Məhkəmə qərarları › İş №2(103)-736/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-736/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-736/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MTK-ya qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinə əməl olunmaması, müqavilə üzrə əksik verilmiş sahənin dəyərinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı "xxxx" mənzil tikinti kooperativinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə "xxxx" MTK arasında 09 iyun 2007-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndinə görə MTK, Bakı şəhəri, Nəsimi rayonu 1059-cu məhəllə, İ.Məmmədov ünvanında inşa etdiyi yaşayış kompleksinin 3-cü blokunun 5-ci mərtəbəsində ayrılmış 144,1 m2-dən ibarət 4 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə 144,1 m2 yaşayış sahəsinin hər kvadratmetri üçün 500 (beş yüz) ABŞ dolları olmaqla cəmi 72 050 ABŞ dollarını Milli Bankın kursuna ekvivalent olaraq manatla ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 2.2.2-ci bəndində göstərilmişdir ki, alıcı ümumi məbləğin 100%ni, yəni 72 050 ABŞ dollarını müqavilənin imzalandığı gün (09 iyun 2007-ci il tarixdə) ödəmişdir.

3. "xxxx" MTK-nın verdiyi 09 iyun 2007-ci il tarixli kassa mədaxil orderi qəbzinin surətinə görə də, İddiaçı tərəfindən həmin mənzilin pay dəyəri tam şəkildə ödənilmişdir.

4. "xxxx" MTK-nın sədri Sadiq Nadirov tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, “ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-nə məxsusdur. Bu binanın 3-cü blokunun 5-ci mərtəbəsində ayrılmış 144,1 m2-dən ibarət 4 otaqlı 530 saylı mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən mənzilin dəyəri üçün İddiaçı "xxxx" MTK-na heç bir borcu yoxdur”.

5. ünvan 6 (yeni qaydalarla AZ 1078 ünvan 3 ünvanında yerləşən mənzil DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, çıxarışda mənzilin ümumi sahəsi 121 m2 göstərilmişdir.

6. Mənzilin texniki pasport göstəricilərinə, həmçinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 noyabr 2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilənlərə əsasən, mənzilin ümumi sahəsi 121 m2, yaşayış sahəsi 70,2 m2 təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, ünvan 6 (yeni qaydalara görə ünvan 3 ünvanına dair 09 iyun 2007-ci il tarixdə bağlanan müqavilə üzrə "xxxx" MTK-ya artıq ödədiyi 11 550 ABŞ dollarının Mərkəzi Bankın kursuna ekvivalent olaraq manatla ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh "xxxx" MMC əsl cavabdeh qismində "xxxx" MTK ilə əvəz olunmuşdur.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" İK mənzil tikinti kooperativi (MTK) ilə aralarında 09 iyun 2007-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin predmetini MTK-nın ünvan 6 ünvanda (Bakı şəhəri, Nəsimi rayonu, 1059-cu məhəllə, İ. Məmmədov ünvanında tikdiyi yaşayış kompleksinin 3-cü blokunun 5-ci mərtəbəsi) inşa etdiyi 144,1 m2-dən ibarət 4 otaqlı mənzilin tikilərək onun mülkiyyətinə verilməsi təşkil etmişdir. Müqavilənin 2.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, alıcı müqavilədə göstərilən 144,1 m2 yaşayış sahəsinin hər kvadrat metri üçün 500 ABŞ dolları olmaqla cəmi 72 050 ABŞ dollarını Mərkəzi Bankın kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci bəndinə görə isə alıcı ümumi məbləğin 100 %-ni, yəni 72 050 ABŞ dollarını müqaviləni imzalandığı gün (09 iyun 2007-ci il) ödəmişdir. 09 iyun 2007-ci il tarixdə tərəfindən göstərilən mənzil üçün 72 050 ABŞ dollarını Mərkəzi Bankın kursuna ekvivalent olaraq manatla dərhal ödəmişdir. 27 mart 2019-cu il tarixli 63 saylı maliyyə arayışında göstərilmişdir ki, ünvan 8 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur, binanın 3-cü blokunun 5-ci mərtəbəsində ayrılmış 144,1 m2-dən ibarət 4 otaqlı 530 saylı mənzilin dəyəri tam ödənilmişdir, mənzilin dəyəri üçün onun MTK-ya heç bir borcu yoxdur. Mənzil ona təhvil verilmiş, 27 may 2021-ci il tarixdə DƏDRX-də adına hüquqi qeydiyyatdan keçmişdir. Reyestr Xidmətindən çıxarışı və mənzilin texniki pasportunu alanda məlum olmuşdur ki, ona satılan mənzilin ümumi sahəsi 144,1 m2 deyil, 121 m2-dir. Yəni mənzilin sahəsi nəzərdə tutulduğundan 23,1 m2 azdır. O isə ümumi sahəsi 144,1 m2 olan mənzilin hər kvadrat metri üçün 500 ABŞ dolları olmaqla Mərkəzi Bankın kursuna ekvivalent olaraq manatla ödəmişdir. Belə çıxır ki, o, 23,1 m2 mənzil sahəsi üçün 11 550 ABŞ dolları artıq pul ödəmişdir. Belə olan halda, həmin pul vəsaiti ona geri qaytarılmalıdır.

10. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın 04 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 6 (yeni qaydalarla AZ 1078, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki sahəsi 129,7 m2, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablanmış ümumi sahəsi 121,0 m2 təşkil edir.

11. Məhkəmənin 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, artıq ödənilmiş 7200 ABŞ dolları pul vəsaitinin ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla "xxxx" MTK-dan İddiaçı xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 50 manat ekspertiza xərcinin "xxxx" MTK-dan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan mənzilin faktiki sahəsinə uyğun olaraq hesablanan dəyərindən əlavə pul vəsait alması üçün qanuni və ya müqavilə əsası yoxdur. Artıq ödənilmiş vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Artıq ödənilmiş vəsaitin həcmi hesablanarkən ekspert rəyində olan faktiki sahə əsas götürülməlidir. Müqavilə üzrə mənzilin razılaşdırılmış sahəsi olan 144,1 m2-dən mənzilin faktiki sahəsi olan 129,7 m2 çıxıldığında alınan sahə 14,4 m2 təşkil edir ki, mənzilin hər kvadrat metrinin qiymətinin 500 ABŞ dolları olması nəzərə alınaraq, iddiaçının artıq ödədiyi vəsait 7200 ABŞ dolları təşkil edir.

13. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 445-ci, 448.1-ci, 1091.1-ci, 1091.2-ci maddələrinə istinad etmişdir.

14. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının "xxxx" MTK ilə müqavilə bağladığı, həmin MTK ilə "xxxx" MTK-nın fərqli hüquqi şəxslər olduğu, məhkəmənin isə bu hala, yəni iddianın ona cavab verməli olmayan cavabdehə qarşı irəli sürüldüyünü nəzərə almadığı və "xxxx" MTK-ya ödənilməyən pulun həmin MTK-dan tutulmalı olmalı barədə səhv nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə həmçinin göstərilmişdir ki, MTK tərəfindən iddiaçıya maliyyə arayışının verilməsinin səbəbi inşa edilən binada "xxxx" MTK-ya mənzillərin ayrılması və həmin MTK tərəfindən satılan mənzillərə çıxarış alınması üçün vətəndaşlara ümumi yığıncaq qərarının verilməsi zərurəti olmuşdur. Lakin iddiaçı tərəfindən "xxxx" MTK-ya pul ödənilməmişdir və buna görə də iddiaçının iddiası üzrə "xxxx" MTK-nın cavabdehlik daşıması mümkün deyildir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahat

15. "xxxx" MTK nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə onun apellyasiya şikayətini imzalamış nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinet vasitəsilə vəsatət ünvanlayaraq iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin olunmasını xahiş etmişdir.

