Məhkəmə qərarları › İş №2(103)-735/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-735/2025

14.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-735/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ("xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: əmlak hüquqlarının müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Zakir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh ("xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-38/2024 saylı 24 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.9672 ha olan torpaq sahəsindən istifadə hüququnun sahibi İddiaçıdır.

2. İşin birinci instansiya məhkəməsindəki baxışı zamanı alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2024-cü il tarixli 3-16-16/2-10/5466 saylı ekspertiza rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Şamil Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.9672 ha təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daş hasarla, bir tərəfdən şərti olaraq sərhədlənib. Sahə üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 0.9672 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə **********30 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

3. İşin apellyasiya baxışı zamanı alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2025-ci il tarixli 3-16-16/2-10/4353/2025 nömrəli ekspert rəyinə göstərilən torpaq sahəsi faktiki olaraq 0.9672 ha təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daş hasarla, bir tərəfdən şərti olaraq sərhədlənib. Sahə üzərində tikili yoxdur. Göstərilən torpaq sahəsində dəmir konteyner və tikinti materialları vardır, iddiaçının nümayəndəsinin şifahi məlumatına əsasən həmin tikinti materialları və dəmir konteynerlər həmsərhəd olan mübahisəli tərəfə məxsusdur. Faktiki olaraq göstərilən 0.9672 ha torpaq sahəsinin koordinatları əlavə olunur.

XY

1. 398796.250 4462989.730

2. 398784.050 4463029.930

3. 398783.410 4463050.150

4. 398785.870 4463058.630

5. 398814.873 4463131.577

6. 398814.916 4463131.629

7. 398866.510 4463120.530

8. 398860.500 4463043.740

9. 398871.980 4462991.770

Vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə **********30 reyestr nömrəsi ilə X2 adına qeydiyyatdan keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, sahə 4M torpaq sahəsindən (0.9672 ha ölçüdə) çıxarılması, torpaq sahəsindən istifadəyə maneçiliyin aradan qaldırılması və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********30 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 4 avqust 2022-ci il tarixdə aparılmış qeydiyyata çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, sahə 4M torpaq sahəsi (0,9672 ha ölçüdə) onun xüsusi mülkiyyətindədir. Cavabdeh ona məxsus həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə bu məsələni məhkəmədən kənar qaydada mübahisəsiz həll etmək üçün söhbətlər aparılsa da cavabdeh könüllü olaraq torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-38/2024 nömrəli 24 sentyabr 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə maneə törədən hərəkətlərin edilməsi iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneə törədir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 180.1, 180.2 və 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-38/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, mübahisə edilən Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, sahə 4M ünvanında yerləşən 0.9672 ha ölçüdə olan torpaq sahəsinin mülkiyyətçisidir. Həmçinin, bu halı məhkəmə də əsas götürərək öz qətnaməsində istinad edərək iddiaçını mülkiyyətçi hesab etmişdir. Lakin, iddiaçının özünün iş materiallarına təqdim etdiyi dövlət reyestrindən olan çıxarışdan gönünür ki, torpağın mülkiyyətçisi iddiaçı deyil, dövlətdir. İddiaçı yalnız həmin torpaq sahəsinin istifadəçisidir. Bu səbəbdən məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması halına istinad edərkən məhkəmə qanunvericiliklə müəyyən edilən mülkiyyət hüququ normaları ilə əlaqələndirmək maddi hüquq normalarının kobud pozuntudur. Bundan başqa, əgər iddiaçı istifadəçi kimi hüquqların onun tərəfindən pozulduğunu iddia edirsə, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməli idi, yəni 0.9672 ha ölçüdə olan torpaq sahəsinin tərəfindən zəbt olunmasını və onun həmin torpaq sahəsindən tərəfindən istifadəsinə yaradılan maneələrin nədən ibarət olmasını həm iddia ərizəsində həm də məhkəmə öz qətnaməsində əsalandırmalı idi. İkincisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/5466 nömrəli, 13 avqust 2024-cü i l tarixli ekspert rəyinə əsasən iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilmiş, lakin həmin rəy ilə torpaq sahəsinə tərəfindən hər hansı müdaxilə və ya zəbt olunma halları öz əksini tapmamışdır. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən onun iddiaçının torpaq sahəsinə müdaxilə və ya zəbt etməsi faktı öz təsdiqini sübutlar ilə tapmadığı üçün iddiaçının mülkiyyət hüquqlarının tərəfindən pozulması halı da yoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onlar apellyasiya şikayətində iki məqama toxunmuşlar. Birinci ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunan zaman maddi hüquq normaları pozulmuşdur, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, həmin torpaq sahəsinin mülkiyyətçisidir. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi dövlətdir, bu çıxarışda da qeyd edilmişdir. Müqavilədə iddiaçının sahibliyinin hansı formada olduğu bilinmir, məhkəmə bunu müəyyənləşdirməmiş və həmin sənədləri iddiaçıdan tələb etməmişdir. Birinci instansiya məhkəməsinin məsələyə məhz mülkiyyətçi kontekstindən baxması ilə artıq maddi hüquq normalarını pozmuşdur. Qarşı tərəf torpaq sahəsinin mövcudluğunu və ona məxsusluğunu sübut edir, lakin cavabdehin müdaxiləsini sübut edə bilmir. Onların orada əşyaları yoxdur.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnaməni bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

18.139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 19.157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 20.157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 21.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 22.158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 23.158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 24.158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 25.159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 26.163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 27.164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 28.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 29.165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 30.165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 31.166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 32.172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 33.241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

34.8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 35.19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

36.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından hər şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 39.Nəzərə alınmalıdır ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin də əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 40.İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı mübahisəli torpaq sahəsinin qanuni sahibidir. Onun dövlətə məxsus Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, sahə 4M ünvanında yerləşən, ümumi sahəsi 0.9672 ha olan torpaq sahəsindən istifadə hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Beləliklə də iddiaçı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir və sözügedən hüququnun müdafiəsinin Mülki Məcəllənin 157.2ci maddəsinə əsasən həyata keçirilməsi mümkündür.

41. Hazırda da iddiaçı AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********30 (yüklü edilən əmlakın reyestr nömrəsi) və ********** nömrələri ilə 4 avqust 2022-ci il tarixində aparılmış qeydiyyata əsasən istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, sahə 4M ünvanında yerləşən, ümumi sahəsi 0.9672 ha olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyindən, məsələni məhkəmədən kənar qaydada mübahisəsiz həll etmək istəməsinə baxmayaraq sonuncunun torpaq sahəsini könüllü olaraq boşaltmaqdan imtina etdiyindən narazı olduğunu bildirir.

42. İddianı əsaslı saymış birinci instansiya məhkəməsi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə maneə törədən hərəkətlərin edilməsinin onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneə törətdiyi qənaətinə gəlmişdir.

43. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi halları yoxlamaq məqsədilə kollegiya tikinti-texniki ekspertizasının keçirilməsini labüd hesab etmiş, iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspert qarşısında İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, sahə 4M ünvanında yerləşən ölçüsü 0.9672 ha olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.3207 ha torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyinin, torpaq sahələrinin üst-üstə düşməsi halı öz təsdiqini tapdığı halda bunun ölçüləri, yerləşməsi və s. müəyyən edilməsi; habelə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.3207 ha torpaq sahəsindən iddiaçının istifadəsində olan torpaq sahəsinə tərəf kənara çıxmaların mövcud olub-olmadığı barədə rəy verilməsi xahiş edilmişdir. 44.İşin apellyasiya baxışı zamanı alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli 3-16-16/2-10/4353/2025 nömrəli ekspert rəyinə əsasən, İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, sahə 4M ünvanında yerləşən torpaq sahəsinin faktiki olaraq 0.9672 ha təşkil etdiyi; torpaq sahəsinin üç tərəfdən mişar daş hasarla, bir tərəfdən şərti olaraq sərhədləndiyi; sahənin üzərində tikili olmadığı; dəmir konteyner və tikinti materiallarının olduğu, iddiaçının nümayəndəsinin verdiyi şifahi məlumatına əsasən həmin tikinti materialları və dəmir konteynerlərin həmsərhəd olan cavabdeh tərəfə məxsus olduğu məzmununda rəy verilmişdir.

45. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin (titul sahibinin), əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi (titul sahibi) olmalıdır; mülkiyyətçi (titul sahibi) öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin (titul sahibinin) məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin (titul sahibinin) sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi (titul sahibi) və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

47. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin müdaxiləsindən azad edilməsini tələb etdiyi torpaq sahəsinin qanuni sahibidir, onun əmlak hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq iddiaçı faktiki sahiblikdən məhrum olduğu mübahisəli torpaq sahəsi cavabdehin sahibliyində deyildir; o, mövcud vəziyyətdə mübahisəli əşyanı sahibliyində saxlamaqla iddiaçının sahiblik hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradan şəxs deyildir. Belə ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, sahə 4M/torpaq sahəsinin üzərində dəmir konteyner və tikinti materiallarının mövcudluğu müəyyən edilsə də, həmin əşyaların cavabdeh tərəfə məxsusluğu müəyyən edilməmişdir. 48.Beləliklə də işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırda iddiaçının qanuni əsaslar ilə istifadə etdiyi torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması, cavabdehin həmin sahədən istifadə etməsi və mövcud vəziyyətdə bu sahəni iddiaçıya təhvil verməkdən imtina etməsi halları öz təsdiqini tapmamışdır. 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). 50.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 51.Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 52.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-38/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh ("xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası rədd edilməlidir.

53. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavadeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-38/2024 nömrəli, 24 sentyabr 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh ("xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 50 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar