Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7355/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 2-ci giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 121 kv.m. olan 98 saylı mənzil xx.xx.2005-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən"xxxx" MMC tərəfindən Payçı X1. X6 xx.xx.2021- ci il tarixdə vəfat etmişdir. Mənzil xx.xx.2020-ci il tarixdə, yəni payçı Zoya Abdullayevanın ölümündən bir il əvvəl Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə dair çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və mənzilə dair tərəflərin hər birinin ½ hissədə miras paylarının müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzilə dair vərəsəlik məsələlərini həll etmək istəyərkən iddiaçıya məlum olmuşdur ki, həmin mənzil iddiaçının bacısı Cavabdeh tərəfindən əsassız olaraq özününküləşdirilmişdir və onun mülkiyyətindədir. Bununla, iddiaçının sözügedən miras əmlaka münasibətdə vərəsəlik hüquqları pozulmuşdur. Bu səbəbdən, iddia tələbinin təmin olunmasını xahiş edir.
4. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Birinci instansiya məhkəməsində işə baxılarkən Maraqlı şəxs iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Onun işin 14cü vərəqində olan ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ondan borc almış və özünə məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Borc qaytarılmadığına görə mənzil icra məmurunun sifarişi əsasında 145 000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. Bu zaman Cavabdeh ona qarşı Nizami Rayon Məhkəməsində mənzillə bağlı iddia qaldırmış, lakin iddiası rədd olunmuşdur. Bundan sonra Zümrüdün bacısı olan İddiaçı prosessual hüquqlardan sui-istifadə edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2705/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Əlizadə) iddia rədd olunmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak mərhum X3 miras əmlakı kimi qiymətləndirilə bilməz. X6 vəfat edənə kimi sözügedən daşınmaz əmlak digər mülki hüquqi münasibətlər nəticəsində Cavabdeh mülkiyyətinə keçmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1151-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin mübahisəli mənzilə çıxarışı hansı yolla aldığını ətraflı araşdırmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
13. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
15. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
16. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
21. İşdən göründüyü kimi mübahisəli mənzilə mülkiyyət hüququ X6 vəfat etməmişdən 14 ay əvvəl "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə ilkin olaraq Cavabdeh adına qeydiyyata alınmışdır. Buna görə də həmin əmlak mərhum X3 miras əmlakı kimi qiymətləndirilə bilməz.
22. Mülki Məcəlləyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1).
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını dəqiq müəyyən etməklə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
24. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
25. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
26. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
27. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
28. Məhkəmə kollegiyasının qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və birinci instansiya məhkəməsi iddianı əsassız sayıb rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri də iddia ərizəsinin dəlilləri ilə eyni məzmunlu olmaqla əsassızdır və qətnamənin ləğvi üçün əsas vermir.
30. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.