16. Həmin vəsatət aşağıdakı kimi əsaslandırılmışdır: “Məhkəmə prosesi zamanı bizim iştirakımız təmin ediməmiş və ekspert qarşısından sualların qoyulması zaman bizim fikirimiz oyrənilməmişdir. Belə ki, İddiaçı mənzilə dair çıxarışın alınması üçün tələb olunan sənədlər təqdim edilərkən mənzilin sahəsinin Bakı şəhər İcra hakimiyyətinin təsdiq etdiyi eskiz layihəyə əsasən oxdan oxa hesablandığını bildirilmiş və çıxarışda mənzilin sahəsinin fərqli ola biləcəyi (2007-ci və 2020-ci ildə qüvədə olan Mənzil Məcəlləsinin və digər normativ qaydalar dəyişdiyinə görə) bildirilmişdir. İddiaçı bununla razılaşdığını və gələcəkdə şikayətinin olmayaçağı barədə səlahiyyətli orqanlara təqdim edilə bilməsi üçün ərizə imza edərək təqdim etmişdir. Bundan əlavə nəzərinizə çatdırmaq istərdik ki, İddiaçı X3 cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan 18.250 (on səkkiz min iki yüz əlli min) manat məbləğində pul vəsaitinin və məhkəməyə ödənilmiş 145 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi müvafiq müqavilənin 2.1.1-ci maddəsinin tələbinə əsasən, “satıcı .... layihə sənədlərinə ... və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun alıcıya təhvil verməyi öz öhdəsinə götürür” ifadəsini əsas götürür və bundan əlavə ekspert qarşısında mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nə qədər təşkil edir sualı qoyulmuş, mənzilin sahəsinin müqaviləyə və layihə sənədlərinə uyğun olduğu müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən iddia rədd edilmişdir. Bundan əlavə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005) 1851/2017 saylı mülki iş üzrə X1 "xxxx" MTK-ya qarşı mənzilin sahəsi ilə bağlı iddia ərizəsi üzrə də eyni əsaslar üzrə iddia ərizəsi təmin edilməmiş və qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Bununla da hesab edirik ki, işin hər tərəfli və düzgün araşdırılması üçün iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli və ekspert qarşına aşağıdakı sual qoyulmalıdır: ünvan 9 ünvanında yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nə qədər təşkil edir?”.

17. "xxxx" MTK-nın sədri də məhkəməyə ərizə ünvanlayaraq həmin vəsatəti müdafiə etdiyini bildirmiş, mənzilin sahəsi müəyyən olunarkən 2007-ci ildə qüvvədə olan normativ aktların əsas götürülməsini, işin hərtərəfli araşdırılmasını, İddiaçı mənzilin ölçüsü ilə razılaşması barədə səlahiyyətli orqanlara yazdığı ərizənin nəzərə alınmasını xahiş etmişdir.

18. Apellyasiya baxışı zamanı İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etdiyi müəyyən olunduğundan o, prosessual hüquq varisi qismində oğlu Akif Səfərəliyevlə əvəz edilmişdir.

19. Məhkəmə iclasında iştirak edən Akif Səfərəliyev iddia tələbini müdafiə etdiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Apellyasiya baxışı zamanı təyin edilmiş əlavə tikinti-texniki ekspertizanın 01 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 6 (yeni qaydalarla AZ 1078, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 129,7 m2, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 144,1 m2 təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

24. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

30. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

31. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

32. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

33. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

34. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

35. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

46. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız iddianın qismən təmin olunması ilə bağlı hissədə yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh MTK isə qətnaməni ancaq göstərilən hissədə mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

48. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

50. İddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müvafiq iddia tələbini irəli sürür; cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçı müqaviləni onunla deyil, "xxxx" MTK ilə bağlamışdır – hansı ki, həmin MTK və "xxxx" MTK (cavabdeh) fərqli hüquqi şəxslərdir.

51. Kollegiya ilk növbədə cavabdehin irəli sürdüyü dəlilə münasibət bildirərək qeyd edir ki, yuxarıda göstərildiyi kimi (§ 4), iddiaçının "xxxx" MTK ilə bağladığı müqavilə əsasında əldə etdiyi mənzilə görə ödənişi tam həyata keçirmiş olması barədə maliyyə arayışını ona məhz "xxxx" MTK vermişdir; bu hal isə müvafiq müqavilənin sonuncu tərəfindən bəyənildiyi (§ 24) mənasına gəlir. Nəzərə alınmalıdır ki, həmin maliyyə arayışında iddiaçının 144,1 m2 ölçülü mənzilə görə məhz "xxxx" MTK-na borcunun olmadığı göstərilmiş və məhz həmin MTK-nın ümumi yığıncağının qərarı əsasında iddiaçının mənzil üzərindəki hüququ dövlət qeydiyyatına alınmışdır.

52. Buna görə də kollegiya hesab edir ki, hüquqi ünvanları, hətta təsisçilərindən bəziləri eyni şəxslər olan "xxxx" MTK ilə "xxxx" MTK-nın öz aralarındakı münasibətin mahiyyəti iddiaçı üçün hər hansı əhəmiyyət kəsb edə bilməz və o, məhz müvafiq maliyyə arayışını, habelə ümumi yığıncaq qərarını ona vermiş "xxxx" MTK-na qarşı tələb irəli sürməkdə haqlı olmuşdur.

53. İddia tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 752.1-ci, 766-cı maddələri nəzərdən keçirilə bilər (§ 29, 30). Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir.

54. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 37-40).

55. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.

56. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü bu halı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 6 (yeni qaydalarla AZ 1078, ünvan 3 ünvanında yerləşən mənzilin faktiki sahəsi 129,7 m2, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən (balkonların sahələrinin 0,3 əmsala vurulması ilə) hesablanmış ümumi sahəsi 121,0 m2 təşkil edir.

57. Həmin rəyin tədqiqat və nəticə hissələrinin qarşılıqlı təhlilindən aydın olur ki, ekspert mənzilin tikililərinin ölçülərini ümumilikdə 129,7 m2 hesablamış, ölçüsü 6,4 m2 və 6,0 m2 olan iki balkona (9 və 10 saylı tikililər) 0,3 əmsalı tətbiq etməklə mənzilin ümumi sahəsini 121,0 m2 kimi nəzərə almışdır.

58. Apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyi ilə də müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 129,7 m2 təşkil edir.

59. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir (§ 41).

60. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 33-35), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.

61. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

62. Kollegiya iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyləri ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin MTK-nın bağladığı müqaviləni bəyənən cavabdeh MTK iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz və birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmuşdur (mübahisələndirilən hissədə).

63. Cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı məhkəməyə göndərdiyi, İddiaçı mənzilin oxdan-oxa hesablanacaq ölçüsü ilə razılaşdığı və bununla əlaqədar heç bir şikayətinin (iddiasının) olmayacağını bildirməsi məzmunlu ərizəsi ilə bağlı kollegiya qeyd edir ki, birincisi bu ərizə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsi, yaxud ona əlavə kimi qiymətləndirilə bilməz – çünkü müqaviləyə əlavə, yaxud onun dəyişdirilməsi haqqında razılaşma, əgər Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (MM 423.1). Digər tərəfdən həmin ərizənin yazıldığı tarix onun, mənzilinə çıxarış ala bilmək üçün iddiaçının müvafiq sənədləri MTK-dan istədiyi zaman tərtib edildiyi və iddiaçıya imzalatdırıldığı qənaətinə gəlməyə əsas verir – bu isə o deməkdir ki, ərizədəki bəyanat iddiaçının həqiqi iradə ifadəsini əks etdirməməkdədir. Nəhayət qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (MPM-nin 4-cü maddəsi).

64. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

"xxxx" MTK-nın nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-287/2022 saylı iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği "xxxx" MTK-ya aid olunsun. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat "xxxx" MTK-dan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar