Məhkəmə qərarları › İş №2(103)-7354/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7354/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7354/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyiilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-1758/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə borc verdiyi 40000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının tanışı Cavabdeh İddiaçı 40000 ABŞ dolları məbləğində borc almış, bu barədə tərəflər arasında xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanaraq notarial qaydada təsdiq olunmuşdur. Müqaviləyə əsasən cavabdeh borcunu xx xxxx 2017-ci il tarixə qədər qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Ötən 3 ilə yaxın müddət ərzində cavabdeh borcunu qaytarmaqdan yayınmaq üçün telefon nömrələrini dəfələrlə dəyişmiş, cavabdehin qohumu vasitəsilə onunla əlaqə saxlanılsa da, nəticəsi olmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1758/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunub iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmiş və bununla da onun məhkəmə müdafiəsi hüququ kobud şəkildə pozulmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən ona heç vaxt borc verilməmiş, kredit müqaviləsində göstərilən pul məbləği isə ona biznesdə istifadə etməklə gəlir götürməyin qarşılığında verilmiş puldur. Müqavilədə göstərilmiş pul məbləğinə və borcun qaytarılma müddətinə nəzər saldıqda müqavilənin əhəmiyyətsiz əqd olması görünür. Məhkəmə bu xüsusatları araşdırmadan əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-1758/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Vəliyev X1 Zahir İslam oğluna 40000 ABŞ dolları məbləğində pulu borc vermiş, borcalan krediti xx xxxx 2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 40000 ABŞ dolları məbləğində borc pul vermiş, borcalan isə krediti xx xxxx 2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürsə də, kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmiş və borc aldığı məbləği iddiaçıya geri qaytarmamışdır. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apelyatorun arqumentinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına, yəni rəsmi qeydiyyatda olduğu ünvana bildirişlər göndərilməsi, həmin ünvanda yaşamaması səbəbindən bildirişlərin ona çatmaması müəyyən olunur. Bu halda məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini cavabdeh özü daşımaqla bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iş materiallarından görünür ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə AZEMİS vasitəsilə SMS bildirişlər göndərilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz əqd olması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilənin əhəmiyyətsiz əqd olması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir tutarlı sübut təqdim olunmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1758/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar