ci girişinin 4-cü mərtəbəsində ümumi sahəsi 151 kv.m olan 4 otaqlı 9 saylı mənzili Cavabdeh2 təhvil verməyi, sonuncu isə bunun müqabilində 143 450 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.
10. Həmin müqavilədə əlyazısı ilə qeyd yazılmışdır ki, mənzil Quliyev Şahmara beton əvəzi verilmiş, Q. Şahmarın ərizəsi əsasında Cavabdeh2 adına keçirilmişdir.
11. ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmış, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ********** qeydiyyat №-li çıxarış verilmişdir.
12. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında tikilən binanın 1-ci girişinin 4-cü mərtəbəsindəki ümumi sahəsi 151 kv.m olan 4 otaqlı 9 saylı mənzil təmir olunmamışdır (MTK-nın nümayəndəsinin bildirməsinə görə qismən təmir olunmuşdur) və hazırda orada yaşayış olmamaqla yanaşı, mənzilə sahibliklə bağlı İddiaçıla Cavabdeh2 arasında münaqişəli vəziyyət mövcuddur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı Cavabdeh1nə (MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, MTK ilə arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli "xxxx" 87 saylı müqaviləyə əsasən əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilmiş binanın İ girişinin İV mərtəbəsindəki sahəsi 151 kv.m olan 9 saylı mənzilə pay hüququnun tanınması, həmin mənzilin boşaldılaraq onun sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin MTK-ya həvalə edilməsi, həmin mənzilə sahiblik hüququnun həyata keçirilməsinə MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə prosesinin gedişində həmin mənzillə bağlı Cavabdeh2 ilə də müqavilə bağlandığı və mənzilin onun adına qeydiyyata alındığı müəyyən edildiyindən iddiaçı, Cavabdeh2 cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə təqdim etmiş, MTK və Cavabdeh2 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 203 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ünvan 4 ünvanındakı 9 saylı mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli qeydiyyat yazısının (müvafiq çıxarışın) ləğv edilməsi, MTK ilə arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli "xxxx" 87 saylı müqaviləyə əsasən əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilmiş binanın İ girişinin İV mərtəbəsindəki sahəsi 151 kv.m olan 9 saylı mənzilə pay hüququnun tanınması, həmin mənzilin boşaldılaraq onun sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin MTK-ya həvalə edilməsi, həmin mənzilə sahiblik hüququnun həyata keçirilməsinə MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, MTK ilə bağladığı 18 noyabr 2008-ci il tarixli "xxxx" 87 saylı müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda inşa edəcəyi yaşayış binasının İ girişinin İV mərtəbəsindəki, sahəsi 151 kv.m olan 9 saylı mənzili inşa edərək ona təhvil verməyi öhdəsinə götürmüş, MTK-nın verdiyi maliyyə arayışı ilə mənzilin dəyərini tam şəkildə ödədiyi müəyyən olunmuşdur. Aldığı mənzil uzun müddət ərzində sahibliyində olmuş, yəni mənzilə ara-sıra gedib-gəlmiş, mənzilin qapısı tərəfindən dəyişdirilmişdir. Son dövrlərdə mənzilə müəyyən müddət ərzində gedib-gələ bilməmiş, bir neçə ay əvvəl isə mənzilə gedərkən onun qapısının açarının dəyişdirildiyinin şahidi olmuşdur. MTK-nın rəhbərliyinə müraciət edərək mənzlin sahiblik və istifadəsinə verilməsinin (mənzilin açarının ona verilməsinin) təmin olunmasını xahiş etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bundan sonra tərəfindən 12 aprel 2022-ci il tarixli pretenziya ilə MTK-ya müraciət edilərək mənzilin 03 (üç) gün ərzində sahiblik və istifadəsinə verilməsi, eləcə də mənzilin açarının təqdim edilməsinin təmin edilməsi təklif olunmuş, əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. MTK tərəfindən müraciətinə cavab verilməmişdir. MTK ilə arasında bağlanmış müqavilənin 2.2-ci və 2.3-cü bəndlərinə əsasən MTK, qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi, binanın İ girişinin İV mərtəbəsindəki 9 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd olunan qanunvericilik normasına əsasən aldığı mənzil üzərində mülkiyyət - sahiblik və istifadə hüququ əldə etmişdir. MTK müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, mənzili onun sahiblik və istifadəsinə verməmişdir. Məhkəmədə işə baxılarkən, MTK-nın nümayəndəsi Cavabdeh2 ilə MTK arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 203 saylı müqavilə, eləcə də daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təqdim etmişdir. Hesab edir ki, MTK ilə Cavabdeh2 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 203 saylı müqavilə qanunvericliyin tələblərinə uyğun olmadığından etibarsızdır və həmin müqavilənin hər hansı bir hüquqi qüvvəsi yoxdur. Çünki mənzillə bağlı yeni müqavilə bağlanılmazdan əvvəl onun razılığı alınmalı idi.
16. MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı və MTK arasında mübahisəli mənzilə dair 2008-ci ildə müqavilə bağlanmış, sonradan iddiaçı ilə MTK-nın həmin dövrdə olan rəhbəri arasında həmin mənzilin əvəzinə ona başqa mənzil veriləcəyi, mübahisəsi gedən mənzilin isə üçüncü şəxsə satılacağı barədə şifahi razılaşma olmuşdur. Həmin razılaşma şifahi olmuş və heç cür sənədləşdirilməmiş, mənzil 2013-cü ildə Cavabdeh2 satılmış, sonuncu isə 2021-ci ildə mənzilə dair çıxarış almışdır. Cavabdeh2 mənzilin vicdanlı alıcısıdır, onun bu məsələlər barədə məlumatı olmamışdır. İddiaçı onunla MTK arasında müqavilə bağlanmasına və ona maliyyə arayışı verilməsinə baxmayaraq, mübahisəli mənzilə görə faktiki olaraq pul ödəməmiş, bina tikilən zaman binanın elektrik işlərini təmin etmiş və mənzili ona həmin işlərin müqabilində verilmişdir.
17. Cavabdeh2 nümayəndəsi X1 iddiaya etiraz edərək bildirmişdir ki, qızı Cavabdeh2 ilə mübahisəli mənzilə dair alqı-satqı müqaviləsini bağlayan zaman həmin mənzilin MTK tərəfindən daha əvvəl İddiaçı satılmasından xəbəri olmamışdır. Mənzilin mübahisəli olmasından xəbəri olmadığına və mənzili qanunla müəyyən olunmuş qaydada əldə etdiyinə görə vicdanlı alıcı hesab olunmalıdır. Mənzildə təmir işləri aparmağa təzə başlamışdır ki, səhhətində yaranmış problemlərlə əlaqədar həmin işləri yarımçıq qoymuşdur. Hazırda mənzildə yaşayış yoxdur. Təmir işlərini tamamlamaq istədikdə ona MTK-dan bildirmişlər ki, mənzillə bağlı məhkəmədə mübahisə var.
18. Birinci instansiya məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur.
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 vicdanlı alıcı olmaqla mübahisəli mənzili MTK-dan alqı-satqı müqaviləsi əsasında aldığı zaman mənzillə bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal edə bilməzdi və iddiaçı, MTK-nın hüquqazidd hərəkətləri ilə ona vurduğu ziyanın əvəzinin ödənilməsi haqqında sonuncuya qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokol”un 1-ci, Mülki Məcəllənin 157.5-157.7-ci maddələrinə istinad etmişdir.
21. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, Cavabdeh2 mənzili qanuni əsasla əldə etmədiyi üçün vicdanlı alıcı hesab oluna bilməyəcəyini, MTK-nın ona ünvanladığı xx.xx.2018-ci il tarixli məktubdan mənzilin həmin dövrə qədər başqasına satılmadının aydın olduğunu, mənzilin Cavabdeh2 təhvil verimədiyini, məhkəmənin qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
22. Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, mənzil ona binanın elektrik işlərini görməsinin müqabilində verilmiş, 2011-ci ildə əlavə olaraq MTK-ya 10 000 manat ödəniş etmiş, mənzil son dövrlərə qədər faktiki sahibliyində olmuş, mənzilin giriş qapısını özü quraşdırmış, 2016-cı ildə həmin mənzil üzrə elektrik enerjisinin istehlakçısı kimi qeydə alınmış və mənzilə elektrik sayğacı quraşdırılmış, bunun üçün MTK-ya pul ödəmiş, 2018ci ildə MTK ona məktub ünvanlayaraq mənzilini təmir edə biləcəyini bildirmişdir. Mənzilin giriş qapısı hazırkı dövrədək məhz özünün quraşdırdığı qapıdır və hesab edir ki, Cavabdeh2 ilə 2013-cü ildə bağlandığı bildirilən müqavilə saxta müqavilədir.
23. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə Oktay oğlu da apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir.
24. Cavabdeh1 MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.
25. Cavabdeh1 MTK-nın nümayəndəsi həmçinin bildirmişdir ki, məhkəmənin MTK-ya göndərdiyi sorğu əsasında araşdırma aparılmış, lakin mənzilin Şahmar Quliyev adlı şəxsə beton əvəzi verilməsinə dair müqavilə, yaxud qərar, habelə mənzilin Cavabdeh2 adına keçirilməsinə dair Şahmar Quliyevin ərizəsi aşkar edilməmişdir. MTK-da müqavilələrin qeydiyyat kitabı da mövcud deyildir. MTK-nın inşa etdiyi binanın ünvanı əvvəl Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə olmuş, sonradan ünvanda dəyişiklik edilərək Xətai prospekti 42, daha sonra Xətai prospekti 40a olmuşdur.
26. Məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 (onun məlum olan ünvanına göndərilən bildirişlər “köçüb” qeydi yazılmaqla geri qaytarılmış, bununla belə SMS-bildiriş vasitəsilə məlumatlandırılmışdır) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
27. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
36. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
37. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
38. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
39. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
42. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
45. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
46. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
58. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
59. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 30) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
60. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.
61. İşin yuxarıda qeyd olunan hallarından (§ 1, 6, 8) göründüyü kimi, mübahisəsi gedən mənzilə dair Cavabdeh2 və MTK arasında müqavilə bağlandığı zaman İddiaçıla daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, mənzil məhz İddiaçı təhvil verilmişdir. Başqa sözlə MTK-nın, Cavabdeh2 ilə əqd bağlamaq səlahiyyəti ümumiyyətlə olmamış, Cavabdeh2 daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış İddiaçı müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır.
62. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, İddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Cavabdeh2 ilə 24 aprel 2013-cü il tarixli müqavilə bağlaması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı hüquqi mövqeyə uyğun olmamışdır. Cavabdeh2 mənzilə dair müqaviləni 2013-cü il tarixdə bağlamış olmasına baxmayaraq, mənzilə elektrik sayğacının İddiaçı adına 2016-cı il tarixdə quraşdırılması, İddiaçı hazırkı dövrədək "xxxx" ASC-nin abonenti olması, eləcə də 2018-ci ildə MTK-nın məhz İddiaçı mənzili təmir etməsi üçün bildiriş göndərməsi mənzilin İddiaçı sahibliyindən çıxmadığına dəlalət edir.
63. Bu mənada kollegiyanın qənaətinə görə, MTK ilə Cavabdeh2 arasında bağlandığı irəli sürülən xx.xx.2013-cü tarixli müqavilə əhəmiyyətsizdir və hər hansı hüquqi nəticə doğurmamışdır (§ 33).
64. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir (§ 37).
65. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir”.
66. Göründüyü kimi, əmlak İddiaçı qanuni sahibliyindən çıxmadığından, onun müvafiq tələbinə münasibətdə hər hansı müddət tətbiq oluna bilməz və bu həm də o deməkdir ki, əmlakla əlaqədar sonradan bağlanmış müqaviləni səlahiyyətli şəxslər arasında bağlanmış müqavilə kimi qiymətləndirmək mümkün deyildir.
67. Cavabdeh2 vicdanlı alıcı olması ilə bağlı irəli sürülən arqumentə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir:
68. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası (§ 29) məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar).
69. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərar).
70. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.
71. İşin hallarından görünür ki, Cavabdeh2 mübahisəsi gedən mənzillə bağlı müqavilə bağlayarkən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Lakin şübhəsizdir ki, mənzilin giriş qapısının quraşdırılmış olması Cavabdeh2 mənzilin ondan əvvəl başqasına satılıbsatılmadığı barədə şübhə yaratmalı idi. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh2 bağladığı müqavilədə mənzilin “Quliyev Şahmara beton əvəzi verildiyi, Q. Şahmarın ərizəsi əsasında Cavabdeh2 adına keçirildiyi” göstərilmiş olsa da, nə Şahmar Quliyevin müqaviləsi, nə də müvafiq ərizəsi mövcud deyildir və bu hal Cavabdeh2 müqavilə bağladığı zaman xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmədiyi qənaətinə gəlməyə əsas yaradır. Çünkü o, mənzilin giriş qapısının kim tərəfindən quraşdırıldığını, eləcə də Şahmar Quliyevin ərizəsinin mövcud olub-olmadığını aydınlaşdıra, mənzili yeni tikilidən aldığı üçün onun hansı şirkət tərəfindən inşa edildiyini, həmin şirkətin inşa etdiyi binalarda bir mənzilin birdən artıq şəxsə satıldığı barədə halın mövcud olub-olmadığını müəyyən edə bilərdi.
72. Kollegiya, etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə birbirilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər və nə qədər ki, Cavabdeh2 tərəfindən MTK-ya pul vəsaiti ödənilib-ödənilmədiyinə dair sübut təqdim olunmamışdır və eyni zamanda onun mənzildə müəyyən təmir işləri həyata keçirdiyi irəli sürülür, belə halda hazırkı işin halları baxımından restitusiyanın tətbiqi Cavabdeh2 hüquqlarının məhdudlaşdırılmasına şərait yarada bilər. Bu qənaətə gəldiyi zamanı kollegiya həm də, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında şərh olunmuş hüquqi mövqeyi əsas götürür və Cavabdeh2 izah edir ki, o, restitusiyanın tətbiqi, habelə ona vurulmuş ziyanın ödənilməsi üçün MTK-ya qarşı müvafiq iddia tələbi irəli sürmək hüququna malikdir.
73. Yuxarıda şərh etdiyi qənaətinin davamı olaraq kollegiya, iddiaçının digər tələblərini də əsaslı hesab edir və həmin tələblərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır.
74. Belə ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir (§ 43). Lakin hazırkı iş üzrə İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, MTK müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.
75. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2914/2022 saylı iş üzrə 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia tələbləri təmin edilsin. Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 203 saylı müqavilə etibarsız hesab olunsun və həmin müqavilə əsasında ünvan 4 ünvanındakı 9 saylı mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydiyyat yazısı (müvafiq çıxarış) ləğv edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında (hazırda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a) inşa edilmiş binanın İ girişinin İV mərtəbəsindəki sahəsi 151 kv.m olan 9 saylı mənzilə İddiaçı pay hüququ tanınsın, həmin mənzilin boşaldılaraq İddiaçı sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında (hazırda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a) inşa edilmiş binanın İ girişinin İV mərtəbəsindəki sahəsi 151 kv.m olan 9 saylı mənzilə İddiaçı sahiblik hüququnun həyata keçirilməsinə Cavabdeh1 MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının əvəzi qismində 150 (yüz əlli) manat Cavabdeh1 MTK-dan alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər İlham Kərimli Vahid Sadıqov