Məhkəmə qərarları › İş №2(103)-7348/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7348/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7348/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5026/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh QSC ilə İddiaçı arasında 17 avqust 2020-ci il tarixli №li 027L**********98 Uzunmüddətli Kredit Müqaviləsi üzrə bağlanmış 027R********** nömrəli kredit razılaşmasına əsasən, müvafiq müqaviləyə əsasən bank tərəfindən İddiaçı 30 ay müddətinə illik 2,08 % dərəcəsi ilə 18000 manat məbləğin kredit verilmişdir. İddiaçının kredit hesabından çıxarışa əsasən Kreditin xx.xx.2022-ci il tarixində tam geri ödənilməsi üçün tələb olunan vəsait 11197,90 manat əsas borc, faiz borcu üzrə isə müvafiq kredit Razılaşmasının 2.3 bəndinə əsasən 46.66 manat və 3.3.2 bəndinə əsasən 466,58 manat olmaqla, cəmi 11711,14 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli EOBTAX**********064343 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından "xxxx" Qapalı Səhmdar Cəmiyyətindəki hesabına kreditin tam bağlanması üçün 11720 manat məbləğində vəsait köçürülmüşdür. Cavabdeh QSC tərəfindən İddiaçı daha sonra onun AccessBank-da olan hesabı üzrə kreditin tam bağlanması ilə əlaqədar hər hansı sərəncam vermədiyini əsas götürərək xx.xx.2021-ci il tarixli kredit razılaşmasının 4.1.2-ci bəndinə əsasən həmin kredit razılaşmasından irəli gələn öhdəlik üzrə ödəniş cədvəlində göstərilmiş aylıq ödənişlər ödəmə tarixlərindən etibarən İddiaçı cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Nəticədə İddiaçı xx.xx.2023-ci il tarixə müqavilə üzrə 1867,80 manat əsas borc, 50,86 manat faiz borcu və 22,04 manat cərimə borcu olmaqla, cəmi 1940.70 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xx.xx.2021-ci il tarixli 027R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 1867 manat əsas borc, 50,86 manat faiz borcu, 22,4 manat cərimə borcu olmaqla, cəmi 1940,70 manat borcun silinməsi, Cavabdeh QSC-dən hüquqi yardım üçün ödənilmiş 50 manat pulun və 40 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC-dən xx.xx.2021-ci il tarixdə 18000 manat məbləğində pul vəsaitini 30 ay ərzində qaytarmaq şərtilə kredit götürmüşdür. Kredit müqaviləsi üzrə vaxtında ödənişləri etmişdir. xx.xx.2022-ci il tarixə 11720 manat borcu olmuş, həmin borcu Bank Respublikadakı hesabından Accesbanka ödəmişdir. Ödəniş tapşırığında isə ödənişin təyinatı kimi kredit borcunun bağlanması qeyd edilmiş olsa da, cavabdeh bank həmin ödənişin edilməsinə heç bir əhəmiyyət verməmiş, həmin vaxtdan indiyədək borc hesablamışdır. Ona pulu faizlə verən cavabdeh onun pulunu təyinatı üzrə qəbul etməmiş, bununla belə əsassız olaraq pulunu özündə saxlamış, həmin vaxtdan indiyədək isə 1940 manat borc hesablamışdır. Ödəniş tapşırığından da açıq aşkar görünür ki, Bank Respublikadakı hesabından 11720 manat vəsait Cavabdeh ASC-dəki hesabına daxil olmuşdur. Qeyd edilən məsələ ilə bağlı ona borc hesabladıqlarını öyrəndikdən sonra cavabdeh banka müraciət etmiş, cavabdeh bankın xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, guya onun həmin ödənişin Cavabdeh ASC-dəki hesab üzrə kreditin bağlanması ilə əlaqədar hər hansı sərəncamı olmamışdır. Həmçinin məktubun mahiyyətindən belə qəbul edilir ki, guya səhvən daxil olma kim qiymətləndirilmiş, lakin buna baxmayaraq onu geri qaytarmaq ağıllarına gəlməmiş, bundan sonra guya cavabdeh bankda olan hesabından ödəmə tarixləri üzrə silinmə edilmiş, bu isə nəticə etibarilə süni şəkildə borc yaranmasına səbəb olmuşdur. Belə ki, bank əvvəlcə ödənişlərdən faizləri çıxdığından nəticədə 1867 manat əsas borc, 50,86 manat faiz borcu, 22,4 manat cərimə borcu olmaqla, cəmi 1940,70 manat borcu olduğu bildirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5026/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh QSC tərəfindən xx.xx.2021-ci il tarixli, 027R********** saylı müqavilə üzrə İddiaçı əsassız hesablanmış 1867.80 (bir min səkkiz yüz altmış yeddi manat səksən qəpik) manat əsas borc, 50.86 (əlli manat səksən altı qəpik) manat faiz borcu, 22.04 (iyirmi iki manat dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1940.70 (bir min doqquz yüz qırx manat yetmiş qəpik) manat borcun silinməsi, Cavabdeh QSC-dən hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh QSC hesabından pul vəsaitinin silinməsinə dair yazılı sərəncamı olmasa da, hesaba pul vəsaitinin köçürülməsi barədə ödəniş tapşırığında pulun vəsaitinin onun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindəki hesabına köçürülməsinin təyinatı birbaşa olaraq kreditin tam bağlanması üçün göstərilmişdir. Bu səbəbdəndir ki, iddiaçı tərəfindən bundan sonra müqavilə üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Həmçinin, iddiaçının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindəki hesabına köçürülən məbləğ iddiaçının həmin banka məbləğin köçürüldüyü tarixə olan borcu həcmində olmuşdur. Buna baxmayaraq, cavabdeh bank tərəfindən iddiaçının hesabına köçürülən məbləğ onun öhdəliyinin tamamilə icrası hesabına aid edilməmişdir. Lakin, aylıq ödənişlər ödəmə tarixlərindən etibarən Müştərinin cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Məhkəmə hesab etmişdir ki, bank tərəfindən iddiaçının hesabına kreditin tamamilə ödənilməsi məqsədilə banka olan borcu həcmində vəsaitin köçürülməsinin bilinməsinə baxmayaraq, həmin vəsaitin ödəliyin tamamilə icrası kimi qəbul edilməməsi, həmin vəsaitdən aylıq ödənişlərin silinməsi, bunun nəticəsində də iddiaçının hesabına borcun hesblanması əsassız olmuşdur. Odur ki, iddiaçı hesablanmış borcun silinməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1, 528, 964.1, 964.2, 973.1-ci maddələrinə, “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 5.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.6, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”-nin 3.17 bəndinə və 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşmasının 4.1.2-ci bəndinə əsasən həmin kredit razılaşmasından irəli gələn öhdəlik üzrə ödəniş cədvəlində göstərilmiş aylıq ödənişlər ödəmə tarixlərindən etibarən müştərinin AZ82ACAB******************** saylı cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Bu əməliyyatlar hesabdan çıxarışda da əks olunmuşdur. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”-nin 3.5-ci bəndinə əsasən cari hesabdan vəsaitin köçürülməsi müştərinin yazılı sərəncamları və (və ya) elektron ödəmə tapşırıqları əsasında aparılır. Müştəri tərəfindən təqdim edilən ödəniş tapşırığı müştərinin Cavabdehdakı hesabı üzrə deyil, "xxxx"dakı hesabı üzrə sərəncamını ifadə edən ödəniş tapşırığıdır. Müştəri daha sonra onun Cavabdehda olan hesabı üzrə kreditin tam bağlanması ilə əlaqədar hər hansı sərəncam verməmişdir. Qeyd olunanlara əsasən, müştərinin cari hesabından vəsaitlərin silinməsi qanunauyğun olaraq aparılmış və müştərinin bank hesabı üzrə sərəncam vermə hüququna qanunvericilik aktlarının tələbləri gözlənilməklə riayət edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apelyasiya şikayətinə etiraz etdiyini bildirib apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayənədəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. 973.1. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin.

“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”:

5.1. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin bank hesabına köçürür.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.6. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, iş materiallarından görünür ki, Cavabdeh QSC ilə İddiaçı arasında 17 avqust 2020-ci il tarixli №li 027L**********98 Uzunmüddətli Kredit Müqaviləsi üzrə bağlanmış 027R********** nömrəli kredit razılaşmasına əsasən, müvafiq müqaviləyə əsasən bank tərəfindən İddiaçı 30 ay müddətinə illik 2,08 % dərəcəsi ilə 18000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli EOBTAX**********064343 nömrəli ödəniş tapşırığına əsasən isə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından "xxxx" Qapalı Səhmdar Cəmiyyətindəki hesabına kreditin tam bağlanması üçün 11720 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan Cavabdeh QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktor müavini Murad Məmmədovun 21 Avqust 2023-cü il tarixli 6-1-26/2-M-0-8680/2023 saylı məktubuna cavab olaraq qeyd edilmişdir ki, İddiaçı ("Müştəri") və "AccessBank” QSC ("Bank") arasında bağlanmış 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit Razılaşmasına əsasən İddiaçı 18000 manat məbləğində kredit verilmişdir. Müştərinin kredit hesabından çıxarışa əsasən xx.xx.2022-ci il tarixinə ödəniş planı üzrə kredit öhdəliyi əsas borc üzrə 11197,90 manat, faiz borcu üzrə 2264,04 manat olmaqla, cəmi 13461,94 manat təşkil etmişdir. Kreditin xx.xx.2022-ci il tarixində tam geri ödənilməsi üçün tələb olunan vəsait isə əsas borc üzrə 11 197,90 manat, faiz borcu üzrə isə müvafiq kredit Razılaşmasının 2.3 bəndinə əsasən 46.66 manat və 3.3.2 bəndinə əsasən 466,58 manat olmaqla, cəmi 11711,14 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli EOBTAX**********064343 nömrəii ödəniş tapşırığına əsasən müştərinin Bank Respublikadakı hesabından AccessBankdakı hesabına 11720 manat məbləğində vəsait daxil olmuşdur. "Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri"-nin (https:7www .accessbank. az/az/our bank/general/terms-and-conditions,php) 3.5-ci bəndinə əsasən cari hesabdan vəsaitin köçürülməsi Müştərinin yazıb sərəncamları və (və yə) Elektron Ödəmə tapşırıqları əsasında aparılır. Müştəri tərəfindən təqdim edilən yuxarıda qeyd edilmiş ödəniş tapşırığı müştərinin AccessBankdakı hesabı üzrə deyil, Bank Respublikadakı hesabı üzrə sərəncamını ifadə edən ödəniş tapşırığıdır. Müştəri daha sonra onun AccessBank-da olan hesabı üzrə kreditin tam bağlanması ilə əlaqədar hər hansı sərəncam verməmişdir. "Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri"-nin 3.17-ci bəndinə əsasən X3 və ya istənilən digər öhdəlikləri üzrə Banka ödəməli olduğu vəsaiti, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqını və bank hesabına səhvən mədaxil edilmiş məbləğləri ödəmə tarixlərindən etibarən Müştərinin Bankdakı hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silmək hüququna malikdir. Bu bənd üzrə hesabdan silinən vəsaitin valyutası icra edilməli öhdəliyin valyutasından fərqli olduqda müvafiq mübadilə silinmənin icra edildiyi tarixə olan Valyuta Məzənnəsi əsasında həyata keçiriləcək. 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit Razılaşmasının 4.1.2. Kredit alan kredit hissəsini, faizi və/və ya ödəməli olduğu digər məbləğləri Ödəniş Planı üzrə ödəyə bilmədikdə, banka ödənilməli olan kredit hissəsini, faizi və penyanı Kredit alanın Bankda olan hesablarından birtərəfli qaydada şərtsiz silmək hüququna malikdir. "Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri"-nin 3.17 bəndinə və 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşmasının 4.1.2-ci bəndinə əsasən həmin kredit razılaşmasından irəli gələn öhdəlik üzrə ödəniş cədvəlində göstərilmiş aylıq ödənişlər ödəmə tarixlərindən etibarən Müştərinin AZ82ACAB******************** saylı cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Bu əməliyyatlar hesabdan çıxarışda da əks olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edirik ki, Müştərinin cari hesabından vəsaitlərin silinməsi qanuna uyğun aparılmış və Müştərinin bank hesabı üzrə sərəncam vermə hüququna qanunvericilik aktlarının tələbləri gözlənilməklə riayət edilmişdir. Müştərinin cari tarixə (xx.xx.2023-ci il) olan borcu 1867,80 manat əsas borc, 50,86 manat faiz borcu və 22,04 manat cərimə borcu olmaqla, cəmi 1940.70 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh QSC hesabından pul vəsaitinin silinməsinə dair yazılı sərəncamı olmasa da, hesaba pul vəsaitinin köçürülməsi barədə ödəniş tapşırığında pulun vəsaitinin onun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindəki hesabına köçürülməsinin təyinatı birbaşa olaraq kreditin tam bağlanması üçün göstərilməsi işin mübahisəsiz halıdır. Bununla bağlı birinci instansiya məhkəməsi hətta qeyd etmişdir ki, bu səbəbdən də iddiaçı tərəfindən bundan sonra müqavilə üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. İş materiallarından görünür ki, iddiaçının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindəki hesabına köçürülən məbləğ iddiaçının həmin banka məbləğin köçürüldüyü tarixə olan borcu həcmində olmuşdur. Həmçinin iş materiallarından görünür ki, cavabdeh bank tərəfindən iddiaçının hesabına köçürülən məbləğ onun öhdəliyinin tamamilə icrası hesabına aid edilməsə də, aylıq ödənişlər ödəmə tarixlərindən etibarən müştərinin cari hesabından birtərəfli qaydada Bankın xeyrinə silinmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, bank tərəfindən iddiaçının hesabına kreditin tamamilə ödənilməsi məqsədilə banka olan borcu həcmində vəsaitin köçürülməsinin bilinməsinə baxmayaraq, həmin vəsaitin ödəliyin tamamilə icrası kimi qəbul edilməməsi, həmin vəsaitdən aylıq ödənişlərin silinməsi, bunun nəticəsində də iddiaçının hesabına borcun hesblanması əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin Ümumi şərtləri”-nin 3.17-ci bəndinə və 027R********** saylı xx.xx.2021-ci il tarixli kredit Razılaşmasının 4.1.2-ci bəndinə istinad etsə də məhkəmə kollegiyası qeyd edir ki, məhz istinad edilən bəndlərin mahiyyətinə əsasən cavabdeh tərəf iddiaçının hesabına köçürülən vəsaitin onun həmin tarixə olan cəmi borcuna yönəltməli olduğu halda bunu etməyərək, həmin hesabdakı vəsaiti aylıq ödənişlərə yönəltmişdir. Halbuki, hesaba pul vəsaitinin köçürülməsi barədə ödəniş tapşırığında pulun vəsaitinin iddiaçının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindəki hesabına köçürülməsinin təyinatı birbaşa olaraq kreditin tam bağlanması üçün göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf iddiaçının hesabında olan vəsaiti tam kredit borcunun bağlanmasına yönəldiyi halda bu barədə iddiaçının ayrıca sərəncamının olmamasını əsas gətirməsi düzgün olmamışdır. Çünki iddiaçının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindəki hesabına vəsait qoymaqla iradə ifadəsi məhz həmin QSC-də olan kredit borcunun ödənilməsi olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5026/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar