Məhkəmə qərarları › İş №2(103)-7345/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7345/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7345/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7345/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4853/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 13 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “kompleks bank xidməti” müqaviləsinə və xx.xx.2018-ci il tarixli “ödəniş kartlarının hazırlanması və verilməsinə dair” ərizəsinə əsasən Cavabdeh “MasterCard Unembossed” debet kartı verilmişdir.

2. Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış **********657713001 saylı (valyuta USD) kart hesabı üzrə xx.xx.2020-ci il tarixdə aparılan əməliyyatlar nəticəsində 138,65 ABŞ dolları məbləğində texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 138,65 ABŞ dolları məbləğində əsas borc və 195,18 ABŞ dolları faiz borcu, cəmi 333,83 ABŞ dolları və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018- ci il tarixli “kompleks bank xidməti” müqaviləsinə və xx.xx.2018-ci il tarixli “ödəniş kartlarının hazırlanması və verilməsinə dair” ərizəsinə əsasən ona “MasterCard Unembossed” debet kartı verilmişdir. Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış **********657713001 saylı (valyuta USD) kart hesabı üzrə xx.xx.2020-ci il tarixdə aparılan əməliyyatlar nəticəsində 138,65 ABŞ dolları məbləğində texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır. Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, o, borcun və faizlərin ödənilməsi üçün tədbir görməmiş, müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli e-2(004)- 4853/2023 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 138,65 ABŞ dolları əsas borc və 195,18 ABŞ dolları faiz borcu, cəmi 333,83 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2. 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 284-1, 284-5.2, 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia rədd edilməsi barədə yebi qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ondan tələb olunan məbləğ üzrə onunla İddiaçı arasında heç bir müqavilə mövcud deyil. Əgər söhbət adına açılan hesab kartından gedirsə, bu karta yatırılan pul vəsaitləri onun öz şəxsi vəsaiti olmuşdur və eyni zamanda həmin məbləğlər o qədər də yüksək məbləğlər olmadığından, (ən çoxu 150 ABŞ dolları) və köçürülən məbləğ kartda bir neçə saatdan artıq qalmadığından hansısa bir «texniki overdraft» yaranmasından söhbət gedə bilməz. Ümumiyyətlə isə hesab kartı məlum olduğu kimi bir növ «pul cüzdanı» rolunu oynadığından burada hansısa bir kredit borcundan söhbət belə gedə bilməz. Əlavə olaraq «Bankın» təqdim etdiyi və məhkəmənin də «möhtəbər sübut» kimi qəbul etdiyi hansı «Konpleks bank xidməti» müqaviləsidir ki, onun bu müqavilənin mövcudluğundan belə xəbəri yoxdur. Əgər söhbət adına açılan «Hesab kartından» istifadə və xidmət qaydaları haqqında məlumatlardan gedirsə, bu qaydaların hansı müddəasında istinad olunan «texniki overdraft» haqqında məlumat var? Hətta bu olmuş olsa belə, göstərilən borc «Bankın» öz daxili əməliyyatlarına aiddir və buna görə də müştəri heç bir məsuliyyət daşımır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Prosessual əsaslar

10. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

27. Müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli “Kompleks bank xidməti” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, kart hesabı üzrə xx.xx.2020-ci il tarixdə aparılan əməliyyatlar nəticəsində yaranmış 138,65 ABŞ dolları məbləğində texniki overdraftı (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) iddiaçıya ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 138,65 ABŞ dolları məbləğində texniki overdraftı (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) və hesablanmış faizi iddiaçıya ödəməlidir.

28. Apellyasiya şikayətində irəli sürülən “Kompleks bank xidməti” müqaviləsindən xəbəri olmaması barədə dəlillə bağlı kollegiya qeyd edir ki, müqavilə cavabdeh tərəfindən imzalanmış və cavabdeh öz şəxsiyyət vəsiqəsinin surətini banka təqdim etmişdir. Kollegiya bu halları nəzərə alaraq cavabdehin müqavilədən xəbərsiz olmasını əsassız hesab edir.

29. Bundan başqa, müqavilədə “texniki overdraft” haqqında məlumat olmaması barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, müqavilənin 2.25-ci bəndində texniki overdraftın anlayışı verilmiş, eni zamanda 3.4.5-ci bəndində texniki overdrafta görə pul vəsaitinin banka qaytarılması qeyd olunmuşdur.

30. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4853/2023 saylı iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar