Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7354/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(007)-2101/2021 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1 Bahadır qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 02 fevral 2015-ci il tarixli kredit müqaviləsi və məhkəmə qətnaməsində göstəriləcək borc məbləğinin ödənilməsi hazırkı mövcud vəziyyət aradan qaldırılana və karantin götürülənədək icrasının ləngidilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(007)-2101/2021 saylı qərardadı ilə, X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsinin ləngidilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh4 həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisənin mahiyyətini nəzərə almadan əsassız olaraq iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Qarşılıqlı iddia vaxtında verilmiş və məhkəmə tərəfindən də qəbul edilməli idi. Məhkəmə qanuni əsaslar olmadan qarşılıqlı iddianın qəbul edilməsindən imtina etməklə onun ilk iddiadan müdafiə olunmaq kimi hüququnu pozmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(007)-2101/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 bildirdi ki, şikayətin dəlilləri əsassızdır. Karantin qaydaları yumşaldılıb. Məhkəmənin mövqeyini əsaslı hesab edir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir; Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1.1-ci , 156.1.2-ci və 156.1.3-cü maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı icraata qəbul edir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı icraata götürməkdən imtina edərkən, qənaətini belə əsaslandırmışdır ki, qarşılıqlı iddia işin baxılmasına başlanana kimi deyil, 27 may 2021-ci il tarixli məhkəmə iclasında məhkəməyə təqdim edilmişdir. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, cavabdehlə 24 may 2021-ci il tarixdə müqavilə bağlanmış və həmin tarixli məhkəmə iclasında iş materialları ilə tanış olması üçün məhkəmə prosesi qısa müddətə təxirə salınmışdır. Buna görə də indi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, mülki işlə bağlı hazırlıq və bir dəfə baxış iclası keçirilmiş, hər bir iclas barədə cavabdeh X3 qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmişdir. Yuxarıda qeyd edilənlər göstərir ki, cavabdeh X2 mülki işlə bağlı kifayət qədər məlumatı olmuşdur və onun qarşılıqlı iddia ərizəsində göstərdiyi səbəb əsassızdır. Qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyinə dair isə hər hansı dəlil irəli sürülməmiş, ərizəyə baxılarkən də müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbi borcun tutulmasının ləngidilməsi ilə bağlıdır. Hazırda isə ilkin iddia tələbi borcun tutulması ilə bağlı olduğundan qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin icrası mərhələsi ilə əlaqədardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və qarşılıqlı iddianın icraata götürülməsi üçün üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı geri qaytararkən gəldiyi qənaət işin hallarına uyğun olmuşdur. İkincisi, qarşılıqlı iddia tələbi mülki prosessul qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Çünki, qarşılıqlı iddia üzrə cavabdehə qarşı yönələn tələb ilkin iddianın təmin olunacağı halı ilə bağlıdır. Ancaq ilkin iddia təmin olunmaya da bilər. Başqa sözlə ilkin iddianın təmin edilibedilməyəcəyi hələlik bəlli deyildir. İlkin iddia təmin olunarsa belə, yenə də qarşılıqlı iddiada göstərilən tələbə iddia icraatı qaydasında baxıla bilməz. Çünki, qarşılıqlı iddia ərizəsində göstərilən tələb mahiyyət və məzmun etibarı ilə qətnamənin icrası ilə bağlı məsələlərə aiddir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(007)-2101/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh4 şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(007)-2101/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7354/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7354/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver