Məhkəmə qərarları › İş №2(103)-7352/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7352/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7352/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-830/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun - cəmi 15.030 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2007-ci ildən tanıyır. Onun bacısı Firəngiz onun qonşuluğunda yaşayır və onların ailəvi gediş-gəlişləri vardır. Azəri də o, Firəngizin evində dəfələrlə görmüş, onu ciddi iş adamı kimi tanımışdır. Onun söz-söhbətdən məlumatı var idi ki, Azərin “Sədərək” ticarət mərkəzində bir neçə mağazası vardır. Azər söhbət edərdi ki, ticarət məqsədilə tez-tez Türkiyəyə və Çinə gedir. O, həmin vaxtlar oğluna və qızına iş axtarırdı. Bu məqsədlə Azərdən xahiş etmişdir ki, mümkün olarsa uşaqlarına iş tapmaqda ona kömək etsin. Bir neçə gündən sonra Azər onlara gəlib onu “Sədərək” ticarət mərkəzinə aparmış və ona iki böyük mağaza göstərərək bildirdi ki, bu mağazalar onundur, uşaqlar başqalarından daha yüksək maaşla sabahdan gəlib burada işləyə bilərlər. O, ona Azərə minnətdarlıq edərək evə gəlmiş, bunu uşaqlara bildirdikdə onlar etiraz edərək, satıcı işləmək istəmədiklərini bildirmişlər. Bu hadisələrdən sonra onlar Azərlə azı ayda bir dəfə bacısıgildə rastlaşırdılar, o, Firəngizgildə olarkən Azər dəfələrlə hədiyyələrlə onlara gələrdi və onda Azərin haqqında imkanlı şəxs təsəvvürü yaranmışdı. 2009-cu ilin noyabr ayında o, Firəngizgildə idi. Həmin vaxt Azər də onlara gəldi və onu görəndə bildirdi ki, onun qonşuluğundakı mağazanın sahibi dövlət qulluğuna keçdiyinə görə mağazasını bağlayır və mağazasındakı malları yarı qiymətinə satır, onlar birlikdə hesablamışlar ki, malların bu dəyərlə qiyməti 25.000 manat edir. Azər ondan xahiş etdi ki, imkanı daxilində ona kömək etsin ki, ucuz qiymətə həmin malları alsın və biznesini genişləndirsin. Həmin vəxt onun evində 10 000 manat pulu var idi. Azərin onun uşaqları üçün etdiklərinin xatirinə o, Azərə kömək etməyi qərara almış və 10 000 manatı bu məqsədlə Azərə vermişdir. Azər 10 000 manatı götürməsi barədə qəbz yazıb imzalamış və ona söz vermişdir ki, borcunu ən geci 6 ay ərzində ödəyəcəkdir, əgər ona vacib pul lazım olarsa o kimdənsə pul götürüb onun borcunu ödəyə bilər. Onlar bundan sonra yenə də Firəngizgildə tez-tez rastlaşmış, onun işləri haqqında söhbət etmişlər. 2010-cu ilin aprel ayında Azər zəng edərək onlara gəlmiş və bildirmişdir ki, yeni yaz-yay mövsüm paltarları və aksesuarları üçün Türkiyəyə getməlidir. Bu məqsədlə ona 25.000 manat pul lazımdır, özünün 15.000 manatı var, qalan manatı tapmaq üçün ona kömək etməsini xahiş etdi və gödəkçəsinin cibindən bir ədəd yüzlük, bir ədəd də əlli manatlıq pul paçkasını stolun üstünə atdı. Söz verdi ki, iki ay müddətində bütün borcunu qaytaracaq. Həmin vaxt həqiqətən onda pul yox idi. O, Azərin acizanə xahişinin qarşısında dayana bilməmiş, həyat yoldaşı Ziyadxandan xahiş etmişdir ki, ailəvi dostu Teymurdan bu pulu istəsin. Ziyadxan telefonla Teymurla danışdıqdan sonra bildirdi ki, Teymur yalnız 5000 manat verə biləcəyini demişdir. Azər xahiş etdi ki, 5000 manatı götürsünlər, o, axşam gəlib pulu onlardan alacaq. Aprel ayının 13-də axşam Azər gəlib 5000 manatı götürməsi barədə də qəbz yazıb imzaladı, pulu götürüb cibinə qoydu və onları əmin etdi ki, 2, ən geci 4 aya bütün 15.000 manat borcunu qaytaracaq. O, Azərə bildirdi ki, “sən özün şahid oldun ki, bu pulu başqasından tapdıq, ona görə də çalış ki, bizi çətin vəziyyətdə qoymayasan”. Azərin söz verdiyi müddətdən sonra o, demək olar ki, bacısıgilə gəlməmiş, telefon zənglərinə cavab verməmişdir. Bu hal onu çox narahat etdi. Başqa nömrədən zəng edəndə isə özünün zəng edəcəyini söyləyərək telefonunu söndürərək cavab verməkdən yayındı. Azər bacısı Firəngizin də telefonlarına cavab vermədi. Azər 10 ildir ki, götürdüyü pulu könüllü olaraq qaytarmaq istəmir. Artıq onun yalan sözlərinə və vədlərinə inanmır. “Sədərək” ticarət mərkəzinə də getmiş, Azərin ona göstərdiyi mağazalarda indi başqa şəxslər işləyir. O, borcundan 1 manat belə qaytarmasa da məlumat üçün bildirir ki, Teymurun pulunu – 5000 manatı hissə-hissə qaytarmışdır. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-830/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı qzının xeyrinə 13 500 manat və ödənilmiş məhkəmə dövlət rüsumuna görə 30 manat, cəmi 13 530 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarına riaəyət etmədiyini, işi hərtərəfli araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun uzahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş olsa da o, qətnaməni mübahisələndirməmiş, cavabdeh isə yalnız qətnamənin iddianın qismən təmin edilən hissəsindən şikayət vermişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış qeydlərin məzmunundan görünür ki, «Mən, Cavabdeh İddiaçı 10.000 (on min) manat pul götürdüm, bu pulu qaytaracağıma başımla cavab verirəm. 2009 noyabrında aldım». «Mən Cavabdeh İddiaçı 5000 (beş min) manat xx.xx.2010-cu ildə pul götürdüm. Tez bir zamanda qaytarmağıma söz verirəm, bu sənədləri öz əlimlə qoymuşam». Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin iddiaçı qarşısında 15 000 manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı müqavilənin bağlandığı, cavabdehin həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi nəticəsinə gəlmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-830/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar