Məhkəmə qərarları › İş №2(103)-7346/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7346/2021

23.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7346/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-383/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən barəsində verilən 17 iyul 2020-ci il tarixli **********5-2020 əmrinin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 18.06.2019-cu il tarixdə ********** saylı əmrlə Cavabdeh MMC-də “satış təmsilçisi” vəzifəsinə təyin edilmişdir. 17 iyul 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru tərəfindən verilmiş **********5-2020 saylı əmrlə qanunsuz olaraq işdən azad edilmişdir. O, işlədiyi müddətdə daim irəlidə və fərqlənən əməkdaşlar sırasında olmuşdur. Bu özünü arxiv sənədlərində əks etdirir. 03.08.2019-cu il tarixdə yaxın qohumlarından vəfat edən olduğu üçün onlayn satış icazəsi almışdır. İşə qayıtdıqdan sonra ərazini yoxlamaq istəmiş və aşkarlamışdır ki, 7.800 manat borcu yaranmışdır. Bu barədə rəhbərliyə xəbər vermiş və araşdırmağa başlamışdır. Şirkət tərəfindən məsuliyyətsiz iş aparılması nəticəsində bu borcun yarandığını aşkarlamşıdır. 4.080 manat məbləği tapmış və üstündən sildirmişdir. Yerdə qalan 3.800 manat məbləği tapa bilmədiyi üçün hissə-hissə ödəməyə razılaşmışdır. Sonradan satış terminalında bu dəfə şirkətin ziyanına 11.000 manat səhv aşkarlamışdır. Bunu videogörüntüyə almış və sübut üçün özündə saxlamışdır. Şirkətə bu barədə məlumat vermişdir. Bundan sonra şirkət öz səhvini düzəltmişdir. Başqa bir videogörüntüdə isə ərazi borcunda 151.16 manat borcu olan bir müştərinin satış terminalında 4.166 manat borcu olunduğu görünürdü. 29.04.2020-ci il tarixində yenidən şirkətlə onun arasında 31.500 manat fərq əskiyi aşkarlamışdır. Bu haqda mühasibatlıq və müdriyyətə xəbər verərək audit göndərilməsini tələb etmişdir. Ancaq audit yoxlamasını 1 ay 4 gündən sonra göndərilmişdir. Bu müddətə qədər öz təşəbbüsü ilə Cavabdeh MMC-nin Gəncə şəhər fililalında 3 dəfə, əsas ofisi olan Bakı şəhərində isə 2 dəfə yoxlanış üçün olmuşdur. Şirkətin qanunvericiliyinə əsasən müştərinin sifariş etdiyi malın fakturası 3 nüsxədə gəlir. Mağaza məsul şəxsi bu 3 nüsxəsinin hamısına imza atır və adını yazır. Şirkətin ona iddia etdiyi 31.500 manat məbləğində malın mağazada təsdiqlənmiş, yəni imza atılmış qaiməsini tələb etmişdir. Şirkət bu tələbini yerinə yetirə bilməmişdir.Çünki onun iddia etdiyi kimi bu 31.500 manatlıq mal onun heç bir müştərisinə təhvil verilməmişdir. Ancaq şirkətin məsul şəxsləri tərəfindən ondan qeyri-qanuni olaraq bu məbləği tələb etməsindən sonra o şikayət ərizəsi ilə bir çox dövlət qurumlarına müraciət etmişdir. 09.06.2020-ei il tarixində satış müdiri ilə birlikdə Cavabdeh MMC-nin Bakı ofisində olmuş və təhvil-təslim aktları imzalamışdır. Bundan sonra yaşadığı ünvana qayıtmış və səhəri günü Bərdə ofisinə işə getmişdir. Bu zaman satış müdiri onun işdən azad olunduğunu və 1 həftə ərzində işdən azad olunma əmrinin və əmək kitabçasının şirkət tərəfindən göndəriləcəyini bildirmiş və onu geri qaytarmışdır. Söz verilən 1 həftədən də çox keçməsinə baxmayaraq əmək kitabçasının son ödəmələrini tələbi həyata keçmədiyi üçün Cavabdeh MMC-nin baş ofısindəki müxtəlif yüksək səlahiyyətli nümayəndələrlə telefon danışığı və vatsap yazışmaları ilə öz haqqını tələb etmişdir. Bu məsul şəxslər əmək kitabçasının verilməmə səbəbi olaraq onun Cavabdeh MMC-dən şikayəti əsasında gələn yoxlamaları göstərdilər. Müntəzəm olaraq zənglər etmiş və mesajlar yazmışdır. Buna baxmayaraq yenə də onun gözləməyimi tələb etmişlər. 14.07.2020-ci il tarixində ona Cavabdeh MMC-nin direktoru tərəfindən məktub gəlmiş və məktubun məzmununa əsasən o, 09.06.2020-ci il tarixdən özbaşınalıq edərək işə gəlməməyini iddia etmişdir. Halbuki, 09.06.2020-ci il tarixində o Bakıda baş ofisdə olmuş və təhvil-təslim aktlarını imzalamışdır. Bu məktuba əsasən də onun əmək kitabçası ləkələnmiş, əmək qanunvericiliyinin 70 “ç” və 72 “c” bəndləri qeyri-qanuni olaraq əmək kitabçasına yazılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(007)-383/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. A P E L L Y A S İ YA Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, 09.06.2020-ci il tarixdə baş ofisdə təhviltəslim aktını imzalayaraq, işini Quliyev Zakirə təhvil vermişdir. 10.06.2020-ci il tarixdə işə gələrkən onu işdən azad edildiyi bildirilmişdir. ‘‘Aztrade” MMC istinad etdiyi hallara hər hansı bir sübut və ya faktla əsaslandırılmamışdır, ikinci və üçüncü məhkəmə iclaslarına gəlməmişlər, dördüncü iclasda isə gələrək onun barəsində Prokurorluğa şikayət etdiklərini bildirmiş və Prokurorun araşdırılması başa çatana qədər məhkəmə iclasının təxirə salınmasının istəmişlər, 1-ci instansiya məhkəməsi isə bunu təmin etmişdir. Məhkəmə zamanı Cavabdeh MMC-nin məhkəmə təqdim etdiyi sərbəst audit rəyinin qanuna uyğunsuzluğunu sübut emiş və hakim onunla razılaşmışdır. Çünki, şirkətin sifarişi ilə dəvət olunan audit əraziyə qaimələrin yerində yoxlanması prosesini həyata keçirməyərək baş ofistə virtual olaraq kompyuterdə olan məlumatları öz aktına köçürmüşdür. Belə bir saxta audit rəyi ləğv olunmalıdır. Eyni zamanda 08.05.2020-ci ildə satış edərək üç müştəriyə 300 kasset Hell enerji sifarişi vurmuş və şirkət çatdırılma maşını ilə səhəri günü mal müştəriyə çatıb və imzalanmışdır. Bayram günləri və şənbə-bazar olduğundan növbəti iş günü 12.05.2020-ci il tarixində olub. Bu zaman terminalda müştəri borclarında süni pul artımını görmüşdür. Terminalda 08.05.2020-ci il tarixində guya ki, yeddi müştəriyə 410 kasset Hell yazmışdır. Şirkətə yenidən bildirəndə ki, yenə saxtakarlıq edirsiz və yaxın vaxt olduğundan sürücülərin də yadından çıxmadığından sürücülər də müdüriyyətə bildirdilər ki, biz həmən tarixdə əraziyə 300 kasset Hell aparmışıq. Bunu görən şirkət rəsmiləri tez yenidən terminalıma müdaxilə edərək həmən 110 kasset (1848 manat) malı və saxta əlavə edilmiş 4 müştərini terminaldan silərək belə bir şeyin olmadığını bildirdilər. Halbuki bu hadisə zamanı o Bərdə ofisində olmuşdur və həmin vaxt ofisdə olan beş əməkdaş da bu saxtakarlığın şahidi olub. Hətta ofisdə olan və saxtakarlığın şahidi olan işçilərdən biri Abbasov Tural olmuşdur. O, həmçinin apellyasiya şikayətində bildirir ki, məhkəmə ona heç bir bildiriş göndərmədən məhkəmənin vaxtı barədə sms bildiriş, telefon zəngi belə edilmədən 15.03.2021-ci il tarixdə ədalətsiz və qərəzli surətdə iddia tələbini təmin etməmişdir. Əgər 15.03.2021 tarixində onuməhkəməyə dəvət etsəydilər qoyula suallara dolğun cavablar və sübutlarla cavab verəcəyimi bilərək və məni məhkəməyə çağırmayaraq obyektiv və maddi sübutları olmayan qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(007)-383/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-383/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad olunması barədə əmr çıxarılmış və son haqq-hesabı ödənilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddanın təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 18.06.2019-cu il tarixdə ********** saylı əmrlə Cavabdeh MMC-də “satış təmsilçisi” vəzifəsinə təyin edilmişdir. İddiaçıin əmək müqaviləsinə 17 iyul 2020-ci il tarixdə **********5-2020 saylı əmrlə, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə müqaviləyə xitam verilmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr verilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmamışdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin direktoru X6 tərəfindən 07.04.2020-ci il tarixli məktubun surətindən məum olur ki, İddiaçı 09.06.2020-ci il tarixindən işə gəlmir, mobil telefonuna zəng olunsa da cavab vermir, dəfələrlə ona müxtəlif yollarla şifahi AzTrade MMC-nin ofisinə gəlməsi xahiş olunsa da o, rəsmi olaraq nə səbəbdən işə gəlməməsi barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Bu məqsədlə 13.07.2020-ci il tarixinədək AzTrade MMC-nin ofisinə gəlməsinin vacib olduğu, əks təqdirdə onun barəsində qanunamüvafiq ölçü götürüləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X3 Gəncə filialının rəhbər heyəti tərəfindən ünvanlanmış 12 iyun 2020-ci il tarixli akta əsasən İddiaçı yaranan borcu ilə əlaqədar olaraq izahatını verməkdən imtina etmişdir. Cavabdeh MMC-nin Gəncə Filialı üzrə Ərazi üzrə rəhbəri X4 tərəfindən satış təmsilçisi İddiaçı ərazisinin yoxlanılması zamanı aşkar olunan çatışmazlıq haqqında 12 iyun 2020-ci il tarixli təqdimata əsasən 09 iyun 2020-ci il tarixdə yoxlama aparılan zaman 32509.67 manat məbləğində çatışmamazlıq aşkar olunmuş, bununla əlaqədar İddiaçı işdən kənarlaşdırılması və audit yoxlamasının keçirilməsi xahiş olunmuşdur. Audit prosedurlarının aparılmasına dair 23 iyun 2020ci il tarixli akta əsasən aparılan audit yoxlamasına əsasən cəmiyyətin satış təmsilçisi İddiaçı öhdəsində 11.06.2020-ci il tarixə 32.509,67 (otuz iki min beş yüz doqquz manat 67 qəpik) manat çatışmamazlıq aşkar edilmişdir. Cəmiyyətin rəhbərliyi tərəfindən satış təmsilçisi İddiaçı dəfələrlə müraciətlər olunmasına baxmayaraq o öhdəsində olan çatışmamazlığı cəmiyyətə tam ödəməmişdir. Bütün bunları və digər səbəbləri nəzərə alaraq satış təmsilçisi İddiaçı hesabındakı çatışmamazlığın tam araşdırılması və ödənilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunması təklif olunmuşdur. İddiaçı apellyasiya şikayətində istinad etdiyi dəlillərdən biri də odur ki, 08.05.2020-ci ildə satış edərək üç müştəriyə 300 kasset Hell enerji sifarişi vurmuş və şirkət çatdırılma maşını ilə səhəri günü mal müştəriyə çatıb və imzalanmışdır. Bayram günləri və şənbə-bazar olduğundan növbəti iş günü 12.05.2020-ci il tairixində olub. Bu zaman terminalda müştəri borclarında süni pul artımını görmüşdür. Terminalda 08.05.2020-ci il tarixidinə guya ki, yeddi müştəriyə 410 kasset Hell yazmışam. Şirkətə yenidən bildirəndə ki, yenə saxtakarlıq edirsiz və yaxın vaxt olduğundan sürücülərin də yadından çıxmadığından sürücülər də müdüriyyətə bildirdilər ki, biz həmən tarixdə əraziyə 300 kasset Hell aparmışlar. Bunu görən şirkət rəsmiləri maxinasiyalarının üstünün açıldığını görərək tez yenidən terminalıma müdaxilə edərək həmən 110 kasset (1848 manat) malı və saxta əlavə edilmiş 4 müştərini terminaldan silərək belə bir şeyin olmadığını bildirdilər. Halbuki bu hadisə zamanı o Bərdə ofisində olmuşdur və həmin vaxt ofisdə olan beş əməkdaş da bu saxtakarlığın şahidi olub. Hətta ofisdə olan və saxtakarlığın şahidi olan işçilərdən biri Abbasov Tural olmuşdur. Kollegiya hesab edir ki, İddiaçı bu dəlili əsassızdır. Çünki o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda göstərilən halı təsdiq edəcək şahidlərin məhkəmə iclasında şahid kimi ifadələrinin alınmasına dair heç bir vəsatət verməmişdir. Beləliklə İddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı apellyasiya şikayətində istinad ediyi dəlillərdən biri də odur ki, Aztrade” MMC ikinci və üçüncü məhkəmə iclaslarına gəlməmişlər, dördüncü iclasda isə gələrək onun barəsində Prokurorluğa şikayət etdiklərini bildirmiş və Prokurorun araşdırılması başa çatana qədər məhkəmə iclasının təxirə salınmasının istəmişlər. İş materiallarından görünür ki, İddiaçı əvvəlcədən onun barəsində Prokurorluq orqanlarına məlumat veriləcəyi bildirilmişdir. Belə ki, Cavabdeh MMC-nin hüquqşünası Nümayəndə tərəfindən 09.07.2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubun surətinə əsasən ona bir neçə dəfə şifahi xəbərdarlıq olunmasına baxmayaraq iş yerinə gəlməmiş, bundan sonra onun hərəkətləri şübhə doğurmuş və xidmət göstərdiyi ərazi üzrə ticarət nöqtələrindəki borcların yoxlanması məqsədi ilə daxili audit yoxlaması aparılmışdır. Yoxlama nəticəsində ticarət nöqtələrindəki borclar öz əksini tapmamış və külli miqdarda çatışmazlıq aşkarlanmışdır. Bu çatışmazlıq sərbəst auditin verdiyi rəydə öz əksini tapmışdır.Bu məqsədlə də qısa müddət ərzində öhtəsində olan olan külli miqdarda çatışmazlığı Cavabdeh MMC-nin xəzinəsinə ödənilməsini əks təqdirdə onun AR ƏM-nin 70-ci maddəsinin C bəndinin tələblərinə əsasən işdən azad olunacağı və barəsində toplanmış materialların Azərbaycan Respublikasının təqdim olunacağı barədə Prokurorluq orqanlarına xəbərdar edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya baxışı zamanı Gəncə Şəhər Prokurorluğuna Cavabdeh MMC-nin müraciəti əsasında cinayət işinin başlanıb-başlanılmaması, başlanılmışdırsa cinayət işinin hansı mərhələdə olması barədə ətraflı məlumatın və qəbul edilmiş qərarların surətlərin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barəsində sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş cinayət işinin başlanması barədə 07 may 2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh MMC-yə audit dəvət olunaraq satış təmsilçisi kimi çalışdıqları müddət ərzində İddiaçı öhdəsində 32509,67 manat, X1 öhtəsində 5955,35 manat, X2 öhtəsində isə 10459,59 manat məbləğində çatışmazlıq olduğu və həmin şəxslərin pul vəsaitlərini mənimsədikləri müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində istinad ediyi dəlillərdən biri də odur ki, məhkəmə ona heç bir bildiriş göndərmədən məhkəmənin vaxtı barədə sms bildiriş, telefon zəngi belə edilmədən 15.03.2021-ci il tarixdə ədalətsiz və qərəzli surətdə iddia tələbini təmin etməmişdir. Əgər 15.03.2021 tarixində onu məhkəməyə dəvət etsəydilər qoyula suallara dolğun cavablar və sübutlarla cavab verəcəyini bilərək və onu məhkəməyə çağırmayaraq obyektiv və maddi sübutları olmayan qərar qəbul edilmişdir. İş materiallarının 61-ci vərəqəsindəki mülki iş üzrə məhkəmə bildirişinin kötüyündən görünür ki, İddiaçı 15.03.2021-ci il tarixində keçiriləcək məhkəmə iclası barədə məlumatlandırılmış və bunu öz imzası ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-383/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar