Məhkəmə qərarları › İş №2(103)-7345/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7345/2020

24.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7345/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-3782/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə işə bərpa olunması, işə bərpa olunacağı günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi, onun indiki - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı X16 14 saylı X25 filialında müvafiq vəzifəyə təyin edilməsi, işə bərpa olunacağı günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi və iddia tələbinin dəqiqləşdiriəsinə dair ərizə onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Şöbəsinin Sosial Müdafiə Mərkəzində işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmri ilə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. O, işlədiyi müddət ərzində hər hansı intizam cəzası almamış və işində heç bir xətaya yol verməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə ona töhmət verilməsindən məlumatı olmamışdır. Hesab edir ki, həmin əmr sektorun direktor vəzifəsini icra edən X8 işində buraxılmış nöqsanlara görə verilmişdir və əmrdə göstərilən nöqsanların onun vəzifəsinə heç bir aidiyyəti yoxdur. Onun əsas vəzifələri vəzifə təlimatında göstərilmişdir. Lakin şöbədə cəmi dörd nəfər işlədiklərinə və vətəndaşların müraciətləri çox olduğuna görə, o təlimatında göstərilən vəzifələrini deyil, hər gün direktor vəzifəsini icra edən Elşən Əliyevin müəyən etdiyi vəzifələri icra etmişdir. Yəni, faktiki olaraq üç vəzifəni - özünəməşğulluq və işaxtaran vətəndaşları təlimatlandırmaq; idarəyə daxil olan müraciətləri və sorğuları cavablandırmaq; şirkət tərəfindən özünəməşğulluq təlimini uğurla bitirmiş vətəndaşlara heyvanların təhvil-təslim edilməsi zamanı video çəkiliş aparmaq kimi vəzifələri yerinə yetirmişdir. Müraciət edən vətəndaşların boş (vakant) vəzifələrlə tanış etmiş və iş yerini işaxtaranlara təklif etmişdir. İşaxtaran iş təklifini qəbul etdikdə, sektorun rəhbəri iş yerinə göndəriş vermişdir. Nəticədə işaxtaran (işçi) və işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır. Vətəndaşın həyatyanı sahəsi və ya heyvanı olduğu halda, vətəndaşa özünəməşğulluqla bağlı təlimat keçirilir. Vətəndaş razı olduqda özü, ona məxsus əmlakı barədə ətraflı anket doldurur. Daha sonra sektorun rəhbəri Elşən Əliyev, digər işçilər Elşad Eynəliyev və Azər Mənsimov vətəndaşın verdiyi məlumatların düzgünlyünü yoxlamaq üçün aidiyyəti yerə baxış keçirməklə akt tərtib etmişlər. Məlumatlar təsdiq olunduğu halda, sektorun rəhbəri əmr verir və bundan sonra vətəndaş 1 aylıq təlim kursuna cəlb edilir. Nazirlik tərəfindən biznes plan yaradılır və həmin biznes plan uğurlu olursa, vətəndaş imtahana buraxılır. Vətəndaş imtahanı uğurlu keçsə, ona müvafiq şirkət tərəfindən pulsuz mal-qara təhvil verilir. Daha sonra nazirlik 3 aydan bir yoxlama baxışı keçirir. Həmin yoxlama baxışları əvvəl 1 il müddətində keçirilirdi, hazırda isə həmin müddət 2 ilədək uzadılıb. Vətəndaş 2 il müddətində qurduğu biznes planı üzrə ona verilmiş əmlakdan səmərəli istifadə edirsə, həmin əmlak onun tam mülkiyyətinə keçir və vətəndaş artıq nəzərətdən götürülür. Cəlilabad rayonunun əhalisi 225.000 nəfərdən ibarətdir. Onun işlədiyi müddət ərzində idarəyə təxminən 3.400 nəfər müraciət etmişdir. Onun işlədiyi məşğulluq tədbirləri sektorunda cəmi 25 vakant vəzifə olmuşdur. Lakin sektorunda müdirdən başqa, onunla birlikdə 4 nəfər işləmişdir. O, bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. Sektorun rəhbəri Elşən Əliyev ondan heç vaxt izahat almamış və onun barədə şikayət etməmişdir. Ölkədə baş vermiş pandemiya ilə bağlı dövlət tərəfindən 600.000 nəfərə sosial yardımın verilməsi zamanı Cəlilabad rayonu üzrə ödənişlərin həyata keçirilməsi tədbirində o, şəxsən iştirak etmişdir. Bunun üçün Azərbaycan Respublikası DSMF-nun işçiləri də işə cəlb olunmuşlar. Həmin tədbirin həyata keçirilməsi üçün o, digər işçilərlə birlikdə 3 növbə işləmişdir. O, 190 manat birdəfəlik ödənişlərin vətəndaşlara verilməsini təmin etmək məqsədilə digər işçi Paşa Hümbətovla birlikdə gecə növbəsində işləmişdir. Lakin işdən çıxarılarkən Nazirlik tərəfindən onun bu xidməti nəzərə alınmamış və qiymət verilməmişdir. Gecə növbəsinə görə ona əlavə əmək haqqı ödənilməyib. Həmçinin, Cəlilabad rayon Məşğulluq Mərkəzinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli əmri ilə ona müəyyən vəzifələr tapşırılsa da, onun həmin əmrin mövcudluğundan xəbəri olmamışdır. Lakin həmin əmrinin icrasının nəticələri ona nöqsan kimi irad tutulmuşdur. Belə ki, əmrə əsasən onun doğma dayısı X18 özünəməşğulluq proqramı çərçivəsində təlim kursuna cəlb edilmişdir. Halbu ki, onun dayısı həmin dövrdə artıq pensiyaya çıxmışdı və pensiyaçılar mərkəzinin özünəməşğulluq proqramına cəlb oluna bilməzdi. Dayısı onun sektorda işlədiyi müddətdən əvvəl müraciət etmiş və onun bu barədə məlumatı olmamışdır. Həmçinin, o, sektorunda çalışdığı zaman 7 ay müddətində sektorun direktoru vəzifəsini icra etmişdir. Hesab edir ki, o özünün yol verdiyi nöqsanlara görə deyil, Elşən Əliyevin yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Onun çalışdığı Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektoru 2020-ci ildə reforma nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı X16 14 saylı X25 filialına çevirilmişdir. İdarəyə yeni rəhbər təyin olunmuşdur. Bundan sonra o, nazirliyə dəvət edilmiş və tutduğu vəzifədən azad edilməsi barədə könüllü ərizə yazması ona təklif edilmişdir. Çünki, təzə rəhbər özünə yeni işçi qrupunu yığmış, onunla işləmək istəmədiyini bildirmişdi. O, ərizə yazmaqdan imtina etmişdir. Bu səbəbdən cavabdeh onu qərəzli olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Hesab edir ki, onun işdən azad olunması barədə cavabdehin əmri əsassızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 3782/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən Dövlət Məşğulluq Agentliyi iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə ona töhmət verilməsinə baxmayaraq, töhməti aldıqdan sonra işində hansı nöqsanları törətməsi cavabdeh tərəfindən göstərilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən və məhkəmə kollegiyasının sorğusuna cavab olaraq kollegiyaya təqdim edilmiş Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X3 rayon Komitəsinin məktubları sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin məktublar apellyasiya baxışı zamanı təqdim edilmiş, buna görə də sonradan təqdim edilmiş sübutlar kimi qiymətləndirilməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı töhmət verilməsinə baxmayaraq, altı ay ərzində işində dönüş yaratmadığına və öhdəsinə düşən vəzifələri təkrarən yerinə yetirmədiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilərkən və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəmi sənədlərlə sübuta yetirilir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN-nin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov xx.xx.2020-ci il tarixli **********1 nömrəli yazılı məruzə ilə ƏƏSM nazirinə məruzə edərək bildirmişdir ki, bir qrup Cəlilabad rayon sakini tərəfindən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən X8 qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciət aidiyyəti üzrə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsində araşdırılmışdır. Müraciətdə 11 nəfər Cəlilabad rayon sakini Mərkəzdə özünüməşğulluq proqramına qoşulmaq məqsədi ilə qeydiyyata alındıqlarını, lakin E.Əliyevin onların növbəsini nəzərə almadan daha sonra qeydiyyata alınmış 30 nəfəri sözügedən proqrama cəlb etdiyini qeyd etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli **********3 və **********7 nömrəli əmrlərə əsasən 32 nəfər rayon sakininin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulmuşdur. Belə ki, həmin vətəndaşlardan yalnız 2 nəfərin Mərkəzdə öncədən işsiz şəxs kimi qeydiyyatının və 3 nəfərin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu, digər şəxslərin isə müvafiq maddələrin tələbləri pozularaq özünüməşğulluq proqramına cəlb olunduğu və yalnız araşdırma zamanı, yəni xx.xx.2020-ci il tarixdə sonunculardan 26 nəfərin işsiz kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla yanaşı, 1 nəfərin işsiz şəxs kimi qeydiyyata alınmasının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” Altsistemində (MAS) problem yaranması səbəbindən mümkün olmaması Mərkəz tərəfindən bildirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlardan 5 nəfəri xidmət, 27 nəfəri kənd təsərrüfatı sahəsi üzrə müraciət etmişdir. Onlardan 8 nəfəri isə "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.9-cu maddəsinə əsasən üstünlük verilməsi nəzərdə tutulan kateqoriyadan olan (cəzaçəkmə müəssisəsindən azad olunan və əlilliyi olan) şəxslərdir. 11 nəfər şikayətçi ilə proqrama kənd təsərrüfatı sahəsi üzrə cəlb olunmuş vətəndaşların Mərkəzdə işaxtaran kimi qeydiyyata alındığı tarix üzrə aparılan müqayisə zamanı növbəliliyə riayət olunmadığı aşkarlanmışdır. X1 Mərkəzə müraciətinin özünüməşğulluq layihəsi ilə bağlı deyil, işlə təmin olunmaq məqsədilə olduğu da müəyyən edilmişdir. Mərkəzin direktoru vəzifəsini icra edən E.Əliyev izahatında xidmət sahəsi üzrə Mərkəzdə növbəlilik olmadığına görə həmin şəxslərin qeydiyyat tarixi nəzərə alınmadan cəlb olunduqlarını, kənd təsərrüfatı sahəsi üzrə isə Cəlilabad rayonunda sözügedən proqrama qoşulmaq üçün müraciət edən vətəndaşların sayının çox olması səbəbindən növbəliliyi nizamlaya bilmədiyini və seçim zamanı onların arasından çətin həyat şəraitində olanlara üstünlük verdiyini qeyd etmişdir. E.Əliyev həmçinin şikayət edən vətəndaşların da araşdırma dövründə özünüməşğulluq proqramında iştirak hüquqlarının və imkanlarının qiymətləndirilməsi məqsədi ilə ünvanlarına baxış keçirildiyini və müvafiq aktların tərtib edildiyini bildirmişdir. Təqdim edilən aktlara əsasən şikayətçilərdən 2 nəfər barədə proqrama cəlb olunmasının məqsədəmüvafiq hesab olunması ilə bağlı müsbət, digər 8 nəfər barədə isə mənfi qərar verildiyi müəyyən edilmişdir. Mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi İddiaçı, həmin sektorun böyük məsləhətçisi X23, aparıcı məsləhətçisi X12 və məsləhətçisi X24 izahatlarında özünüməşğulluq proqramı ilə bağlı müvafiq işləri həyata keçirdiklərini qeyd etmişlər. Həçminin xidməti məruzədə bildirilmişdir ki, bir sıra hallarda, o cümlədən sözügedən araşdırma zamanı Mərkəzlərdə öncədən işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar barədə məlumatların MAS-a daxil edilməsi zamanı qeydiyyat tarixi kimi cari tarixin sistemə düşməsi və müvafiq dəyişiklik etməyin mümkünsüz olması səbəbindən müraciət tarixi ilə MAS-da qeydiyyat tarixi arasında yaranan fərqlilik vətəndaşların növbəliliyinin və hüquqlarının pozulmasına şərait yaratmışdır. Heybət İmanov xx.xx.2020-ci il tarixli yazılı məruzəsində - əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X5 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən, direktor vəzifəsini icra edən X19, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı, həmin sektorda böyük məsləhətçi vəzifəsində qulluq keçən X23, aparıcı məsləhətçi vəzifəsində çalışan X12 və məsləhətçi vəzifəsində çalışan X24 barədə intizam tədbirinin görülməsi üçün Nazirliyin Aparatının Dövlət Qulluğu və Kadr Məsələləri şöbəsinə göstəriş verilməsini ƏƏSM nazirindən xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X5 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən, direktor vəzifəsini icra edən X13, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı, həmin sektorda böyük məsləhətçi vəzifəsində qulluq keçən X20, aparıcı məsləhətçi vəzifəsində çalışan X6 və məsləhətçi vəzifəsində çalışan X21 töhmət verilmişdir. Əsas: Azərbaycan Respublikasının ƏƏSMN-nin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli yazılı məruzəsi olmuşdur. Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış təqdimatlarından müəyyən edilir ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2020-ci il tarixli yazılı məruzəsindəki birinci təklifə əsasən 2019-cu ildə Cəlilabad rayonu üzrə özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşların özünüməşğulluğa hazırlıq səviyyəsinin qiymətləndirilməsi zamanı proqrama cəlb edilmiş iştirakçı X9 xx.xx.2019-cu il tarixdə əmək pensiyası hüququ qazanmasına baxmayaraq xx.xx.2019-cu ildə özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edildiyi aşkar edilmiş və bununla bağlı Yunsur Cabbarov qiymətləndirmə mərhələsindən uyğun hesab edilməyərək proqramdan kənarlaşdırılmışdır. Araşdırma aparılan zaman Yunsur Cabbarovun mərkəzin baş məsləhətçisi İddiaçı ilə yaxın qohumluq əlaqəsi olduğu aşkar edilmişdir. Daha sonra, Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı peşəyönümü məsləhətlərinin və peşə hazırlığı kurslarının təşkli ilə bağlı dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq o, tapşırıqları yerinə yetirməmişdir. Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən ESDAS nömrəsi **********7 və **********3 olan sənədlərin icrası təmin edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan sənədlər icra üçün Cəlilabad rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi İddiaçı tapşırılmış, lakin o, həmin sənədlərin icrasını təmin etməmişdir. Həmin nöqsanlara görə Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevə ünvanlanmış təqdimatlarda İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2020-ci il tarixli **********3 saylı əmri ilə xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilmiş, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsindən azad edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən, həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin məcəllənin 309-cu maddəsinə əsasən, İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir. İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi üçün həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla işçi ilə isəgötürən arasında olan əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 rayon Komitəsinin xx.xx.2020-ci il tarixli 20 saylı arayışına əsasən, X22 Dövlət İdarələri və İctimai Xidmət işçiləri X11 rayon Komitəsi üzvü olduğundan işdən çıxarılması ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN Nazirlik yanında Dövlət Məşğulluq Xidməti və Cəlilabad rayon Məşğulluq Mərkəzi tərəfindən 2020-ci ildə hər-hansı təqdimat və ya rəsmi məktub göndərilməmişdir. Onun işdən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X17 Məşğulluq Tədbirləri sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilməsi ilə bağlı heç bir məsələ müzakirə edilməmiş və bu barədə Azərbaycan Respublikası ƏƏSMN-nə Cəlilabad rayon Komitəsi olaraq tərəfindən razılıq bildirilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin xx.xx.2020-ci il tarixli 218 saylı məktubuna əsasən, Muradzadə X10 rayon Məşğulluq Mərkəzinin həmkarlar ittifaqının üzvü olmuşdur. Belə olan halda xx.xx.2020-ci il tarixli **********3 saylı əmr verilərkən Cəlilabad rayon Məşğulluq Mərkəzinin həmkarlar ittifaqının razılığının alınması tələb olunurdu. Buna baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən həmin razılıq alınmamışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2020-ci il tarixli **********3 saylı əmri ilə xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışan İddiaçı töhmət verilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən sonra işində hər-hansı dönüş yaratmadığına və öhdəsinə düşən öhdəlikləri təkrarən yerinə yetirmədiyinə görə düzgün olaraq əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Halbuki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən sonra əmək fəaliyyətində hər-hansı nöqsanların olması cavabdeh tərəfindən məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Bundan başqa iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən sonra işində hansı dönüşün yaratmaması və öhdəsinə düşən vəzifələrin təkrarən yerinə yetirməməsi iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi, iddiaçının tutduğu vəzifədən azad edilməsi üçün iddiaçıya töhmət verildikdən sonra, yəni xx.xx.2020-ci ildən sonra onun əmək fəaliyyətində qüsurların olması sübuta yetirilmir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməmişdir, bu səbəbdən də iddiaçının tələbi əsaslı sayılmalıdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatına münasibətdə qeyd edir ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X3 rayon Komitəsinin məktubları sonradan təqdim edilmiş sübut kimi qiymətləndirilməməlidir. Belə ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının rəyinin alınması qanunvericilik tərəfindən imperativ olaraq göstərilib və əmək müqaviləsinə xitam verilərkən araşdırılmalı olan hallara aiddir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-3782/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə bərpa edilməli və ona xx.xx.2020-ci il tarixdən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 3782/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon X15 məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsinə bərpa edilsin və ona xx.xx.2020-ci il tarixdən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar